Rəmiş - Aqil Abbasın povesti
Tanınmış yazıçı Aqil Abbasın doğum günüdür.
Yazıçı Ədəbiyyat Portalı onun "RƏMİŞ" povestini təqdim edir.
Allahın meymunlara yazığı gəldiyindən sonradan onları insana çevirmədi.
Mələklər yığılmışdılar Rəmişin başına. O isə ağır-ağır nəfəs alırdı, əgər buna nəfəs almaq demək mümkün idisə, rəngi-rufu qaçmışdı, mələklərin gözü qabağında sönürdü. Vaxtilə Rəmişin ürəyini sinəsindən qoparıb həmin ürəkdəki qanı təmiz sıxıb çıxararaq öpüb, sonra da dodaqlarını yapışdıraraq öz qanıyla dolduran mələk də əlacsız qalmışdı. İstəsəydi indi də onun ciyərini çıxarar, təmizləyər və yenidən qaytarıb yerinə qoya bilərdi. Amma qara tül pərdədə olan Qara Niqablı Mələk hamısına gözünü ağartmışdı.
Bu, Rəmişin sonuydu.
Ona təmiz hava vermək üçün ağız-burnunu nə iləsə qapatmışdılar. Amma hiss eləyirdi ki, ağzındakı ona nəinki təmiz hava verir, əksinə, nəfəs almağa mane olur, boğulur, ciyəri o təmiz havanı qəbul edə bilmir. Özünü birtəhər toparlayıb əlini atıb onu çıxartdı. Və hiss etdi ki, nəfəs almağı yüngülləşdi. Əlli ildi çirkli hava almağa öyrənmiş ciyərləri kef elədi. Tibb bacısı nəfəsliyi yenidən taxmaq istədi.
Həkim dedi:
- Lazım deyil, qoy rahat ölsün!
Birtəhər gözlərini açdı. Harda olduğunu anışdıra bilmədi. Elə bildi Abdaldadı, Kəhrizin üstündə. Yenə uşaqlar yığışıb başına. O da taxtanın üstünə çəkdiyi simlərlə nə isə çalır. Kəhrizin suyunun səsi, meşədəki ağacların yarpaqlarının pıçıltısı, küləyin xışıltısı qarışıb onun nə çaldığını özü də bilmədiyi melodiyaya.
Yavaş səslə otaqdakı tanımadığı adamlara dedi:
- Gitaramı istəyirəm.
Həkim gözü ilə Tibb bacısına işarə elədi ki, gitarasını tapıb gətirsinlər. Tibb bacısı qaçdı çölə, qapının ağzında oturub ağlayan Gülüyə dedi:
- Gitarasını istəyir.
Gülü göz yaşlarını sildi, bir az sevincək oldu, qaçıb maşındakı gitaranı götürdü. Həyətə toplaşmış dostları soruşdu:
- Necədir?
- Deyəsən, yaxşılaşıb, gitarasını istəyir.
Və gətirib gitaranı verdi Tibb bacısına. Tibb bacısı da girdi içəri, gitaranı qoydu Rəmişin sinəsinə. Ən əziz sevgilisini sinəsində görəndə nəfəs almağı bir az da rahatlaşdı və başladı gitaranı sığallayıb əzizləməyə.
Qara Niqablı Mələyin ömründə ilk dəfə gözləri yaşardı, amma o da heç bir şey edə bilməzdi - Rəmişi aparmağa gəlmişdi. Əyildi Rəmişə tərəf və dedi:
***
Divardan çox bahalı və qədim bir xalça asılmışdı. Amma Qurban əmini xalçanın bahalı, qiymətli və qədim olması cəlb eləmədi, xalçanın üstündən asılmış məktəbli tarı cəlb elədi. Üzünü Hüseyn kişiyə tutub dedi:
- Sənin tarındı?
- Yox, oğlumundu, həvəskardı.
- Musiqi məktəbinə gedir?
- Xeyr, musiqi məktəbinə yaşı çatmır, hələ dörddə oxuyur. Amma arada Aşıq Xaspoladın yanına gedir, ondan saz çalmaq öyrənir.
- Çala bilir?
- Bir dəfə gördüm ki, taxtanın üstünə sim çəkib, uşaqlar da yığılıb başına nəysə çalır, amma nə çaldığını bircə özü bilir. Həvəsini görüb gedib bu tarı aldım.
- Çağır gəlsin.
Hüseyn kişi üzünü tutdu xanımına:
- Ordan Rəmişi çağır.
- Bu nə addı qoymusan uşağa?
- Adı Rafiqdi, amma evdə-eşikdə, kəddə-kəsəkdə hamı onu Rəmiş çağırır.
İçəri yaşına uyğun olmayan ucaboylu, irigözlü, uzun sifətli, saçları qarışıq bir uşaq girdi. Və böyüklər kimi də gəlib Qurban əmi ilə əl tutuşdu.
- Xoş gəlmisən.
- Məni tanıyırsan?
- Səni kim tanımır ki? Tarın atasısan.
- Onda sən də ol tarın balası. Götür çal görüm, necə çalırsan?
Rəmiş xalçanın üstündəki tarı götürdü, oturdu stulda, tarı da qoydu dizinə və soruşdu:
- Qurban əmi, nə çalım?
Qurban əmi:
- Əvvəla, tarı qaldır sinənə, diz üstə çalmazlar.
- Qurban əmi, mənə belə xoşdu.
- Bir Segah çal.
Gözlərini yumdu, başını tarın çanağına söykədi və "Segah"ı öz yerində yox, tamamilə başqa bir yerdə, Qurban əminin heç vaxt eşitmədiyi bir yerdə çalmağa başladı. Barmaqları tarın pərdələrində gəzişir, Qurban əminin bəlkə ilk dəfə dinlədiyi başqa bir "Segah" çalırdı. Rəmiş hərdən "Segah"dan ayrılır, eyni ahənglə başqa nələrsə çalır, çalmır, daha doğrusu, uydurur, sonra yenə qayıdırdı "Segah"a. Beləcə, təxminən iyirmi dəqiqə çaldı. Sonra gözlərini açıb Qurban əmiyə baxdı. Qurban əmi də təəccüblə ona baxırdı.
- Sən nə çalırdın?
- Segah.
- Axı, nəsə ayrı şey çalırdın?
- Mən Segahı belə görürəm.
- Sən Segahı görürsən?
- Qurban əmi, mən nə çalıramsa, onu görürəm, gördüyümü çalıram.
Qurban əmi üzünü tutdu Hüseyn kişiyə:
- Hüseyn, bu uşaqdan nəsə olacaq. Əjdahadı, amma gərək oxuya.
- Vallah, heç dərslərini oxumur. Qorxuram musiqi məktəbində də elə oxuya.
- Amma tarı çox zəifdi, məktəbli tarıdı. Ona yaxşı bir tar bağlat.
Qurban əmi sonra nə fikirləşdisə sürücünü çağırıb dedi:
- Ay oğul, maşındakı o tarı gətir bura.
Sürücü maşındakı futulyarı gətirib açdı, içindən qeyri-adi bir tar çıxartdı, tar alışıb yanırdı. Başdan-ayağa sədəfin içindəydi. Çanağında da iki zolaq sədəf gedirdi və sədəflə də yazılmışdı: "Qurban Pirimov".
Qurban əmi tarı götürüb kökünü yoxladı və verdi Rəmişə:
- Ala, indi bunda Segah çal görüm.
Rəmiş ömründə belə bir tar görməmişdi. Xeyli tarı əlləri ilə oxşadı, sonra da simlərin kökünü dəyişdi və yenə qoydu dizinin üstünə, indi də tamamilə başqa bir pərdədə "Segah" çalmağa başladı. Bu "Segah" əvvəlkindən fərqlənirdi. Yenə gözlərini yummuşdu. Barmaqlar tarın pərdələrində gəzişir, öz bildiyi bir şey çalırdı.
Qurban əmi çaşmışdı - eyni "Segah", amma bu dəfə başqa cür səslənir, başqa bir pərdədə başqa bir kökdə çalınır.
Rəmiş, nəhayət, çalmağı dayandırdı, yenə gözlərini açıb Qurban əmiyə baxdı. Qurban əminin isə diqqəti onun pərdələrdə gəzişən uzun barmaqlarındaydı.
Musiqinin təsiridən ayılandan sonra dedi:
- Rəmiş, bu tar sənə halaldı, bağışladım sənə.
Hüseyn kişi etiraz elədi:
- Yox, Qurban əmi, götürə bilmərik.
- Sənə bağışlasam, götürməzsən, mən onu bu dəli balama bağışlayıram.
Rəmiş sevindiyindən qalxıb Qurban əminin boynuna sarıldı.
Gecə yatanda tarı sinəsinə sıxıb yatdı. Arada anası gəlib tarı götürmək istədi, amma Rəmiş yuxulu-yuxulu olsa da, tarı buraxmadı.
Anası ikinci dəfə gələndə gördü Rəmiş yerində yoxdu. Çıxdı həyətə, həyətdə də yox idi. Qayıtdı geri, Hüseyn kişini oyadıb dedi:
- Ay kişi, Rəmiş yerində yoxdu. Həyətə baxdım, həyətdə də yoxdu.
- Bəlkə tualetə gedib?
- Tarnan?
Rəmiş isə göylərdəydi, mələklər onu oğurlayıb aparmışdılar. Təmiz başqa bir dünyaya düşmüşdü. Elə bilirdi əlini uzatsa, ulduzlara çatar. Yanından keçən ulduzların səsini eşidirdi, mələklərin pıçıltısını eşidirdi. Üzləri niqabla örtülmüş mələklər Rəmişin qıvrım saçlarını qarışdırır, üz-gözünü sığallayır, hətta uzun barmaqlarını öpürdülər.
Rəmiş eşitmişdi ki, mələklərin qanadları var, amma bunlar qanadsız idi. Əllərini açanda üstlərindəki tül qanada oxşayırdı və gözəllik yaradırdı.
Bu vaxt mələklərdən biri əlini onun sinəsinə salıb ürəyini çıxartdı. Rəmişin gözləri çıxmışdı kəlləsinə, təəccüblə mələyin əlindəki döyünən ürəyinə baxırdı. Mələk əlində döyünən ürəyi içindəki qan bitənəcən möhkəm-möhkəm sıxdı. Sonra dodaqlarını artıq döyünməyən ürəyə yapışdırıb onu yenidən qanla doldurdu və ürək yenidən döyünməyə başladı. Və mələk döyünən ürəyi qaytarıb qoydu Rəmişin sinəsinə. Tarı qaytarıb verdilər Rəmişə, hardansa bir kətil də tapıb gətirdilər. Rəmişi oturtdular kətilin üstündə və pıçıltıyla dedilər ki, çal.
Rəmiş nə çalacağını bilmirdi. Və başladı mələklərin pıçıltısını çalmağa. Yanından uçub gedən ulduzların səsini çalmağa. Bayaq mələyin əlində döyünən ürəyinin döyüntüsünü çalmağa. Mələklər isə onun ətrafında uçurdular. Rəmiş də onlarla bir yerdə uçurdu. Beləcə xeyli uçdular. Sonra mələklər onun yorulduğunu görüb qaytarıb qoydular hardan götürmüşdülər ora.
Rəmiş qan-tər içində ayıldı və qorxdu. Çığırdı:
- Nənə, ay nənə.
Bayaqdan gözünə yuxu getməyən anası içəri girəndə Rəmişi qan-tər içində görüb qorxdu:
- Ay bala, sənə nə olub, hardaydın?
- Göylərdəydim, nənə. Mələklər üçün tar çalırdım.
Anası çaşmış halda:
- Bu uşaq onsuz da dəliydi, indi lap dəli olub.
lll
...Bağda uşaqlar yığışmışdılar Rəmişin başına. Heyrətlə Qurban əminin bu qeyri-adi tarına baxırdılar. Rəmiş də bu qeyri-adi tarı çalmırdı ey, inlədirdi. İnləyən tarın səsini eşidən göylər qəfil şaqqıldadı, ildırım çaxdı. Tarın iniltisi göyləri də kövrəltdi, necə bir yağış başladısa, hamı durub evlərinə qaçdı. Rəmiş gördü yağış tarı isladacaq əynindəki pencəyi çıxarıb sarıdı tara. Getdikcə yağış güclənirdi. Yağışdan gizlənmək üçün oturmuşdu bir ağacın altındakı daşın üstündə. Amma yağış elə yağırdı ki, yarpaqlar damcıları saxlaya bilmirdi.
Bu vaxt göyün üzü nurlandı. Və o nur təkcə Rəmişin üzərinə düşürdü. Aləmi sel-su aparsa da, Rəmişin üstünə yağış yağmırdı, elə bil kimsə başı üstündə çətir açmışdı. Bunu görən Rəmiş qalxıb evlərinə tərəf üz tutdu. Nur da onun başı üstündə gedirdi.
Bu vaxt meşədən çıxan bir canavar ona tərəf qaçmağa başladı. Rəmiş qorxusundan tir-tir əsirdi. Amma qəfil bir ildırım çaxdı və canavarı vurdu. Rəmiş çaşmışdı. Yavaş-yavaş, qorxa-qorxa ölmüş canavarın yanından keçdi, sonra götürüldü evlərinə. Nur da başının üstündə. Qapını anası açdı, Rəmişi belə yağışda islanmamış görüb təəccüblə soruşdu:
- Ay bala, sən harda gizlənmişdin ki, islanmamısan?!
- Nənə, vallah, bilmirəm, elə bil kimsə başımın üstündə çətir asmışdı.
lll
Şairlə oturmuşdular Rəmişin balaca, xudmani otağında. Rəmiş də gitarasını qoymuşdu dizinin üstünə. Gitarasını köklədi, sonra da dedi ki, o çantanı aç, qoş gitaraya.
Şair diplomat çantanın içinə dinamiklər quraşdırmışdı, batareya ilə işləyirdi. Çölə, meşəyə gedəndə həmişə özləri ilə götürərdilər.
Şair çantanı açdı, dinamikləri qoşdu gitaraya.
- Qaqa, istəyirsən səni Qədirlə görüşdürüm?
- Nə axmaq-axmaq danışırsan, Qədir indi cənnətdə hurilərlə kef edir. Mənimsə ölmək fikrim yoxdur. Özü də nə səni, nə də məni cənnətə buraxarlar. Bizim yerimiz cəhənnəmlikdi, amma bir az sərin yeri.
Rəmiş başını buladı:
- Axmax-axmax sən danışırsan ey, özün də şairsən. Şairlər dünyanı hamı kimi görürsə, ondan şair olmaz. İndi mən səni aparıf Qədirlə görüşdürərəm, onda bilərsən ki, Rəmiş kimdi. Onda görərsən şair sənsən, yoxsa mən. Orda konyak var, gətir yüz-yüz süz, usiliteli də qoş; - dedi və sonra cibindən bir çəngə ot çıxartdı; - Bunu da at qazın üstünə, qoy ətri yayılsın.
Konyakı içdilər.
- Yüz-yüz də süz.
Şair yüz-yüz də süzdü.
- Götür, bunu da içəh Qədirin sağlığına. Hərçənd ki adam döyül.
Sonra başladı çalmağa. Barmaqlar pərdələrin üzərində gəzir, qəribə bir melodiya yaradırdı. Şair ilk dəfə eşidirdi bu melodiyanı. Sonra lap həzin çalmağa başladı. Səslər lap zəif eşidilirdi. Əvvəl-əvvəl otağın işığı yavaş-yavaş közərdi və söndü, düşdülər bir qaranlığa.
İnsanların çığırtısı eşidilirdi, qadınlar fəryad edirdi. Şəhərin ayrı-ayrı yerlərində yanğınlar vardı. Şair hara düşdüyünü bilmirdi. Bu yanğınlar, insanların çığırtısı sanki Rəmişin vecinə də deyildi, öz halındaydı. Bir darvazanı döydü və uca səslə çığırdı:
- Qədir, ay Qədir!
İçəridən səs gəlmədi. Yenə çığırdı:
- Qədir, ay Qədir, ölmüsən?
Darvazanın qapısı şaqqıltı ilə açıldı:
- Ə, nə bağırırsan?
Qarşılarında Qədir Rüstəmov durmuşdu. Qəlyanı da əlində, özü də çox pəjmürdə:
- Keçin içəri. Sən nə həyasız adamsan, yenə gəlmisən? Görmürsən şəhər od tutub yanır? Əmir Teymurun qoşunları girib şəhərə. - sonra məni göstərib dedi: - Bu yanındakı avara kimdi?
Şair çaşıb qalmışdı, illərin dostu Qədir Şairi tanımadı. Haqqında kitab yazdığı, onlarla məqalə həsr etdiyi, bir yerdə ova, balığa getdiyi Qədir, hər dəfə "Sona bülbülləri"nə qulaq asanda onu ağladan Qədir indi Şairi tanımadı.
Şair:
- Qədir, mənəm də mən, Aqil.
Qədir turşumuş üz-gözünü bir az da turşutdu:
- Nə Aqil, hansı Aqil? Tanımıram. Day gəlmisiniz də, keçin içəri, görək başımıza nə iş gəlir.
Səliqəli, xəli döşənmiş bir otaq idi, stolun üstündə də şamlar yanırdı. Divardan tar və qaval asılmışdı. Keçib oturdular.
Rəmiş:
- Mən bu Şairi inandıra bilmədim ki, sən ölməmisən, ona görə götürüf gəldim gözü ilə görsün.
- Ə, niyə ölürəm? Amma qorxuram bu gecə Əmir Teymur məni dar ağacından asdıra. Eşitmişəm ki, əsgərləri məni tapmaq üçün şəhəri ələk-vələk edirlər.
- Ə, Əmir Teymur kimdi ki səni öldürtsün? Onun saa gücü çatmaz. Səni Allah qoruyur. Sən hələ Rəmişi tanımırsan, Seyid Lazım Ağanın cəddi haqqı onları cırıx-cırıx edərəm. - sonra üzünü tutdu Şairə: - Ə, Şair, Əmir Teymur kimdi?
İndi Şair bunu necə başa salsın, ömründə bircə kitab oxumayan adama, beynində gitaradan, tardan başqa heç nə olmayan adama.
- Nəsimi kinosunu görmüsən?
- Hə. Rasim Balayev mənim dostumdu.
- Orda bir hökmdar var ey, özü də axsıyır, Əmir Teymur odu.
- Qaqa, bəs o ölmüyüf?
Şair əsəbi halda:
- Qədir ölməyibsə, o da ölməyib də. İndi özün görərsən.
Qədir adama bir stəkan çay süzdü, ortaya kişmiş qoydu. Heç bir qurtum içməmişdilər ki, qapı təpiklə açıldı. İçəri dörd-beş zirehli, saçları uzun, üz-gözlərindən zəhər-zəhrimar tökülən döyüşçü girdi. Salamsız-kəlamsız soruşdular:
- Qədir kimdi?
Qədir qalxdı ayağa:
- Mənəm, nə lazımdı?
- Bəs bunlar kimdi?
- Dostlarımdı.
Döyüşçü Qədirin dostlarını tərs-tərs süzdü, deyəsən, Rəmişin sir-sifəti xoşuna gəlmədi. Şairin də rəngi-rufu qaçmışdı. Yanındakılara əmr elədi:
- Bunların qollarını bağlayın.
Rəmiş müqavimət göstərmək istədi. Bayaq "onları cırıq-cırıq edərəm" deyən Rəmişin qollarını elə burdular ki, mıqq da edə bilmədi. Şair isə yazıq-yazıq əllərini uzatdı.
Döyüşçü üzünü tutdu Qədirə:
- Hökmdar səni istəyir.
- Neynir məni?
- Özün soruşarsan. Bizə əmr edib ki, səni aparaq hökmdarın hüzuruna.
Qədiri də, dostlarını da çıxartdılar sokağa, Qədiri ata mindirdilər, dostlarını isə at döşündə apardılar.
Şair bircə onu deyə bildi:
- Rəmiş, Allah evini yıxsın.
- Qaqa, mənim evim varkı?!
Hərdən kürəklərindən itələyirdilər ki, tez-tez gedin.
Rəmiş:
- Siz nətəhər döyüşçüsünüz, əliyalın adamlardan qorxursunuz. Qollarımızı açın dana.
- Yeri, az danış.
Onları gətirdilər böyük bir çadırın önünə. Hər tərəfdə silahlı əsgərlər qaynaşırdı. Saçları çiyinlərinə tökülən, üzlərindəki çapıqlar onları daha qorxulu göstərən və bir suları da Rəmişə oxşayan əsgərlər, bir sözlə, hər yer Rəmişlə doluydu və hamısı da onlara baxırdı. Rəmişə oxşayan iki əsgər də dayanmışdı çadırın qapısı ağzında. Boyunlarından basıb saldılar içəri.
Bu, çadır deyildi, bir saray idi. Hər yana gəbə, xəli döşənmişdi. Bu sarayın ortasından yüzlərlə şam yanan şamdan asılmışdı. Tavan sədəflərlə işlənmiş dörd sütunun üstündə dayanmıqdı. Rəmiş sədəfli sütunları görəndə yadına toyda bir sarsaq sərxoşun başına vurduğu Qurban əminin tarı düşdü.
İçəridə xeyli adam vardı, əslində adamdan çox adamyeyənə oxşayırdılar, özləri də iki səfə düzülmüşdülər.
Çadırın yuxarı başında da taxt qurulmuşdu. Bu vaxt taxtın arxasından çiynində pələng dərisi olan, ortaboylu, ağır-ağır yeriyən bir nəfər çıxdı, pələngin pəncələri də çiyinlərində general rütbəsinə oxşayırdı. Baxışları çox itiydi, adamı dəlib keçirdi. Başında sadə bir tac vardı, belində də qəbzəsi daş-qaşla işlənmiş bir xəncər, əlində də qamçı.
Onu görən kimi hamı diz çökdü. Qədirlə Şair də diz çökdülər. Rəmiş isə dik dayanıb baxırdı. Onları gətirən döyüşçü Rəmişin çiynindən basıb dedi:
- Diz çök!
Rəmiş:
- Brat, mən heç dədəm Hüseynin qavağında diz çöhməmişəm. O kimdi ki diz çöküm?
Şair üzünü Rəmişə tutdu:
- Ə, gic... bu, Əmir Teymurdu, diz çök.
- Çöhmürəm.
Bu vaxt onları gətirən döyüşçü əlindəki baltanın küpüylə Rəmişin kürəyindən necə vurdusa, ağzı üstə düşdü yerə. Sonra döyüşçülər qaldırıb diz çökdürdülər. Rəmiş onu vuran döyüşçüyə baxıb dedi:
- Dayan oğraş, sənin ananı ağladajam.
Əmir Teymur taxtdan yenib onlara tərəf yaxınlaşdı.
Rəmiş:
- Qaqa, bəs bu axsamır axı, kinoda axsıyırdı.
- Ə, mən nə bilim niyə axsamır?
Əmir Teymur əlindəki qamçıyla Qədirin çənəsindən qaldırdı:
- Qalx! Qədir sənsən? Səsi ilə Şərqi lərzəyə gətirən?!
- Bəli, əlahəzrət, mənəm. Amma Şərqi lərzəyə gətirdiyimdən xəbərim yoxdu.
- Bəs bunlar kimdi?
- Müsafirlərimdi. Qarabağdan gəliblər.
Rəmişin dikbaşlığı Əmir Teymuru qəzəbləndirmişdi. Üzünü onları gətirən döyüşçüyə tutub dedi:
- Bunları aparın dar ağacına, əmrimi gözləyin.
Rəmişlə Şairi hop götürdülər. Çadırdan çıxarıb dar ağacının yanına apardılar. Həyətdəki dar ağaclarından xeyli adam sallanırdı.
Rəmiş isə onu vuran döyüşçüyə deyirdi:
- Səni cırajam, köppəyoğlu.
Çıxartdılar kətilin üstə, kəndiri də keçirtdilər boğazlarına və əmri gözlədilər.
Şair özünü islatmışdı. Rəngi-rufu qaçmışdı, hələ asılmamışdan əvvəl ölmüşdü. Birtəhər üzünü Rəmişə tutub səsi titrəyə-titrəyə dedi:
- Ay axmaq, bizi asırlar ey, sənə nə pisliyim dəymişdi məni bu xarabaya gətirdin?!
Rəmiş:
- Şair, bizi biabır elədin, şalvarını batırmısan. Nədən qorxursan? Səni birinci dəfə asıllar? Məni bir dəfə Çingiz xan asdırmışdı, Qacar da Cıdır düzündən atdırmışdı. Görürsən, hələ sağam.
- Nə sarsaq-sarsaq danışırsan, sənin zibilinə düşmüşəm.
- Qaqa, ağciyər olma. Sən nətəər ağdamlısan?
- Nə ağdamlı?! Boğazında kəndir olanın ağdamlılığı qalar?
Əmir Teymur Qədirin cılız bədənini, ağarmış üzünü bir qədər süzdü, sonra dedi:
- Oxu. Xoşuma gəlsə, sən nə arzu eləsən, onu da görəcəksən.
Qədir əlindəki qəlyanı qoydu cibinə. Bəlkə tarixdə yeganə adam idi ki, Əmir Teymurun yanına qəlyanla girmişdi. Özünü toxtadıb dedi:
- Gərək məni müşayiət edən olsun ki, oxuya bilim. Məni müşayiət edən oğlanları da əmr eləmisən ki, assınlar. Həm də tar-qavalımız qalıf evdə.
Əmir bir qədər fikrə getdi, sonra üzünü yanındakı əyanlarına tutub dedi:
- Onları qaytarın. Sonra da gedin bunun evinə, o dikbaşı da aparın, Qədirin dediyi tar-qavalı gətirsinlər.
Kimsə çıxdı onların yanına. Şair elə bildi təpik vurub kətili aşıracaq. Amma elə olmadı, boğazlarındakı kəndirləri çıxartdılar.
- Düşün aşağı. Hökmdar sizi istəyir.
Rəmiş üzünü Şairə çevirib:
- Gördün, ə, ağciyər?
Sonra onları götürüb yenidən apardılar Qədirin evinə. Amma atdöşü aparmadılar, qollarını açıb ata mindirdilər. Dedilər ki, hökmdar əmr edib ki, tar-qavalı götürüb qayıdaq geri. Rəmiş gitarasını, Şair də Qədirin qavalını və diplomat çantanı götürüb yenidən at belində qayıtdılar geri.
Girdilər çadıra. Əmir Teymur oturmuşdu taxtında.
Rəmiş onun kürəyindən vuran əsgərə sakitcə dedi:
- Brat, darıxma, sənin ananı ağladajam.
Əmir Teymur Rəmişin əlindəki gitaraya baxıb yanındakı əyanların birindən soruşdu:
- O nədi?
- Hökmdar, bizim qopuz kimi bir şeydi. Deyəsən, yunanlarındı.
- Gətirsinlər baxım.
Gəlib gitaranı apardılar Əmirə. Bir orasına baxdı, bir burasına baxdı, barmaqları ilə simləri tərpədib səsinə qulaq asdı və təəccüblə çiyinlərini çəkib gitaranı qaytartdı.
Rəmiş:
- Şair, aç o dinamikləri, qoş gitaraya.
Şair diplomatı açdı, gitaranı dinamiklərə qoşdu. Üç kətil gətirdilər. Oturdular kətilin üstündə. Rəmiş gitaranı köklədi. Elə kökləyəndə dinamiklərdən çıxan səslər Əmir Teymuru da, çadırdakıları da heyrətə gətirdi. Qədir qavalı üzünə söykəyib dirsəyini olmayan böyrəyinin üstünə basdı və dedi:
- Həyatımız bundan asılıdı, Rəmiş! Başla!
Və Rəmiş başladı. Barmaqlar pərdələrin üzərində gəzir, çox qəribə səslər çıxarırdı. Əvvəl mələklərin pıçıltısı eşidildi, sonra yanından uçan ulduzların, sonra kəndlərindəki kəhrizin şırıltısı, meşədən gələn səs. Aləmi qatdı bir-birinə. Sonra gitara bir ana kimi fəryad elədi, bir uşaq kimi çığırdı. Yanan evlər barmaqlarından töküldü pərdələrə, çadırdakıları da yandırdı. Təmiz uyumuşdu. Nə çaldığını bir özü bilirdi, bir də Allahı.
Qədir:
- Ə, səfeh, ayaq ver dana!
Elə bil Rəmiş yatmışdı, ayıldı. Keçdi "Ağ Segah"a. Qədir bir dəfə ağzını yumub açdı, ikinci dəfə də ağzını yumub açdı və sonra Rəmişin çaldıqları sözə çevrilib ağzında bulaq kimi qaynayıb çay kimi tökülməyə başladı. Əmir Teymur da, çadırdakılar da qaldılar bu çayın altında. Qədir bir az "Ağ Segah"da gəzişəndən sonra keçdi "Sona bülbüllər"ə. Sonra da özü Rəmişə ayaq verdi ki, Rəmiş çalsın. Rəmiş yenə dağı qatdı arana, aranı qatdı dağa, gah yağış yağdırdı. Onu kürəyindən vuran döyüşçü hönkür-hönkür ağlayırdı. Bu vaxt Əmir Teymur qalxdı ayağa əli ilə işarə elədi ki, saxlayın. Rəmiş saxlamaq istəmirdi. Ağlayan döyüşçü əyilib Rəmişin qulağına pıçıldadı ki, qardaş, hökmdar deyir, dayan. Rəmiş də dayandı.
Əmir Teymur gəlib dayandı Qədirin qarşısında:
- Səsini kəs. Əsgərlər bu səsi eşidəndən sonra adam öldürə bilməzlər. İndi nə arzun var, de.
Qədir:
- Əmr edin Təbrizdə talanı saxlasınlar. Mənim bu dostlarımı da bağışla.
Əmir Teymur üzünü tutdu Miranşaha:
- Deyin şəhərdə talanı saxlasınlar, heç kəsə toxunmasınlar. - sonra üzünü tutdu Qədirə: - Bu gündən səni Miranşaha vəzir verirəm. Əsəbləşib özündən çıxanda, haqsız yerə əlini qılınca atanda bir ağız oxuyarsan, özünə gələr. Dostlarını da bağışlayıram. Amma bir şərtlə ki, o gitaradı-nədi onu və yanındakı çantanı da mənə bağışlasınlar.
Rəmiş:
- Qurbandı. O qədər adama gitara bağışdamışam ki, bu da olsun biri.
Və qalxıb gitaranı verdi Əmir Teymura. Sonra da onu vuran döyüşçüyə üzünü tutub dedi:
- Saa demişdim ananı ağladajam?
Döyüşçü özündən asılı olmayaraq əyilib Rəmişin əlindən öpdü.
***
Gecə evə gələndə gördü qapıya bir kağız parçası qoyublar. Açıb oxudu: "Rəmiş, sabah saat on bir də səni "Araz"da gözləyirik. Çox vacib bir işimiz var. Sən həmişə hər yerə gecikirsən, xahiş edirik, gecikmə. Moskvadan qonaqlarımız gəlib, səni görmək istəyirlər. Ceyhun Mirzəyev. Aydın Dadaşov".
Fikirləşdi ki, nə vacib işdi belə, özü də Moskvadan gələnlər, iki əziz dostu buna məktub yazıb. Kağızı qatlayıb qoydu döş cibinə.
Həmişə hər yerə gecikən Rəmiş düz saat on birdə maşını "Araz"ın qabağında saxladı və düşdü. Çayxanada oturanlar onu görən kimi qalxdılar ayağa. Hamı öz stoluna dəvət elədi, o isə əliylə hamını salamladı, bir stol arxasında oturan dörd-beş nəfərlə özünəməxsus şəkildə görüşüb-öpüşdü və dedi:
- Ə, sizin eviniz-eşiyiniz yoxdu, havaxt keçirəm görürəm oturmusuz burda.
Biri gülüb dedi:
- Rəmiş, ev-eşiyimiz olsa, burda nə gəzirik?
Stolların birinin arxasında Ceyhun Mirzəyevlə Aydın Dadaşov və iki nəfər də ayrı adam oturmuşdu. Onlar da Rəmişi görəndə qalxmışdılar ayağa. Rəmiş onlara yaxınlaşdı, salamlaşdı və oturdu.
Üzünü tutdu Aydına:
- Məllim, noluuf, yağınız daşıf, yoxsa toyunuz var? Bu qonaxlar kimdi?
Ceyhun:
- Rəmiş, tanış ol. Bu, dünyanın ən məşhur rejissorudu, yanındakı da operatorudu. Moskvadan durub gəliblər bura sənin dalınca.
- Xeyirdimi, toyları var?
- Sən də hər şeyi toyla ölçürsən.
Rəmiş ayağa qalxıb hər ikisinə özünü təqdim elədi. Onlar da özlərini təqdim elədilər.
- Rəmiş!
- Leonid!
- Vladimir!
- Rəmiş!
Ceyhun:
- Rəmiş, məşhur skripaç Paqaninini eşitmisən?
- Eşitmişəm.
Aydın:
- Qaqa, bu rejissor Paqanini haqqında dörd seriyalı kino çəkir. Bütün dünyada göstərəcəklər.
Ceyhun:
- Səni ves mir tanıyacaq.
- Maa ves mir lazım döyül, Azərbaycanda tanıyıllar dədəmə də bəsdi.
Aydın:
- Yenə boş-boş danışma, qulaq as. Bu rol üçün sənə iyirmi-iyirmi beş min manat da pul verəcəklər. Film geniş yayılandan sonra əlavə də pul verəcəklər.
- Aydın, qaqa, mənnən pulnan danışma dana. Bilirsən ki, mən pul xoşluyan adam döyüləm. Ceyhun neçə ildi filmə çəkilmir, onu çəksinlər də, gül kimi aktyordu. Mən aktyor döyüləm ha. Mənim bir rolum var, o da Rəmiş. Hələ ki pis də oynamıram. Bir də ki bunlar məni hardan tanıyır?
Bayaqdan susub oturmuş Leonid dilləndi:
- Səni bizə jurnalist dostlarımız məsləhət görüb.
- Bəs onlar hardan tanıyır?
- İki-üç il bundan qabaq onlar bütün İttifaqı gəzib sonra da yol təəssüratlarını yazıblar. Azərbaycanda sənin də qonağın olublar. Bir yerdə bir neçə şəkliniz var. Mənə göstərdilər, gördüm ki, heç kastinq eləmək lazım deyil, əsl Paqanini sənsən. Xarakterini, jestlərini, hətta qəribə maşın sürməyini danışdılar.
Rəmiş bir az fikrə getdi:
- Həə, yadıma düşdü Tiflisdən toydan gəlirdim, Gəncəni keçəndə gördüm bir Moskviç saxlayıf, kapodunu qaldırıflar. Üç dənə də rus balası düşüf maşınnan əlləşir. Qabaqlarına verib saxladım. Dedim ki, dostlar, nolub, mənim maşından başım çıxır. Amma gördüm ki, mən düzəldən iş deyil. Dedim oturun mənim maşınıma, hara istəyirsiniz aparım, sonra adam göndərərik gəlib maşınınızı düzəldib göndərərlər. Bir də soruşdum kimlərsiz və hara gedirsiz? Dedilər jurnalistik, ölkəni gəzirik, bütün respublikalarda olmaq istəyirik. Azərbaycanı da gəzmişik, indi Bakıdan paromla Türkmənistana keçəcəyik. Tanış olduq. Oturtdum maşınıma, sürdüm Gəncəyə. Dostlara dedim ki, Qaiyə çatmamış bir Moskviç var xarab olub, onu gətirin düzəldin, mən də bunları aparım Göygölə, iki-üç saatdan sonra qayıdıb gələcəyik.
Maşını sürdüm Hacıkəndə meşənin içində bir restorana. Restoranın müdiri məni görən kimi yüyürüb gəldi, görüşüb-öpüşdü. Restorandakılar da bizi öz stollarına dəvət elədilər, hamısına təşəkkür edib özümüz ayrıca oturduq. Baqatıy bir süfrə açdılar. Biri içmədi ki, mən maşın sürəcəm, mən içəndə soruşdular ki, Qaidən qorxmursan? Güldüm, dedim ki, bütün Qailər mənim dostlarımdı. Sonra da restoranın gitaraçalanından gitaranı alıb bunlar üçün rus bəstəkarlarının əsərlərini çaldım. Çaşıb qalmışdılar. Elə bil birinci dəfəydi gitaraçalan görürdülər. Biri fotoaparatı verdi ofisianta, xahiş elədi ki, bizim şəkillərimizi çəksinlər. Heç demə, mən gitara çalanda da şəkillərimi çəkibmiş. Soruşdular kiməm, mən də dedim Rəmiş, gitara çalanam. Dedilər yəqin sən Leninqradda gitara akademiyasını bitirmisən. Güldüm, dedim Ağdamda Muzuçilişdə oxumuşam, onu da yarımçıq atmışam. Sonra qayıtdıq ustaların yanına, gördük maşın hazırdı. Mən də dedim ki, bəs bilmirsiniz Moskviçlə yola çıxmazlar? Dedilər ki, Moskviçi də reklam edirik, ona görə. Bu Moskviç Londondan Sidneyə gedən yarışda qalib olan Moskviçdir. Sonra da biri mənim maşınıma oturdu, ikisi də onların düşdük Bakıya. Bir yaxşı qonaqlıq da Şamaxıda verdim. Gəldik Bakıya, apardım paroma, mindirdim gəmiyə, yola saldım Krasnavodskiyə. Üstündən iki-üç ay keçmişdi Şair dostum mənə bir qəzet gətirdi, deyəsən, adı "Arqumentı faktı" idi. Baxdım ki, bu boyda Azərbaycandan bircə abzas yol qeydi yazıblar. Yazıblar ki, Azərbaycanda Rəmiş adlı bir gitaraçıyla yol yoldaşı olduq, barmaqları qızıl idi. Mən də hirsləndim ki, yəni Azərbaycanda başqa şey görməmişdilər.
Leonid:
- Onlar da bütün bunları bizə danışdılar, şəkilləri göstərdilər, mən də şəkillərinə baxandan sonra gördüm ki, əsl Paqaninisən. Durub Moskvadan gəldik Bakıdakı dostlarımızın yanına, xahiş etdik, onlar da səni tapdılar.
Rəmiş:
- Brat, mən aktyor döyüləm və bacarmaram. Bu Ceyhun Azərbaycanın ən məşhur aktyorudu, elə onu çək.
Ceyhun:
- Ə, məsləhət olsa məni çəkərdilər də. İndi sənə yalvaraq?
Rəmiş qalxdı ayağa:
- Nə isə, durun, qonaqların başını çayla aldatmayın. Gedək bir yerdə bir qismət çörək yeyək, söhbətimizi orda edərik. - dedi və stolun üstünə bir yüzlük atdı.
Hamı qalxıb oturdu Rəmişin maşınına. Leonid öndə əyləşdi.
Rəmiş keçdi sükanın arxasına. Kürəyini yan pəncərəyə söykədi və beləcə yola düşdülər. Leonid maraqla onun tərs oturmağına və maşın sürməyinə tamaşa edirdi. Gəldilər "Çanaqqala"ya. Həyətdə adam çox idi. Rəmişi görən kimi bəziləri gəlib onu bağrına basdı, stollarına dəvət elədilər. O da hamıya təşəkkür elədi, bir küncdə ağacın altında oturdular. Ofisiantdan qabaq restoranın inzibatçısı yüyürüb gəldi:
- Rəmiş, xoş gəlmisiniz.
- Sən belə elə, bir baqatı süfrə aç. Asetrin, ikra, bir də qara quzunun kababı. Bunlara araq gətir, mənə konyak.
Həyətin ortasında ansambl çalırdı, onlar da Rəmişi görəndə ayağa durub başlarıyla salam verdilər.
Leonid çəkinə-çəkinə dedi:
- Doğrudan sənin barmaqların qızıldı?
Rəmiş:
- Barmaqlarım adi barmaqdı, sadəcə olaraq sənin barmaqlarından bir az uzundu, bir az da kobud. Mənim beynim qızıldı.
Aydın:
- Rəmiş, mən ölüm, bir dur çal, bunları dəli elə.
- Qaqa, mən ölüm niyə deyirsən? - dedi Rəmiş sonra qalxıb yaxınlaşdı ansambla.
Gitaraçıya dedi:
- Brat, icazə versən bir balaca çalardım.
Gitaraçı:
- Buyur, Rəmiş.
Rəmiş keçib əyləşdi gitara çalanın yerində, gitaranı götürüb öz bildiyi kimi köklədi və başladı çalmağa. "Sarı gəlin"də bir az gəzişdi, sonra qəribə bir keçid eləyib "Lunnaya sonata"ya keçdi. Bir az da orda gəzişəndən sonra gitaranı qoydu dizlərinin üstünə, stəkanı da götürdü və bu dəfə barmaqları ilə yox, stəkanla çalmağa başladı. Özü də Paqanininin əsərlərini. Stəkanı necə işlədirdisə, gitara skripka səsi çıxarırdı.
Leonidin də, operatorun da gözləri böyümüşdü. Təəccüblə deyirdilər:
- Bu neyləyir?
Ceyhun:
- Rəmiş budu da.
Restorandakılar qalxıb musiqiçilərin stolunun üstünə pullar tökürdülər. Rəmiş bir xeyli çalandan sonra dayandı, qalxdı ayağa, gitaranı da verdi sahibinə, pulları da göstərib dedi:
- Bunların hamısı sizinkidi.
Gəlib oturdu. Oturan kimi də yüz qram konyak içdi və bir siqaret yandırdı.
Leonid:
- Rameş, sən dahisən. Elədiyin improvizasiyaları heç Cimmi Xendriks də edə bilməz.
Rəmiş:
- Cimmi məndən böyük sənətkardı. Bir də onun altı tondu, yeddi tondu texnikası var. O texnikaların köməyi ilə gitaranı danışdırır, mən isə barmaqlarımla.
Leonid:
- Bəs Paqanininin əsərlərini hardan öyrənmisən?
Rəmiş güldü:
- Dörd-beş gün bundan qabaq darıxdım, durdum getdim İtaliyaya Paqanininin yanına.
Leonid:
- Kimin yanına?
- Paqanininin.
Ceyhun:
- Rəmiş, bir az ciddi ol, bunlar ciddi adamlardılar. Düşük-düşük danışma.
- Mən ciddi deyirəm. Paqanini ilə hələ fransız konyakı da vurduq.
Leonid:
- Aydınçik, bu nə danışır?
Aydın:
- Heç, bu sadəcə olaraq Rəmişdi.
Rəmiş:
- Aydın, bunlar maa inanmadısa, mən burda artıq adamam. Dostlarım məni bağda gözləyir. Mən getdim, bu siz, bu da qonaqlarınız. - dedi, maşının açarlarını da verdi Aydına; - Səhər gəlib maşını götürərəm.
Üzünü tutdu inzibatçıya:
- Hesab mənlikdi.
İnzibatçı:
- Hesabı müdir ödəyib, narahat olma.
Və Rəmiş yerində özünəməxsus fırlandı, əlini qəribə şəkildə qaldırıb vidalaşdı və çıxıb getdi.
Hamı pərt olmuşdu, ən çox da rejissor:
- Aydınçik, bu dəliymiş.
Aydın:
- Dəli olmasa, Rəmiş olmaz.
Ceyhun:
- Bu indiyədək nə televizora çıxıb, nə radioya. Buraxmırlar. Yalnız toylarda çalır, ya da ayda-ildə bir dəfə Filarmoniyada plan dolmayanda orda konsert verir. Amma hamının evində lentləri var.
- Bizim Vısotski kimi.
- Hə, elə bir ağıldadılar.
***
Yorulmuşdu, çox yorulmuşdu. Yaşamaqdan da yorulmuşdu. Daha doğrusu, yorulmamışdı ey, bezmişdi. Hamıdan bezmişdi. Dostlarından da, curlarından da, boynuna atılmaq istəyən qadınlardan da bezmişdi. Elə Rəmiş olmaqdan da bezmişdi. Adətən belə halda maşına oturub gedərdi kəndə, Kəhrizin üstünə. İndi nə kənd vardı, nə də Kəhriz. İçərişəhərdə bir evin pəncərəsinin önündə bir daş vardı, hərdən hər şeydən bezəndə gedib o daşın üstündə oturardı, pərdəli pəncərəyə baxardı. Gözünü yumub öz dünyasına çəkilərdi, bir az yorğunluğu çəkilərdi.
"Baksovet"dən sağ çiyninin üstündə, gözündə də böyük bir eynək sallana-sallana düşürdü aşağı, Qoşa qala qapısına tərəf. Belə bir yeriş yalnız onun özünə məxsus idi. Düzdür, yazıçı Anarın da həmişə bir çiyni o birindən yüksəkdə olurdu yeriyəndə, yuxarı qalxmış çiynindən də çanta salırdı. Gənc yazıçılar da hamısı özünü Anara oxşadıb çanta ilə gəzirdilər. Onların çiynindəki çanta yalnız Anarın çantasına oxşayırdı, özləri yox.
Gitara çalanlar da Rəmiş kimi yeriməyə cəhd edirdilər, amma alınmırdı. Qədir Rüstəmov həmişə deyirdi: "Gitara çalanların çoxu nəşə çəkdi ki, Rəmiş olsunlar, amma qəmiş oldular".
Axırıncı dəfə bu küçəylə nə vaxt piyada getdiyini yadına salmağa çalışdı. O vaxt universitetin bir neçə fakültəsi sağ tərəfdəki Xalq Təsərrüfatı İnstitutunun ikinci və üçüncü mərtəbəsində yerləşirdi.
Bir dəfə Şair dostunu bir müəllim imtahandan kəsmişdi, onda gəlmişdi filologiya fakültəsinə, onun qiymətini yazdırmağa. Saymazyana girmişdi dekanın yanına, dekan da onu ayaq üstə qarşılamışdı. Dostunu xahiş eləmişdi, dekan da demişdi, narahat olma, sən get. Dekan istəmişdi ki, Rəmiş tez getsin, çünki bütün tələbələr yığışmışdılar dekanlığın qarşısına - Rəmişi görmək istəyirdilər, danışdırmaq istəyirdilər.
Dekanın yanından çıxanda gördü qəbul otağında gözəl-göyçək bir katibə oturub və Rəmişə elə mehribanlıqla baxır ki. Qız Rəmişdən telefon nömrəsi istədi. O da əlini atıb şalvarının arxa cibindən şah bir yüzlük çıxartdı, qızın əlindəki qələmi də alıb telefon nömrəsini yüzlüyün üstünə yazıb verdi qıza. Qapıdan çıxanda tələbələr yığışdı başına, əksəriyyəti də qız idi.
Üzünü Şair dostuna tutub dedi:
- Qaqa, heç utanmırsan, bir belə gözəl qızın içində adam da kəsilərmi?
- Elə bu qızlar qoymur də oxumağa.
Nə soruşdularsa, cavab vermədi, bircə onu dedi ki, iki gündən sonra Filarmoniyada konsertim var, kim istəyir gələ bilər, amma gələndə gül gətirməyin, xoşum gəlmir, özünüz gülsünüz.
Sol tərəfdə bir "Aydınlıq" kitab mağazası vardı. Şair dostu həmin mağazadan Bəxtiyar Vahabzadənin bir kitabını alıb ona vermişdi ki, al oxu, adam ol, Bəxtiyar müəllim səni yaman çox istəyir.
O isə gecə evdə kitabı vərəqləmişdi, amma oxumağa hövsələsi çatmamışdı. Ömründə bircə kitab oxumuşdu, o da Şair dostunun məsləhəti ilə "Netoçka Nezvanova".
Şair demişdi:
- Rəmiş, burda bir skripkaçıdan söhbət gedir, özü də, taleyi də sənə oxşayır.
O da oxumuşdu, görmüşdü ki, o qədər də oxşarlıq yoxdu. Çünki o skripkaçı təhkimli kəndli idi, Rəmiş isə sovxoz direktorunun oğlu. O, fağır adamıydı, Rəmiş isə süpürülmüş yerdə dava kağızı axtarardı, ömründə heç kəsin qabağından qaçmamışdı. Düzdür, əsərdən məlum olurdu ki, istedadlı adamdı, amma istedadını sübut edə bilmir. Rəmiş isə istedadını çoxdan sübut eləmişdi. Sonra əsərin qəhrəmanı Avropadan gələn bir skripkaçının konsertinə gedir. Görür o, dahidi, ondan yaxşı skripka çalır, həmin axşam özünü öldürür. Amma Rəmişə görə, ondan böyük gitara çalan yox idi ki, dinləsin, böyük olmadığını görüb özünü öldürsün. Skripkaçının həyatı qurtarandan sonra kitabın arxasını oxumamışdı. Sonra Şair dostuna demişdi:
- Sən belə gij-gij kitablarla başını doldurma, axırda onların gününə düşəssən.
Əslində Şair dostu çoxdan o skripkaçının taleyini yaşayırdı.
Bir az aşağı yendi, sol tərəfdə foto atelye vardı. Atelyenin vitrinindən həmişə üç portret asılırdı: Bəxtiyar Vahabzadə, Xudu Məmmədov və onun. Atelyenin sahibi onun portretini Xudu müəllimlə Bəxtiyar Vahabzadənin arasından asmışdı.
O da girmişdi içəri atelyenin sahibindən tələb etmişdi ki, onun portretini vitrindən çıxarsınlar.
- Brat, mən kiməm ki, mənim portretimi o dahilərlə bir sırada asmısan, özü də ortasında.
Atelyenin sahibi:
- Rəmiş, vallah, sən də dahisən. Özü də hamı sənin şəklini görüb girir bu atelyeyə. - Sonra da bir yığın foto göstərmişdi: - Sənin şəkillərindi. Bura girən mütləq bu şəkillərdən birini alır. Qoy çörəyimizi qazanaq da.
O vaxt Bakıda dəb idi. Küçələrdə, parklarda Hindistanın kino ulduzlarının - Raç Kapurun, Racendra Kumarın, Şişi Kapurun, Nərgizin, eləcə də özümüzün ulduzlarının - Poladın, Müslümün, Zeynəbin, Rəmişin, Məmmədbağırın, Ağadadaşın biri bir manatdan şəkillərini satırdılar. Rəmişin cibində də həmişə öz şəkilləri olardı. Biri deyəndə ki, Rəmiş, çoxdandı görmürəm səni. Çıxarıb şəklini verirdi ki, qoy cibinə, darıxanda baxarsan.
Baxdı, artıq foto atelye yox idi. Vaxtilə onların şəkilləri asılan vitrində indi qadın paltarları, özü də alt paltarları asılmışdı. Dayanıb xeyli baxdı və güldü.
Yanından keçənlər ona salam verirdilər, o isə başını yelləməklə cavab verirdi. Əlyazmalar İnstitutundan döndü sağa, girdi İçərişəhərə. Cavan vaxtı bu yerə tez-tez gəlirdi, bəzən gecə saat 2-də. İkinci mərtəbədəki pəncərədən bir qız həmişə gözləyirdi ki, Rəmiş gələcək, üzbəüzdəki daşın üstündə oturacaq və ona tamaşa edəcək.
Rəmiş bu qızı dəfələrlə konsertində görmüşdü. Sonra dostlarından qızın kimliyi ilə, harada yaşamağı ilə maraqlanmışdı. Evlərinin yerini öyrənəndən sonra həmişə gəlib pəncərə ilə üzbəüz daşın üstündə otururdu. Bəzən xeyli gözləyirdi ki, Qız nə vaxt pəncərədən boylanacaq.
Ömründə heç kimi sevməmişdi. Onda sevgi hissi yox idi. Birinci-ikinci sinifdə oxuyanda müəlliməsindən xoşu gəlirdi, xüsusilə də onun saçlarını sığallamağından. Sonra Ağdama köçdülər, bir də o müəlliməni görmədi. Amma müəllimənin barmaqlarının ətrini həmişə burnunda hiss edirdi. Pəncərədən baxan Qıza isə sadəcə vurulmuşdu. Və onunla görüşməyə də heç vaxt cəhd göstərməmişdi. Eləcə gəlib daşın üstündə oturur, Qızın baxışlarından ləzzət alırdı.
Yenə oturdu həmin daşın üstündə. Pəncərəyə pərdə çəkilmişdi və özü də çox gözəl bilirdi ki, o pərdə bir daha açılmayacaq və Qız ona tərəf boylanmayacaq. Yəqin Qız çoxdan ərə gedib və day burda yaşamır.
Bunu bilə-bilə o, yenə hətta gecələr darıxanda da, gəlib bu daşın üstündə oturub pəncərəyə boylanırdı. Küçədən keçənlər Rəmişi görüb soruşurdular:
- Rəmiş, burda niyə oturmusan?
- Heç, burda oturmaqdan xoşum gəlir.
Yenə oturub pəncərəyə baxırdı və qəfildən pərdə açıldı. Bir qadın Rəmişə tərəf boylandı və güldü. Və ilk dəfə kəlmə kəsdilər:
- Rəmiş, uşaqlarla sənə çay göndərimmi?
Rəmiş də güldü:
- Pis olmaz.
Və qapı açıldı. İçəridən bir oğlan uşağı çıxdı, əlində bir stəkan çay, çayın yanında bir şokolad.
Uşaq eynən Rəmişin özüydü. Rəmiş uşağı görəndə əvvəl-əvvəl çaşdı. Bir Allah bilirdi ki, Rəmişin əli heç o qızın əlinə də dəyməmişdi, bəs bu uşaq ona niyə bu qədər oxşayırdı.
Səməd Vurğunun "Azərbaycan" şeirindən başqa bir şeir bilməyən Rəmişin yadına Şair dostunun aşağıdakı misraları düşdü:
Belimdən gəlməsə də,
Tanıyıb bilməsə də
Mənə oxşayacaq
sevgimdən doğulan oğlun
Taleyi taleyimdən iraq.
Uşağı bağrına basdı, uzun saçlarını qarışdırdı:
- Adın nədi?
- Mamam Rəmiş çağırır.
- Nə qəşəng adın var.
- Sənin də adın Rəmişdi. Mən də gitara çala bilirəm.
Rəmiş yenidən oğlanın saçını sığalladı, uzun barmaqlarına baxdı və çayı içmədən qalxdı ayağa, uşağa məni gözlə gəlirəm, deyib getdi. Uşaq da nə edəcəyini bilmədi, çay əlində oturdu daşın üstündə, Rəmişin yerində.
Anası pəncərədən baxıb gördü Rəmiş yoxdu.
Dedi:
- Ay oğul, o getdi? Dur gəl evə!
- Mama, dedi gəlirəm.
Bir az keçmiş Rəmiş əlində bir gitara döndü. Evindəki ən bahalı gitaranı gətirmişdi.
Dedi:
- Al, bağışdıyıram saa.
Və gitaranı verdi uşağa.
Uşaq gitaranı götürüb qaçdı evə:
- Mama, Rəmiş mənə gitara bağışladı.
Anası istədi gitaranı qaytarsın, amma gördü ki, Rəmiş gedib.
lll
Gecə toydan yorğun-arğın evə dönəndə yenə gördü qapıdan bir kağız parçası asılıb. Açıb oxudu. Yenə Aydın Dadaşovla Ceyhun Mirzəyev yazmışdı: "Rəmiş, səni and veririk Seyid Lazım Ağanın cəddinə, sabah Kinostudiyanın çayxanasına gəl, vacib işimiz var". Başını buladı, keçdi içəri. Elə geyinili-geyinili özünü atdı divanın üstünə, ayılanda gördü ki, günortadı. Tez durub əl-üzünü yudu, elə yerə and vermişdilər ki, getməmək olmazdı.
Maşını sürdü Kinostudiyaya. Çayxananın həyətində məşhur kino ulduzları oturub dərdləşirdilər, bəziləri də şahmat oynayırdılar. Rəmiş hamıyla bir-bir görüşdü. Rasim Balayevi də bağrına basdı. Gəldi Ceyhungilin stoluna. Gördü həmin rejissor, yanında da Rəmişə oxşayan, amma boyca balaca olan bir adam. Görüşdülər, bir stol çəkib oturdu. Birinci sözü bu oldu:
- Bu yenə gəlib?
Aydın:
- Hə, amma ayrı məqsədlə. Kinoya çəkməyə aktyor tapıb, istəyir həmin aktyor səni öyrənsin, jestlərini öyrənsin, danışığını öyrənsin.
Rəmiş üzünü tutdu rejissora:
- Lyonya, sən ki belə həyasızsan, çox gedəssən.
Ceyhun:
- Rəmiş, sən Seyid Lazım Ağanın cəddi, bu dəfə dostlarımızın xətrinə dəymə. Toylarını saxla, bunları bir özünlə apar Qarabağa-filana, iki-üç gün gəzdir.
Rəmiş güldü:
- Elə Ağdamda toyum var, toya da apararam, görərlər bizim toyu. Gedək bir yerdə bir tikə çörək yeyək, sonra götürüm gedim, axşam Ağdamda toya çatım.
lll
Qəfil göy guruldadı, ildırım şaqqıldadı. Şıdırığı bir yağış başladı. Şimşəklər buludların arasında rəqs edirdi.
O, tarı yağışdan qorumaq üçün pencəyini çıxarıb tarın çanağına sarıdı ki, təki yağış onu vursun, tarı yox. Bu vaxt göylərdə qəribə bir nur parladı. Bu nə ildırım idi, nə də şimşək. Hər tərəfi işıqlandırdı. Və birdən hiss elədi ki, daha onun üstünə yağış yağmır. Elə bil kimsə başının üstündə çətir açmışdı. Sel-su aləmi götürsə də, o, bunu hiss eləmirdi. Bu qeyri-adi hadisədən çaşdı, özü də bilmədi bu nədi. O, evlərinə tərəf qaçdıqca başının üstündəki gözə görünməyən çətir də onunla bir yerdə qaçırdı. Bir canavarın ona tərəf qaçdığını gördü. Qorxudan tir-tir əsdi. Bu vaxt yenə ildırım şaqqıldadı və ildırım ona çatmağa az qalmış canavarı vurdu. Qorxa-qorxa ölmüş canavarın yanından keçdi.
Nəhayət, gəlib evlərinə çatdı. İçəri girəndə anası təəccüblə baxıb soruşdu ki, harda gizlənmişdin ki, səni yağış vurmayıb?
- Heç, ay nənə, kimsə üstümdə çətir açmışdı.
lll
- Şair, sən oxumuş adamsan, Paqanini haqqında nə bilirsən?
- Qeyri-adi sənətkardı. Skripkası ilə adamları yoldan çıxarırmış. Ona qulaq asan insanlar özlərini unudurmuş, şeytana uyurmuşlar. Ona görə də onun özünü şeytan adlandırırmışlar. Çox azad insanıymış. Krallara da əyilmirmiş, ürəyi necə istəyir elə də yaşayırmış. Elə sənin kimi!
Rəmiş getdi fikrə, gitarasını sığallayıb dedi:
- Yəni deyirsən məndən də böyük sənətkarıymış?
- İncimə, əlbəttə. Onun əsərləri var, sənsə nə çalırsansa, qalır toyxanalarda. Çaldıqlarını lentə də aldırmamısan. Kimsə toylarda çəkir, saxlayır evində, özünü də adam kimi aparmırsan deyin televiziyalara da buraxmırlar, dövlət konsertlərinə də. Səni kütlə sevir, kütlə sevgisi ilə də heç hara gedib çıxmaq olmaz. Yavaş-yavaş özün də kütləyə çevrilirsən.
Rəmiş əsəbləşdi:
- Bunları mənə başqa adam desəydi, gitaranı vurardım başına. Bu ölkədə məndən azad adam var? Deyirsən ki, azad deyiləm.
- Saçını qırxdırmamaq, qalstuk taxmamaq, konsertlərə cins şalvarda, ala-bula köynəkdə çıxmaq azadlıq deyil, hamıdan fərqlənməkdir.
Rəmiş xeyli fikrə getdi. Beynində nə dolaşdı-dolaşmadı, olmayan ağlından nə keçdi dedi:
- Şair, bəlkə gedək Paqaninini görək? O skripkada, mən gitarada deyişək. Görək kim böyük sənətkardı.
Şairi gülmək tutdu:
- Yox, sağ ol. Apardın Əmir Teymurla görüşdük, əlimiz bala batdı. Paqanininlə də görüşəndə əlimiz p.. batacaq. Yenə sarsaq-sarsaq danışırsan.
- Pis oldu? Əmir Teymuru gözlərinlə gördün, bir heylə adamın içində də şalvarını da batırdın. Dostun Qədirlə də çay içdin.
- O çay zəhrimar olub burnumdan töküldü. Boş-boş danışma.
- Boş-boş sən danışırsan ey. Dur ordan o konyakı gətir bura, adama yüz-yüz süz. - dedi, sonra əlini atıb divanın altından bir çəngə quru ot çıxartdı: - Al, bunu da at qazın üstünə. Qoy ətri bizi bihuş eləsin. Sonra da çıxaq gedək Paqanininlə görüşməyə.
Şair konyakı gətirdi, yüz-yüz süzdü, qurumuş otu da qazın üstünə atdı və dedi:
- Rəmiş, mən getdim evimizə. Sən özün get Paqanininlə görüş, sonra danışarıq.
- Ə, kişisən ə. Qorxma, bu dəfə bizi asmayacaqlar.
- Qardaş, mən getdim.
- Onda diplomatını aç, gitaranı da qoş usilitelə, səsini də az ver, sonra cəhənnəmə get.
Şair diplomatı açdı. Dinamikləri qoşdu gitaraya, sonra da ironiya ilə dedi:
- Sənə yaxşı yol. Səhər görüşərik.
Amma Şair darvazadan geri döndü ki, dostu tək qoymaq kişilik deyil. Otağa girmədi, oturdu mətbəxdə.
Rəmiş bir yüz də konyak vurdu və başladı gitaranın pərdələrində gəzişməyə. Çaldığı özünə ləzzət eləyirdi və onu götürüb özüylə harasa aparırdı.
Küçədə kimi görürdü Paqanininin evini soruşurdu. Adamlar təəccüblə ona baxırdılar və deyirdilər:
- Evinin yerini tanımırsan?
Axırda bir faytona mindi və faytonçuya dedi:
- Brat, sür bizim evimizə.
Faytonçu dar dalanların birində bir qapının qarşısında saxladı və dedi:
- Nikol, buyur.
Rəmiş istədi çıxarıb pul versin.
Faytonçu:
- Lazım deyil. Sən bizim başımızın tacısan. İmkanın varsa, məni konsertinə buraxdır.
Rəmiş düşüb qapını döydü. İçəridən bir nəfər çıxdı. Təəccüblə Rəmişə baxıb dedi:
- Nikol, bu gecə vaxtı hara getmişdin? Mən də elə bilirəm yatmısan.
Rəmiş özünü onda qoymadı, dedi:
- Heç, darıxdım, dedim bir havamı dəyişim.
Keçdilər böyük otağa. Şamlar otağı yaxşı işıqlandırmırdı, yarıqaranlıq, cansıxıcı bir otaq idi. Paqanini də oturmuşdu cansıxıcı, yarıqaranlıq otaqda köhnə bir kresloda. Qabağında bir fincan qəhvə, bir də yarımçıq konyak butılkası siqar çəkirdi, otağa da Rəmişə yaxşı tanış olan bir qoxu yayılmışdı. Rəmiş fikirləşdi ki, bizim adamdı.
Paqanininin köməkçisi quruyub qaldı. Bir Nikol yanındaydı, bir Nikol da oturub kofe içirdi. Necə çaşdısa, dili söz tutmadı.
Nikol dilləndi:
- Nə olub, məni niyə narahat edirsən?
Köməkçi birtəhər özünü ələ aldı:
- Qonağın var.
- Gecə vaxtı nə qonaq?
Çevrilib gələn qonağa baxdı, çaşdı. Elə bil güzgüdə özünə baxırdı. Sadəcə olaraq güzgüdə baxdığı adam ondan bir az canlıydı, qolları da uzunuydu.
- Sən kimsən?
- Sizdə qonağa xoş gəlmisən demirlər?
- Hələ bir de görüm sən kimsən, hardan gəlmisən?
Rəmiş cibindən bir siqaret çıxarıb yandırdı, otaqdakı Rəmişə tanış olan qoxuya yeni, amma bir qədər fərqli bir qoxu qatıldı. Paqanini də eynən onun kimi fikirləşdi, hər kimdisə bizim adamdı.
Rəmiş:
- Olar oturum?
Nikol ona yer göstərdi:
- Buyur. - sonra üzünü köməkçisinə tutub dedi; - Ordan bir dənə də bardaq gətir.
Köməkçi bardaq gətirdi və konyak süzdü.
Rəmiş konyakı çəkdi başına və dedi:
- Mənim adım Rəmişdi. Özü də Bakıdan gəlmişəm.
Paqanini ha fikirləşdi, Bakı adında bir yer yadına sala bilmədi:
- O hansı ölkədi?
- Azərbaycan.
Paqanini bu adı da eşitməmişdi deyin, başını buladı. Rəmiş bu dəfə qayıtdı ki:
- Neyləyirsən hardan gəlmişəm, göydən gəlmişəm. Dedilər Milanda mənə oxşayan bir dahi yaşayır, gəldim tanış olam. Görüm doğrudan dahidi, yoxsa uydurublar? Mənə yaman oxşuyursan. Dədəm Hüseyn də heş vaxt Milanda olmayıf ki, fikirləşəm qardaşımsan.
Paqanini onun nə demək istədiyini başa düşmədi:
- İndi məndən nə istəyirsən? Konsertə bilet lazımdı?
- Nə konsert, nə bilet? Gəlmişəm sən skripkada çalasan, mən gitarada. Görək kim böyük sənətkardı.
Paqanini ironiya ilə gülümsədi:
- Nədi, mənnən yarışmaq istəyirsən? - dedi, sonra da üzünü köməkçisinə tutub; - Ordan skripkanı gətir mənə.
Rəmiş də qalxıb diplomat çantanı açdı, dinamikləri gitaraya qoşdu.
Paqanini soruşdu:
- O nədi?
- Usilitel.
- Usilitel nədi?
- Səsucaldan. - dedi Rəmiş, mizrabı vurdu simlərə. Otağa gur səs doldu.
Paqanini təəccüblə barmaqlarını gitaranın simlərinə toxundurdu. Yenə otağa gur səs doldu və bu səs onun xoşuna gəldi.
Sonra Paqanini skripkasını götürüb yavaş-yavaş çalmağa başladı. O, nə çalırdısa, Rəmiş də gitarada onu müşayiət edirdi. Sonra Rəmiş fincandakı qəhvəni götürüb atdı yerə, gitaranı da qoydu dizinin üstünə və fincanla çalmağa başladı. Gitara artıq skripka səsi verirdi, elə bil iki skripka çalınırdı. İkisi də uyub getmişdilər. Paqanininin köməkçisinin gözləri çıxmışdı kəlləsinə, ömründə belə gitara səsi eşitməmişdi. Melodiya onu dəli etmişdi. Xeyli, yorulanadək çaldılar. Axırda Paqanini skripkanı qoydu stolun üstə, Rəmiş isə hələ də çalırdı. Nəhayət, o da dayandı.
Paqanini soruşdu:
- Hə, necədi?
Rəmiş siqaretindən bir qullab vurub dedi:
- Böyük sənətkarsan. Məndən də böyük sənətkarsan. Deyilən kimi varsan, sən insan deyilsən, doğrudan da şeytansan.
Paqanini gülüb dedi:
- Mənə şeytan deyən az idi, biri də göylərdən gəldi. Sən də mələk deyilsən!
Heyrətdən özünə indi-indi gələn köməkçisi üzünü Paqaniniyə tutub dedi:
- Nikol, bəlkə sabahkı konsertinizi birgə təşkil edək?
Paqanini:
- Olar. İkimiz birləşsək, bizi keşişlər elə sabah qovarlar.
Qapıda fayton dayanmışdı. Rəmiş faytonçunu tanıdı, dünən onu gətirən idi, dönüb Paqanininin köməkçisinə dedi:
- Bu kişini buraxdırırsan içəri.
Faytonçu quruyub qalmışdı, qarşısında iki Paqanini durmuşdu.
Zal ağzınadək dolu idi. Küncdə-bucaqda adamlar ayaq üstə durmuşdu. Ortadakı keçiddə də oturmuşdular.
Rəmişin yadına Musiqili Komediya Teatrında verdiyi konsert düşdü. Onda da zalda oturanlar qədər ayaq üstə duranlar da vardı. Hətta səhnə də doluydu. Yalnız Rəmiş üçün səhnənin ortasında bir yer düzəltmişdilər. "Neftçi"nin bütün futbolçuları da konsertə gəlmişdi. Onlar da ayaq üstə idi. Yalnız Səməd Qurbanov xanımı ilə gəldiyindən ön sırada oturan iki gənc Səmədə hörmət əlaməti olaraq qalxıb yerlərini ona verdilər.
Rəmiş onda çalğısıyla hamını dəli eləmişdi. Bəs indi necə olacaqdı? İndi səhnədə tək deyildi, Paqanini də vardı. Onlar səhnəyə çıxanda zala bir sükut çökdü. Hamı çaşdı. Səhnəyə iki Paqanini çıxmışdı - biri skripka ilə, biri də gitara ilə. Necə çaşmışdılarsa, alqışlamaq da ağıllarına gəlmirdi.
Vəliəhd xanımı və əyanları ilə lojada oturmuşdu. Səhnəyə baxıb əyanlarına dedi:
- Keşişlər bir şeytanla bacarmırdılar, indi ikisi ilə nə edəcəklər?!
Nəhayət, konsert başladı. Birinci Paqanini başladı, Rəmiş isə Paqanininin çalğısına uyub getmişdi. Həmişə tamaşaçıları ələ alan Rəmiş bu dəfə zalı buraxmışdı Paqaninin skripkasına. Nəhayət, o da barmaqlarını işə saldı. Zaldakılar ilk dəfəydi belə bir gitara dinləyirdilər. Əvvəl Paqanininin ardınca gedən Rəmiş bir fincan istədi, gitaranı yenə qoydu dizinin üstünə, başladı fincanla çalmağa. Gitara bəzən skripka, bəzən də tütək səsi çıxarırdı. Zalı necə uyutmuşdusa, hətta Paqanini də bu çalğıya uyub indi də o, Rəmişin ardınca gedirdi. Hamı ayağa qalxmışdı. Musiqiyə ağlaşma səsi qatılmışdı. Bəzən insanlar özlərindən çıxıb bağırırdılar. Hətta ürəyi gedənlər vardı. Paqanini də, Rəmiş də öz şeytan barmaqları ilə insanların içinə şeytan doldurmuşdu.
Bu hayqırtının içində Rəmiş qəfildən doğma bir səs eşitdi, kimsə bağırırdı:
- Ay bay! Ay bay!
Elə bildi bu səs hansısa toydan qulağında qalıb. Amma bu bağırtını bir də eşitdi:
- Ay bay! Ay bay!
Paqanini dayandı. Rəmiş isə gedirdi. Hara gedirdi, niyə gedirdi özü də bilmirdi. Bu yol çox uzun bir yol idi, çətin gedib sona çataydı.
Paqanini gördü Rəmiş gedir, onu saxlamasa, axırda uçuruma düşə bilər, yaxınlaşıb onu qucaqladı. Rəmiş indi ayıldı. Zalda bağırtı qarışıq necə bir alqış qopdusa, yaxınlıqdakı kilsədə eşidilirdi bu bağırtı, bu alqış.
Keşişlərdən biri o birisinə dedi:
- Bu şeytan yenə camaatı yoldan çıxartdı. Şəhərdən qovmaq lazımdı.
O biri keşiş:
- Deyirlər, vəliəhd də xanımı ilə konsertdədi. Onu necə qovmaq olar?
Rəmiş də ayağa qalxıb Paqaninini qucaqladı və dedi:
- Nikol, bir daha gördüm ki, sən məndən böyük sənətkarsan. Səhər açılır, uzaq yol gəlmişəm, mən gedirəm.
Paqanini:
- Səni gözləyəcəm, tez-tez gəl. Gələn dəfə sənə bir skripka bağışlayacam.
Rəmiş gözlərini açanda gördü ki, Şair qabağında dayanıb ağlayır.
- Şair, sən nə vaxt gəldin?
- Mən getməmişdim ki. Zalda oturub Paqanini ilə sənə qulaq asırdım. O bay-bay deyib bağıran mən idim.
lll
"Orta Sarıtel" çalırdı. Özü də bilmədən huşu getdi, keçdi "Yanıq Kərəmi"yə. Kərəm od tutub yanırda. O isə onu söndürməyə çalışırdı. Nə illah edirdi, söndürə bilmirdi. Toyda yüzlərlə adamın gözü qabağında Kərəm yanırdı. Hamı da üzünü əllərinə alıb biçarə qalmışdı. Yenə ha elədi Kərəmi söndürsün, əclaf keşiş onu elə yandırmamışdı ki, söndürə biləydi. Keşişi də tapmırdı gitaranı onun başına çırpsın, ona görə də əlacsız qalıb gitaranı atdı yerə, özü də dəli kimi çıxdı mağardan.
Qədir başını bulayıb dedi:
- Ə, avara, Yanıq Kərəmi sənnik deyil axı!
Mağardan çıxan Rəmiş oturdu maşınına və üz tutdu Qazaxa tərəf. Yolboyu da keşişə söyürdü:
- Ay şandığa, niyə yandırırsan Kərəmi? Neyləmişdi Kərəm sənə?
Yolu necə getdi bilmədi. Qazaxda maşını bir başa sürdü Aşıq Ədalətin evinə. Darvazanı döydü. Ədalət ayağında şəpit darvazanı açdı. Gördü önündə rəngi-rufu qaçmış Rəmiş dayanıb.
- Qağa, noluf?
- Gəl otur maşına. Gəl, gəl, tez.
- Noluf dana?
- Otur deyəjəm.
- Qoy gedim ayağıma ayaqqavı geyinim.
Rəmiş:
- Ayaqqabını neynirsən, səni evləndirməyə aparmıram. - deyib ayağındakı şəpitləri göstərib; - Görmürsən, mən də şəpitlə gəlmişəm.
Ədalət bir söz demədən keçib oturdu maşına. Rəmiş maşını sürdü Qarayazı meşəsinə. Düşdülər.
- Qağa, bir de görüm noluf dana?
- Heç, Ağdamda Kərəmi yana-yana qoymuşam. Çıxart sazını, onu söndür.
- Sazı götürməmişəm ha.
Rəmiş əsəbləşdi:
- Ə, sazsız səni neynirəm.
Aşıq Ədalət:
- Eşitməmisən, dəli dəlini görəndə dəyənəyin götünə sıxar?
Yenidən oturdular maşına, qayıtdılar Ədalətgilə. Rəmiş Ədaləti maşından düşməyə qoymadı. Düşüb darvazanı özü döydü, bir uşaq çıxdı.
- Ə, get dədəyin sazını gətir.
Aşıq Ədalət:
- Ə, qoy düşüm ayağıma ayaqqavı geyinim.
- Otur yerində. Sazı ayaqqavıyla çalassan?
- Hə, sən niyə gitaranı ayaqqavıyla çalırsan?
- Maa baxma. Saz gitara döyül!
Uşaq sazı gətirdi. Təzədən qayıtdılar Qarayazıya.
Ədalət sazı köynəkdən çıxartdı və sinəsinə basıb "Yanıq Kərəmi" çalmağa başladı. Kərəm yanırdı, Rəmiş əl atıb ağlaya-ağlaya onun yanan paltarını çıxarmağa çalışırdı. Əlləri yanırdı, amma əllərinin yanmağına baxmayaraq, Kərəmin əynindəki xələtin qırxıncı düyməsini açmağa çalışırdı. Artıq Rəmiş də yanırdı.
Aşıq Ədalət gördü ki, Rəmiş də Kərəmlə bir yerdə yanır, Kürün suyunu axıtdı bunların üstünə, ikisini də söndürdü.
- Hə, razı qaldın?
Rəmiş:
- Qaqa, vallah, sənin yiyən yoxdu, sən dahisən. Otur maşına.
Ədalət bir də gördü ki, maşın Qazaxdan çıxdı:
- Ə, hara sürürsən, saxla düşüm də.
- Ağdama. Gedəh Kərəmi orda da söndür.
Aşıq Ədalət başını buladı:
- Vallah, sən dəli deyilsən ey, zırramasan. Heç olmasa əyin-başımı dəyişərdim.
Rəmiş:
- Darıxma, Ağdamda sənə elə bir kostyum alajam ki, heç dədə-baban da elə kostyum görmüyüf.
Nəhayət, gəlib çatdılar Ağdamdakı toya. İkisi də birdən girdi mağara. Aşıq Ədaləti görəndə bütün mağar ayağa qalxıb alqışlamağa başladı.
Qədir Aşıq Ədaləti görüb dedi:
- Dəlinin biri də gəldi.
Ədalət:
- Qədir, üç dəli baş-başa verib görəh neyniyirik. - dedi və sazı basdı sinəsinə, başladı "Baş Sarıtel" çalmağa.
Rəmiş:
- Ə, sənə deyirəm Kərəm yana-yana qalıb, söndür, sən ayrı şey çalırsan.
Ədalət:
- Kərəmi elə Baş Sarıtellə söndürəjəm.
İlk dəfəydi ki, Ağdam toyunda Aşıq Ədalət saz çalırdı. Camaat Aşıq Ədalətin başına pulu xəzəl kimi tökürdülər. Rəmiş Ədalətə dedi:
- Qaqa, indi bu pulnan özünə kostyum yox ey, təzə maşın da ala bilərsən.
Amma Ədalət pulu götürmədi:
- Mən pay gəlmişəm. O pulları ikimizin adından yazdır toy dəftərinə!
lll
Sarayda iki gündən sonra keçiriləcək dövlət konsertinə möhkəm hazırlıq gedir. Orkestr və ansambllar son məşqlərini eləyirlər. Hər kəs öz növbəsini gözləyir. Dirijor pultu arxasında Maestro pəjmürdədədi. Skripkaların birindən yad səs gəlir. Amma nə qədər çalışırlar yad səs çıxaran skripkanı tapa bilmirlər. Maestro əsəbi halda çubuqları pultun üstünə atıb səhnədən yendi və oturdu birinci sırada. Bu vaxt Rəmiş gəldi, Maestronu öpdü, əyləşdi yanında:
- Maestro, noluf, nəyə əsəbləşmisən?
- Rəmiş, sən Allah, qoy oturum.
- İstəyirsən durum gedim.
- Yox, otur. Orkestr çalır, skripkaların birində yad səs var, tapa bilmirik. İyirmi skripka var, hamısını bir-bir yoxlayıram səsi yerində. Elə ki orkestr başlayır yenə yad səs var.
Rəmiş:
- Maestro, olar bir dəfə çalsınlar mən də qulaq asım?!
Maestro işarə elədi, orkestr çalmağa başladı. Rəmiş də gözünü qıyıb qulaq asır. Nəhayət dilləndi:
- Maestro, səkkizinci skripkaya deyin düşsün aşağı.
Maestro işarə elədi səkkizinci skripka yendi zala. Rəmiş ondan skripkanı alıb gitara kimi barmaqları ilə yoxladı, sonra yenidən köklədi. Bir də barmaqları ilə bir az çalıb verdi skripkaçıya.
- İndi getsin yenidən çalsınlar.
Orkestr təzədən başladı çalmağa. Artıq yad səs yox idi. Maestro Rəmişi sıxdı sinəsinə:
- Sənə dəli deyənin atabatasına lənət. Sən genisən. İndi bir daha görürəm ki, səni Ağdamdan Bakıya gətirməkdə səhv etməmişəm...
...İmarətdə böyük bir konsert proqramı keçirilirdi. Bakıdan da incəsənət ustaları gəlmişdi. Böyük sənətkarlar da rayonun qonağı idi.
Maestro da rayonun birinci katibi ilə gəbə-xəli döşənmiş şərəf tribunasında oturub konserti izləyirdi. Səhnəyə "Şur" ansamblı çıxdı. Ansamblda bir nəfər hamıdan fərqlənirdi. Özünəməxsus geyinmişdi. Saçları da çox uzun idi. O dəqiqə diqqəti cəlb edirdi. Sonra isə çalğısıyla hamıdan fərqləndi. "Segah"ı tamamilə fərqli çaldı.
Çalğısı Maestronu valeh elədi, birinci katibdən soruşdu ki, bu uzun saçlı oğlan kimdi?
- Bizim kolxoz sədri Hüseynin oğludu. Gözəl tar çalandı, amma bir az şərəşur adamdı.
Maestro:
- Mən ona qulaq asdım, o, böyük sənətkar olacaq. Ağdamda qalsa, məhv olub gedəcək. Xahiş edirəm, tapşırasınız axşam Qonaq Evinə gəlsin, onla görüşüm.
Birinci katib başını bulayıb:
- Maestro, inanmıram gələ, amma tapşıraram çağırarlar. - sonra üzünü köməkçisinə tutub dedi; - Konsertdən sonra Rəmişə denən ki, axşam gəlsin Qonaq Evinə, Maestro onu görmək istəyir.
Axşam katibin "şərəşur" adlandırdığı Rəmiş Maestronun sözünü yerə salmağa cəsarəti çatmadı. Belə bir dahi insanla görüşməyi şərəf bildi. Və gəldi Qonaq Evinə. Və bu, onun həyatında böyük bir səhifə açdı. Maestro onu özüylə Bakıya gətirdi...
...Bu vaxt Zeynəb xanım gəldi. O da oturdu Maestronun yanında. O da soruşdu:
- Maestro, əsəbi görünürsən.
- Keçdi getdi. Yarım saatdı məşq edirik, skripkalardan biri yad səs çıxarır, tapa bilmirdim, - dedi və Rəmişi göstərdi; - bu geni tapdı. Allah buna hər şey verib, bircə bəxti gətirməyib ki, eseseridə doğulub. İspaniyada, İtaliyada doğulsaydı, bütün dünyaya meydan oxuyardı.
Zeynəb xanım:
- Bu günlərdə Tehranda konsert verirdim, konsertin ortasında zaldan bir nəfər əlində tar çıxdı səhnəyə və başladı çalmağa. Aftandilə işarə elədim ki, sən də çal. Başı ilə işarə elədi ki, çala bilmərəm. Çöndüm Vəliyə tərəf, o da çalmaq istəmədi. Özümdən asılı olmayaraq dedim ki, hardan alım o dəli köpəyoğlunuku bunu oturtsun yerində.
Maestro təəccüblə:
- Xaricə gedəndə Rəmişi aparmırsınız ki?
- Yox, heç pasport da vermirlər. Hamıdan xahiş etmişəm, nazirdən də, xeyri yoxdu. Deyirlər ki, qorxuruq gedə, qayıtmaya. Deyirəm mən zamin dururam, deyirlər o, heç atasını eşitmir. Heç görmürsən saçını qırxdıra bilmirsən. Ümumi ansamblın geyimini də geyindirə bilmirsən.
Rəmiş:
- Saçımı qırxdırsam, mən də ütülü geyinsəm, başqalarından nə fərqim? O qədər saçı qırxılı, qalstuklu gitara çalan var ki. Məni neynirsiniz, onlardan birini götürün də ansambla. Azad insanları niyə sevmirsiniz? Vaqif Mustafazadəyə dedilər bığını qırxdır, guya bığıyla çalırdı pianonu? Televizora, konsertə buraxmadınız, o da küsüb getdi Gürcüstana, indi orda kef edir. Bir də ki məni xaricə buraxmayanların başı xarabdı, mən Bakıdan kənarda yaşaya bilmərəm.
Maestro:
- Zeynəb xanım, mən çalışıb ona pasport alaram.
Zeynəb:
- Bir dəfə istədim Kişinin özünə deyəm, utandım, demədim ki, Allahın xarici pasportunu da Kişidən istəyəm. Bir-iki ay bundan qabaq dövlət konsertiydi, gördüm ki, mədəniyyət naziri deyir ya saçını qırxdır, ya da səni dövlət konsertinə buraxmayacam. Ansambl da səhnədədi. Mən də xahiş elədim, dedi, yox, bu görkəmdə mən bunu səhnəyə buraxa bilmərəm. Məcbur oldum gitarasız çıxım səhnəyə. Elə ansambl təzə başlamışdı ki, gördüm gitaranın səsi gəlir. Rəmiş bir əliylə çalır, bir əliylə də gitaranın şunurunu çəkə-çəkə girdi sənhəyə, gəlib oturdu yerində. Konsertdən sonra soruşdum ki, necə oldu nazir icazə verdi? Dedi ki, gözlədim o getdi, sonra xəlvətcə girdim içəri.
Rəmiş:
- Bu dəfə də məni səhnəyə buraxmasa, gitaranı onun başına çırpıf çıxıb gedəjəm. Nə ola-ola.
Zeynəb xanım:
- Yaxşı, sarsaqlama. Yenə dəlilik eləmə.
Rəmiş üzünü tutdu Maestroya:
- Maestro, vallah, mən dəli deyiləm. Mənə dəli deyənlərin özü Maştağalıqdı. Mən məcburam ki hamı kimi fikirləşim, hamı kimi oturum-durum? Onda Rəmiş olmaram ki.
Maestro güldü:
- Konsertdən sonra gələrsən yanıma, mən sənin pasport məsələni həll edəcəm.
lll
Rəmiş başının dəstəsi ilə Filarmoniyanın bağında çay içirdi. Ordan-burdan danışıb gülürdülər. Bu vaxt bir nəfər yaxınlaşıb Rəmişi bağrına basdı:
- Bütün günü səni axtarmışam. Axırda dedilər ki, bir Filarmoniyaya dəy.
Sonra stolda oturanlarla da bir-bir görüşdü, bir stul çəkib oturdu. Rəmiş onu dostlarına təqdim elədi:
- Qazaxlı balasıdı. Yaxşı da saz çalır. Mənim də balelşikimdi. Gəmi kapitanıdı.
Gəmi kapitanı:
- Mən burda oturanların hamısını tanıyıram, hamısı böyük sənətkarlardı.
Rəmiş:
- Məni vurhavur axtarmaqda xeyir ola, toyunuz var?
- Yox, sənin üçün darıxmışdım. Bu axşam Həştərxana səfərim var. Dedim ki, elə dostlarını da götür sizi aparım Həştərxana, gəzdirim. Gəmidə yaxşı restoran var, istərsiz orda, istərsiz kayutada yeyib içə-içə gedib-gələrik.
Rəmiş dostları ilə məsləhətləşdi, hamısı razılaşdı. Qazaxlı balasına bir şərt qoydu:
- Amma gitara çalmayajam ha.
Qazaxlı balası:
- Eybi yox, mən sizin üçün saz çalaram. Görərsiniz ki, saz heç gitaradan geri qalmır.
Axşam deyilən vaxtı hamısı oldu limanda. Kapitan özü qarşıladı və qaldırdı gəmiyə. Həştərxana yola düşdülər.
Kapitan bütün sərnişinləri yola salandan və gəmi heyətinə tapşırıq verəndən sonra dedi:
- Hə, Rəmiş indi gedək, burda az-çox gözəl bir restoran var. Özü də Azərbaycan mətbəxi də var.
Taksilərə oturub gəldilər deyilən restorana. Doğrudan da deyilmişkən vardı. Restoranda adam əlindən tərpənmək mümkün deyil. Hələ bir on-on beş nəfər də növbə gözləyirdi. Foyedə oturub növbələrini gözləməyə başladılar.
Kapitan:
- Eybi yox, bir az gözləyək.
Rəmiş:
- Ə, Bakıdan bura gəlib növbə gözləyəcəyik?
Sonra cibindən yüzlük çıxarıb verdi nağaraçalana ki, apar ver administratora, stol boşalanadək çöldə gözləməyək. İçəridə üç stul versə bəsdi, iki-iki oturub içəridə gözləyərik. Az keçmiş nağaraçalan qayıtdı ki, keçək içəri, məsələ həll olundu. İçəridə qapının ağzında üç dənə stul qoymuşdular, iki-iki oturdular və növbələrini gözləməyə başladılar. Restoranın ansamblı rəqs havası çalırdı, adamların əksəriyyəti də rəqs edirdi.
Rəmiş nə fikirləşdisə Kapitana dedi:
- Qazaxlı balası, çıxart o nağaraçalana yüz manat ver. - sonra üzünü tutdu nağaraçalana; - Get pulu ver ansamblın rəhbərinə, denən bizim bir gitara çalan var, icazə versinlər bir on-on beş dəqiqə gitara çalsın.
Nağaraçalan durub getdi. Nə danışdı-nə danışmadı qayıtdı ki, Rəmiş, razı oldular. Rəmiş qalxıb sallana-salana, bir çiyni üstündə getdi səhnəyə. Gitaranı götürdü, zərb aləti çalana da gitaranın üstündə barmaqları ilə nağara kimi çalaraq dedi ki, bu ritmi tut. Bir-iki dəqiqə pərdələrdə gəzişdi, amma hamının diqqətini cəlb elədi. Sonra tufanı qopartdı. Necə çalmağa başladısa, səs-küylü restorana sükut çökdü. Hamı yeməkdən əlini çəkib ona qulaq asmağa başladı. Rəmiş tufanı saxladı, keçdi tans çalmağa. İndi də camaat qalxdı, başladı rəqs etməyə. Rəmiş də uyub getmişdi. Pulu yağış kimi yağdırırdılar Rəmişin üstünə.
Bu vaxt ofisiantlar mətbəxdən stol və stul gətirdilər dostların qabağına və süfrəni doldurdular. Növbə gözləyənlər də qapının ağzına yığışıb bu qeyri-adi musiqiyə qulaq asırdılar.
Stola bir zabitəli kişi və bir qadın yaxınlaşdı. Salamlaşandan sonra kişi dedi:
- Mən xanımımla mərc çəkmişəm, mən deyirəm ki, bu oğlan bakılıdı, xanımım deyir ki, yox, Leninqraddandı, orda Gitara Akademiyasını bitirib.
Dostlar dedi:
- Siz düz demisiniz, bakılıdı. Heç bir akademiya da qurtarmayıb, samouçkadı.
Kişi əlindəki konyakı qoydu stolunun üstünə:
- Konyakdan mərcləşmişdik, buyurun, sizin olsun.
Və getdilər.
Rəmiş təxminən yarım saat çalandan sonra gitaranı qoydu yerə və ortaya yığılmış pulu da göstərib ansamblın üzvlərinə dedi:
- Bu pullar sizindi.
Və düşdü gəldi dostlarının yanına. Konyakdan yüz qram vurub dedi:
- Hə, nətərdi?
Gəmi kapitanı:
- Aləmsən də. Mən də sənə bu çalğıya görə gəmiyə qayıdanda bir sürpriz edəcəm.
- Nə sürpriz?
- Onu gəmiyə qayıdanda bilərsən.
Nəhayət, yeyib-içəndən sonra ofisiantı çağırıb hesab istədi. Ofisiant dedi:
- Sizin hesabı ödəyiblər.
- Kim ödəyib?
- Bayaq sizə konyak gətirən. O general-mayordu. Həştərxanın milis rəisidi. Arvadı da vəkildi. Axşamlar gəlib burda bir tikə çörək yeyib musiqiyə qulaq asırlar.
Rəmiş gülümsəyib dedi:
- Rəmişin vesin görürsüz?!
Gəmi Kapitanı:
- Səndən Azərbaycanda yoxdu ey!
- Mənnən mirdə yoxdu!
Durub restorandan çıxdılar, qayıtdılar gəmiyə. Kapitan hamını öz kayutuna dəvət elədi. İçəri girən kimi bir meymun atıldı kapitanın qucağına. Balaca bir meymunuydu. Kapitan meymunu sığallayıb verdi Rəmişə:
- Sürpriz budu. Bu meymunu sənə bağışlayıram. Mənə də bir türk kapitan bağışlamışdı. - sonra da gülüb əlavə elədi; - Rəmiş, bir suyu da sənə oxşayır.
- Brat, mən meymun saxlayanam? Heç özümü saxlaya bilmirəm.
- Qağa, sən öl, ona elə öyrəşəcəksən ki, heç ayrılmaq istəməyəcəksən. Çox şirin baladı.
Yol boyu meymun Rəmişdən əl çəkmirdi. Gecə yatanda da gəlib qonmuşdu sinəsinə uşaq kimi, o da yatmışdı. Rəmiş meymunu gətirdi evə. Nə fikirləşdi-fikirləşmədi cins şalvarlarından birini götürüb düşdü Beşmərtəbənin altındakı dərzi atelyesinə. Burda bir erməni dərzi dostu vardı. Şalvarı dərziyə verib dedi:
- Suren, bu şalvarı sök, ondan bu meymuna bir şalvar, bir saroşka tik.
Suren təəccüblə:
- Meymuna?
- Hə də, meymuna.
Suren day heç nə demədi. Rəmişin köməyi ilə birtəhər meymunun ölçülərini götürdü və dedi ki, sabah gələrsən.
Səhər yenidən gəldi Surenin yanına, yenə də birtəhər meymunu geyindirdilər. Meymun heç geyinmək istəmirdi. Rəmiş onun qulağını nə təhər çəkdisə, meymun çığırdı.
- Geyin, köpəyoğlu.
Sonra da meymunu çiyninə alıb qayıtdı evə. Yoldan iki-üç kilo banan aldı. Küçədən keçənlər hamısı Rəmişə baxırdı. Rəmiş hirsləndi:
- Nədi, ə, meymun görməmisiz? Ulu babanızdı dana.
Səhərisi gün çıxdı şəhərə. Yuviler mağazasından bir qızıl zəncir aldı. Sonra getdi zərgərin yanına bir qızıl lövhə aldı, üstünə də çox sevdiyi dostunun, Gəmi Kapitanının adını yazdırdı, bağlatdı zəncirə.
Evə qayıdıb asdı meymunun boynundan. Meymun da o zəncirlə başladı oynamağa.
Qapını bağlayıb çıxırdı şəhərə, bəzən toydan çox gec qayıdırdı. İçəri girən kimi meymun atılırdı üstünə, Rəmişin boynunu qucaqlayırdı. Meymun çox zaman Rəmişin çiynində otururdu. Bəzən də başına qalxıb saçını bitdiyirdi. Bəzən də gitaranı qurdalayırdı, simlərindən qəribə səslər çıxırdı. Rəmiş gülüb deyirdi:
- Belə getsə, saa gitara çalmağı da öyrədəjəm.
Bir axşam Gəmi Kapitanı gəldi onlara:
- Rəmiş, eşitdim meymuna mənim adımı qoymusan? Gəldim gördüsünə.
Özüylə də xeyli banan gətirmişdi.
Rəmiş:
- Çox fikirləşdim nə ad qoyum. Öz adımı da qoymaq istədim, sonra fikirləşdim iki Rəmiş bir yerdə yola gedə bilməz. Səni çox istədiyimdən sənin adını qoydum.
Gəmi Kapitanı gülüb dedi:
- Dur, adaşımı da götür gedək bizim bağa. Arvad-uşaq da bağdadı. Qoy tanış olsunlar.
Dostunun Şüvəlanda çox gözəl və geniş bir bağı vardı. Adətən qışda yığışardılar o bağa - yeyib-içməyə, çalıb-oxumağa. Durub gəldilər bağa. Uşaqlar meymunu görəndə necə sevindilərsə, elə meymun kimi atılıb düşdülər. Meymun da qoşuldu uşaqlara.
Axşam çörək yeyəndə dostu Rəmişə dedi:
- Qağa, bu meymunla şəhərə az çıx. Onsuz da adına yüz şəbədə qoşurlar. İndi də sənə deyəcəklər meymun gəzdirən Rəmiş.
- Brat, sarsax adamları yanımda gəzdirməkdən yorulmuşam. Bu meymun onlardan sədaqətlidi. Görürsən, çörək yeyəndə də gəlib qucağımda oturur.
- Sən o meymunu Ağdama aparsan, dədən səni öldürəcək.
Rəmiş gülüb dedi:
- Dədəmin yan-yörəsində o qədər meymun var ki, mənim meymunum onların yanında kişi adamdı.
Dostu bir az fikirləşdi:
- İndi mən sənin meymununa nə bağışlayım? - dedi, sonra dərhal qolundakı bahalı İsveçrə saatını açdı, bağladı meymunun qoluna; - Qoy məndən adaşıma yadigar olsun.
Rəmiş:
- Bəzən gitara çalanda elə çığırır ki, mən də onun acığına gitaranı elə çığırdıram ki, qorxub çıxır şkafın üstünə. Ciyiltisinə öyrəşmişəm. Sonra gitaranı ciyildədirəm, o dəqiqə düşüb gəlir, başlayır o da ciyildəməyə. Bilirsən necə kef verir.
Rəmiş meymunu götürüb gəldi Ağdama. Atası meymunu görən kimi özündən çıxdı:
- Elə bircə meymunum əskiyiydi? Neynirsən, özün elə meymun kimi bir şeysən də. Dur, götür meymununu, rədd ol get Bakıya. Mənim Qarabağla bir hörmətim var, məni hörmətdən salma.
Böyük qardaşı Vaqif gəldi:
- Dədə, day gecdi, bütün şəhər Rəmişdən, meymundan danışır. Hətta bir uşaq atasına deyib ki, ata, Rəmişi gördüm, çiynində də meymun. Atası da qayıdıb ki, day denən iki meymun görmüsən də.
Rəmiş:
- Şəhər meymunla doludu, onları görmürsüz, mənim meymunumu görürsüz. Hələ aparacam Abdala, kəndimizi də görsün.
Atası:
- Səni and verirəm Həzrət Abbasa, kəndə-zada aparma. Götür çıx get Bakıya. Nə qədər də istəyirsən sənə pul verim.
Rəmiş durub oturdu pianonun arxasında, meymun da çiynində. Necə bir "Segah" çalmağa başladısa, atası kövrəldi və ürəyi yumşaldı. Və gözü dolmuş halda dedi:
- Oğul, sənin o barmaqlarına heyfim gəlir. Cəhənnəm, istəyirsən meymun gəzdir, istəyirsən həyətdəki qoyun itini. - sonra üzünü tutdu kiçik oğluna; - Romik, dur həyətdəki o iti də aç, ver onu da özüylə gəzdirsin. Bu, heç Allahın sözünə əməl etmir, onda ki mənim sözümü eşidə.
Yorulmuşdu, çox yorulmuşdu. Əslində buna yorulmaq demək olmazdı ey, bezmişdi. Hər şeydən bezmişdi: şöhrətdən də, dostlarından da, curlarından da, qadınlardan da. Elə Rəmiş olmaqdan da bezmişdi. Tıncıxırdı. Nə qədər belə yaşamaq olar? Yaşamaq ona çox mənasız olmuşdu. Özü də bu, tez-tez baş verirdi. Belə olanda oturub maşına qaçırdı kəndlərinə.
İndi də oturdu maşına. Yolboyu Qədir Rüstəmovun, Akif İslamzadənin mahnılarına qulaq asa-asa sürdü Abdala. Kəndin içində də onu görüb salamlayan adamlara da siqnalla salam verib gəldi Kəhrizin başına. Maşından düşüb özünü verdi Kəhrizə. Əvvəlcə doyunca su içdi, bu su onun ürəyinə bir az təpər verdi. Sonra qurşaqdan yuxarı soyunub yuyundu. Su o qədər soyuq idi ki, elə bil bədəninə yüzlərlə iynə batırırdılar, ona ləzzət edirdi. Sonra qurulanıb oturdu bir sal daşın üstündə, başladı suyun şırıltısına, yarpaqların fısıltısına, quşların səsinə qulaq asmağa. Tərtəmiz havanın şirin qoxusunu çəkdi neçə illərdi təmiz hava görməyən ciyərlərinə. Ciyərləri kef elədi. ciyərlərini o qədər tüstü ilə doldurmuşdu ki, indi bu qaymaq kimi havanı udduqca ciyərləri kirdən-pasdan təmizlənirdi.
Xeyli belə oturmuşdu. Gözünü yumub getmişdi fikrə. Bu vaxt Kəhrizə adamlar gəlməyə başladı.
- Buy, başıma xeyir, bu bizim Rəmiş döyül? - deyə çiynində səhəng olan qadın yanındakı qadınlardan soruşdu.
Qadınlardan biri dilləndi:
- Hə, özüdü ki var. Çoxdandı kəndə gəlmir.
"Buy, başıma xeyir" deyən qadın yaxınlaşıb Rəmişi qucaqladı, öpdü:
- Nətərsən, ay bala.
Rəmiş oturduğu yerdən qalxdı, özü də əsəbi halda, gül kimi kef eləyirdi. Gələn qadınlar onun kefinə oturdular. Başı ilə qadınlara salam verib Kəhrizdən ayrıldı. Maşına minib qayıtdı kəndə tərəf. Aşıq Xaspoladın evinin qabağında maşını saxlayıb düşdü. Girdi evə. Xaspolad kişi oturub böyürtkən mürəbbəsi ilə çay içirdi. Tez qalxdı ayağa, Rəmişi bağrına basdı:
- Dədəm, nənəm saa qurban, ay Rəmiş. Xoş gəlmisən bu kasıb daxmama.
Rəmiş də bardaş qurub yerdə oturdu və əlini atıb Xaspolad kişinin yarımçıq qalmış çayını götürüb bir-iki qurtum aldı. Böyürtkən mürəbbəsindən də ləzzətlə yedi. Bu kənddə elə ev yoxuydu ki, orda böyürtkən mürəbbəsi olmasın. Kəndin bütün ətrafı, elə içi də böyürtkən kollarıylı doluydu. Rəmiş uşaq vaxtı əlinə tikan bata-bata o kollardan böyürtkən yığıb yeyərdi.
Rəmişə də çay gətirdilər.
Rəmiş:
- Çay istəmirəm, Xaspolad dayı. Şəhərdə ürəyim sıxılırdı, durdum gəldim kəndə. Darıxmışdım Kəhrizin suyu üçün. İndi durub qayıdacam Bakıya. Gəldim ki, mənə sazda bir Orta Sarıtel çal, başım-beynim təmizlənsin.
Xaspolad kişi sazı divardan götürdü, otaqda bir gərdiş edib basdı sinəsinə və başladı çalmağa. Orta Sarıtel Rəmişi götürüb apardı. Amma çox uzağa aparmadı, elə kəndi dolandırdı. Uşaqlığına apardı, gül kimi, təmiz vaxtlarına. Xeyli saza qulaq asdı, sonra qəfil durub Xaspolad kişinin əllərini öpdü və sağollaşmadan da evdən çıxdı.
Arxadan Xaspolad kişinin səsi gəldi:
- Ay bala, bir tikə çörək yeyəydin.
Əlini yelləyib oturdu maşına. Yendi aşağı. Məktəbin yanında bir anlıq dayandı, sonra da maşını sürdü öz evlərinə. Əslində bu evdə çoxdan yaşamırdılar, şəhərə köçmüşdülər. Atası da bu mülkü, bu həyəti bağışlamışdı yaxın qohumlarından birinə. Maşından düşmədi, elə evlərinə tərəf boylandı.
lll
Şair dostu ilə oturmuşdu Sabir bağında. Sabirin heykəlinə baxıb dedi:
- Şair, sənə də belə bir heykəl qoyacaqlar?
- Heykələ inanmıram, amma yəqin bir başdaşı qoyacaqlar...
...Meymunun öldüyünü eşidən Gəmi Kapitanı özünü çatdırdı Rəmişə. Rəmişin gözləri dolmuşdu, Şair də bir tərəfdə əyləşmişdi.
Gəmi Kapitanı:
- Qağa, nədi, səni ilk dəfə ağlayan görürəm.
- İt saxlayan dostların iti öləndə özlərinə gələ bilmirdilər, mən onlara gülürdüm. Heş demə, heyvan sevgisi, heyvana öyrəşmək başqa bir şeymiş. İndi onları görəndə gərək üzr istəyim. - sonra da çarpayının üstündəki banan qutusunu göstərib dedi; - İndi gərək bunu aparıb basdıraq.
Gəmi Kapitanı:
- Nolar, deyəsən, Bakıda heyvan qəbiristanlığı var, ya aparıb orda basdırarıq, ya da bir meşədə.
- Yox, istəyirəm sənin bağında basdıraq. Amma heç kəs bilməsin, arvad-uşaq da. Könlümə düşəndə gəlib qəbrinin üstündə bir gitara çalaram.
Gəmi Kapitanı gülümsədi:
- Nə deyirəm, sən istiyən olsun.
Banan qutusundakı meymunu götürüb gəldilər bağa. Dərin bir quyu qazdılar və qutunu yendirdilər quyuya.
Şair dedi:
- Qaqa, boynundakı zənciri, qolundakı saatı açaydın da.
Rəmiş hirsləndi:
- Bir belə kitab oxumusan, bilmirsən ki, şahları basdıranda qılıncını, zinət əşyalarını da bir yerdə basdırırlar?! Bu da meymunların şahıdı.
Şair:
- Bəlkə mərmər başdaşı qoydurub üstünə şəklini də çəkdirəsən?
- Söz verirəm, sənə elə bir başdaşı qoyajam ki, mərməri də Jitomirdən gətirəcəm, üstündə də şəklin, əlində də hələ çıxara bilmədiyin kitabın.
- Meymunu məndən çox istəyirdin qoyduraydın da başdaşı.
- Sarsaxlama!..
Şair:
- Rəmiş, əsgərlikdə olmusan?
- Hə, özü də iki il.
- Bəs necə olub ki, ağıllanmamısan?
- Gij, gij danışma, əsgərlikdə ağıl dərsi keçirlər? Baxıb gördülər ki, Muzuçilişi qurtarmışam, adımı yazdılar ansambla. Onlar ansambla orkestr deyir, iki il o orkestrdə gitara çalmışam, heş avtomat da görməmişəm. Gitaranı da ordan gətirmişəm, eləmişəm bizimki. Sən əsgərlikdə olmusan?
- Yox, universiteti bitirənləri aparmırdılar.
- Getsəydin ağıllanajeydin?..
...Rəmiş heykələ yenə diqqətlə baxıb soruşdu:
- Şair, Sabir sağ olsaydı, bu gün elə şeirlər yaza bilərdi, yoxsa Süleyman Rüstəm kimi olardı?
- Süleyman Rüstəm böyük şairdi.
- Hə, Sovet hökumətini o qədər tərifləyir ki, hərdən mən də istəyirəm Sovet hökumətində yaşayım.
- Sən heç Süleyman Rüstəmi oxumusan?
- Yox, eşitmişəm. Sən çox kitab oxumusan, alim adamsan. Amma səndən heç vaxt böyük şair olmayacaq.
- Niyə?
Rəmiş Qala divarlarını göstərdi:
- De görüm nə görürsən?
- Qala divarlarını.
- Vəssalam?
- Hə, ayrı nə görməliyəm ki?
- Buna görə deyirəm də səndən şair olmayacaq. Amma mən o daşların üstündə qan görürəm. Gözümü yumuram, divarların arxasında saçlarını yolan anaları görürəm, gəlinləri görürəm. O daşlar hamısı ağlayır, özü də qan ağlayır. Bir dəfə televizorda Mikayıl Mirzə sənin qayınatanın şeirini oxuyurdu. Bax, şair odu ey, mənim gördüyümü görüb, ona görə o şeiri yazıb. Bir-iki söz yadımdadı. Gərək ki, deyir, igidlərin yaşaması daş olmaqla mümkün idi. Daşları danışdırır, özü də qəşəng danışdırır. Mən də danışdıra bilirəm. Sən canın, bəlkə o şeiri deyəsən, bir də qulaq asım. Söz verirəm, bu gecə o şeirə bir musiqi bəstələyəcəm.
Şair:
- Elə onda gecə sən gitaranı barmaqlayarsan, mən də şeiri deyərəm.
Rəmiş:
- Sən avarıya düşəndə gəlmişdim sizə. Həyətdə taxta skamyanın üstündə yatmışdın. Elə yatmışdın ki, qoymadım oyatsınlar, qıymadım. Qayınatan da çənəsini əsasına dirəyib oturmuşdu. Xeyli söhbət elədik. Düzdür, bəzən çətin başa düşürdüm, mən insanların ürəyini gözlərindən oxuyuram. O kişinin də ürəyini təmiz oxudum. Sonra qalxdıq evə. Kişi üçün sənin gitaranla bəzi şeyləri çaldım. O da heyran-heyran baxırdı. Bahalı gitaran var, çala bilmirsən, onu neynirsən?
- İstəyrsən bağışlayım sənə?
- Yox, mən də dəm olub kiməsə bağışlayacam. Qoy qalsın evdə. Nə vaxt istəsən, gələrəm sizin evdə bir konsert çıxardaram. Xanımın da yaxşı çığırtma bişirir, məəm nənəm də elə çığırtma bişirir. Əsl Ağdam çığırtması.
- Hə, anamdan öyrənib.
Rəmiş:
- Şair, sənə bir sirr açım, amma öz aramızda qalsın. Şairlər bir az ağzı yırtıq olur.
- Eşidirəm.
- Şair, o qan ağlayan divarların o tərəfindəki evin ikinci mərtəbəsində bir xanım yaşayır. Heç adını da bilmirəm. Hər dəfə mənim konsertimə gəlir, hələ maa gül də alır. Mənə konsertdə gül verəndə ətim tökülür. O xanıma vurulmuşam. Mən iki dəfə vurulmuşam, bir orta məktəbdə dördüncü sinifdə oxuyanda müəllimimə, bir də bu xanıma. Bəzən gecə saat ikidə durub gəlirəm İçərişəhərə, otururam bir daşın üstündə onların pəncərəsinə baxıram. O da öyrənib mənim nə vaxt gəldiyimi. Pərdəni aralayıb xeyli mənə baxır, gülümsəyir. O təbəssüm yayılır sinəmə, sonra da əl edib durub çıxıb gedirəm. Özün bilirsən, onu bişirmək mənim əlimdə su içmək kimi bir şeydi, amma istəmirəm. Onu yoldan çıxarmaq günahdı.
- Sənin o qədər günahın var ki, biri də olsun bu.
- Yox, bu günahı heç nə ilə yumaq olmaz.
- Deməli, sən hələ hər şeyi itirməmisən.
Rəmiş:
- Dur, şair, dur gedək bir bahalı restoranda o xanımın sağlığına vuraq.
lll
Qurban əmi öləndən sonra Rəmişə bağışladığı tar qiymətə mindi. Ona görə yox ki, başdan-ayağa sədəfin içindəydi, ona görə ki, bu tarı Qurban əmi çalmışdı. Bakıda böyük tarzənlər bu tara elçi düşdülər. 3000-3500 manat pul təklif edirdilər tar üçün. Rəmiş isə heç cürə tarı satmaq istəmirdi.
Atası da eşitmişdi ki, məşhur tarçalanlar Ağdama gəlib tara elçi düşüblər. Oğluna demişdi:
- Rəmiş, nə qədər pul deyirsən sənə verim, birdən pula aldanıb tarı satarsan.
- Dədə, nə deyirsən? Mən heş Qurban əminin yadigarını kiməsə sataram?
Və tara elçi düşənlər də başa düşdü ki, Rəmişdən bu tarı qoparda bilməyəcəklər.
Amma... Ağdamdakı toyların birində ortadan çıxmayan bir sərxoş Rəmişin o qədər zəhləsini tökdü ki, axırda özünü saxlaya bilməyib tarın qolundan yapışıb çanağını vurdu sərxoşun başına. Sərxoşu qan götürdü, tarın çanağı da çilik-çilik olub töküldü yerə. Tez sərxoşu mağardan çıxarıb başını sarıdılar, həkim çağırdılar. Erməni tar çalan Xaçı da toydaydı. Ağdamda yeməkxanalarda ala-babat tar çalardı. Bir dəfə iş görərkən baltayla sol əlini baş barmağı tərəfdən yaralamışdı. Aparmışdılar həkimə, həkim barmağını sarıyarkən arvadı Aşxen demişdi:
- Həkim, qoyma muğamat ölə.
İndi həmin Xaçı salfetka, torba istəyib yerdəki çilik-çilik olmuş tarı toplamağa başladı. Hamısını topladı, sonra stolun üstündəki qolu da götürdü və Rəmişə dedi:
- Rəmiş, bu tarın qırıqlarına üç min manat pul verirəm, satarsan mənə?
Rəmiş əsəbi halda Xaçının başına bir qapaz vurub:
- Ə, götür rədd ol burdan. Yoxsa səni də o tarın gününə salaram.
Xaçı tarın qırıqlarını götürüb mağardan çıxdı. Və heç kəs bilmədi ki, Xaçı çilik-çilik olmuş tarı aparıb Yerevanda zərgərlərə təzədən yığdıracaq. Yalnız "Qurban Pirimov" sözünü çanağa qoymayacaq. Və bağışlayacaq Yerevan muzeyinə. Onlar da həmin qeyri-adi tarı gələn turistlərə qədim erməni tarı kimi sırıyacaqlar.
lll
- Bilsəydim Şairi də özümlə götürərdim. Mənim çox söhbət etməklə aram yoxdu. Şair bunlarla verərdi ağız-ağıza, zəvziyərdilər. Bəlkə də Şair Paqaninini bunlardan yaxşı tanıyır. - Sonra da üzünü tutdu qonaqlara; - Durun oturun maşınlara, getdik.
- Elə indi?
- Hə, indi. Sizi aparım Ağdamda toya, Qarabağı gəzməyə. - sonra üzünü tutdu Aydına; - Brat, gör Şairi tapa bilərsənsə, ona denən gəlsin Ağdama.
Hamıyla xudahafizləşib oturdular maşına. Rəmişə oxşayan öndə oturdu. Və düşdülər yola. Rəmiş yenə maqnitofona Qədir Rüstəmovun lentini qoydu.
- Sizin üçün yaddı, amma görün nə ilahi bir səsdi?
Və sürdü Şamaxıya. Bahalı restoranların birində saxladı ki, düşün çörək yeyək. Restorandakıların əksəriyyəti qalxıb Rəmişlə görüşdü. Müdir də gəldi, Rəmişi bağrına basdı.
Rəmiş:
- Qonaqlarım var, bir bahalı süfrə aç.
Və bir bahalı süfrə açdılar. Qonaqlara araq gətirtdi, özünə konyak. Və bir iki yüz qram vurdu.
Lyonya:
- Qailərdən qorxmursan?
Rəmiş gülümsədi:
- Hamısı mənim bratımdı, narahat olma.
Yeyib-içəndən sonra hesab istədi. Restoranın müdiri gəldi:
- Rəmiş, bizi qonaqların yanında pərt eləmə. Mənə şərəfdi ki, sən qonaqlarını mənim restoranıma gətirmisən.
Sağollaşıb çıxdılar. Lyonya təəccüblə dedi:
- Sən hesabı vermədin?
- Bizdə qonaqlardan hesab almırlar.
Göyçayda düşdülər yenə bir stəkan çay içdilər. Yenə çayxanadakılar Rəmişin başına yığışmaq istədi. Xahiş elədi ki, qonaqlarım var, ayrı vaxt qonağınız olaram.
Axşam düşəndə toyxanaya çatdılar. Mağardakılar Rəmişi görəndə bir "urrey" elədilər. Qonaqlarını da keçirtdilər yuxarı başı. Önlərinə də qırmızı örtüklü bir stol qoydular, çay gətirmək istədilər.
Rəmiş:
- Çayı əzizləriniz içsin, onlara mer-meyvə və konyak verin.
Bir az mer-meyvə, konyak gətirdilər. Rəmiş də keçdi musiqiçilərin yanına, gitaraçı Eldara dedi:
- Kərimov, icazə ver bir-iki saat çalım, özü də qorxma, toydan yığılan pulun hamısı sizindi.
Kərimov da babat vurmuşdu. Durub Rəmişi öpdü, gitaranı da gətirib verdi ona:
- Qurbandı!
Və Rəmiş başladı. Mağara sükut çökdü. Rəmiş isə uyub gedirdi. Hara gedirdi, özü də bilmirdi. Və birdən fırlayıb şıdırığı oyun havasına keçdi. Ortalıq oynayanlarla doldu. Bir on dəqiqədən sonra yenidən oyun havasını dəyişib keçdi lirik notlara. Yenə hamı qayıdıb oturub sakitcə qulaq asmağa başladı.
Volodya belə mağar toylarını çox görmüşdü, amma Lyonya ilk dəfəydi ki, belə bir səhnəylə rastlaşırdı. Üzünü Volodyaya tutub dedi:
- Kaş bu toyu lentə ala biləydim.
Növbəti oyun havası çalınanda Volodya yerindən qalxıb qoşuldu oynayanlara. Çox gözəl rəqs edirdi. Bunu görən Lyonya da girdi oynayanların arasına, amma tutuzdura bilmədi. Əlləri oynayırdı, amma ayaqları yox. Bu vaxt Romik gəldi:
- Rəmiş, dədəm dedi ki, qonaqlarını götürüb gətirsin bizə.
Rəmiş çalğısını saxlamadan:
- Ə, görmürsən nə gündəyik? Hamı içkili, hallı. Bu gündə dədəmin evinə gedə bilərik. Sən get, denən ki, toy qurtaran kimi qayıtdılar Bakıya. - Sonra da Rəmişin çalğısını maqnitofonun lentinə köçürən Muquşu göstərib: - Gecə onlarda qalacağıq. - dedi.
Rəmiş bir-iki saat çalandan sonra gitaranı qaytardı Eldara və üzünü tutdu mağardakılara dedi:
- Konsertimiz qurtardı.
Və Muquşa işarə elədi. Muquş maqnitofonu götürüb vurdu qoltuğuna, gəldilər Muquşgilə.
Bulvarın kənarına yaxın bir yerdə bir ev vardı. Əslində mülk idi. Vaxtilə hansısa bəy tikdirmişdi. Bulvarı salanda da ərazidəki tikilələri sökmüşdülər, bəyin xətrinə onun mülkünə dəyməmişdilər. Bu mülk də bəyin nəslindən olan diktor Rafiq Hüseynova qalmışdı. O da Bakıda yaşadığından evi bağışlamışdı Muquşa.
Girdilər evə. Lyonyanın təəccübdən gözləri bərəldi. Bu, ev deyildi, muzey idi. Köhnə patefon vardı, bir tərəfdəki taxçada da yüzlərlə val, böyük bir kitabxana. Azərbaycanda nə musiqi alətləri vardısa, hamısı evdəydi.
Evin ən yaxşı yerində içi lentlərlə dolu qutular vardı.
Muquş həmin qutuları göstərib dedi:
- İndiyədək Rəmiş Ağdamdakı toylarda nə çalıbsa, hamısını lentə yazıb saxlayıram, lap gəncliyindən bəri.
Rəmiş Muquşu qonaqlara təqdim etdi:
- Özü böyük sənətkardı. Bütün musiqi alətlərində çala bilir, özü də məndən yaxşı. Anası xalq artistidi, atası əməkdar. Sənətkarlar ailəsidi. İndi sizin üçün xahiş edəcəm fortepianoda nəsə çalsın.
Muquş keçdi mətbəxə. Soyuducudan soyutma çolpa, kolbasa, sosiska, turşu çıxardıb bir süfrə açdı, sonra da bir araq gətirdi.
- Hələ bir tikə nəsə yeyin, adama da yüz-yüz vuraq, ondan sonra.
Bir yüz vurandan sonra keçdi fortepianonun arxasına. Rəmiş də stulu çəkib fortepianonun arxasında oturdu. Muquş başladı çalmağa, Rəmiş də onu müşayiət elədi.
Bu vaxt Volodya qalxdı ayağa, gəlib Rəmişi durğuzdu və başladı Muquşu müşayiət eləməyə. Çox gözəl çalırdı. Rəmiş üzünü tutdu Lyonyaya:
- Brat, bu şandığa sənətkarıymış ki?!
Volodya çalarkən Rəmişin əl-qol hərəkətlərini edirdi. Sonra durub gitaranı götürdü, başladı Muquşun çaldıqlarını çalmağa. Özü də Rəmiş kimi sol ayağını stulun üstünə qoyub, yenə Rəmişi yamsılamağa başladı.
Rəmiş baxıb dedi:
- Lyonya, bu nə meymunluq edir? Mənim bir meymunum vardı, bundan ağıllıydı. Heyif ki öldü, yoxsa verərdim sənə, onu da kinoya çəkərdin.
Lyonyanın cavab verməyə halı yoxuydu. Başını stolun üstünə qoyub yatmışdı, həm yorğunluqdan, həm də içkinin təsirindən.
Səhər tezdən durdular, Muquş onları apardı Petro Elbrusun Xaşxanasına, yaxşı xaşladılar, sonra da qonaqları Ağdamda gəzdirdilər, şəhərlə tanış elədilər. Günortaya yaxın çıxdılar Bakıya.
Yolda Lyonya dedi:
- Rameş, Muquş sənə yaman oxşayır, qardaşın deyil?
- Yox, qonşumuzdu. Özü də istedadlı, ipə-sapa yatmayan oğlanlar hamısı bir-birinə oxşayır.
Çıxdılar Bakıya. Yevlaxa çatanda benzin doldurmaq istədi. Bu vaxt bir dostuyla rastlaşdı. Dostunu qonaqlara təqdim etdi:
- Ruslan doktordu. Əla oğlandı. Qardaşının toyunu mən eləmişəm. Toydan bir maşının pulunu götürmüşdüm.
Ruslan əl çəkmədi ki, gedək Kürün qırağında dostlarına yaxşı balıq kababı verim.
Rəmiş:
- Sağ ol, səhər-səhər xaş yemişik. Həm də Bakıya tələsiyirik, ayrı vaxt.
Ruslan nə illah elədi, Rəmiş razı olmadı.
Günortadan bir az keçmiş gəldilər çatdılar Bakıya - Kinostudiyaya. Oturdular həyətdəki çayxanada. Rəmiş cavan aktyorların birindən xahiş elədi:
- Brat, ordan Aydını çağır.
Aktyor getdi, Aydınla qayıtdı. Görüşdülər, öpüşdülər.
Rəmiş:
- Dadaşov, qonaqları sağ-salamat sənə təhvil verirəm, bundan sonrası mənlik deyil.
Lyonya cibindən bir vizit kartı çıxarıb verdi Rəmişə:
- Rameş, Moskvaya yolun düşsə, xahiş edirəm, məni tap. Sən dahisən, Allah ömür versə, səndən bir kino çəkərəm ki, bütün dünya donub qalar.
Bir vizit kartı da Volodya verdi:
- Məni də tap. Səni erməni toyuna çağırsam, gələrsən?
Rəmiş güldü:
- Zemlyak deyilik?
lll
"Şənlik" ansamblı məşq edirdi. Rəmiş də oturmuşdu zalda, ikinci hissədə o çalmalıydı. Bu vaxt direktorun köməkçisi Rəmişə səsləndi:
- Rəmiş, Maestro səni çağırır.
Qalxıb ehmal-ehmal zaldan çıxıb gəldi Maestronun kabinetinə. Maestro oturmuşdu, çay içirdi. Rəmişi görəndə bir stəkan da onu çay süzüb yer göstərdi ki, əyləş.
- Necəsən?
- Belə də, həmişəki kimi. Pis deyiləm.
Maestro stolun gözündən bir dəvətnamə çıxartdı, qoydu onun qabağına.
- Bunu sənə Mosfilmdən göndəriblər. Həftənin sonunda orda Paqanini filminin təqdimatı olacaq, ora dəvət ediblər. Gediş-gəliş təyyarə biletini də göndəriblər. Mədəniyyət Nazirliyi də mənə göndərib ki, sənə çatdırım.
Rəmiş dəvətnaməni götürüb baxdı. "Mosfilm"dən göndərsələr də, altındakı imza rejissor Lyonyanın idi.
Maestro ona dedi:
- Sən canın, ora adam kimi geyinib get, farmazonluq eləmə. Orda dünyada məşhur olan çox adam olacaq. Birdən çaşıb meymununu da apararsan, gətir ver biz saxlayaq.
- Maestro, burdakı, içi mən qarışıq bir belə meymun sənə azlıq edir? Qorxma, meymunu aparmaram, meymunumun ürəyi partlayıb öldü. Həyatdakı meymunlar onu çərlətdi. - dedi və Maestronu bağrına basıb otaqdan çıxdı.
Gəldi ansamblın rəhbərinin yanına:
- Mən bir həftə olmeyjam, konserti təxirə salın, ya da mənsiz keçinin.
Ansamblın rəhbəri:
- Sənsiz konsert olar? Sən olmayandan sonra konsertə kim gələcək?
- Brat, day mən sözümü dedim...
...Təqdimat çox böyük bir kinoteatrda keçirilirdi. Girişə qırmızı xalı döşənmişdi. Gələnlər o xalıdan keçib gedirdi. Xalının ətrafında isə bəlkə minlərlə adam toplaşmışdı. Keçən məşhurları bağıraraq salamlayırdılar. Bəzilərinin üstünə gül də atırdılar. Maestronun dediyi kimi, gələnlər hamısı elit kostyumlardaydı, ya da frak geyinmişdilər. O isə cins şalvardaydı, əynində də cins köynək, bir də qara dərili pencək vardı. Heç kəs onu alqışlamadı, salamlamadı, üstünə gül atan da olmadı. O, alqışları Bakıda qoyub gəlmişdi.
Qapıçılar onu geyiminə görə içəri buraxmaq istəmədilər. Dəvətnaməni göstərdi, amma yenə buraxmadılar:
- Xahiş edirik, gedin geyiminizi dəyişin.
Gülümsədi:
- Brat, heç onda girmirəm.
Qayıtmaq istəyirdi ki, Lyonya çıxdı, onu basdı bağrına. Tutdu onun qolundan, qapıçılara dedi:
- Bu, Rameşdi. Bakıdan şəxsən mənim qonağımdı. Özü də genidi.
Rəmiş bir az əvvəl onu buraxmayanları özünə məxsus tərzdə süzdü və Lyonya ilə girdi içəri. Foyedə iynə atsan, yerə düşməzdi. Ofisiantlar əllərində su, meyvə şirəsi, şampan, araq gəzdirirdilər. Lyonya bir arağı götürüb uzatdı Rəmişə:
- Lyonya, mən bircə konyak içirəm.
Lyonya ofisianta:
- Gedin konyak gətirin.
Nəhayət, keçdilər zala. Lyonya Rəmişi öz yanında oturtdu. Rəmiş gördü ki, Volodya da burdadı. Onunla saymazyana görüşüb dedi:
- Brat, sən də burdasan?
Film başladı. Zala sükut çökdü. Yalnız Koqan Paqanininin əsərlərini çalanda zaldakılar Koqanı alqışlayırdı.
İkinci seriyadan sonra iyirmi dəqiqəlik fasilə elan etdilər. Rəmiş soruşdu:
- Lyonya, hələ çox qalıb?
- Nədi, xoşuna gəlmədi? Darıxdın?
- Xeyr. Çox gözəl filmdi. Bu dığa da gözəl oynayır, amma məni bir az çox yamsılayır.
- İki seriyası qalıb. İki saata bitəcək.
- Lyonya, mən heç istəmərəm bu film biltsin. Bu, kino deyil, nəysə başqa bir şeydi. Özümü görürəm orda.
Nəhayət, film bitdi. Filmin yaradıcı heyəti alqışlar altında çıxdı səhnəyə. Lyonya Rəmişin də qolundan tutub qaldırdı səhnəyə.
Çıxışlar, təbriklər, alqışlar... Nəhayət, sonda Lyonya yenidən söz alıb Rəmişdən başqa hamıya təklif etdi ki, səhnədən düşsünlər. Beləliklə, səhnədə bir Rəmiş qaldı, bir də Lyonya. Lyonya keçdi mikrofonun qarşısına, Rəmişi də çəkdi yanına. Üzünü tutdu zala və dedi:
- Əziz dostlar, bu oğlan bakılıdı. Adı da Rameşdi. Dünyada bundan böyük gitarist tanımıram. Filmi çəkməmişdən qabaq bunun arxasınca iki dəfə Bakıya getdim. Paqanini roluna Rameşi çəkmək istəyirdim. Bakıdakı rejissor dostlarım da nə qədər xahiş elədilər, hətta mən yalvardım da, çəkilmək istəmədi. Dedi ki, mənim bir rolum var, o da Rameşdi. Sonra Volodyanı da götürüb özümlə apardım, üç-dörd gün qonağı olduq. Bizi doğulduğu şəhərə toya apardı. Volodyaya dedim ki, əsl Paqanini budu, bunun yerişini, duruşunu, əl hərəkətlərini, jestlərini öyrən. Yəni bu filmin belə gözəl və maraqlı alınmasında Rameşin də böyük rolu var. İndi ondan xahiş edəcəm gitarada ürəyi nə istəyir çalsın. Siz də dinləyin, görün necə genilər var.
Səhnəyə bir skripka çalan çıxdı, bir piano çalan və Rəmişə də gitara gətirdilər. Rəmiş yaxınlaşdı fortepianoya, bir balaca nəsə çaldı. Pianoçalana dedi ki, bu ritmdən kənara çıxma.
Səhnəyə stul qoydular, amma Rəmiş stulda oturmadı. Sol ayağını qaldırıb qoydu stulun üstünə, sonra simləri sığalladı və başladı Fikrət Əmirovun "Kürdovşarı"nı çalmağa. Sonra keçdi Azərbaycan kapriççiosuna, ordan da qayıtdı filmdə Koqanın çaldığı Paqanininin əsərlərinə. Və uydu, getdi. Necə uymuşdusa, zalı da elə uydurmuşdu. Skripkaçalan da, fortepianonun arxasındakı xanım da day çalmırdılar, ayağa durub Rəmişə qulaq asırdılar.
Zal donmuşdu. Səhnədə Paqanini idi. Amma bu Paqanini skripkada deyil, gitarada çalırdı.
Nəhayət, Rəmiş son akkordlarını vurdu. Zalda bir alqış qopdu ki, təkcə Lyonya əl çalmırdı, ağlayırdı.
lll
- Rəmiş, getmək vaxtıdı.
Və Rəmişi qucağına alıb qalxdı göylərə. O biri mələklərlə birlikdə. Uçurdular. Dünya qapqaranlıqdı, yalnız ulduzlar vardı. O ulduzlara tərəf uçurdular. Rəmiş də heyran-heyran ətrafdakı mələklərə və ulduzlara baxırdı. Hara uçurdular bilmirdi. Elə beləcə gedirdilər. Dünyanın sonu yoxuydu ki, çatalar.
Mələklər Qara Niqablı Mələkdən acizanə xahiş elədilər ki, icazə ver sonuncu dəfə çalsın.
Qara Niqablı Mələk sərt şəkildə cavab verdi:
- Olmaz!
Rəmiş özünü toxdadıb:
- Brat, mənə o boyda Sovet hökuməti qadağa qoya bilmədi, sən kimsən mənə qadağa qoyasan? - dedi və gitaranı basdı sinəsinə başladı ilk dəfə mələklər onu qaçıranda nə çalmışdısa, onu çalmağa.
Gitaranın səsi kainatı götürdü başına. Mələklər onun ətrafında rəqs edirdi. Qara Niqablı Mələk də bir az baxdı-baxdı və qoşuldu rəqs edən mələklərə.
Rəmiş uymuşdu, bütün kainatı da uyutmuşdu.
Xəstəxananın həyətində ölüm xəbərini gözləyənlər göylərdən gələn qəribə gitara səsi eşitdilər. Donub qaldılar. Hamının baxışı dikildi göylərə. Onlar da göylərdə Rəmişi və onun ətrafında rəqs edən mələkləri gördülər bir anlıq.
Şair gitaranın səsi eşidən kimi bir kənara çəkilib başladı hönkürüb ağlamağa.
Palatadakı həkim də, tibb bacısı da çaşıb qalmışdı, gözlərinin qabağında birdən-birə Rəmiş gitarası ilə bir yerdə yox olmuşdu.
Ağdam, Abdal-Gülablı kəndi,
Kəhrizin üstü, may 2025
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0