Düşüncə adamı..

May 13, 2026 - 21:22
 0  6
Düşüncə adamı..

Yazıçı Ədəbiyyat Portalı şair, pedaqoq Asim Sevdalı (Qazıyev) haqqında Elbariz Məmmədlinin yazısını təqdim edir.

Mən ədəbiyyat və ədəbi düşüncə adamları haqqında yazı yazmıram. Ola bilsin dünyaya baxış və düşüncələrim ilk vaxtlardan fikirlərimi tamamilə fərqli istiqamətə kökləyib, deyə bilmərəm. Bir də ki, hazırda cəmiyyətimizin özündə bir natamamlıq sindromu mövcuddur və bu ədəbiyyatdan da yan keçmir. 

Çünki indi əksəriyyət reallıqdan uzaq yaşantı tərzinə köklənib və kimsə dəyərlərin işığına tapınmaqda maraqlı görünmür. Unuduruq ki, bizim ictimai siyasi və mədəni varlığımızı əks etdirən zəngin irsimiz var. 

Xarakter bütövlüyü insanın mənəvi varlığının əsas şərtidir. Adı ilə öyündüyümüz klassiklərimizi tarixləşdirən də məhz bu keyfiyyətdir. Mənim düşüncəmə görə, ədəbi düşüncə adamı yaradıcılığında da var olduğu kimi görünməlidir. Bunu bir könül adamının, ləyaqətli pedaqoq və şairin qarşımdakı poetik düşüncələrinə baş vurandan sonra bir daha yəqin elədim. 

Onun imzası ədəbi mühitə yetərincə tanıdılmayıb. İşi-peşəsi, qüruru və könül toxluğu da çap olunmaq üçün ona ünvanlar dolaşmağa imkan verməyib. Amma köhnə Gəncə və gəncəlilərin yaddaşında sevgili, ləyaqətli və hökmlü bir ad qoyub: Asim Sevdalı (Qazıyev). 

Asim müəllimə sağlığında “Qələmin qüdrəti yaz deyir, mənə” adlı cəmi bir kitabının çapını görmək nəsib olub. Sonrakı illərdə övladlarının əməyi sayəsində onun “Xeyli sözüm var”, “Ürəkdən soruş”, “Ürək o ürəkdi” adlı kitabları nəfis şəkildə çap edilərək, oxucuların ixtiyarına verilib. 

Əvvəla onu deyim ki, bu kitablarda toplanmış ədəbi düşüncələrdə şeirin klassik formalarından ustalıqla istifadə edilərək, böyük Nizamidən gələn Gəncə ədəbi mühitinin ənənələrinə peşəkarlıqla əməl olunub. Hər sətri və beyti aforizm kimi yaddaşlara hopacaq bədii tablolar yaradılıb. Əslində indi nisbətən yaşlı nəsli təmsil edən bizlər, məhz bu tipli düşüncələrin işığında öz həyat sevgimizi formalaşdırmışıq: 

Vətən zərrəsidir qəlbim, bədənim,

Bir quşam, yurdumun havası-dənim.

Torpağın altı da, üstü də mənim,

İnsan hər zamanda el içindədir.

Bəli, biz könlümüzü cuşa gətirən bu Vətən nəğmələri ilə böyüdük. Sevgimizi təbiətin baharına qovuşdurub, istəklərimizi baharla eyniləşdirdik:

Söyüd kölgəsində, arx kənarında,

Könlümü ovlayan dilbəri gördüm.

Gözümə nur gəldi, ömrümə bahar,

Cahana yaraşan səhəri gördüm.

Bir aşiqin sevgisində cahanın nura bələnməsi necə də xoş təsir bağışlayır…

Asim Sevdalının bütün yaradıcılığı boyu izlənən bir ana xətt var: İlahi insan, torpaq, Vətən və gözəllik sevgisi. Çağdaş poeziyamızda zamanın ağırlıqları sanki bu yaşantını bir az arxa plana çəkib. 

Amma bu sevginin işığına tapınmadan arzuladığımız işıqlı günlər bizim qapımızı döyməyəcək. Asim müəllimi şəxsiyyət, pedaqoq və yazar kimi sevdirən də məhz bu keyfiyyətlərdir. Onun hikmət dolu poetik düşüncələri işıq selinə dönüb zaman-zaman hələ çox ürəklərdə özünə yuva quracaqdır.

May ayının 10-da böyük şəxsiyyətin, hikmət dolu düşüncə adamının, fədakar pedaqoqun 100 illik yubileyi tamam oldu. Böyük ustadın ruhu şad olsun!

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0