Şərqə gedən trolleybus - Yeni tərcümə

Mar 27, 2026 - 19:53
 0  17
Şərqə gedən trolleybus - Yeni tərcümə

İldar Abuzərov - tatar yazıçı İldar Abuzərov (Ənvər ulı, 1975) Qorki (indiki Nijni-Novqorod) şəhərində anadan olub, Nijnı-Novqorod universitetinin tarix fakültəsini bitirib (2000), paralel olaraq Moskva İslam Kollecində təhsil alıb. Müxtəlif sahələrdə çalışıb, jurnalist və “Oktyabr” jurnalının kommersiya direktoru kimi fəaliyyət göstərib, Nijnı-Novqoroddakı “Mahinur” mədrəsəsində dərs deyib.

İlk əsəri 1998-ci ildə işıq üzü görüb, sonra hekayə, povest və romanları müxtəlif dövri nəşrlərdə dərc olunub. “Cinlərin payızı” (2000), “Qurban-roman” (2009), “Bir həftənin romanı” (2010), “Ollbansayağı qarət” (2012), “Mutabor” (2012), “Fin günəşi” (2015), “Sevgisizlik haqqında. Qurbanlı roman” (2016), “Skripka və bıçaq üçün ikihissəli konsert” (2017) kitablarının müəllifidir. Əsərinin motivləri əsasında film çəkilib. Əsərləri bir çox dillərdə işıq üzü görüb.

İ.Abuzərov bir çox ədəbi müsabiqələrin iştirakçısıdır, Yeni Puşkin (2011) və V.Katayev (2012) mükafatlarına layiq görülüb.

ŞƏRQƏ GEDƏN TROLLEYBUS

(hekayə)

Uşaqlıq çağlarımı xatırlayanda qarşıma öyrənmək, adam olmaq üçün nə qədər imkanlar çıxdığına heyrətlənirəm.

On beş yaşında nənəm qardaşımla məni mədrəsəyə düzəltmişdi (az sonra qardaşımı qovdular), ümidvardı ki, nə vaxtsa bir şey öyrənər, dünyada xeyirxah ömür sürərik. Xalçaları çırpmaq üzrə qəbul imtahanından sonra mən əsas heyətdə yerimi əməlli-başlı möhkəmlətdim. Yadımdadı, birinci kursda bizə inşaatçı peşəsi öyrədirdilər. Ev özülü qazır, dəmir altlıqlı taxta xərəklərdə qum və kərpic daşıyır, palçıq qarışdırırdıq.

Deyəsən, onda, o payız “kərpic” ifadəsinin türk sözü olduğunu, bişirilmiş torpaq mənası verdiyini öyrəndim. Üstəlik, iki kərpic arasındakı boşluğun su ilə dolmaması, qışda bütün hörgünü partlatmaması üçün ruberoidlə örtəndə, hərf cizgilərindən hörülmüş qaranlıq uçuruma baxa-baxa, göyərçin zilinin və xəzan yarpağının qoxusunu duya-duya dərk elədim ki, həmişə insan sığınacağı istisiylə yanaşı boşluq və ölüm də mövcuddu.

Ağır zəhmətin yeknəsəqliyinə futbol haqqında söhbətlər rəng qatırdı. Onda hamımız Avropa ulduzlarının vurğunuyduq. Hər kəs özünə sevimli oyunçu seçmişdi: Birinin xoşuna “Milan” Kundera, digərini xoşuna “Villem” Şekspir gəlirdi. Bəziləri də qırmızı-ağ qvardiyanı bəyənirdi.

Bir dəfə şagirdlərdən kimsə top gətirdi, daxili çempionatımızı keçirdik. Günorta namazından sonra məscidin arxasında oynayırdıq, qapıları da daşla işarələmişdik. İş üçün də, namaz üçün də, əyləncə üçün də eyni geyimimiz – başımızda əmmamə, əynimizdə isə altında topu məharətlə gizlətdiyimiz, dabanlarımızacan çatan çapan – vardı. Çapanın yerlə sürünən ətəyini tapdalamaq dirsəklərlə itələmək kimi çox ciddi pozuntuydu.

Kiçik dəstəmizdə futbol mənə nüfuz qazandırdı. Təhlükəli hücumçuydum. İndiyəcən yadımdadı ki, sağ cinahla irəliləməyim daha təhlükəli olurdu: sağ tərəfdəsənsə, səni Peyğəmbərin sünnəsinə görə (MEİB) görə buraxmağa borcludular. Buna görə də topumuz istisnasız olaraq, saat əqrəbi hərəkətinin əksinə, dairə üzrə gedir, heç bir künc zərbəsi olmurdu – bu, qaydalara zidd idi.

Gərgin matçdan sonra piyalələrdəki yaşıl çaya dişləmə, yaxud iri dördkünc qəndləri atıb, yəni, qəndi piyalələrin sementdən azca bərkimiş, yaşılımtıl rəngə çalan çini dibinə salıb dəstəyi əhəngdən dümağ ağarmış xromlu qaşıqla qarışdırır, cürbəcür səfeh hərəkətlərimizə ucadan gülə-gülə - məsələn, “top” sözünün türkcə “pişik” kəlməsindən əmələ gəldiyinə -  içirdik.

Üçüncü kursa başlayanda mədrəsəni tikib qurtardıq. Bizi ömrümdə ilk dəfə dərsə apardılar. Nədənsə həmin hadisəni unuda bilmirəm. Sement tozuna bulaşmış ayaqqabılarımızı soyunub yumşaq yun xalının üzərinə qədəm qoyduq, təzə rəngin qoxusunu ciyərlərimizə çəkə-çəkə parta arxasında oturduq. Rektor bizi tədris ilinin başlanması münasibətilə təbrik elədi, öyrənəcəyimiz elmlər barədə söhbət açdı, sonra özümüzə münasibətdə ciddi və namuslu olmağa səslədi, Böyük İmam haqında tarixçəni danışdı.

Həmin İmam, guya, mömin həyat sürürdü. Adı ya Əbu Hənifə, ya da Kaput Xilafət idi, dəqiq yadımda deyil, amma məncə, ona Vinni Pux adı daha çox yaraşardı.

Bir dəfə həmin möhtərəm şeyx gecə səhərəcən dua eləyib insanlar qarşısındakı bir problemi – səhərlər qonaq getməyin əxlaqa uyğun gəlib-gəlmədiyini – həll eləməyə cəhd göstərdi. Səhərin o erkən məqamında Əbu Kabbani qapısını döyməsəydi, şeyxin hansı nəticəyə gələcəyini söyləmək olmazdı. Möhtərəm ailə başçısı balaca oğlunu İmamın yanına gətirmişdi ki, başına ağıl qoysun.

-Ona nəyə görə ağıl verməliyəm? – İmam maraqlandı.

-Möhtərəm şeyx, oğlum balı o qədər çox sevir ki, artıq səhər də, günorta da, axşam da çörəksiz-filansız yeyir. Bu, acgözlük deyil ki?

-Yaxşı, - İmam saqqalını sığallaya-sığallaya fısıldadı. – Qırx gündən sonra gələrsiniz, oğlunuzun bu pis xasiyyətini tərgidərəm.

Qırx gündən sonra möhtərəm ailə başçısı Əbu Kabbani yenə səhər tezdən, yer üzü hələ Günəşin qızdırdığı məkana çevrilməmiş Böyük İmamın yanına yollandı. Onlar sükut içindəki evin kandarından içəri qədəm qoyan kimi, Böyük İmam yazıq uşağın üstünə düşdü:

-Ay oğlan, daha bal yemə, çörəkdən uzaq dur, bunlar pis şeydi, - sonra şeyx bir anlığa susub qaşlarını çatdı, sonra da əlavə elədi. – Vəssalam.

-Necə yəni, “vəssalam”? – Ata Əbu Kabbani təəccübləndi.

-Vəssalam, da, - İmam cavab verdi.

-Bu adi sözlərə görə düz qırx gün gözlədik?

-Özüm əməlli-başlı bal həvəskarı ola-ola, başqasının başına ağıl qoymağa mənəvi haqqım yox idi axı. Qırx gündə bal cisimdən xaric olur. Qırx gün də bal yemədim, - Böyük İmam etiraf elədi.

-O, bax, bu cür mömin insan idi, - rektor söhbətinə yekun vurdu. – Qoy sizin üçün nümunə olsun.

Bütün bunları iş-gücüm olmadığına, başqa yazıçılar kimi, öz uşaqlıq və yeniyetməlik çağlarımdan başqa təsvir eləməli bir şey tapmadığıma görə yox, sizin məni əməlli-başlı dəli saymamağınız, elə özümün də özümə bu cür münasibət bəsləməməyim üçün yazıram.

Əlbəttə, bütün sufilər kimi, sonra içməyə, çəpər diblərində, gölməçələrdə yıxılıb qalmağa başladım, amma hər dəfə bu cür donuzsayağı vəziyyətə düşəndə dostlarımızla oynadığımız o zikr-futbolu da, ilk dərsin işığını da, Əbu Hənifəni də, hürufilərin texnikasını da xatırlayır, fikirləşirdim ki, hər halda, o kəlmələr – Əbu Hənifə və Vinni Pux – oxşardı, eyni hərflərdən yaranıb. Axı Vinni Pux “vino ploxo”dan (şərab pisdi) başqa bir şey deyil, ilahidən gələn hərfi lənətdi.

Hə, dostlar, şərab içməyin, tiryək qoxlamayın, iynə vurmayın... Hə, başa düşürəm ki, Rus diyarında içkisiz keçinmək mümkün deyil, amma hər halda... Bunu sizə mən, günlərin bir günü əmək və əyyaşlıqdan sonrakı mərhələyə - sevgi mərhələsinə - keçmiş biçarə əyyaş deyir.

Hadisə iyulun on dördündə, şərqə gedən trolleybusda baş verdi. Trolleybus, ümumiyyətlə, qəlbsiz şeydi, burda necə içməyəsən! Avtobusun mühərriki, tramvayın relsi var, bu isə aşırmalı şalvar geyinmiş uşağa oxşayır. Üstəlik də məni trolleybusda meymun, it və donuz haqqında pritça rahat buraxmır, bilmirəm o pritçanı sizə danışmışam, ya yox. Qısası, lül-qənbər sərxoş idim, kefim də heç yaxşı deyildi, dəstəkdən yapışmağa çalışa-çalışa yerimdə yırğalanır, eyni zamanda da gözucu öz müvazinətimi izləyirdim.

Qəfildən də... – bu məqamdan hadisəni sevgilimin diliylə (deyin görüm, biz sevgilimizin gözlərindəki əksdən başqa bir şey ola bilərik, ya yox) danışacağam – o, məni gördü.

O, məni gördü. Dəstəyin altında yağışdan sonrakı göyqurşağı kimi yırğalalana-yırğalana diqqətini mənə sarı yönəltdi.

-Mən... necə deyim... hiss eləyirəm ki, qusmağım gəlir, - o, sonra utana-utana danışır, bununla belə, iki barmağıyla, qayğıkeş ev sahibəsi tərzdə alnını pərdə kimi örtən uzun, qara saçını kənar eləyir, mənə göz qoya-qoya düşünürdü: dünyada o qədər yaraşıqlı kişi var ki... həm də... nə deyəcəkdim... unutdum.

Başqa necə ola bilər, əlbəttə, unudub, çünki, təsəvvür eləyin ki, sərxoş idi, əməlli-başlı içmişdi, arağı şərabla qarışdırmışdı, buna görə də ürəyi bulanırdı, fikirlərini ucadan söyləməyə qorxurdu, mümkün qədər tez unutmaq, söz axınının qarşısını almaq istəyirdi. Üstəlik də bayırda ora-bura şütüyən maşınlar, işıq dirəkləri gözə dəyirdi.

-Hiss eləyirəm ki, birdən dönüb başqa səmtə getsəydik, mütləq ürəyim bulanardı, - dedi.

Qəfildən də kimsə əynindəki uzun şifon donun, pərdənin kənarına burnunu sildi. O, gözlərini açdı, həddən artıq yaraşıqlı bir kişi görüb qət elədi: cavabında, bəlkə, paltosuna qussun. (Bunu mənə deyir.)

-Mən... belə... kiminsə mənə tərəf burnunu sildiyini görəndə özümü çox pis hiss elədim... Amma özümü saxladım, gözlərimi yumdum, barmaqlarımı gicgahlarıma sıxdım. (Mən də onu cırnatmağa başladım.)

Buynuzlarıyla xətdən yapışmış trolleybus elə yırğalandı ki, oyandım – belə yerdə yatmaq olar? – narazı sərnişinlərin dürtmələrinə fikir vermədən yavaş-yavaş çıxışa doğru getməyə - bir addım irəli, iki addım yana – başladım.

-Onu buraxın, görmürsünüz ki, halı pisdi? – Kəskin bağırtı eşidildi.

O, ətrafda çoxlu, həm də  donuna qusmamış, necə deyərlər, yaraşıqlı, ziyalı, amma nədənsə yaxalarını kənara çəkən kişilər olduğunu görüb qadınların nifrət dolu baxışları altında mənə doğru cumdu. (Lazım deyil, özüm öhdəsindən gələrəm.)

Endik, girdə formalı buğ buraxan kanalizasiya lükünün yanında oturduq, başa düşdük ki, təcili bir şey yeməsək, halımız lap pisləşəcək. Təmiz hava məni atın boynundan yapışmış qatil əlləri kimi ayıldır. Lap yaxınlıqda, iki məhəllə o tərəfdə oxuduğum mədrəsə yerləşirdi, buna görə də uzun-uzadı düşünmədən ət yemək və çay içmək üçün ora yollandıq. Amma bu, o qədər də asan olmadı: bütün qapılardan iri anbar qıfılı asılmışdı.

-Burdan gedək, - Ayya (yol yoldaşımın adı beləydi) çiynimə toxundu.

-Dayan... Yaylığın var? – Onu saxlamağa çalışdım.

-Nəyə lazımdı?

-Cavab ver, var, ya yox? – İsrar elədim.

-Şərfim var.

-Başına dola, - deyib belə bir məqam üçün nəzərdə tutulmuş dua oxuya-oxuya cəld çuqun hasarın naxışvarı barmaqlıqları ilə yuxarı dırmaşdım, sağ ayağımı həyətə tərəf keçirdim.

O axşam sevinc dolu ümidimin çin olması qismət deyilmiş. İkimetrlik hündürdən hətta tullanmağa belə macal tapmadım ki, kobud gözətçi əlində tüfəng, yanında it özünü yetirdi. İtlər hürür, kişi söyüş yağdırırdı.

Ayya üzünü çevirdi, mənsə düşündüm: tullanmağa macal tapmamağım hətta yaxşı oldu, onsuz da qədrimi bilməyəcəkdi. Gözətçi üzündən qızı yedirə bilmədiyimə görə utandım. Bu məqamda da möcüzə baş verdi, sumkamdakı bal dolu banka barmaqlığa dəyib cingildədi. Mən, kasıb eşşək, özümdə bir banka bal ola-ola başqasının malına necə göz dikə bilərdim axı?

Dağa, sevdiyim, şəhərin qəfil bitdiyi və başladığı yerə getdik. Onu balla fəth elədim. Zəmanəmizdə qadınlar bara dəvət olunmağa öyrəşiblər. Ordasa gedə-gedə ilk dəfə düşünürdüm ki, bir vaxtlar cəlladın çıxardığı, salamat qalması və Baş Vəzirə təzə-tər göstərilməsi üçün mədə şirəsiylə dolu torbaya salınmış ürəyim hələ də vurur.

Əlimi o torbaya saldım, sonra barmaqlarımdan süzülən balı yalaya-yalaya öpüşməyə başladıq. Ürəklərimiz də öpüşürdü.

-Mayonez sevirsən?

-Çox sevirəm!

Bir banka da mayonezim vardı, onu çörəksiz-filansız yedik, gecə səhərəcən bizi isidən Günəş, ulduzlar barədə ağlımıza gələnləri danışdıq. Pəncərələri işıqlı göydələni göstərib lovğalanırdım ki, məbədi bax, bu əllərimlə tikmişəm, “izba” türk dilində “isti yer” deməkdi... çox təəssüf ki... amma bizim evimiz də o isti yerdədi, bunu unutma, Ayya.

Sonra “Arı” surəsini oxuyub dedim ki, insan əllərinin yaratdığı hər bir şeyin – istər hasar, istər göydələn oldun, - üzərində yazılar var, həmin yazıları oxuyan kimi, divarlar aralanır. Amma bu, o qədər də qorxulu deyil, çünki evimiz yalnız hərarət duyduğumuz yerdədi.

-Başım gicəllənir, - Ayya dedi.

-Yatmaq vaxtıdı.

Mələklərin “banı” altında, Ayın parlaq ləkələri, şəhərin işıqları içində, barmaqlarımızdan bal dama-dama uzandıq. Kürəklərimizi bir-birinə söykəyib get-gedə qızan Günəşin şüaları ilə isinə-isinə yatdıq.

Onun kürəyi elə istiydi ki, ötən ildən qalmış quru otlar od tutub yanmağa başladı. Romanı – Günəşin uçurum üzərindən doğduğu şəhəri Neron deyil, yersiz-yurdsuz adamlar yandırıblar.

Oyananda Ayya mənə muzeyə getməyi təklif elədi – muzeyin divarlarından hərflərdən ibarət tablolar asılıb. Bəs, deməzsənmi, öz kişisiylə muzeyə getmək ondan sonra çox vacib imiş. Mən də imtina eləmədim, çünki bu, bilavasitə kişilik vəzifəm idi.

Əl-ələ tutub zalları gəzir, üzərinə hərflər yazılmış divarların harda və necə aralanacağı barədə mülahizələrimizi bölüşürdük. Məni Pikasso xüsusilə heyrətləndirdi.

Saat beşin yarısında, qoca kələ-kötür baxıcı qadın bizi nəzakətlə itələyə-itələyə, tablolardan kənarlaşdırmaq, zaldan çıxarmağa başladı. Digər qarısa qapını dərhal iri, ağır açarla bağladı.

Üçüncü mərtəbəyə cumduq, amma orda da eyni münasibətlə üzləşdik. Camaat pilləkən meydançalarında yığışmışdı.

-Qarşımızda divarlar aralandığı halda, iri qıfıllı qapılar bizdən ötrü nədi axı, - Ayya mənə pıçıldadı.

İşığı söndürdülər, mənə elə gəldi ki, pivə şüşəsindən qapağı olan, göyərçin ziliylə dolu soyuq arakəsmənin içinə salınmışam. Amma bu məqamda kimsə fənər, kimsə alışqan yandırdı, istehzalar və atmacalar eşidildi, izdiham yavaş-yavaş çıxışa doğru gedib üç qola – biri qarderoba, ikisi tualetə - ayrıldı. Aya və mən də qollarımızı açmaq məcburiyyətində qaldıq. Sumkalar, torbalar arasındakı yeganə paltomu götürüb fənər və alışqan misteriyasına maraqla göz qoymağa başladım. Yuvadakı arılar kimi, işıq saça-saça hey vurnuxur, sahibləri özlərini yaxşı hiss eləyirdilər, qaranlıq zalların yaxınlığında isə asılmış, zindana atılmış rəssamların kölgələri gəzişir, sifətlərindən göyərçin zillərini silir, qulaqlarından pivə şüşəsi qapaqlarını çıxarırdılar.

Tualetə girib uzun müddət çıxmayanda nədənsə Ayyaya görə qorxdum, sonra da fokusçu kimi, gözləri parıltı saça-saça digər qapıdan çıxdığını görəndə sevindim.

-Bilirsən, - “evimizdən” çıxanda dedi, - kiminsə cisminin qızdırdığı unitazın üstü istiydi. Boş muzeyin səndən ötrü xüsusi olaraq qızdırılmış isti unitazının üstündə oturmaq, kiminsə öz cismindən sənə hərarət bəxş elədiyi barədə düşünmək adama ləzzət verir. Bunda çox böyük və çox insani bir şey var.

Həmin məqamda da onu sevdiyimi, çox sevdiyimi dərk elədim, çörək dükanından çörək, süd məhsulları dükanından qatıq almaq üçün artıq gecə düşmüş şəhərlə addımladıq, yolda da soruşdum:

-Bəs, it, meymun və donuz barədə pritçanı bilirsən?

-Bilirəm, - dedi.

Tərcümə: Nəriman Əbdülrəhmanlı

 

 

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0