Şamamanın vəsiyyəti - Həzi Həsənli
Yazıçı Ədəbiyyat Portalı şair-publisist Həzi Həsənlinin yeni yazısını təqdim edir.
Bax, o meşəli dağın yamacında görünən Şamamanın evidir. Onun evi yer üzündə ən kiçik evdir. Amma o kiçik evdə Şamamanın böyük ürəyinə dünyanın ən ülvi hissləri sığırdı.
Bulud-bulud budaqların içində o ev elə cazibədar görünürdü ki... Gecələr pəncərəsindən süzülən işıq, gündüzlər damından boylanan tüstü görünəndə ürəyim Şamamanın tənha evinə doğru atlanırdı. O tənha evin çölündə çiyələklər Günəşin ilıq şəfəqlərinin şeh damlalarını içib dadlanırdı. Şamamanı çiçək dərəndə, çiyələk yığanda görəydiniz kaş... Ucsuz-bucaqsız çöllərdə ruhu səyyar, könlü köçəri quşlar kimi gedib gəlirdi.
Hərdən mənə elə gəlir ki, elə indi də o ruhu sultan, eşqi xan Şamama özünün huzur dolu otağında oturub pişiyini sığallaya-sığallaya ilahi nəğmələr oxuyur.
O, taleyin yalqız qızı idi. Anadan nitqi qüsurlu doğulmuşdu. Biraz da hərəkətlərində qəribəlik vardı. Bəzi ağzıgöyçəklər onu lağa qoysalar da, mələksima Şamama onların sözünü təbəssümlə qarşılayırdı.
Anasından sonra evdə tək yaşayırdı. Ona görə kənddə hamı ona “tək gözəl” deyirdi. Mən gözümü açandan onun nitq qüsurlu olduğunu görmüşdüm. Nitqi aydın olmadığına və rabitəsiz danışdığına görə, onun dediklərini başa düşə bilmirdim.
Evi bizim evimizin yaxınlığında idi. Anası rəhmətə getdikdən sonra tamam yalqızlaşdı. Tez-tez anasının məzarını ziyarət edirdi. Bəzən gecədən xeyli keçməsinə baxmayaraq, evə gəlmirdi. Elə anasının məzarı başında “niyə məni tək qoydun” deyib gecədən səhərə kimi ağlayırdı.
Anası öləndən sonra Şamama mehrini bizim evə salmışdı. Anamı özünə ana əvəzi bilirdi. Anam və bacılarım ondan heç nəyi əsirgəmirdilər. O, hər dəfə bizə gələndə mənə elə mehriban-mehriban baxıb gülümsünürdü ki... Baxışlarında bənzərsiz bir mehr dalğalanırdı. Onun mehrindən özümü itirirdim. Uşaq idim, ağlım hələ çox şey kəsmirdi. Anam deyirdi:
– Ay bala, o, fağır adamdır. Onun qəlbinə dəymək olmaz. Yetimdir, ərə də getməyib...
Anamın sözlərindən sonra Şamamanın başına “işıqlı fikirlər” gəlirdi. Üzünü mənə tutub deyirdi:
– Sən böyüyəndə məni alarsan. Səni elə çox istəyirəm ki...
..Evinin həndəvərində otlar yamyaşıl, güllər rəngbərəng olurdu həmişə. Çöllərin nəyi varsa, Şamamanın evinin ətrafında bitirdi. Otların, güllərin-çiçəklərin ətrini yaz boyunca, doyunca duyurdu Şamama. Evinin dörd yanı gözəllik sərgisi idi. Dağ döşü quzey yerində, Şamamanın evi muzey yerindəydi. Bulaqlar Şamamanın göz yaşı, gözəlliklər göz yaddaşı, çiçəklər bəxt üzüyünün qaşı idi.
Şamama çox cəfalar çəkmişdi. Ömründən fərəhli, fərəhsiz günlər ötüşdükcə saçlarına dən düşürdü.
Amma bəxtinə gün düşmürdü. Yaşıdı qızların bəxtinə Gün düşəndə, Şamamanın yığvalına dərd düşmüşdü. Üzdə həmişə gülümsəyən görünsə də, dərdi, harayı içində gizlənmişdi. Evdən bayıra çıxanda fikirləri çöllər boyu dağılırdı.
Evinin yanından kiçik bir çay axırdı. O çayda zaman daşları əridir, sular torpağa layla çalırdı. 0 çayın harayını heç nə kiridə bilmirdi. Şamamanın ürəyinin harayı idi o haray. İnci kimi göz yaşları çayın üzündə durula-durula axırdı.
O çayın yatağı tükənməz yarpız, lilpar bitirirdi. Çaydan yarpız, lilpar, çay tərəsi yığıb anama bahar sovqatı gətirirdi Şamama. Anam da bişirdiyi yarpızlı dovğadan və yapdığı təndir örəyindən pay verirdi ona.
Şamamanın tənha anlarında həmsöhbəti çiçəklər və quşlar olurdu. Dilbilməz arılar, kəpənəklər də Şamama ilə dil tapıb danışırdı. Köks ötürəndə elə bilərdin ki, ahı göy üzündə gedən durnaları saxlayacaq. Onun ürəyi sarı sim kimiydi. Taleyi tilsim kimiydi. Heç kimdən küsüb incimirdi. Heç kimə kin bəsləmirdi. Çoxlarına doğmaydı. Doğma olmayanlardan çox uzağıydı. Güllücə kəndində onun haqqında danışılanlar əfsanəyə bənzər həqiqətlər idi. Daha doğrusu, elin gözündə əfsanələşmişdi. Onun əfsanələşən evinə gündən-günə həsədlə boylananlar çoxalırdı, artırdı.
Bir də görərdin ki, Şamama gecənin yarısında yuxudan durub evinin qarşısında tonqal qalayıb.
Tonqalın işığı Çiçəkli kəndinin qaranlıq gecəsini
gündüzə döndərərdi. Mən uşaq olanda, o tonqalın
işığı yaddaşımda günəşli gündüzlər kimi iz buraxmışdı.
Nə olsun ki, nitq qüsurlu idi. Şamamanın gözəlliyi sevən könülləri tərpədirdi. Kənd içinə çıxanda
baxanlar deyirdi sərvi-xuraman yerişli Şamama
gedir. Bir el şairinin Şamamaya yazdığı şeir dildəağızda əzbərə dönmüşdü:
Ay Şamama gözlərinin
Şöləsindən şam çəkirəm.
Nə səndən üz döndərirəm
Nə də bir əncam çəkirəm.
Göydə durnalar köçündə
Gözəl yoxdu sən biçimdə.
Həsrətindən kənd içində
Yarama dərman çəkirəm.
Belində gümüş kəmərin,
Kürəyində hörüklərin.
Oxuyuram sərin-sərin,
Yolunda kaman çəkirəm.
...Anam rəhmətə gedəndə Şamamanın ağı deyib ağlamağı hələ də yadımdan çıxmayıb. Anamın ömrünə doğan Günəş üfüqə enmişdi. O, dəfn olunan gün dağlar, dərələr bənövşəyi don geyinmişdi. Göyün üzü solğun çəhrayı rəngə boyanmışdı.
Qəbiristanlıq adamla dolu idi. Hamı anamla vidalaşmağa gəlmişdi. Şamama adamların önündə dayanmışdı. Mənə heyrətlə baxırdı. Hər cür çətinliklərə, məhrumiyyətlərə dözən anamın ölümü məni yaman sarsıtmışdı. Düşünürdüm ki, anamla keçən o gözəl günlər getdi. Nə qədər dözümlülük göstərsəm də, anamla keçən günlər yadıma düşdü, ağladım.
Mən ağlayanda Şamamanın üzünə qəribə bir təbəssüm qonmuşdu. Sanki o təbəssümündə bir sir gizlənmişdi. Heç kəs onun bu halından bir məna çıxarda bilməzdi. O sir sözü heç kimə yox, məhz mənə deyəcəyini düşünürdüm. Amma onun bu hərəkəti qarşısında nə deyəcəyimi bilimirdim. Şamama bir anlıq anamın məzarı başında çaşqın-çaşqın dolandıqdan sonra hamının gözü qarşısında mənə yaxınlaşdı:
– Nə gözəl ağlayırsan, ağla, - dedi. Heç kimim yoxdu, mən öləndə də belə ağlayarsan.
Mən daha da kövrəldim. Sanki məndən özgə dərdi-səri, təsəlli yeri yoxuymuş...
Aradan çox illər ötdü. Uzun müddət kəndə getməsəm də, bilirdim ki, Şamama yaşayır. Qohumlarımdan məni xəbər alır. Bu günlərdə Bakıda görüşdüyüm qohumum dedi ki, Şamama təzəlikcə rəhmətə getdi. Bu xəbərdən çox üzüldüm. Şamamanın vəsiyyəti gözlərimin yaşına qondu. Onun ruhu ilə danışdım:
– Bilirəm, məzarın qəribsəyibdir. Məzarın üstünə bir qərib durna gələcək, darıxma. O durna qatarı hələ yoldadır...
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0