Sumqayıtda Xalq yazıçısı ilə görüş
Sumqayıtydakı Heydər Əliyev Mərkəzində dünyaca məşhur detektiv yazıçısı, AYB-nin birinci katibi Çingiz Abdullayevlə görüş keçirilib.
YAZİCİ.AZ xəbər verir ki, Mərkəzin AYB Sumqayıt bölməsi ilə təşkil etdiyi məclisə ziyalılar, gənc yazarlar, tələbələr və ədəbiyyatsevərlər toplaşıb.
Görüşün aparıcısı yazıçı-ssenarist, kulturoloq Hafiz Ataxanlı Çingiz Abdullayevin yaradıcılığı, Azərbaycan və dünya ədəbiyyatındakı yeri, detektiv janrının xüsusiyyətləri barədə geniş məlumat verib. O bildirib ki, Xalq yazıçısı Çingiz Abdullayevin əsərləri dünyanın 30-dan artıq ölkəsində nəşr olunub. 150-yə qədər roman və povestin müəllifi kimi dünyada maraqla oxunan beynəlxalq “statuslu” yazıçıdır. Böyük həvəslə mütaliə olunan yazıçının kitablarının ümumi tirajı artıq çoxdan 25 milyonu keçib. Təsadüfi deyil ki, hüquq elmləri doktoru, Beynəlxalq Ədəbiyyat Fondunun sədri, bir çox respublika və nüfuzlu beynəlxalq mükafatların laureatı olan Çingiz Abdullayevin oxucularla vaxtaşırı görüşləri keçirilir, hər kəs həmin görüşlərdə böyük həvəslə iştirak edir.
AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Bayram Cəfərli, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu, Əməkdar müəllim Ofelya Babayeva, yazıçı Hümbət Həsənoğlu, şair İbrahim İlyaslı, “Riyakarın iflası” kitabının redaktoru Təbəssüm Muxtarova, tərcüməçisi Minurə İsmayılova və başqaları çıxış edərək yazıçının Azərbaycan ədəbiyyatının tanıdılmasında mühüm rol oynadığını qeyd edərək, belə görüşlərin gənclərin ədəbiyyata marağının artırılmasına xidmət etdiyini bildiriblər.
“Şöhrət” ordenli Xalq yazıçısı Çingiz Abdullayev oxucuların suallarını cavablandırıb, yaradıcılıq planlarından danışıb və gənclərə mütaliənin əhəmiyyətini açıqlayıb.
Görüşün sonunda müəllif yeni kitablarını oxucular üçün imzalayıb. (Əli Nəcəfxanlı, XQ)
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0