Səməd Ağaoğlu haqqında ilk monoqrafik araşdırma
Gənc ədəbiyyat araşdırıcısı Ulduz Uralayın “Səməd Ağaoğlunun hekayələrində avtobioqrafizm və özgələşmə” adlı kitabı nəşr olunub.
YAZİCİ.AZ xəbər verir ki, monoqrafiyada Səməd Ağaoğlunun zəngin bədii irsi ədəbi tənqidin çağdaş metodları əsasında araşdırılır, onun hekayələrində avtobioqrafik elementlərin mahiyyəti, fərdi yaddaşın bədii təcəssümü və özgələşmə probleminin çeşidli təzahürləri geniş şəkildə çözülür.
Müəllif yazıçının əsərlərini yalnız estetik baxımdan deyil, həm də mühacirət psixologiyası, kimlik axtarışları və fərdin cəmiyyətlə münasibətləri kontekstində dəyərləndirir.
Monoqrafiyada Səməd Ağaoğlunun həyat yolu ilə bədii yaradıcılığı arasındakı əlaqələr sistemli şəkildə izlənilir, onun hekayələrində tarixi yaddaşın, şəxsi taleyin, mühacirət ağrılarının və mənəvi təcridin bədii ifadə formaları üzə çıxarılır. Özəlliklə, yazıçının qəhrəmanlarının daxili dünyasında müşahidə olunan özgələşmə duyğusunun sosial, psixoloji və fəlsəfi aspektləri elmi-nəzəri müstəvidə şərh edilir.
Qeyd edək ki, Azərbaycan ədəbiyyatşünaslığında Səməd Ağaoğlu haqqında ilk monoqrafik araşdırma olan, nəfis şəkildə yayınlanmış kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Vaqif Sultanlı, rəyçiləri isə Bakı Dövlət Universitetinin dosenti Samirə Məmmədli, filologiya üzrə fəlsəfə doktoru Aygün Zəki və tənqidçi-publisist Fidan Vahiddir.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0