Telefon çalır, Delia - Yeni tərcümə
Yazıçı Ədəbiyyat Portalı məşhur Argentina nasiri, şairi və tərcüməçisi Xulia Kortasarın “Telefon çalır, Delia” adlı hekayəsi təqdim edir. Hekayəni dilimizə İlahə Əhmədova çeviribdir.
Delianın əlləri sızıldayırdı. Sabunun köpüyü xırdalanmış şüşətək dərisinin çatlarına sızır, sinirlərinin üzərində qəfil sancılarla yayılan sərt bir ağrı yaradırdı. Delia heç nəyi gizlətmədən, ehtiyac duyduğu bir qucaq kimi ağrıya sarılaraq ağlaya bilərdi. Amma ağlamırdı, içində gizli bir güc onu hönkürtüyə asanlıqla təslim olmaqdan saxlayırdı; sabunun yaratdığı ağrı onsuz da Soni üçün, Soninin yoxluğu üçün uzun müddət ağlamış bir qadına yetərli bəhanə ola bilməzdi. Çünki göz yaşlarının axmalı olduğu yeganə səbəbdən savayı başqa nə üçünsə ağlamaq, ona görə, özünü alçaltmaq olardı. Üstəlik, Babe də oradaydı – hissə-hissə ödənişlə alınmış dəmir beşiyində. Orada idi Babe, həmişə olduğu kimi. Və Soninin yoxluğu da oradaydı. Babe beşiyində yatır, ya da köhnəlmiş xalçanın üstündə iməkləyirdi. Soninin yoxluğu isə, bütün yoxluqlar kimi, hər yerdə idi.
Nəsə yuyulan zaman ovmanın təsirindən durduğu yerdə yellənən çanaq Delianın radio jurnallarında heyranlıqla baxdığı qaradərili müğənninin oxuduğu bluzun ritmik səslərini müşayiət edirdi. O, həmişə həmin bluz ifaçısını dinləməyə üstünlük verirdi: axşam saat yeddi on beşdən – musiqilərin arasında radio saatın neçə olduğunu “ciyk, ciyk” kimi qorxmuş siçan səsi ilə elan edirdi – düz yeddi otuzadək. Delia heç vaxt “on doqquz otuz” demirdi, indi Babenin öz qərarsız balaca başını gülməli şəkildə yelləyərək baxdığı yorğun kəfkirli divar saatının göstərdiyi köhnə, ənənəvi adlandırmanı sevirdi. Delia tez-tez saata baxmağı, ya da radionun “ciyk, ciyk”ini dinləməyi sevirdi; baxmayaraq ki, zaman Soninin yoxluğunu, Soninin qəddarlığını, tərk edişini, Babeni, ağlamaq istəyini, xanım Morrisin ərzaq borcunu dərhal ödəmək xəbərdarlığını və fındıq rəngli corablarının gözəlliyini ona xatırladaraq kədərlənməsinə səbəb olurdu.
Niyəsini əvvəlcə anlamadan Delia özünü Soninin telefon rəfinin yanında asılmış şəklinə gizlicə baxarkən tapdı. Düşündü: “Bu gün heç kim zəng etməyib”. Telefonun aylıq pulunu niyə hələ də ödədiyini, demək olar, heç özü də başa düşmürdü. Soni gedəndən sonra bu nömrəyə heç kim zəng etməmişdi. Dostları – Soninin çox dostu vardı – bilirdilər ki, o artıq Delia üçün, Babe üçün, əşyaları üst-üstə yığılıb qalmış ikiotaqlı bu dar mənzil üçün yad birinə çevrilib. Təkcə Stiv Sullivan bəzən zəng edib Delia ilə danışırdı; Delianın sağ-salamat olduğunu eşitməkdən nə qədər sevindiyini deyir və Soni ilə baş verənlərin onun hal-əhvalı və Babenin balaca dişcikləri barədə xəbər almaq üçün zəng etməsinə heç vaxt mane olmayacağını bildirmək istəyirdi. Təkcə Stiv Sullivan: Və o gün telefon bircə dəfə də zəng çalmamışdı, nömrəni səhv yığan belə olmamışdı.
Saat yeddi iyirmi idi. Delia diş pastası və mentollu siqaret reklamlarının arasına qarışan “ciyk, ciyk” səsini eşitdi. Həmçinin Daladier hökumətinin hər an süqut edə biləcəyini də öyrəndi. Sonra bluz müğənnisi yenidən oxumağa başladı və ağlamağa meyilli görünən Babe sanki o qalın, tünd səsin içində xoşuna gələn bir şirinlik varmış kimi sevinc dolu hərəkətlər etdi. Delia sabunlu suyu boşaltdı, əllərini quruladı, dəsmal islanmış dərisinə toxunanda ağrıdan gileyləndi.
Amma ağlamayacaqdı. Yalnız Soni üçün ağlaya bilərdi. Yüksək səslə, dağınıq beşiyində ona gülümsəyən Babeyə müraciətlə, bir hönkürtüyə, bir fəryada haqq qazandıracaq sözlər axtardı:
– Kaş o bizə nə qədər pislik etdiyini anlaya biləydi, Babe… Kaş ki, ruhu olaydı, qapını qəzəblə çırpıb gedəndə arxada nə qoyduğunu bir anlıq düşünə biləydi… İki il, Babe… iki il… və ondan bir xəbər də yoxdur… Nə məktub, nə pul köçürməsi… hətta sənə paltar və ayaqqabı almaq üçün belə heç nə göndərmədi… Ad gününü artıq xatırlamırsan, eləmi? Keçən ay idi… Mən səni qucağıma alıb telefonun yanında gözlədim… zəng etsin, heç olmasa, “Salam, təbrik edirəm!” desin… ya balaca bir hədiyyə göndərsin… balaca bir dovşan, ya qızıl pul…
Beləcə, yanaqlarını yandıran göz yaşları indi ona haqlı göründü, çünki Sonini düşünərkən axırdılar. Və məhz o anda telefon çaldı, radio saat yeddi iyirmi iki olduğunu bildirən dəqiq, qısa cingiltini yayanda.
– Zəng edirlər, – dedi Delia, sanki uşaq anlayacaqmış kimi Babeyə baxaraq. Bir az tərəddüdlə telefonun yanına getdi, bəlkə də, xanım Morris idi, borcu tələb edirdi. Taburetdə oturdu. Zəng israrla çalsa da, o, tələsənə oxşamırdı. Nəhayət, dəstəyi götürüb dedi:
– Alo.
Cavab bir az yubandı.
– Bəli. Kimdir?..
Əlbəttə ki, cavabı artıq bilirdi, buna görə də otağın sanki fırlanmağa başladığını: saatın əqrəbinin qəzəbli bir pərvanəyə çevrildiyini hiss edirdi.
– Danışan Sonidir, Delia… Soni.
– Ah… Soni.
– Dəstəyi asacaqsan?
– Hə, Soni, – dedi çox yavaşca.
– Delia, səninlə danışmalıyam.
– Hə, Soni.
– Deməli olduğum çox şey var, Delia.
– Yaxşı, Soni.
– Sən… qəzəblisən?
– Qəzəbli ola bilmərəm. Kədərliyəm.
– Mən indi sənə tanımadığın biri, yad biri kimiyəm?..
– Bunu soruşma. Məndən bunu soruşmağını istəmirəm.
– Bu məni ağrıdır, Delia.
– Ah… səni ağrıdır.
– Allah xatirinə, bu cür, bu səs tonu ilə danışma…
– …
– Alo.
– Alo. Elə bildim ki…
– Delia…
– Hə, Soni.
– Bir şey soruşa bilərəm?
Onun səsində qəribə bir şey sezirdi. Bəlkə də, artıq Soninin səsinin bir parçasını unutmuşdu. Soruşmasa da, düşünürdü: görəsən, o, həbsxanadan zəng edir, yoxsa bir bardan? Səsinin arxasında səssizlik vardı – Soni susanda gecə kimi bir səssizlik çökürdü.
– …yalnız bir sual, Delia.
Babe balaca başını maraq dolu ifadəylə yana əyərək beşikdən anasına baxdı. Heç bir səbirsizlik, ağlamağa başlamaq istəyi göstərmirdi. Radio yenə vaxtı dedi: “ciyk, ciyk”, yeddi iyirmi beş. Delia isə hələ Babe üçün süd qızdırmamış, təzəcə yuduğu paltarları da asmağa macal tapmamışdı.
– Delia… məni bağışlayıb-bağışlamadığını bilmək istəyirəm.
– Yox, Soni. Bağışlamıram.
– Delia…
– Hə, Soni.
– Məni bağışlamırsan?
– Yox, Soni, indi bağışlamağın heç bir mənası yoxdur… İnsan hələ də bir az sevdiyini bağışlaya bilər… və mən səni Babeyə, Babeyə görə bağışlamıram.
– Babeyə görə, Delia? Onu unuda bildiyimi sanırsan?
– Bilmirəm, Soni. Amma səni onun yanına qayıtmağa heç vaxt qoymaram. O artıq yalnız mənim oğlumdur, yalnız mənim. Sənə heç vaxt imkan vermərəm.
– Bu artıq önəmli deyil, Delia, – dedi Soninin səsi. Və Delia yenə, indi daha güclü şəkildə bu səsdə nəyinsə əskik (ya da artıq?) olduğunu hiss etdi.
– Mənə haradan zəng edirsən?
– Bunun da önəmi yoxdur, – dedi Soninin səsi, sanki belə bir cavab verməkdən kədərlənirmiş kimi.
– Amma…
– Boş ver, Delia.
– Yaxşı, Soni.
(Yeddi iyirmi yeddi).
– Delia… təsəvvür et ki, mən gedirəm…
– Gedirsən? Niyə axı?
– Olur da, Delia… Elə şeylər olur ki… Məni başa düş, başa düş… Beləcə getmək… sənin bağışlaman olmadan… Beləcə getmək, Delia, heç nəsiz… çılpaq… çılpaq və tək-tənha!
(Səsi necə də qəribədir… Soninin səsi elə bil eyni anda həm onunkudur, həm də deyil).
– Heç nəyim yoxdur, Delia… Tək-tənha və çılpaq gedirəm… yanımda günahımdan başqa nəsə aparmadan. Sənin bağışlaman, sənin bağışlaman olmadan, Delia!
– Niyə belə danışırsan, Soni?
– Çünki bilmirəm… çox tənhayam… Elə sevgidən məhrum, elə qəribəyəm ki…
– Amma…
Delia sanki dumanın içindən baxır, diqqətini saatın üzərinə cəmləyirdi. Yeddi iyirmi doqquz; əqrəb yarım saatın qalın xəttindən əvvəlki incə xətlə üst-üstə düşürdü.
– Delia!.. Delia!..
– Hardan zəng edirsən?! – deyə telefonun üzərinə əyilərək qışqırıb qorxu,.. qorxu və sevgi hiss etməyə başladı; və yanğı, böyük bir yanğı! Soninin qapqara saçlarını barmaqlarının arasına keçirmək və onun ağzından öpmək istəyirdi. – Hardan danışırsan, Soni?!
– …
– Hardan danışırsan, Soni?!
– …
– Soni!..
– …
– Alo, alo!.. Soni!
– …Sənin bağışlamağın, Delia…
Sevgi, sevgi, sevgi. Bağışlanma artıq nə qədər mənasızdır…
– Soni! Soni, gəl! Gəl, gözləyirəm səni! Gəl!
(Allahım, Allahım!)
– Soni!
– …
– Soni! Soni!!!
Sükut.
Saat yeddi otuz olmuşdu. Saat bunu göstərirdi. Və radio da: "ciyk, ciyk". Saat, radio və yeməyi gecikdiyi üçün aclıqdan anasına bir az təəccüblə baxan Babe.
Ağlamaq, ağlamaq. Ciddiyyətlə susan, belə bir hönkürtünün qarşısında istənilən təqlidin susmalı olduğunu sanki anlayan uşağın yanında göz yaşlarının axınına təslim olmaq. Radiodan axıcı akkordlarla şirin bir piano səsi gəlirdi və bu vaxt Babe başını anasının qoluna söykəyib yatdı. Otaqda sanki böyük, diqqətli bir qulaq var idi və Delianın hıçqırıqları əşyalar boyunca spiralvari şəkildə qalxır, səssizliyin dərin dəhlizlərində itmədən öncə dayanıb gözləyirdi.
Qapı zəngi çaldı. Kəskin bir səs. Qapıda kimsə öskürdü.
– Stiv!
– Mənəm, Delia, – dedi Stiv Sullivan. – Yoldan keçirdim, və...
Uzun bir fasilə oldu.
– Stiv... səni o göndərib?
– Yox, Delia.
Stiv kədərli idi, Delia isə mexaniki hərəkətlə onu içəri dəvət etdi. O, Stivin əvvəllər Sonini görməyə və ya onlarla nahar etməyə gələndəki kimi inamlı addımlamadığını gördü.
– Əyləş, Stiv.
– Yox, yox... indicə gedəcəyəm. Delia, sən nə baş verdiyi haqqında heç nə bilmirsən...
– Yox, heç nə...
– Və əlbəttə ki, artıq onu sevmirsən...
– Xeyr, onu sevmirəm, Stiv. Və baxmayaraq ki...
– Mənim sənə bir xəbərim var, Delia.
– Morris xanımdan?..
– Soni haqqında.
– Soni? Onu həbs ediblər?
– Yox, Delia.
Delia taburetin üstünə çökdü. Əli soyuq telefona dəydi.
– Ah...! Düşünmüşdüm ki, bəlkə, həbsxanadan zəng edib...
– O səninlə danışıb?
– Hə, Stiv. Onu bağışlamağımı istəyirdi.
– Soni? Soni telefonda sənin onu bağışlamağını istədi?
– Hə, Stiv. Və mən onu bağışlamadım. Nə Babe, nə də mən onu bağışlaya bildik.
– Ah, Delia!
– Biz bacarmadıq, Stiv. Amma sonra... mənə elə baxma... sonra axmaq kimi ağladım... gözlərimi görürsən... və mən istədim ki... amma mənə bir xəbər gətirdiyini demişdin... Soni haqqında xəbər...
– Delia...
– Bilirəm, bilirəm... deməyinə ehtiyac yoxdur; o, yenə oğurluq edib, deyilmi? Onu tutublar və mənə həbsdən zəng edirdi... Stiv... indi olanları bilmək istəyirəm!
Stiv çaşqın görünürdü. O sanki tutunacaq bir şey axtarırmış kimi ətrafına baxdı.
– O sənə nə vaxt zəng edib, Delia?
– Bir az əvvəl, saat yeddidə... yeddi iyirmidə, indi dəqiq xatırladım. Saat yeddi otuzadək danışdıq.
– Amma, Delia, bu ola bilməz.
– Niyə? Onu bağışlamağımı istəyirdi, Stiv və zəng kəsilən kimi anladım ki, o, həqiqətən, tək və ümidsiz idi... Sonra gec idi, mən telefonda qışqırsam da, qışqırsam da... artıq gec idi. O, həbsxanadan zəng edirdi, elə deyilmi?
– Delia… – Stivin üzü indi ağappaq və ifadəsiz idi, barmaqları köhnəlmiş papağının kənarını möhkəmcə sıxırdı. – Allah xatirinə, Delia...
– Nə, Stiv...?
– Delia... bu ola bilməz, ola bilməz! Soni yarım saat əvvəl zəng edə bilməzdi!
– Niyə zəng edə bilməzdi? – dedi vahimə içində bir anda ayağa qalxaraq.
– Çünki Soni saat beşdə ölüb, Delia. Küçədə bir güllə ilə vurub öldürüblər onu.
Saatın kəfkirinin səsi beşikdəki Babenin nəfəsinin ritmi ilə uyğunlaşırdı. Radiodakı pianoçu ifasını dayandırmışdı,.. aparıcının pafoslu səsi yeni avtomobil modelini bəlağətlə tərifləyirdi: müasir, ekonomik, son dərəcə sürətli.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0