500 dollarlıq qəbir - Oqtay Əhmədovun hekayəsi

May 19, 2026 - 15:25
 0  14
500 dollarlıq qəbir - Oqtay Əhmədovun hekayəsi

Yazıçı Ədəbiyyat Portalı Oqtay Əhmədovun "500 dollarlıq qəbir" hekayəsini təqdim edir.

Gecənin bir aləmi qaranlığın içiylə gedə-gedə "görəsən burada itim azıb?" deyə xoflu-xoflu fikirləşirdim ki, torpaq topası qarşısında durmuş iki qaraltı gözümə dəydi.

Qatı zülmətdə qaraltılardan biri güclə sezilirdi, o birisə ahıl qadın siluetiydi. Elə bir vaxtda üstlərinə çıxmışdım ki, qadın yuxarı hissəsinə kubik daşı qoyulmuş təpəciyi göstərərək əcaib, kövrək səslə deyirdi:

Bala, səni and verirəm müqəddəs bildiyin bu qəbrimə, gəl ananın sözünü yerə salma, yoxsa...

Yanlarında lapdan peyda olmağım arvadı çaşdırdığından sözü ağzında qaldı. Mənə tərəf çevrildilər. İkinci qaraltını bir anlıq seyr edə bildim: bu, əllərini boynunun ardında daraqlamış bir kişiydi. Gecə paltarındaydı, gözləri yumulu. Elə bil yorğan-döşəkdə rahatca yatmışın birini özünün xəbəri olmadan qaldırıb dikinə qoymuşdular.

Bu kişini hardasa görmüşdüm. Deyəsən çox yaxın, mərhəm adam idi mənə.

Kişi birdən diksinib əllərini boynunun ardından götürdü, gözlərini açıb vahimə içində bir mənə baxdı, bir yanındakı qadına, sonra zülmətə qarışaraq qaranlıqda əriyib yox oldu. Arvad çubuq qollarını bayaq onun durduğu yerə sarı uzadaraq "oğul, oğul" deyə havada gəzdirdi, qaraltının qeybə çəkildiyini tam yəqinləşdirdikdə zəhmli səslə dəlicəsinə zarıdı:

Sən neylədin?! Yolunu başqa yerdən sala bilməzdin, gərək elə burdan keçəydin?! İndi kim oğlumu inandıracaq ki, o qədər borca girib qırxınacan ananın qəbrinin üstünü götürmək istəməyi mənasız, gərəksiz bir işdir?! Bu gecə olan-qalan son gücümü sərf eləyib, müsibətlə nəhayət ki, balamın yuxusuna girmiş, onu çəkib məzarım üstünə gətirmişdim. Müqəddəs bildiyi qəbrimə and verəcəkdim ki, borc-xərc eləyib gorumu mərmərdən düzəltdirməsin. İstəmirəm mərmər sinədaşını! Qardaşı dara düşüb, işi silisçidədir, qoy onu qurtarsın bəladan, yalnız beləcə ana borcunu qaytara bilər! Yox, əgər özünü xalxa vəfalı oğultək göstərmək xətrinə qəbrimi mərmərə bürüsə, südümü halal etməyəcəm ona, başdaşım çatlayacaq, iki bölünəcək...

Sonra yavaş-yavaş üstümə gələn qadının silueti get-gedə böyümüş, iriləşmişdi bu ağbirçəyin tanış sir-sifətini apaydın görməyə başlamışdım. Əynində uzun qara paltar vardı, ağappaq saçları kalağayısı  altından alnına dağılmışdı. Dərin çuxura düşmüş gözləri yumuluydu, əllərini qoynunda çarpazlamışdı. Yalın ayaqlarını güclə arxasınca sürüyərək mənə doğru irəliləyirdi.

Arvadı tanıyıb: "Aaa, bu ki..." — deyə vahimə içində öz-özümə pıçıldadığım bir məqamda qəfil eşidilən dəhşətli səsə diksindim.

Gözümü açanda gördüm ki, yataqdayam, zəngli saatım hay salıb.

Əqrəblər düz yeddinin üzərindəydi. Əlimi uzadıb kətilin üstündəki saatın düyməsini basdım, zəhlətökən həyəcan siqnalı xırp kəsildi.

Arvad-uşağı dünən qayınatamgilə yollamasaydım saatı neyləyirdim, evin xanımı özü elə zəngli saat idi: obaşdan qalxıb mətbəxə keçəcək, çayı dəmə qoyduqdan sonra səsi evi başına götürəcək, uşaqları məktəbə, məni işə tələsdirəcəkdi.

Dikəlib ayaqlarımı yerə sallayaraq çarpayıda oturdum. Ha fikirləşdimsə yuxumu təfərrüatıyla xatırlaya bilmədim ki, bilmədim! Baş ucuna kubik daşı qoyulmuş təpəcik, qaraltılar duman kimi olsa yadımdaydıamma qolları oxlov kimi yuxa arvad demişdi, demək istəyirdi, bax bunları unutmuşdum

Çox keçməmiş qafamda yüngülvari ağrılar hiss elədim bəlkə elə o ağrıların təsirindəndi ki, yaddaşımda qırıq-qırıq fraqmentləri qalmış yuxum tamamilə xatirimdən silinib getdi

 

Telefon zəngi lap yerinə düşdü, söhbətcil Xeyrullaydısa heç olmasa bir az başımı qatacaqdım. Ondan savayı sübh tezdən kimdi məni yadına salan?! Bu həmin Xeyrullaydı ki, bizimlə üzbəüz beşmərtəbədə yaşayırdı, hər səhər Yasamala işə gedəndə binamızın tinində həyətdən mənimlə birlikdə dörd tanış-bilişi köhnə "Moskviç"inə mindirib Azadlıq prospektinəcən aparır, adambaşı min manat alıb yoluna düzəlirdi. Dördümüzün yeri Azadlıq prospektinin həndəvərindəydi. Belə bizə sərf edirdi, Xeyrullaya da. Ayda-ildə bir dəfə arabası "xoda" düşməyəndə tələsik evinə qalxıb bir-bir müştərilərinə zəng vurur, onları məsələdən hali edirdi. Sonuncu kərə iki həftə qabaq zəng çalıb tapşırmışdı ki, mənə bənd olma, maşınım xarabdır. O çağdan telefonum belə ertədən "çığırmamışdı".

Mətbəxə keçib dəstəyi qaldıranda Xeyrullanı səsindən tanıdım.

Sabahın xeyr, əmoğlu!

Aqibətin xeyir...

Səsin kal-fasondur, əmoğlu...

Yuxumu qarışdırmışam...

Yaxşı yadıma düşdü, yuxuda səni görmüşdüm. Guya anamla qəbirsanlıqda gedirdik, arvad da elə hey təkrarlayırdı ki, vacib sözüm var sənə, oğul. Düz qəbrinin üstünəcən aparmışdı məni. Mətləbə keçmək istədiyi yerdə birdən sən o yannan çıxdın, mən diksinib oyandım. Heyif ki...

Eybi yox, yuxuda qəbiristanlıq görmək xeyirədir, — dilucu dedim, amma heç ürəyimdən deyildi bu söhbət. Səhərin gözü indi açılmışdı, bismillah eləməmiş gordan, məzarstandan söz salmağın yeriydimi? Xasiyyətinə bələd olduğumdan bildim ki, mətləbi uzadacaq, müqəddiməsi xeyli vaxt aparacaqdı.

Bu gün-sabah arvadın qəbrinin üstünü götürəcəm axı, həlbət ona görə nigarandı, gəlib girmişdi yuxuma. Qırxına qalıb ki! Halal xoşu olsun, beş yüz dollara qara mərmərdən adına layiq başdaşı zakaz vermişəm. İnşallah, arvadın qırxında özün görəcəksən...

Xeyrullanın "qara mərmər" sözünü lovğa-lovğa xüsusi vurğulamaqla özünü göstərməsi heç açmadı məni. Birdən elə bil kimsə böyrümdən dümsüklədi ki, ondan qardaşını xəbər al. Haçansa dilindən qaçırtmışdı ki, işi məhkəmədədir.

Qardaşın neynəyir e, a Xeyrulla? — gözlənilmədən söhbətin məzmunun kökündən dəyişdirdiyim üçün Xeyrulladan bir müddət səs çıxmadı. Eşitmişdim ki, araları yox idi, yanında qardaşı barədə söz salanda cinlənirdi. Elə yaxşı oldu ki, özüm istəmədən bu sualı atdım ortaya, zəhləsi getdiyi adam haqqında bir-iki acı söz deyib xudahafizləşər, boş-boşuna vaxtımı almazdı. Gözüm divardakı saata sataşanda lap darıxdım: səkkizə işləyirdi, maşını xarabdısa, elə belə deyib əl çəkəydi yaxamdan, mən da işimi biləydim. On beş-iyirmi dəqiqəyə yuyunub, geyinib, çay-çörəyimi yeyib gərək çatdıraydım özümü avtobus dayanacağına, yoxsa işə gecikəcəkdim.

Xeyrulla handan-hana:

Hülqumu prakurorun əlindədir fərsizin, — könülsüz-könülsüz dilləndi. Səsindəki əsəbi notlar aydınca duyulurdu. — İşini xətm eləməkdən ötrü beş yüz dollar istəyirlər onnan. Beş-üç günə çatdırmasa tutub damlayacaqlar. Gərək vaxtında qanaydı ki, şər-xata işlərin axırı qoduqluqdur. Mən bədbəxt neynəyim? Gecə-gündüz eşşək kimi qan-tər içində çalışıb-vuruşub qəpiyi qəpiyə calayaraq beş-on dollar pul toplamışam ki, qırxınacan anamın qəbrinin üstünü götürüm, məclisini adına layiq yola verim... İndi deyirsən ölüm-zülüm qazandıqlarımı, uşaqlarımın boğazınnan kəsdiklərimi aparıb sudyalara, prakurorlara yedizdirim, ?!.

sirri-xudadısa, mənim onun ömrümdə üzünü belə görmədiyim "fərsiz" qardaşına çox yazığım gəlirdi əsla istəmirdim ki, Xeyrulla bir mərmər daşdan ötrü beş yüz dollar xərc çəkib qardaşı bada verəydi. İçimdəki bu hiss elə güclüydü ki, bir-iki kərə hətta istəmişdim Xeyrullanın sözünü kəsib ürəyimdəkiləri deyəm ona, amma son anda yenə səbrimi basır, dilimin ucundakıları istər-istəməz udmaq məcburiyyətində qalırdım. Sanki şüuraltı bir instinklə mənə əyan idi ki, bunun bir nəticəsi olmayacaq, Xeyrulla mütləq beş yüz dolları qardaşına qıymayaraq onu qazamat küncünə yollayacaqdı...

Baxışlarım yenidən saatın əqrəblərində dirənib qalanda birdən ağlıma gəldi ki, Xeyrulladan qırılmaqçün gözəl fürsət düşmüşdü əlimə: vaxtı xəbər alacaqdım, gərək zırramanın lap yekəsindən olaydı ki, bu primitiv işarəni qanmayaydı.

Özümü tələsirmiş kimi göstərib:

Saat neçə olar görəsən? — soruşdum. Boşboğazın cəngindən qurtulmaqçün işlədilən Nuh əyyamındanqalma bu fənd bir o qədər böyük ağıl, dərrakə tələb etmirdi. Xeyrulla nəyə eyham vurduğumu anlayaraq, həmsöhbətini yubatdığına görə üzr istəyib əlüstü mətləbə keçdi, dedi ki, maşınım nasazdır, mənə umud olmayıb işə özünüz gedin. Vəssalam!

 

                                                ***

 

...Xeyrulla anasının qırxına məni çağırmışdı. Maşın karvanı qəbiristanlığa çatanda narın-narın yağış səpirdi. Kişi anasının qəbrinin üstünü doğrudan da adına layiq götürmüşdü. Sinə daşına zərli rənglə, iri, naxışlı şriftlərlə həkk edilmiş sözlər gözə girirdi: "Oğlu Xeyrulladan əbədi yadigar". Bircə ortadan çat verib paralanmış başdaşı camaatı bərk heyrətləndirmiş, hamı sual dolu baxışlarını dəhşətdən gözləri təpəsinə çıxmış Xeyrullaya zilləmişdi. Ən qəribəsi o idi ki, bu qələbəlikdə təkcə mən heç olmayıbmış kimi halımı pozmadan  dayanıb mərhumənin başdaşındakı əksinə baxmış, şəklin üstüylə üzüaşağı süzülən yağış damlalarını göz yaşlarına bənzətmiş nədənsə mənə elə gəlmişdi ki, guya elə belə olmalıymış, yəni qara mərmərli bu başdaşı onsuz da gec-tez mütləq tən ortadan sınıb iki bölünməliymiş...

 

P.S. Az qala unudacaqdım... Xeyrullanın qardaşı anasının hüzr məclisində üzürlü səbəbdən iştirak edə bilməmişdi: bir gün əvvəl məhkəmədə üç il kəsib basmışdılar onu türməyə...

 

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0