Xoşbəxtlik gətirməyən qələm.. - Mehman Qaraxanoğlu

May 19, 2026 - 14:55
May 19, 2026 - 15:41
 0  40
Xoşbəxtlik gətirməyən qələm.. - Mehman Qaraxanoğlu

Yazıçı Ədəbiyyat Portalı Mehman Qaraxanoğlunun yeni şeirlərini təqdim edir.

PİNOKİO EFFEKTİ

        

“Dünyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur. Zira ki, mal-mülk tələf gedir, amma söz qalır.”

Mirzə Cəlil

        

XXI əsrin dörddə biri gedib, ustad!

İndi yataq otağının dərinliyindəki qapı arxasında qalıb söz:

Kral çılpaqdır!

 

Hamı yalan danışdığını bilir,

Hamı dili aldadır,

Heç bir əsrdə Azərbaycan dili bu qədər aldanmamışdı, ustad!

Heç bir əsrdə Azərbaycan dilinin burnu bu qədər uzanmamışdı, ustad!

 

Gerçək tarixə uduzan xalq

Xatirə uydurur ancaq...

Guya keçmiş kadrlar üçün ölürlər bunlar,

Guya kino lenti kimi keçir bunların gözü qabağından hər şey....

Uşaqlıqda kino lentlərinin necə ilişdiyini çox görmüşük, ustad…

 

         İLLÜZİYA

 

“Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda xidmət etməkdir... Bu ola gərək qələm sahibinin amalı...”

                  

 Qələm -

“Maqbet”dəki üç ifritədi -

Həqiqəti desələr də,

Xoşbəxtlik gətirmədi...

 

                           

Biz dilləri qandallanmış qulları                

Köpək balıqlarına verməliyik ki,    

Sığorta şirkətindən pul qopara bilək!       

Bax, qələm indi buna xidmət edir!

Rəssam Turnerin “Qul gəmisi”nə baxmağın kifayətdir, ustad!

                           

Hər kəs qələmindən çarmıxa çəkilər,

İsa da o cür...

İndi qələm əhli

El Qrekonun “Dirilmə” əsərini

Matissin çılpaq qadınlarının “Rəqs”ilə qapayır...

                           

Eh…

İsa dirilməsə də olar,

Təki pul çıxsın, ustad!

 

                                     

         XAOS

“Sözün doğrusunu danışmaq da bir hünərdir; yoxsa öz-özümüzü başlayaq tərifləyək və özgələri pisləyək - bu yaxşı deyil.”

                               “Molla Nəsrəddin”  19 may 1907, №20

                           

Hanı sözün doğrusu?!

İndi hamının başı biri-birini tərifləməyə qarışıb, ustad:

                           

Novruzəli xanı,

Xan Novruzəlini,

Xudayar Kərbəlayı İsmayılı,

Kərbəlayı İsmayıl Xudayarın anasını,

Şeyx on yaşlı Xurmanı,

Xurma şeyxi...

Şeyx İsgəndəri

İsgəndər şeyxi,

Yalan güzgünü,   

Güzgü yalanı,

Epitet metaforu,

Metafor epiteti...

Yazsam,

Varaq yetməz, ustad..

                           

Heç qədim yunan ilahəsi Evfemiyanı da

Yalandan bu qədər tərifləməyiblər, ustad.

Bütün yalançı təriflər

Qorxu və xeyir güdməkdən yaranır, ustad...

 

Deyirsən,

Sözün doğrusunu danışmaq hünərdi!

Özümü dirigözlü odamı atım?!

 

May, 2026

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 1
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0