Fransız və İngilis - Seyfəddin Hüseynlinin tərcüməsində
Yazıçı Ədəbiyyat Portalı Gilbert Kit Çestertonun "Fransız və ingilis" essesini təqdim edir.
Özgə xalqı sevmək başqadır, yamsılamaq bir başqa – ümidvaram ki, bu, hər kəsə aydındır. Bütün yaxşı adamlar digər xalqları sevirlər; bir çox naqis adam isə öz xalqına dönük çıxır. Beynəlmiləlçi olmaq üçün əvvəlcə millətsevər olmaq lazımdır. Yaxşı avropalı üçün Qızıl Dövr hamının bir-birini sevdiyi xristian cənnətidir, heç də hamının bir-birinə çevrildiyi buddist cənnəti yox. İnsan yad ölkəyə nə qədər heyranlıq duysa da, oradakılara oxşamağı bir o qədər az arzulayar, axı bilir ki, oranın yadelli üçün keçilməz olan özünəməxsus dərinlikləri var. Əgər ingilis Fransaya ifrat heyranlıq duyarsa, fransızlaşmağa can atar; əgər o, Fransanı sevərsə, elə ingilis olaraq da qalar.
Söhbət Fransadan gedirsə, burası xüsusən vacibdir. Fransızların qəribə xasiyyəti var: onların bütün qüsurları göz qabağında, nəcib cəhətləri isə örtük altındadır. Belə də demək olar: onların qüsurları çiçəkdir, nəcib cəhətləri isə çiçəyin kökləri. Fransızlar yüngülməzacdırlar, hər işdə aşkarlığı, açıq-saçıqlığı çox xoşlayırlar. Kəndliləri xəsisdirlər, çünki başlarının üstündə ağaları yoxdur. Şəhərliləri bir elə nəzakətli deyillər, çünki bərabərhüquqlu insanlardır. Qadınları yorğun və hikkəlidirlər, çünki ev-ailə qayğılarına ciddi yanaşırlar. Kişiləri sərtdirlər, çünki dava-dalaşda kimsə onlarla bacarmaz.
Fransa səfeh, dayaz adamlardan ötrü dünyanın ən təhlükəli ölkəsidir. Axmaqların Fransadan zəhləsi getsə yaxşıdır, çünki axmaq adam bu ölkəni sevərsə, tezliklə əclafın birinə çevrilər. Ən naqis cəhətinə görə qürur duyar, üstəlik, olmayan bir cəhəti ilə də öyünər. Dünyanın ən sağlamfikirli, təvazökar xalqından sərsəriliyə, əhlikefliyə yoluxar. O, fransızları başa düşməz, ən pisi budur ki, heç özünü də anlamaz.
İngilis düşünürsə ki, fransız realistlərini sevir, fransız dramaturgiyasını, həqiqətən, anlayıb, fransız karikaturalarından əsla qorxmur, deməli, o, bilmədiklərinə heyranlıq duyur, yəni əkmədiyi zəmini biçməkdədir, fransız alicənablığının sərt, yağlı torpağını belləmədən fransız sinizminin lətif bəhrəsinin dadına baxır.
Bu məqama, daha aydın olsun deyə, əks tərəfdən də yanaşaq. Təsəvvürümüzə gətirək ki, bir fransız İngiltərəyə – indinin özündə də bütünlüklə adlı-sanlı nəsillərin kölgəsində qalan, azadlığı da zadəganların gətirdiyi ölkəyə gəlib. Əgər fransız bizdəki təkəbbürü görüb bəyənsə, bizdəki yekəxanalığı xoşlasa və özünü bizə oxşatmağa başlasa, bilirsinizmi onun haqqında nələr düşünərik? Düşünərik ki, bu fransız düşük cırtqozun, anlamadığı ingilis şakərini yamsılayan səviyyəsiz yekəxananın biridir. O, ingilislərin nəcib keyfiyyətlərinə – bizdəki lovğalığı içəridən körükləyən comərdliyə, qonaqpərvərliyə, fitri şairanəliyə, əsilzadələrin nağılvari həyatına qarşı sadəlövh riqqət hissinə bələd deyil.
Fransız görür ki, biz kralımıza ehtiram göstərir, onu sevirik. Qüdrətli krala ehtiram göstərmək rəzillik, zəifə ehtiram isə az qala qəhrəmanlıqdır. Hannover sülaləsinin zəifliyi ingilis kralsevərinə kədərli yakobit cəngavərliyi bəxş edir.
Fransız görür ki, bizim xidmətçilər itaətkardırlar, zəkada ağalarından geri qalmayan, sadiq, zarafatcıl ingilis xidmətçilər – Kaleb Balderston, Sem Veller haqqında hekayətləri isə bilmir.
Fransız görür ki, biz əsilzadələrə təzim edirik, amma bilmir ki, hər şeydən öncə onların sadəliyini, mehribanlığını, səxavətini qiymətləndiririk; təbəələr yersiz qılıqlana bilərlər, gərək ağa bundan qürura qapılmasın.
İngilis üçün lordluq “əsl həyat”ın rəmzidir, bu həyatın məğzi və gözəlliyi isə azadlıq, sərbəstlik, zərərsiz kefcillik, ağayana bədxərclikdir. Bax elə buna görə taksiçi, ona hesabı düppədüz ödəsəniz də, sizi centlmen saymayacaq. Siz onun haqqını kəsmirsiniz, ancaq ən gözəl duyğularını zədələyir, ideallarına kölgə salır, qüsursuz əsilzadəlik təsəvvürünü puça çıxarırsınız.
Bu kimi mətləblər çox qəliz, hətta əlçatmazdır: ingilislərin lorda təzimində nəcibliyə təmənnasız sevgini yaltaqlıqdan ayırmaq müşküldür. Fransızın bunu anlaması asan deyil. O, xoş münasibət anını görəcək və əgər bunu bəyənərsə, özü də əyilib-bükülüb yaltaqlanmağa başlayacaq. Eləcə də ingilis fransızlara məxsus sadəliyi adi sırtıqlıq kimi qəbul edib bundan xoşlansa, kobudluğa meyillənəcək.
Başqa millətin xüsusiyyətlərini dərhal, əlüstü mənimsəmək olmaz. Uzun illər keçib, bağlar yavaş-yavaş boy atıb, palıd tirləri qurum basıb, zirzəmilərdə, meyxanalarda tünd şərab özünü tutub, ingilissayağı həyat aram, rahat axarıyla davam edib: bizdəki məsum təkəbbür bu minvalla çiçəklənib. Atışmalar, barrikadalar, küçə nəğmələri, öz amalları uğrunda ölən başıpozuq camaat – fransız ərkyanalığının alovlu qızılgülünu bunlar yetirib-bəsləyib.
Bu yaxınlarda Parisdə olanda dostumla bərabər çox qısa – iyirmicə dəqiqəlik – bir neçə pyesə baxdıq. Onların hamısında inandırıcılıq vardı, hətta biri o qədər inandırıcı gəldi ki, teatrdan çıxanda biz az qala dalaşacaqdıq.
Həmin pyesin müəllifi gəmi qəzaya uğrayanda oradakı insanların özlərini necə aparmalarını – necə çırpınıb çığırışmalarını, basabas salmalarını, sağ qalmaq üçün əbəs yerə dirəşmələrini göstərmək istəyib. Lap axırda isə o, voltersayağı, dözülməz kinayəyə əl atıb: səhnədə dövlət xadimi peyda olur, onların guya özlərini necə ləyaqətlə aparmalarından, şərəflə ölmələrindən dəm vurur.
Dostum uzun zaman Parisdə yaşamışdı, odur ki, biz bayıra çıxanda lap əsl fransız kimi danışdı: “Möhtəşəm idi, eləmi?!” Mən isə mümkün qədər klassik “Con Bull görkəmi” almağa çalışıb: “Yox, – dedim, – heç də möhtəşəm deyildi”. Əgər müəllif, sadəcə, məzələnibsə, buna sözüm yoxdur. Ancaq bununla hansısa mətləbi çatdırıbsa, qətiyyən razılaşmıram. Bəlkə də, o bizə göstərmək istəyir ki, həya pərdəsinin altında insanlar nəinki vəhşidirlər, hətta hürkmüş yırtıcıdırlar. Mən insanlara elə də bələd deyiləm. Ancaq yenə də bilirəm ki, ruh yüksəkliyi yaradan pyeslər də var, qol-qanad sındıranlar da. “Sirano”ya (ondakı aktyorlar daha sürətli danışsalar belə) baxanda adamın əhvalı yaxşılaşır, bunda isə korlanır.
Həmsöhbətim: “İncəsənətə mənəvi yöndən, sentimental bucaqdan necə bax...” – demişdi ki, onun sözünü kəsdim, çünki söhbəti tutmuşdum. Həyəcanla dilləndim: “Mən sizə Joresin Libknextə dediyini xatırladıram: “Siz ki barrikadalarda can verməmisiniz”. Axı siz də mənim kimi ingilissiniz və mənim qədər də sentimental olmalısınız. Fransızların qəddar sənət tərzinə haqqı çatır, onlar döyüşdə qəddarlığı üstələyə bilirlər. İnsan ruhuna əzab verməyə onların ixtiyarı var, çünki zindanlarda işgəncələrə tablaşıblar. Onlar yoxsullardan ötrü qanlar töküblər. İnancları uğrunda qanlarını axıdıblar onlar. Mən ingilisəm, rahatlığı sevirəm, xoş əyləncələr axtarıram. Onlarsa buraya rahatlıq ardınca gəlmirlər, burada əylənmirlər, ruhlarını didikləyirlər. Bəlkə də, insanın miskinliyi haqqında düşüncə onları – o üsyankarları mübarizəyə ruhlandırır. Amma bu düşüncənin iki boş-bikar ingilisə cəlbedici gəlməsini Allah heç göstərməsin!”
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0