Tofiq Nurəli - Darıxan nəğmələr
Yazıçı Ədəbiyyat Portalı Tofiq Nurəlinin şeirlərini təqdim edir.
Darıxan bir nəğmə...
Kəndə gələcəyəm bir gecəyarı,
Görəsən kim yatmış, kimlərdi oyaq?!.
Mənim gəlişimi bu boyda kənddə
İtimiz biləcək hamıdan qabaq...
Üzümə düşəcək ayın işığı..,
Ah, doğma məhəccər, mən indi yadam...
İtin həşirinə, ayaq səsinə
Ağ tuman-köynəkdə çıxacaq atam...
Gözü seçməyəcək.., a bala, kimsən?
(Gör vaxtın əlindən nələr çəkirik...),
Səsim çıxmayacaq qəhər əlindən,
Güclə dinəcəyəm: mənəm də--Tofiq...
Atamın gözləri doluxsunacaq
(Məni bu zəmanə çox gec oyadıb)..,
Sonra qırıq-qırıq çağıracaq ki,
Ay arvad, tez ol dur.., uşaq qayıdıb...
...Gecə.., ay işığı.., doğma məhəccər..,
Mənim əzizlərim qəhər içində...
Mən öz günahımı özüm duyuram
Zaman döyüşündə.., bu vaxt köçündə...
1985
Darıxan bir nəğmə...
YAĞIŞDAN SONRA
Qızlar apardılar çiyələkləri,
Küləklər qovdular kəpənəkləri.
Görəsən kim yığar göbələkləri
Çobandan savayı, yağışdan sonra.
Yağış sorğuları çəkər dərinə,
Kimi bərkə düşər, kimi sərinə...
Kim çıxmaz dünyanın küçələrinə
Ömrünü arayıb yağışdan sonra...
Yağışlı şəhərə çıxaram hərdən,
Bir qız axtararam, köçüb şəhərdən...
Nə qədər qız baxar pəncərələrdən,
Telini darayıb yağışdan sonra.
Yenə xatirələr çatar dadıma,
“Dəli” demişdilər o vaxt adıma.
...Şehli kəpənəklər düşər yadıma,
Çəməni bürüyüb yağışdan sonra.
1978
Darıxan bir nəğmə...
YAĞIŞLI ŞƏHƏR
Bu yağış şəhəri yuyur bayaqdan
Sular yollar kimi burulur tini.
Maşınlar yağışlı küçələr boyu
Qaçır ayaqyalın uşaqlar kimi...
Torpaqda torpaqlıq həsrətlər yatıb,-
Sanki bu yağışdan oyanacaqlar.
... Elə bil asfaltın yarıq yerindən
Toppuş göbələklər boylanacaqlar.
...Özüm də islandım bu tin başında
Bu yağış şəhəri bayaqdan yuyur.
Hündür binaların, hündür evlərin
Başından su tökür, ayaqdan yuyur.
Durduğum yerdəcə dayanacağam
Yağış quratarınca yağış kəsincə.
Boynuma su düşdü üşüdüm yaman
Deyəsən evimiz damdı indicə...
Bu yağış şəhəri yuyur bayaqdan
Sular yollar kimi burulur tini.
Maşınlar yağışlı küçələr boyu
Qaçır ayaqyalın uşaqlar kimi...
1979
BİR "DARIXAN NƏĞMƏ "
Durnalar keçəndə çığırhaçığır
Dumanlar içindən lələk salardı...
Nənəmin gözləri durna səsiydi..,
Nənəmin səsi də heyy saralardı...
Hərdən görünərdi köçən durnalar
Duman arasından.., bulud altından...
Onda səyriyirdi gözünün altı..,
Nənəm də uçurdu qəhər qatında...
...O duman, o səslər.., nənəmin üzü
İllərcə qəlbimdə söz-söz bitiblər...
İndi anlayıram.., yada düşürmüş
Durnalar köçəndə ölüm-itimlər...
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0