Bir ömür yaşaram ümidlərlə tən - Zaur İlhamoğlunun şeirləri

Avq 17, 2026 - 19:24
 0  59
Bir ömür yaşaram ümidlərlə tən - Zaur İlhamoğlunun şeirləri

Yazici.az ədəbiyyat portalı Zaur İlhamoğlunun şeirlərini təqdim edir.

Gedəcəm dünyanın o bir başına

Gedəcəm dünyanın o bir başına

Dünyanın bu başı məni açmadı.

Bu başın günləri qaranlıq imiş,

Burda gün çıxmadı, işıq saçmadı.

Gedəcəm dünyanın o bir başına

Burda yaşananlar dərddən seçilmir.

Bu yerdə min sifət, min dənə üz var,

Buranın qoyunu qurddan seçilmir.

Gedəcəm dünyanın o bir başına

Bu yerdə gözləri pərdələyiblər.

Burda yaxşılığın izi-tozu yox,

Burda insanlığı dəfn eləyiblər.

Gedəcəm dünyanın o bir başına

Burda müharibə, dava-dalaşdır.

Bu yerdə analar sinəsi dağlı,

Burda bacıların gözləri yaşdır.

Dünya da fırlanır, yerində durmur

Gün keçir...Oyandın yatana kimi.

Qorxuram o başı bu başı olar

Mən gedib o başa çatana kimi.

Könlüm

Fələyin köksümə vurduqlarından,

Bir gündə min dəfə yarılan könlüm.

Yenə də sən mənə dönük çıxmadın,

Yenidən köksümə sarılan könlüm.

Saf oldun, hər kəsə inandın belə,

Həm alışdın belə, həm yandın belə.

De, sən nədən həssas yarandın belə,

Adicə bir sözdən qırılan könlüm?

Nə olar dayanma gəl pərişantək,

Sən ki çırpınardın dəli tufantək,

İndi inləyirsən qəmli kamantək,

Nisgilli kök üstə qurulan könlum.

Dünənim qəm oldu, bu günüm kədər,

Sabah yaxşı olar, ya bundan betər.

Dincəlmək istərəm, yoruldum...Yetər!

Sən də dincəl biraz, yorulan könlüm.

●●●

Çoxdandır bir şeir yazmıram sənə,

Aymıdır, ilmidir, neçə zamandır?

Sənə bircə şeir yazmıram deyə,

Ruhum məndən küsdü, ürək utandı.

Çoxdandır bir şeir yazmıram sənə,

Şeirmi günahkar, mənmi günahkar?

Bəhanə edirəm vaxtım, günüm yox,

Bəhanə etdiyim günmü günahkar?

Çoxdandır bir şeir yazmıram sənə,

Mən necə şairəm əlimdə qələm.

Aləmə-xatəmə şeir yazıram,

Sənə bircə şeir yaza bilmirəm.

Çoxdandır bir şeir yazmıram sənə,

Bax indicə sənə bir şeir yazdım.

Nə olsun ki, yazdım,amma ki sənin

Yerində olsaydım, bağışlamazdım.

Mənim ümidlərim

Hələ davam edir bu ömür yolu,

Dayanır qarşımda demək neçə gün.

Qəlbimdə tükənməz ümidlər dolu,

Addımlar atıram sabahım üçün.

Bu ömür yolumda ümidlərimi,

Özümə əvəzsiz həmdəm sanmışam.

Mən arxa bilmədim hələ heç kimi,

Yalnız ümidimə arxalanmışam.

Çünki bilmişəm ki, dara düşəndə

Təkcə ümidindən güc alır insan.

Çarəsiz sandığın xəstəlikdən də

Ümidin gücüylə sağalır insan.

Mənə yaşamaqçün veribdir ilham,

Ötən neçə saat, neçə saniyə.

Gecə zülmətindən işıq almışam,

Səhərim qaranlıq açılar deyə.

Ümidlə yaşadım, ümidlə hər an,

Məni qorxutmayıb nə kədər, nə qəm.

İçimi acılar sardığı zaman,

Onda da ümidlə gülümsəmişəm.

Mənim ümidlərim ruhuma pərçim

Aldığım, verdiyim nəfəsim mənim.

Mənim ümidlərim yaşamaq eşqim,

Yaşama səbəbim, həvəsim mənim.

Ümidim üst qatda, varlığım altda,

Bir ömür yaşaram ümidlərlə tən.

Çox şeydən vaz keçdim mən bu həyatda

Amma ümidimdən vaz keçmədim mən.

Sən, əziz oxucum, nəyisə erkən,

"Artıq bitdi" deyib hələ bitirmə.

Nələri həyatda itirsən də sən,

Çalış ümidini əsla itirmə.

Sən güc gələcəksən min dərdə, qəmə,

Qəlbində bir ümid yarada bilsən.

Kimsəsiz olsan da "tənhayam" demə.

Ümidin vardırsa, tənha deyilsən.

Şəhid atası

Sən oğul böyütdün, elə oğul ki,

Vətənçün ömrünü bitirən oğul.

Bu torpaq yolunda öz ölümüylə,

Adına ucalıq gətirən oğul.

Şəhidlik zirvəsi... Həmin zirvəyə,

Ey şəhid atası, oğlun ucaldı.

O elə zirvə ki, fədailərçün

Bir şirin arzudur, şirin xəyaldır.

O zirvə zirvələr içində başdır,

Onu fəth eləmək çətındən çətin.

Oğlun fəth elədi, daha rahat ol,

Bil, hədər getmədi sənin zəhmətin.

Əlinin qabarı, alnının təri,

Onu yetişdirdi igidtək, ərtək.

Verdiyin öyüdü oğlun, ay ata,

Çəkdi sinəsinə, çəkdi sipərtək.

Vətən kəlməsini, vətən sözünü,

Hər sözdən yüksəkdə o tuta bildi.

O sözü bir kimsə unutmamaqçün,

Oğlun öz-özünü unuda bildi.

Bilirəm ağırdır çəkdiyin acı,

Bu da bir yazıdır, sənə yazıldı.

Oğlunun adicə torpaqda deyil,

Vətənin köksündə qəbri qazıldı.

Vətənin köksünə gömülən ərlər,

Ölməzlik adını daşıyır bil ki,

Bu ölüm xoş duyğu, bu ölüm həzdir,

Bu ölüm sadəcə ölüm deyil ki.

Başını dik saxla, belini şax tut,

Şəhid atasısan adın müqəddəs.

Doğrudur, çəkdiyin dərd elə dərddir,

Dağ üstə yükləsən, dağ çəkə bilməz.

İtirmə əzmini, qətiyyətini,

Çalış ki ürəyin səbirlə dolsun.

Kim ki verən zaman başsağlığını,

Dedin "Baş nədir ki, Vətən sağ olsun"

Səndəki bu eşqə, mən bu sevgiyə,

Bilmirəm nə deyim, şəhid atası.

O böyük qəlbinin önündə durub,

İzn ver baş əyim, şəhid atası.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 2
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru