Türk dünyasının diplomatiya inciləri - kitab təqdimatı
Aprelin 7-də Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahında Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri, filologiya elmləri doktoru, professor Vilayət Quliyevin müəllifi olduğu “Polşa-Litva tatarları Azərbaycanda” adlı kitabın təqdimatı keçirilib. Əsər "Türk dünyasının diplomatiya inciləri” kitab seriyasının yeni nəşridir.
YAZİCİ.AZ xəbər verir ki, tədbirdə diplomatik korpusun nümayəndələri, mədəniyyət və ictimai-siyasi xadimlər, beynəlxalq təşkilat rəhbərləri iştirak ediblər.
Kitabda Polşa-Litva tatarlarının Azərbaycan tarixində, xüsusilə də Azərbaycan Xalq Cümhuriyyəti dövründə oynadıqları mühüm rol geniş tarixi faktlar və arxiv materialları əsasında işıqlandırılıb.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova bildirib ki, Fond yalnız Türk dünyasında deyil, dünyanın müxtəlif guşələrində yaşayan türk xalqlarının mədəni irsinin təbliği istiqamətində çoxsaylı layihələr həyata keçirir.
O bildirib ki, Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri, ədəbiyyatşünas-alim Vilayət Quliyevin qələmə aldığı və Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr edilən bu kitab Fondun Litva və Polşa ilə mədəni əlaqələrinin gücləndirilməsi, eləcə də həmin ölkələrdə yaşayan türk xalqlarının tarixi irsinin təbliği istiqamətində atılan ardıcıl və məntiqi addımların davamıdır.
“Türk Mədəniyyəti və İrsi Fondu son iki il ərzində beş yeni kitab seriyası təsis edib. "Türk dünyasının diplomatiya inciləri" seriyasından çap olunan ilk iki kitab tarix elmləri doktoru Həsən Həsənovun "Macar–Azərbaycan ortaq etnik kökləri" və Vilayət Quliyevin "Polşa–Litva tatarları Azərbaycanda" əsərləridir. Fond olaraq biz diplomatik irsimizin qorunmasına və təbliğinə xüsusi önəm veririk. Çünki diplomatik münasibətlərin inkişafı eyni zamanda mədəni əlaqələrin güclənməsinə də mühüm töhfə verir,” – deyə Aktotı Raimkulova qeyd edib.
Tarix elmləri doktoru, ictimai-siyasi xadim Həsən Həsənov qeyd edib ki, Azərbaycan elmi və ədəbi irsində, xüsusilə filologiya və tarix sahələrinə aid əsərlər xüsusi yer tutur. Onun sözlərinə görə, son illərdə görkəmli Azərbaycan şəxsiyyətlərinin fəaliyyəti və irsinin təhlilinə həsr olunmuş silsilə əsərlər meydana çıxıb.
Həsən Həsənov bildirib ki, "Polşa-Litva tatarları Azərbaycanda” adlı kitab Polşa ilə Azərbaycanın mədəni və elmi əlaqələrinə, eyni zamanda Azərbaycana ürəkdən bağlı olan şəxslərin fəaliyyətinə həsr olunub. Bu, mühüm bir təşəbbüsdür, çünki tarixi əlaqələr və xalqlar arasında mövcud olan dostluq daha dərindən araşdırılmalı və təqdim edilməlidir.
Xalq yazıçısı, akademik Kamal Abdulla vurğulayıb ki, bu əsər Azərbaycan ilə Polşa-Litva tatarları arasında tarixi-mədəni bağların elmi əsaslarla araşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, kitab bu əlaqələrin daha dərindən öyrənilməsinə və yeni elmi yanaşmaların formalaşmasına geniş imkanlar yaradır.
Əməkdar elm xadimi, professor Solmaz Rüstəmova-Tohidi, Xalq şairi Sabir Rüstəmxanlı, Milli Məclisin deputatı Hikmət Babaoğlu və digər çıxış edənlər əsərin tarixi yaddaşın qorunması, Azərbaycan–Polşa–Litva mədəni əlaqələrinin daha dərindən öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Onların sözlərinə görə, Polşa–Litva tatarlarının Azərbaycanla bağlı tarixi əlaqələrinin elmi əsaslarla araşdırılması həm akademik mühit, həm də geniş ictimaiyyət üçün xüsusi dəyər kəsb edir və gələcək tədqiqatlara geniş imkanlar açır.
Kitabın müəllifi Vilayət Quliyev bildirib ki, əsərin yazılmasında əsas məqsəd Polşa-Litva tatarlarının Azərbaycan tarixi ilə bağlı izlərini sistemli şəkildə araşdırmaq, bu əlaqələrin müxtəlif dövrlərdə necə formalaşdığını elmi mənbələr və arxiv materialları əsasında üzə çıxarmaqdır.
Tədbir bədii hissə ilə davam edib.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0