Tənhalıqda dinc, rahatam - Şəhla Gündüzün şeirləri

May 15, 2026 - 17:16
May 15, 2026 - 17:05
 0  25
Tənhalıqda dinc, rahatam - Şəhla Gündüzün şeirləri

Yazıçı Ədəbiyyat Portalı Şəhla Gündüzün həyat və yaradıcılığı haqqında məlumatı və şeirlərini təqdim edir.

Şəhla Gündüz – Abbasova-Mövsümova  Şəhla Gündüz qızı - şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Xurşidbanu Natəvan " və "Mikayıl Müşfiq " mükafatları laureatı, Prezident təqaüdçüsü, müəllim.

Həyatı. Şəhla Gündüz 12 noyabr , 1957-ci ildə Bakı şəhərində , ziyalı ailəsində anadan olmuşdur. Azərbaycanın dövlət xadimlərindən biri olmuş yazıçı - jurnalist Şəmsəddin Abbasovun ilk nəvəsi, onun oğlu tanınmış aktyor, rəssam, yazıçı Gündüz Abbasovun böyük qızıdır. Anası respublikanin ilk əməkdar yenilikçi – kimyaçısı Mirkamil Məmmədzadə- Qaşqayın qızı, Azərbaycanın əməkdar artisti Ofeliya xanım Məmmədzadədir.Əla oxuduğu üçün Bakıdakı 190 nömrəli onillik məktəbi doqquz ilə bitirmiş Şəhla xanım elə həmin ildə də o zamankı Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olur və həmin fakültəni uğurla bitirib, 20 yaşında Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi pedaqoji fəaliyyətlə başlamışdır.İki oğlu, beş nəvəsi var.

Yaradıcılığı. 2001-ci ildən başlayaraq , Şəhla Gündüz öz şəxsi müəllif layihəsi əsasında "Vətən dərsi" adlı bədii-tarixi-musiqili tədbirlər keçirməyə başlamışdır. Bu, şagirdin yalnız müəllimə deyil, ziyalıya, uşağın valideynə, balacanın böyüyə verdiyi unudulmaz bir "Dərs" idi və 2023- cü ildə Şəhla Gündüz təqaüdə gedənə qədər hər il ən azı, dörd - beş dəfə keçirilirdi."Vətən dərsi” vətənin tarixinə, ədəbiyyatına, coğrafiyasina, incəsənətinə çox gərəkli  və maraqlı, bənzərsiz bir səyahət idi.

Şəhla Gündüzün üç şeirlər diski buraxılmışdır.Bu şeirləri müəllif həmin disklər üçün xüsusi bəstələnmiş müsiqi fantaziyalarının fonunda özü səsləndirir.                         

1."O qadının dedikləri və ya "Yağış təsəllisi".              

2."Qar kraliçam".               

3."Dəli qızam, dərdim dağca!"

Şeirləri..

***
Deyirlər ki, qadın yasda ağlayar.

Ağlaya bilmirəm ki...

Gözlərimdən kin daşır, saxlaya bilmirəm ki...

Bu ürəyim çatlamağa yönəlib, düşmənin nə vecinə?!
Vətənə "Ölüm" gəlib Yeni ilin yerinə !           

 

***
Tənhalığımı soyunsam, üryan qalar fikirlərim, duyğularım, hisslərim.

Gizlinimdən üzə çıxar yaxşılarım, pislərim.
Vallah, yaxşımı görməzlər, pisliyimə gülərlər.
Cildimi cırmazlar, məğzimə varmazlar, məni dəli bilərlər.

Tənhalıq qoruyur məni çox yanlışdan, aldanışdan.
Başını Haqqa yox, Şeytana əyən neçə yaradılmışdan.

Tənhalıqda dinc, rahatam.
Əqrəbi itmiş saatam - vaxtı dayandıra billəm.
Çoxuna anlada bilmədiyimi özümə danışıb qandıra billəm.

Tənhalıqda məkrə, hiyləyə yadam. Əmrlərdən, buyruqlardan azadam.
Ayağımın altını qazmaq istəyənlərdən,

qulağıma "Əriştə"asmaq istəyənlərdən,

xırda bir işdən ötrü boynuma qoyulacaq dağ boyda minnətlərdən,

mənasız söhbətlərdən, qeybətlərdən, töhmətlərdən uzağam.

Paranın hesabına özünü "kişi" sayan erkəklərə yasağam.

Tənhalıqda sükutu cinlədirəm.

Sevdiyim şərqiləri ona da dinlədirəm.

Ürəyimin səsinə qulaq asa bilirəm.

Xatirələr şəhərində itib aza bilirəm.
Elə duyğulanıram - şeir yaza bilirəm.

Gah biganə, gah divanə...
Ehh, ağrım ürəklərinə!
Nə deyirlər-qoy desinlər!

Mən ki, özumə bəlliyəm !

Sirrimə özüm sirdaşam, dərdlərimə təsəlliyəm.

Bir də axı, kimə nə borc ağıllıyam, ya dəliyəm?!

Savabımla, günahımla, ünvan seçib,

tənhalığa apardığım pənahımla bu  mənəm, mən !

Mən beləyəm! Bircə Allaha köləyəm ! Bircə Allaha köləyəm !

 

***
Ürəyim çatlamağa addım-addım yol gedir.

Bu ürək mənimdirsə, sürtük daşa dönməyib,
əzəlki, həmindirsə, mütləq çatlamalıdır!

Bir gün bezib, dözümü dizlərinin altına qatlayacaq.

Əlbəttə, çatlayacaq !

Bu zamanda, bu məkanda görünməmiş günahları,

tükənməyən tamahları,

küçələrdə, parıltılı gecələrdə öz ətini satıb sülənənləri,

əl açıb dilənənləri, dərd dərəsinə düşüb, ağlı dəbərənləri,

əzabla gəbərənləri, pul gücünə özünü dağın başına qoyan, kişi sayan alçaqları,

əyilməkdən donqar olmuş yaltaqları görən ürək çatlamasa,

Mən mən  deyiləm demək!

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 1
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0