Xoşagəlməz hadisə - Nadir Yalçının yeni hekayəsi

İyn 20, 2026 - 17:05
 0  8
Xoşagəlməz hadisə - Nadir Yalçının yeni hekayəsi

Meyitin həniri dağılmayan mənzil ona vahiməli gəldiyi üçün içəri keçmək barədə xeyli götür-qoy elədi. Həm də bilmirdi evdə kim qalıb, kimlə qarşılaşacaq, qarşılaşdığı adamla nə danışacaq, bu vaxt gəlib çıxdığını necə başa salacaq?

Üçüncü mərtəbəyə qədər asta-asta qalxdı. İçəri keçməyə bir neçə dəfə cəhd etsə də, ürək eləmədi, elə həmin sürətlə geri qayıtdı. Bu, dayısını çox sevdiyinə görə deyildi. Onları qohumluqdan başqa heç nə bağlamırdı. Axırıncı dəfə nə vaxt görüşdüklərini də xatırlaya bilmirdi yol boyu. Dayısının ölüm xəbəri onun üçün sabun köpüyü idi.

Hardasa, bir saat əvvəl meyiti məscidə apardıqlarını öyrəndi. Bu kəfən-dəfn söhbətlərindən yaxasını çəkdiyi üçün qətiyyən narahat olmadı. Amma özünü vələsin kölgəsinə verib düşündü: "Gərək, bir müddət anamın gözünə görsənməyim".

Əslində, bilə-bilə gecikməmişdi. Dünən İstanbulda yaşayan dostu gəlmişdi, gecənin bilinməyən saatlarına qədər içmişdilər. Belə olanda telefonu söndürüb yatır, səhərki başağrısına, ürək bulantısına, halsızlığına - adını tapa bilmədiyi bu vəziyyətlərə tab gətirmək üçün yatmaqdan başqa əlac bilmirdi.

Oyananda anasından, bacısından gələn ard-arda zəng bildirişlərini görüb narahat olmuşdu. Telefonda anasının hönkürtü ilə: "Sən hardasan axı?" - sözlərini eşidəndə öz-özünə İstanbuldan gələn dostunu yamanlamışdı, elə onda biryolluq başa düşmüşdü ki, iki nəfərə 0,7 bəsdi, litr çox.

İndi isə bu doqquzmərtəbəlinin qarşısında anasının səsi qulağında cingildəyirdi. İntəhası, başqa şeyləri fikirləşmək istəyirdi; elə bir şey ki, bu günlə, dayısının ölümü və onun xatirəsi ilə əlaqəli olmasın, tamam başqa bir şey. Məsələn, niyə iranlılar Xəzər dənizinə Mazandaran gölü deyir? Yaxud niyə hansı ayda "r" hərfi yoxdursa, həmin ay balıq yemək olmaz?

Ancaq elə bu dəqiqə vələsin kölgəsindən çıxıb dayısıgilə qalxsa, məcbur bunları təsəvvür edəcəkdi: dayısı necə ölüb, öləndə nə deyib, dayısı qızları nə oyun çıxarıblar, anasına, bacısına bu xəbər necə verilib, onlar hansı vəziyyətdə özlərini bura yetiriblər, cənazə evdən çıxanda hansı mərəkə qopub, meyiti bu dar pilləkənlərlə aşağı necə düşürüblər? Bu xoşagəlməz hadisəni təsəvvür etmək ən pis şeyi xatırlamaqdan ikiqat ağır görünürdü ona.

Lap indicə başqa bir şeyi də dəqiqləşdirdi; dayısının ölümü onun üçün sadəcə xoşagəlməz hadisə idi.

Həyətdə qulaqbatıran səs-küydən sonrakı sakitlik vardı. Bir saat əvvəlki çığır-bağırdan - əgər belə bir səhnə olmuşdusa - məhəllənin yaddaşında heç nə qalmamışdı; doqquzmərtəbəlinin girişində kimsə gözə dəymirdi. Meh əsmir, yarpaq titrəmir, quş uçmur, maşın keçmir, məhəllə dükanına müştəri girmir, zivədəki paltarlar  yellənmir, açıq pəncərələrdən küçəyə bir mızıltı belə gəlib çatmırdı. Elə bil hamının əl-ayağı kilidlənmiş, nitqi qurumuşdu. Təkcə məhəllədəki kiçik futbol meydançasında balaca qara it qapı dirəklərinin arasında o tərəf-bu tərəfə qaçır, hələ dərsdən qayıtmayan məktəbliləri yamsılayırdı.

Bu səssizliksə ona bir azdan pilləkənləri qalxıb daxil olacağı mənzildən daha vahiməli gəldi, tez özünü binanın girişindən içəri atdı. Evdə kimlə qarşılaşacağını və necə davranmalı olduğunu təxmin etdi. Dayısı qızları… yox, yəqin, onlar cənazə ilə rayona gedərdilər. Xalaları… Qardaşlarını son mənzilə yola salmaqdan kim saxlaya bilərdi onları? Bəlkə, o biri dayısının arvad-uşağı?.. hə, bax, bu olar…

İkinci mərtəbəyə qalxanda sol qapının arxasından gələn "aaah... ufff" səsini eşidib ayaq saxladı.  Poxmel olanda dörd yandan hücuma keçən sevişmək arzusunun səbəbləri barədə düşündü. Bir tərəfdən də, bu 21 nömrəli mənzildən gələn səs. Bir anlıq əlini həmin qapının cəftəsinə atıb içəri keçmək, bu səsin sahibini görmək istədi. Görəsən, neçə yaşı var? Kiminlə birlikdədir?

Fikirləşdi, üst mərtəbədəki evdə qonşusu ölsə, vay-şüvənlə onu bu mərtəbələrdən düşürdüb basdırmağa aparsalar, cəmi bir saat sonra kiminləsə dəli kimi sevişə bilərmi?.. Sağ çiyni ilə beyninin düz ortasına uzanan damarın içində sanki qarışqa gəzdiyini, görünməz bir əlin damarlarını fasilələrlə sıxdığını hiss etdi. Ürəyi hərdənbir bulansa da, tez-tez udqunub ağzına gələn qatı zəhərlə mübarizə aparırdı.

Məyusluqla bir mərtəbə də qalxdı. Bilmədi, dayısının mənzili sağdadır, yoxsa solda. Bu barədə heç nə yadına düşmürdü. Sağ qapı qırmızı rəngə idi. Qapının kənarları naxışlarla bəzədilmişdi. Soldakı qapı isə bomboz. Fikirləşdi, dayısının qapısı bu qırmızı, naxışlarla bəzədilmiş qapı olmaz. Boz qapıya yaxınlaşıb taqqıldatdı, səmir gəlmədi. Qapıları səhv saldığını düşündü. Çevrilib bir də qırmızı, naxışlarla bəzədilmiş qapıya baxdı. Yenə bu boz qapını döydü. Səs-səmir çıxmadı, qayıtmaq istəsə də, bu dəfə boz qapını bərk döydü. Mənzildən ayaq səsi eşidildi. Qapının gözlüyü qaraldı, kilid şaqqıltı ilə açıldı.

Bax, indi, bəlkə də, çöldə meh əsir, yarpaq titrəyir, quş uçur, maşın keçir, məhəllə dükanı müştəri ilə aşıb-daşır, zivədəki paltarlar  yellənir, 21 nömrəli mənzildən gələn "aaah...ufff"lar açıq pəncərədən küçəyə öz ehtiras nəğməsini yayırdı. Qapını açan Nailə idi.

Hamı ağlından keçmişdi, amma Nailə... Dayısı qızı Vəfanın ən yaxın rəfiqəsi olsa da, onunla burda qarşılaşacağına qəti gümanı yox idi. Yəni bir adam tapılmadı qalıb hər yeri sahmana salsın? Niyə Nailə?.. Bu naqolay təsadüf lapdan qalxan külək kimi hər şeyi silkələdi.

- Buyur, keç, - Nailə təəccübünü gizlətmək üçün gözlərini qarşısında dayanan, çoxdandı üzünü görmədiyi, səsini eşitmədiyi köhnə tanışından yayındırdı.

Başı ilə  salam verib dəhlizə keçdi. Otaqlara göz gəzdirdi. Uşaq vaxtı anası ilə birgə tez-tez gəlirdi dayısıgilə. Demək olar, heç nə dəyişməmişdi. Ən çox divar kağızlarının rəngi  yadında qalmışdı bu evdən. Necə var, elə idi.

Yataq otağında çarpayının üzərində döşək-filan yox idi. Matrasın ortasına dəmir çəkic qoymuşdular. Deyəsən, cənazəni yorğan-döşəkqarışıq aparmışdılar. Çəkicə baxıb gözü yol çəkdi. Onu bu durğunluqdan otağı bürümüş odekolon iyi ayıltdı.

Mətbəxə keçəndə Nailənin çay süzdüyünü gördü:

- Elə burda oturacam.

Nailə armudu stəkana süzülmüş çayı masanın üstünə qoyub qab yumağa qayıtdı.

Nailə də, eynilə divar kağızı kimi heç dəyişməmişdi - beli həmin incəlikdə, qolları namnazik, ayaqları dümdüz, barmaqları xırdaca, üzü ovuc boydaydı. Saçının rəngi parıltısını itirməmişdi. Dodaqları həmin təravətdə idi. Elə bil bu illər ərzində heç kimin əli dəyməmişdi ona. Di gəl, illər əvvəl adidən də adi bir hərəkəti ilə ağlını başdan çıxarsa da, indi Nailənin qabları yuduqca silkələnən əndamı qəti şəhvət yaratmırdı onda.

Xatirələri də boyatlaşmışdı. Bir şey yadına düşəndə o birini unudurdu. İndi o hadisələrin üstündən o qədər vaxt keçmişdi, xatırlamaq da çətin idi nəyisə. Nailə ilə tanışlıqları kino lenti kimi gözünün qabağından keçirdi. Hələ birinci kursda - payız imtahanlarının axırıncısında kamerası olmayan 504-cü auditoriyada ilk dəfə onu öpməyini, ikinci kursun ortalarında qrupla birgə Qaxa səfərlərini, meşənin dərinliklərində - yarpaqların üstündə uzanıb apaydın səmaya diqqət kəsildiklərini... Üçüncü kursun əvvəlində Nizami küçəsindəki restoranların birində  xeyli içib, səhər hardasa gözlərini birgə açıb xeyli utandıqlarını... Çətinliklə hər şeyi yadına salmaq istəsə də, yenə Nailəyə əvvəlki gözlə baxa bilmirdi. Ta ki gözləri onun topuqlarına sataşana qədər. Topuqları da dəyişməmişdi. Necə eyni ölçüdə və ecazkar görünürdü ayaqlarındakı bu çıxıntılar.

Dodaqları qurudu, dünən yedikləri bir-bir gözünün qabağına gəldi, mədəsi boğazına dirəndi, çaydan bir neçə qurtum içib udqundu. Bədənindən daş asıldı.

- Rəngin niyə ağappaqdır? - Nailə bayaqdan hökm sürən səssizliyi pozdu.

- Nə bilim... yəqin yeməyimi qarışdırmışam.

- Ayran alaydın, - Nailə soyuducunu açıb göz gəzdirdi.

- Yaxşıydım, indi nəsə... - canını qurtarmaq üçün bilmədi nə desin, - ərinlə necə yola gedirsən?

Soyuducunun soyuqluğu Nailənin səsinə qarışdı.

- Ərin?.. Mən nə vaxtdı boşanmışam, Tahir müəllim.

Adı qulağında yad söz kimi cingildədi Tahirin, səhər açılandan ilk dəfə idi kimsə adı ilə çağırırdı onu. Həm də gör neçə vaxtdı Nailənin dilindən eşitməmişdi adını?! Təkcə bu yox, indi Nailənin dodaqlarında uçuşan hər tanış söz Tahirə neçə il uzaq görünürdü.

Tahir Nailənin səsindəki qətilikdən çəkinib bu söhbətin üstünə heç gəlmək istəmədi. Əslində, necə evləndiklərini, uşağının olub-olmadığını soruşmaq istəyirdi. O bunların hamısını çox yaxşı bilirdi, xəbəri var idi. Sadəcə hər şeyi Nailənin dilindən dinləmək keçirdi ürəyindən.

"Nə yaxşı, Vəfa ilə hələ də əlaqəni saxlamısız", - dedi.

Nailə son dərəcə amansızlıqla: "Mən ürək qızdırdığım adamlarla əlaqələri kəsə bilmirəm, Tahir", - dedi. Üzündə heç bir ifadə yox idi.

Tahir aldığı cavabdan sonra: "Gərək, ümumiyyətlə bu gün evdən çıxmazdım, - ürəyində özünü yamanladı, - bu qədər qohum-əqrəba var, sən niyə qalmısan burda?" - elə soruşdu, guya bayaqkı sözləri eşitməyib.

- Nə bilim, hamı bir-birinin üzünə şəkləndi, axırda dedim, mən qalaram, - Nailə boşqabları silib yerinə yığırdı.

- Bəs qorxmursan?

- Yox... bilirdim, kimsə gələcək.

- Heç fikirləşmişdin, mən gələrəm? - Tahir Nailənin topuqlarına göz gəzdirdi.

- Bilmirəm, - Nailə əlini qurulayıb qonaq otağına keçdi.

Qayıdanda ayağında ağ corab var idi.

- Mən də gec xəbər tutdum, vaxtında gəlib çata bilmədim, - Tahir barmağını nəlbəkinin kənarıyla gəzdirirdi.

- Zəng eləməmişdi anan?

- Telefon səssizdə idi.

- Yaman acıqlı baxırdı mənə.

- Anamı deyirsən? - Tahir təəccüblə soruşdu.

- Elə hər ikisi, anan da, bacın da, - Nailə istehza ilə gülümsədi.

- Sənə elə gəlib... Gör neçə il keçib köhnə söhbətlərin üstündən.

- Yatanda telefonu səssizə qoymaq vərdişini də tərgitmirsən.

- O qədər lazımsız zəng gəlir, - ayağa qalxıb pəncərəyə yaxınlaşdı, başını azca çölə çıxarıb siqaret yandırdı.

- Bu bilirsən, niyə belədi? Çünki sənin üçün öz rahatlığından vacib heç nə yoxdur... heç olmayıb da...

- Nə bilirsən olmayıb? - Tahir Nailəyə tərəf çevrildi.

- Olsaydı... nəysə, iş-güc çoxdur, məni söhbətə tutma.

Nailə qazın üstünü silir, hərdən telefonda gələn mesajlara baxır, gözünün qırağı ilə Tahirə nəzər yetirirdi. Hərəkətləri, danışığı ilə nə fikirləşdiyini, Tahiri görəndə nələri düşündüyünü, bayaqdan hansı hadisələri yadına saldığını büruzə vermirdi. 

Tahir isə əksinə, hər vəchlə nələrəsə işarə etməyə can atırdı. Bəzən Nailəni qıcıqlandırmaq üçün nəsə deyir, ya bilərəkdən nəyisə əlindən yerə salıb diqqət çəkmək istəyirdi. Mənzilin vahiməsi tamamilə çəkilmiş, otaqlar pəncərədən düşən gün işığı ilə canlanmışdı.

- İllər keçdikcə xasiyyətin lap codlaşıb, - Tahir onun söhbətlərinə məhəl qoymayan Nailəyə incik səslə dedi.

Nailə Tahirin gözünə zillənib: "Məəttəl qalmışam e sənə... neçə vaxtdan sonra hardansa peyda olub bunu mənə necə deyə bilirsən?", - soruşdu.

- Peyda olmusan, deyəndə ki, dayım ölüb, gəlmişəm, nə bilim burda olacaqsan? - Tahir siqaretdən bir qullab da alıb Nailənin qab yuduğu yerə tərəf getdi, siqareti suyun altında söndürüb zibil qutusuna atdı.

Onlar bir nəfəs qədər yaxınıydılar, 504-cü auditoriyada olduğu kimi, ikisi də həyəcanlıydı və Tahir harda olduğunu tamam unutmuşdu.

Nailə gözlərini elə yaxşı-yaxşı qırpırdı, sanki bunu təzə öyrənib.

Öpüşə-öpüşə mətbəxdən otağa keçib boş matrasa yaxınlaşdılar. Nailə daha gözlərini qırpmırdı. Tahir tələsmədən matrasın üstündəki çəkici götürüb xalçaya tulladı. ("Ədəbiyyat qəzeti")

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0