Yazıçı ilə oxucunun müştərək oyunu - Kənan Hacı

Sen 22, 2026 - 15:47
 0  7
Yazıçı ilə oxucunun müştərək oyunu - Kənan Hacı

Yazici.az ədəbiyyat portalı Kənan Hacının yeni yazısını təqdim edir.

Böyük semiotik və yazıçı Umberto Eko “Oxucunun rolu” kitabında yazır ki, mətn yalnız müəllifin diktə etdiyi bir şey deyil. Oxucu da bu prosesdə iştirak edir. O, mətnin boşluqlarını doldurur, məna yaradır, əlaqələr qurur. Oxucu interpretasiya edərək mətni “tamamlayır”. Oxucu işarələri açır, mətnin gizli strukturunu hiss edir.

Eko yazır: “Yaxşı oxucu mətnin tələb etdiyi oxucuya çevrilə bilən şəxsdir”. 

Mətn oxucunu öz qaydalarına uyğun istiqamətləndirir. Oxucu mətnin mənasının yaradılmasında müəlliflə bərabər tərəfdir. Oxucu təkcə müşahidəçi deyil, həm də iştirakçıdır. O, mətndəki emosional boşluqları doldurur, gizli qatları açmaqla bir növ, mətnə çoxmənalılıq qazandırır.

İstənilən mətn natamamdır, müəllif hər şeyi demir, üstüörtülü işarələr dolaşıq struktur yaradır ki, bu da fərqli yozumlara yol açır. Bu yozumlar bədii mətnə nəfəs verir, onu yaşadır. Bu, oxucunun təxəyyülünü, təcrübəsini və analitik təfəkkürünü oyatmaq üçündür. Mətn yozulduqca yaşamağa, canlanmağa başlayır.

Bu, həm oxucuya azadlıq verir, həm də mətnin intellektual bütövlüyünü qoruyur. Belə yanaşma ədəbiyyatı həm canlı, həm təzə, həm də sonsuz dərəcədə çoxqatlı edən əsas prinsipdir. Mətn yazıldığı deyil, oxunduğu anda var olandır. Onun iştirakı olmadan mətn mövcud ola bilməz. 

Əslində bədii mətn, roman, hekayə yazıçı ilə oxucu arasında bir oyundur. Mütaliə hermenevtik prosesdir. Yazıçının ağlında başqa mətləblər dolaşa bilər, oxucu əsəri oxuyub başqa mətləblərə gedib çıxa bilər.

Bir başqa oxucunun beynində isə tamamilə ayrı-ayrı təfsirlər yarana bilər. Bu, impulsiv bir prosesdir və sonsuza qədər davam etməsi mümkündür. Mütaliə anlarında şüuraltı qımıldanır və gözlərini ovuşdurur, müəllif onun oyanmasına təkan verir. 

Mətnin gerçəkliyindən yaxud mistikasından doğan suallar oxucunu çox uzaqlara aparıb çıxara bilər. Çox vaxt yazıçıya belə bir primitiv sual verirlər: Yazdıqlarınız olmuş hadisələrdir? Oxucu yazıçıya bu sualı verirsə, demək onun mətn haqqında təsəvvürü belə yoxdur.

Varqas Lyosa yazır ki, yazıçıya belə bir sual vermək qeyri-etikdir. Avtobioqrafik element üslubdur. Yazıçının bütün həyatı o üslubda gizlidir. Belə bir tiftiklənmiş ifadə də var: “İstənilən yazıçı özünü yazır”. Bu kimi istifadə müddəti bitmiş fikirləri beyinlərdən silib atmaq lazımdır. 

Yazıçılıq təkcə istedadla yaranmır, yazıçı dünya ədəbiyyatı və mədəniyyəti ilə birbaşa əlaqəyə girməyi, intertekstual mətnlər yaratmağı bacarmalıdır. Ciddi ədəbiyyatın yolu burdan keçir.  

Görkəmli mətnşünas Qorxmaz Quliyev “Oxu prosesinə fenomenoloji yanaşma” məqaləsində yazır ki, əgər mütaliə prosesində hər hansı bir qavrayışın əsasında duran subyekt və obyekt bölgüsü yoxa çıxarsa, onda oxucu müəllifin düşüncələri ilə məşğul olmalıdır, onlar da öz növbəsində “sərhədlərin” dəyişməsinə səbəb olur. Artıq mətn və oxucu obyekt və subyekt kimi bir-birinə qarşı durmurlar, bölgü xətti indi oxucunun özünün içindən keçir.

Əlbəttə, elə yazıçılar, şairlər var ki, onların mətnlərinin şərhçiləri olur. Məsələn, ədəbiyyatın ikonik fiqurları Ceyms Coysun, Marsel Prustun, Tomas Eliotun və digər yazıçıların yazdığı əsərləri şərh edən mətnşünaslar var. Onların şərhlərini oxumaqda da böyük fayda var. Onlar bu yazıçıların bələdçiləridirlər. 

Coysu oxuyub anlamaq üçün gərək Hyu Kennerin, Riçard Ellmanın tədqiqatlarına baş vurasan. Marsel Prust dənizində yelkənlərin açılması üçün mütləq Jorj Puletin, Jela Parlanın ədəbi tədqiqatları ilə tanış olmaq lazım gəlir. Eliotşünas V. Tomaçov böyük şairin “Bəhrəsiz torpaq” şeirini deşifrə etməklə bu şeirdəki gizli mənaları, alt qatda gizlənən mətləbləri üzə çıxarmış oldu. 

Ciddi ədəbi mətnlərin yozumları tükənməzdir, hər oxucu nəsli bu əsərlərdə tamamilə fərqli mənaları üzə çıxaracaq və bu proses sonsuza qədər davam edəcək.(Reyting.az)

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru