Ədəbi mükafatların peşəkarlıq sınağı - Əli Zərbəli

İyl 18, 2026 - 15:42
 0  10
Ədəbi mükafatların peşəkarlıq sınağı - Əli Zərbəli

Yazıçı Ədəbiyyat Portalı Əli Zərbəlinin yazısını təqdim edir.

2025-ci ilin dekabrında Azərbaycan Kitab Mükafatının təsis ediləcəyi ilə bağlı mediada yayılan xəbərlər ədəbi çevrələrdə heç də birmənalı qarşılanmadı. Mədəniyyət Nazirliyinin rəhbərliyinin gənc yazarlarla görüşündə nazir müavininin dediklərinə əsasən, qalib müəllifə 50 min manat pul mükafatı, diplom və döş nişanı təqdim ediləcək, qalib gələn kitab 3000 tirajla dərc olunacaq, dörd dilə tərcümə ediləcək və iki ölkədə yayımlanacaq, həmçinin, satışdan gələn gəlir bütövlükdə müəllifə ödəniləcək.

Ədəbi mühitin böyük bir qismi bu dərəcədə yüksək diqqətin və sanballı məbləğin ədəbiyyatımız üçün dönüş nöqtəsi yaradacağına sidqi-ürəkdən inandığını bildirdi. Nəhayət, yazıçıların həyatında yaxşıya doğru həm maddi, həm də mənəvi dəyişikliklər gözlənilir, milli ədəbiyyatımızın addım səsləri artıq dünya səhnəsində eşidiləcək, üstəlik, ölkədə kitab sənayesi də canlanacaq.

Digər qismin reaksiyası isə daha ehtiyatlı, daha doğrusu, sinik idi. Onlar qohumbazlıq, dostbazlıq, tapşırıq kimi sözlərin ölkədə az qala hər sektorun lüğətində ilk beşliyə düşdüyünü xatırlatdılar və bu mükafatın şəffaf, müstəqil, adekvat prosedurlarla keçiriləcəyinə şübhə ilə yanaşdılar. Qaliblər artıq indidən məlumdur, onlar köks ötürərək deyirdi, bu mükafatdan nəsə gözləməyə dəyməz.

Mən özümü konkret olaraq bu iki cəbhədən heç birinə aid edə bilmirəm. Bizdə hadisələrin axarı bəzən elə hal alır ki, ümidli olmaqla özünü arsızca aldatmaq arasında sərhəd tamam itir. Məhz belə vəziyyətlərdə, yəni illərlə davam edən çıxılmaz dövrədə, insan öz daxilində başqa bir müzakirənin şahidi olur: görəsən sinizm səni də öz cənginə alıb, yoxsa sənin seçdiyin mövqe sadəcə olaraq məyusluğa qarşı müdafiə mexanizmidir?

2026-cı ildə reallaşacağı deyilən Azərbaycan Kitab Mükafatı, etiraf edək ki, ölkədə indiyə qədər təsis olunmuş ən irimiqyaslı ədəbi mükafatdır. Sevindirici və ümidverici təşəbbüsdür. Amma bu mükafatın ədəbi mühitdə canlanma və inkişaf gətirəcəyinə inanmamaq üçün də kifayət qədər şübhə var. Məsələn, mükafatın təsisi barədə xəbəri oxuyursan, özündən gizlətdiyin sevinc hissi ürəyinə dolmaq istədiyi məqamda, mətnin sonlarına doğru bir də görürsən ki, yazırlar: 

Mükafatın final mərhələsi şou formatında keçiriləcək, canlı yayımlanacaq, səsvermə və nəticələr ekranda göstəriləcək, dünya şöhrətli yazıçılar isə mərasimdə iştirak edəcək. 

Şou formatı, ekranda göstərilən nəticələr, dünya şöhrətli yazıçılar… Məsələn, kim? Çingiz Abdullayev? Prefrontal korteks artıq var gücü ilə işə düşüb. Beynində cürbəcür suallar tüğyan edir. Mərasimdə tanınmış estrada ulduzları və muğam ustaları da iştirak edəcəklər? Şounun aparıcısı Zaur Baxşəliyev olacaq? Niyə ciddi ədəbi mükafatın təqdimat mərasimi meyxana yarışması və ya “Maşın şou”nun SMS səsverməli televiziya estetikasını təqlid etməlidir? 

Üstəlik, təqdimat mərasiminin tərtibatı axı sonuncu və texniki mərhələdir! Bu mərasimi büdcəyə uyğun olaraq və tədbirin xarakterindən çıxış edərək adətən podratçı şirkətlər təşkil edir. Niyə bizə müsabiqənin təşkili kriteriyalarından, münsiflər heyətinin seçilməsi və fəaliyyəti qaydalarından, ədəbi əsərlərə irəli sürüləcək tələblərdən, şəffaflıq və obyektivliyin qorunması üçün görüləcək tədbirlərdən yox, təqdimat mərasiminin şou xarakterli olacağından və nəticələrin ekranda göstəriləcəyindən danışırlar?

Azərbaycanda ən yadda qalan, ən iddialı və ciddi rezonans doğurmuş ədəbi mükafatlardan biri “Əli və Nino” kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərli tərəfindən 2009-cu ildə təsis olunmuş Milli Kitab Mükafatı (MKM) idi. Müxtəlif mövsümlərdə bu layihəyə Azercell, Bakcell və Bank Respublika kimi iri şirkətlər sponsorluq edirdi. Mükafatın ilk onluğuna daxil olan əsərlər Muğanbank və Bank Standard kimi tərəfdaşların maliyyə dəstəyi ilə nəşr olunurdu. 

Ədəbi mükafatlar bədii ədəbiyyata ictimai diqqət cəlb etmək, müasir ədəbiyyatın sosial əhəmiyyətini artırmaq, cəmiyyətdə kitab oxumağı təşviq etmək məqsədi daşıyır. Mənə elə gəlir ki, Milli Kitab Mükafatı aktiv olduğu illərdə bu məqsədlərə müəyyən qədər nail olmuşdu. Ədəbi mühitdə canlanma yaranmışdı, qələm adamları nisbətən daha həvəsli və ambisiyalı görünürdülər, sponsorluq modeli işləyirdi, qısa siyahıya düşən kitablar dərc olunurdu və oxucuların marağını cəlb edirdi, birinci yerin qalibinə verilən 3000 AZN pul mükafatı isə, dövrü nəzərə alsaq, heç də kiçik məbləğ deyildi. 

Bununla belə, maliyyə dəstəyi və korporativ maraqlara baxmayaraq, mükafat cəmi üç mövsüm davam etdi və uzunömürlü ola bilmədi. Nigar Köçərli layihənin dayandırılması ilə bağlı verdiyi müsahibədə yumşaq formada “yorulduğunu” demişdi: 

MKM cəmiyyətdə həmişə çox rəğbətlə qarşılanıb. Bu doğrudur. Amma orası da var ki, müsabiqəyə qatılan 250 nəfərin içində bir qalib olur və mən bir dost, 249 düşmən qazanmış oluram.

Təkcə bu sitat mükafat ətrafında hökm sürən zəhərli atmosferi və intriqaları təsəvvür etmək üçün kifayətdir. Aydındır ki, Nigar Köçərli “yorulduğunu” bildirəndə mükafatın hər mövsümündə meydana çıxan qalmaqalları və ittihamları nəzərdə tuturdu. Hər dəfə mükafatın qalibləri elan olunanda qiymətləndirmə meyarları və nəticələr ətrafında ciddi narazılıqlar yaranırdı. Ümumiyyətlə, müsabiqənin bəxti lap əvvəldən gətirməmişdi, ilk mövsümdən qalmaqal predmetinə çevrilmişdi. 

Mükafatın ilk ilində on doqquz yaşlı repçi Qaraqan (Elxan Zeynallı) plagiat olduğu iddia edilən romanla qalib seçildi. Növbəti mövsümlərdə də nəticələrin obyektivliyi, münsiflərin qərarları və qiymətləndirmə meyarları ətrafında müzakirələr səngimədi. Mediada müsabiqənin ədalətsiz, qərəzli keçirildiyi ilə bağlı xəbərlər bitib-tükənmirdi. Nigar Köçərli müsahibələrinin birində qeyd edir ki, nəticələr elan olunanda bəzi dostları ondan inciyirmiş. O, layihənin şəffaflığını qorumaq üçün hətta münsiflərə zəng edib onlara hər hansı təzyiq göstərilib-göstərilmədiyini soruşurmuş. Dediklərinə əsasən, bəzən nazir, deputat səviyyəsində münsiflərə tapşırıqlar olurmuş…

Milli Kitab Mükafatının uzunömürlü ola bilməməsinin arxasındakı əsas problemlərdən biri münsiflər heyətinin tərkibi idi. Münsiflər heyəti bədii mətni ədəbi meyarlar əsasında peşəkar qiymətləndirmək üçün lazımi ekspertizaya malik şəxslər əvəzinə, daha çox cəmiyyətdə müəyyən nüfuz sahibi olan ictimai-siyasi xadimlərdən təşkil olunmuşdu. Buna görə də sonradan mediada münsiflər arasında qruplaşmalar və ya münsiflərin kitabları oxumaması haqqında iddialar səsləndirilirdi, bəzi münsiflər isə nəticələr elan olunduqdan sonra səs-küylü bəyanatlarla istefa verirdi. Halbuki, istənilən ədəbi mükafata etimad ilk növbədə münsiflərin peşəkarlığından və səriştəsindən başlayır.

Məqsədim bu yazıda Milli Kitab Mükafatının niyə uzunömürlü olmadığını təhlil etmək deyil. Niyə bizdə belə təşəbbüslər alınmır, yaxud alınsa da, uğursuzluğa düçar olur sualının cavabı üzərində çox da baş sındırmağa dəyməz. Bizdə belə müsabiqələrin şəffaf və dünya standartlarına cavab verən formada alınmamağının səbəbi aydındır. Bizim sponsor, təşkilati prosedurlara dəstək və sair kimi çatışmazlıqlardan daha fundamental problemimiz var – sanki biz etimad yaradan, obyektiv, şəffaf, davamlı və dayanıqlı mədəni mexanizmlər formalaşdıra bilmirik. Hər dəfə yeni bir müsabiqə elan olunanda qələm adamlarının inamını korşaldan, həvəsini öldürən əsas məsələ layihənin qərəzli, ədalətsiz və qeyri-şəffaf keçiriləcəyi ehtimalıdır. Bu isə prosesə ümumi etimadsızlıq yaradır. Belə dərin etimadsızlıq və ruh düşkünlüyü özü-özlüyündə artıq kifayət qədər ciddi siqnaldır.

Bu gün, iyirmi il əvvəlki dövrlə müqayisədə, başqa ölkələrin ədəbi mükafat modellərini öyrənmək üçün nə “insayder” axtarmağa, nə özümüzdən Amerika kəşf etməyə, nə də xaricdən konsultant gətirməyə ehtiyac var. Xarici konsultant onsuz da bizə mahiyyətcə yeni heç nə deyə bilməyəcək. Ortada hansısa sehrli formula, sirli prosedurlar yoxdur. Məlumatlar açıqdır, standartlar və qaydalar əlçatandır, başqa ölkələrin bunu necə etdiyini görmək üçün internetə girib iki-üç linki klikləmək kifayətdir. Obyektiv və adekvat olmaq, qərəzsiz və ədalətli davranmaq, mədəni inkişafı şəxsi əlaqələrin ayağına verməmək, hər şeyi qalmaqala, intriqaya, şouya çevirməmək sonradan kimdənsə öyrənilən keyfiyyət və bacarıqlar deyil.

Ədəbiyyatı və ümumən sənəti diqqət mərkəzinə gətirmək potensialı olan iri miqyaslı bir müsabiqənin təşkilini bəsitləşdirmək, asan bir iş kimi təqdim etmək fikrim qətiyyən yoxdur. Belə işlərin təşkilati tərəflərinin nə qədər çoxqatlı və mürəkkəb ola biləcəyini danmaq olmaz. Bununla belə, sual yenə də aktualdır: Necə olur ki, 10 milyonluq ölkədə bir uzunömürlü, ənənə halını almış, nüfuzlu ədəbi mükafat yaratmaq illərdir mümkün olmayıb? Belə bir təşəbbüsə imza atmaq, onu illər boyu aktual və etibarlı saxlamaq üçün bizdə nə çatmır? Büdcə, resurs? Təəssübkeşlik? Peşəkarlıq? Səriştə? İradə? Etika? Ədalət hissi? Bəlkə keyfiyyətli mətnlər yaranmır? Yoxsa belə bir təşəbbüs göstərmək heç kimin ağlına gəlmir?

Ola bilsin, bu yazıda keçən sual işarələrinin sayı bir qədər əndazəni aşsın. Düzü, məqsədim də elə budur. Bizdə niyə alınmır? Bizdə alınmır, bəli, bunu illərdir təkrarlanan yarımçıq cəhdlərdən, qan qaraldan, məyusedici nəticələrdən yaxşı görürük. Bəs niyə alınmır? Niyə bu işi şəffaf, peşəkar və səriştəli tərzdə görə bilmirik? Bu yazını yazmaqda məqsədim odur ki, bu “niyə” üzərində düşünək və cavabını tapıb aradan qaldırmağa çalışaq.

Ədəbiyyat, ümummiyyətlə istənilən sənət sahəsində keçirilən müsabiqənin ən vacib elementi, etibarlılığının zəmanəti onun əsasında duran peşəkar qiymətləndirmə meyarlarıdır. Bu da bizdəki müsabiqələrin ən həssas, eyni zamanda ən problemli tərəflərindən biridir. Bəzən mənə elə gəlir ki, bizdə oturuşmuş ədəbi meyarlar ümumiyyətlə mövcud deyil. Meyar olmayan yerdə nəticələrin təsadüfi olmağı da qaçılmazdır. 

Mətbuatda və sosial mediada gedən hekayə və roman müzakirələrini, ədəbi tənqidi oxuyanda hər dəfə şahid olursan ki, hətta bizim tənqidçilərin də bir mətnin niyə yaxşı və ya pis olduğunu müəyyən etmək üçün obyektiv meyarları yoxdur. Əlbəttə, ədəbiyyatda dəqiq riyazi düsturlara əsaslanan meyarların olduğunu iddia etmirəm, amma ədəbi ictimaiyyətdə müəyyən ədəbi və estetik tələblər və bu tələblərdən yaranan obyektiv gözləntilər olmalıdır.

Hal-hazırda ölkədə mövcud hekayə və roman müsabiqələrinə nəzər salsaq, struktur və kompozisiyası ala-yarımçıq, məzmun-ideya dərinliyindən kasad, inandırıcılığı zəif, orijinallıqdan məhrum, bədii-estetik tələblərdən kosmik uzaqlıqda dayanan mətnlərin bu müsabiqələrdə qalib gəldiyini görə bilərik.

Son illərdə “TEAS Press” nəşriyyatı tərəfindən təsis olunmuş gənclərin roman mükafatı və “Ədibin Evi”nin təşkil etdiyi hekayə müsabiqəsinin qaliblərinin indiyədək bircə dəfə də müsbət mənada ədəbi müzakirələrin mərkəzinə çevrildiyinin şahidi olmamışıq. Halbuki, rəsmi təqdimatlara əsasən, bu müsabiqələrin məqsədi milli ədəbiyyatın inkişafına töhfə verməkdir.

Əgər müsabiqədə qalib gəlmiş, keyfiyyətinə görə digərlərindən fərqləndirilmiş, pul mükafatları ilə təltif edilmiş qalib mətnlər ən minimal standartlara da cavab vermirsə, onda bu müsabiqələrin seçim meyarları, ümumiyyətlə, obyektivliyi və adekvatlığı haqqında nə düşünmək olar? Çox maraqlıdır, “TEAS Press” tərəfindən təşkil olunan və artıq üçüncüsü başa çatmış müsabiqənin qalibləri haqqında tanışların sosial media paylaşımlarından savayı niyə bir səriştəli ədəbi tənqid yazısı tapmaq olmur? Niyə bu qalib müəlliflər ədəbi mühitdə demək olar ki, heç bir iz buraxmırlar, ciddi qəbul olunmurlar, yaxud da ümumiyyətlə tanınmırlar? Axı bir neçə il davam edən müsabiqənin yaratdığı mənzərə belə olmalı deyildi.

Dünya praktikasından, ümumiyyətlə, sadə məntiqdən də aydındır ki, Azərbaycan kimi kitab bazarı kiçik olan ölkələrdə mədəniyyət üzrə məsul dövlət orqanları ədəbi müsabiqələrin təşkilinə dəstək olmalıdır. Çünki bu müsabiqələrin təşkilində əsas məsələ milli ədəbiyyatın, kitabın, kitab oxumağın, ümumilikdə kitab sənayesinin inkişafını təşviq etməkdir. Bunlar da öz növbəsində mədəniyyətin ümumi inkişafı deməkdir. Mədəniyyət isə mənəvi sfera ilə bağlı bir anlayış olmaqla yanaşı, həm də milli iqtisadiyyatın bir sahəsidir.

Müsabiqə və mükafatları zəruri edən digər vacib məqam isə ölkənin mədəniyyətinin xaricdə tanınması və layiqli təmsil olunmasıdır. Ədəbi mühitdə tez-tez eşitdiyimiz “niyə dünyaya çıxa bilmirik?” sual-gileyinin cavabı da məhz buradadır. Biz özümüzə qiymət verə bilmiriksə, dünya oxucusu bizə necə qiymət verəcək? Xarici nəşriyyatlar və ədəbiyyat jurnalları üçün öz ölkəsində təsdiqlənmiş, öz yerli auditoriyası olan, ədəbi çevrələr tərəfindən qiymətini almış müəlliflər maraqlıdır. 

Xarici ədəbiyyat jurnallarına öz mətnlərinizi göndərəndə onlar müraciət anketində sizdən özünüz və uğurlarınız barədə soruşurlar. Yəni, sən kimsən? Bu vaxta kimi harada dərc olunmusan? Hansı mükafatların uzun və qısa siyahılarına düşmüsən? Hansı mükafatın qalibi olmusan? Bu, bir qayda olaraq, hər yerdə belədir. Təsdiqsiz və dəstəksiz heç yerə çıxmaq mümkün deyil. Bu mənada, bizim problemin kökləri daha dərindədir, çünki bizdə bu tip institusional təsdiq üçün heç bir işlək infrastruktur yoxdur. 

Dünya mediasında mötəbər mükafatların adları keçən cümlələrdə rus, türk, gürcü, bolqar yazıçıların adları niyə tez-tez mübtəda olur? Cavab çox sadədir. Çünki bu ölkələrin ədəbi infrastruktrunda yazıçını beynəlxalq dövriyyəyə daxil edən institutlar və modellər mövcuddur. 2023-cü ildə Beynəlxalq Buker mükafatının qalibi Georgi Gospodinovun təşəkkür nitqinə baxın, çıxışında Bolqarıstan Mədəniyyət İnstitutuna və Bolqarıstanın Londondakı səfirliyinə də təşəkkür etdiyini eşidəcəksiniz.

Bununla belə, nazirliklər və digər dövlət orqanlarının ədəbi müsabiqə və mükafatlara dəstəyi müəyyən bir həddə qədər olmalıdır. Çünki seçim və qiymətləndirmə prosesinin müstəqilliyinə heç bir şübhə ehtimalı da qalmamalıdır. Müstəqil seçim və qiymətləndirmə prosesi dedikdə nəzərdə tutduğum odur ki, ilin ən yaxşı romanı və ya hekayəsi yalnız peşəkar münsiflər heyəti tərəfindən ədəbi meyarlar əsasında seçilməlidir. Prosesdə istisnasız olaraq yalnız ədəbiyyat biliciləri iştirak etməli, qiymətləndirmə və seçimə heç bir inzibati və ya kənar müdaxilə olmamalıdır.

Bu prinsip pozulduqda qərarların sənət baxımından etibarlılığı şübhə altına düşür, ədəbi keyfiyyət arxa plana sürüşür, münsiflərin müstəqilliyi zəifləyir və nəticədə kriteriyaların effektivliyi itir, şəffaflıq azalır. Gürcüstan Yazıçılar Evinin ölkənin Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil etdiyi “Litera” mükafatının tarixində belə bir hal olub. 2021-ci ildə seçim prosesininin müstəqilliyinə şübhə yarandığına görə (münsiflər heyətinin bir üzvünü nazirlik təyin etmişdi) gürcü yazıçılar və əksər münsiflər prosesdən çəkilib mükafatı boykot etmişdi. Daha dəqiq desək, mükafata təqdim olunmuş 110 kitabdan 93-nün müəllif və naşirləri əsərləri geri götürmüşdü, beş münsifdən dördü isə istefa vermişdi.

Ədəbi mükafat üçün hökmən dövlət vəsaitinə, nazirlik fondlarına ehtiyac yoxdur. Gürcüstanın ən nüfuzlu mükafatlarından biri olan SABA mükafatı 2003-cü ildə TBC Bankın sponsorluğu ilə təsis edilib. Bank bu günün özündə də pul mükafatlarını və təşkilati xərcləri qarşılayır, təşəbbüs isə ədəbi çevrənin ortaq layihəsi kimi 2003-cü ildən bu günə qədər davam edir. Bu iyirmi üç il ərzində SABA mükafatı artıq möhkəm ənənəyə, ədəbi infrastrukturun mühüm tərkib hissəsinə çevrilib, müasir imzaların öz karyeralarını formalaşdırmağında, geniş oxucu kütləsinə çatmağında müstəsna rol oynayıb.  

Macarıstanda yaşadığıma və ədəbi prosesləri yaxından izləyə bildiyimə görə, kommersiya sektoru tərəfindən maliyyələşdirilən mükafatlara bir nümunə də bu ölkədən gətirmək istərdim. 2016-cı ildə ölkənin ən böyük kitab satış şəbəkələrindən biri “Libri” tərəfindən təsis edilən eyniadlı mükafat özəl biznes strukturları tərəfindən maliyyələşdirilsə də, müstəqil idarəetməyə sahibdir. On illik davamlılıq, peşəkarlıq və ən əsası, təəssübkeşlik sayəsində Libri artıq müasir macar ədəbiyyatının ən nüfuzlu mükafatlarından birinə çevrilib. Qalib müəlliflərə pul mükafatı ilə yanaşı, media və marketinq dəstəyi də verilir. Mükafatın qalibləri sırasında yalnız ölkə hüdudları daxilində tanınan yazıçılardan tutmuş, geniş oxucu auditoriyasına malik bestseller müəllifləri və “dünya şöhrətli yazıçılar” (məsələn, Laslo Krasnahorkai) var.

Azərbaycanın bəxtsiz Milli Kitab Mükafatını da bu siyahıya əlavə etsək, görərik ki, əsas məsələ pulun haradan gəlməyində, yaxud da məbləğində deyil. Ən əsas məsələ bu təşəbbüslərin necə idarə olunmağı, təşkilati mexanizmlərinin şəffaflığı, qərarların müstəqilliyi, peşəkarlığı, obyektivliyi və etibarlılığıdır. 

Azərbaycanda, demək olar ki, bütün dövlət qurumları ildə bir-iki dəfə məqalə, esse, oçerk müsabiqələri keçirir. Bu müsabiqələrin kifayət qədər mükafat fondu var. Amma bu müsabiqələrə yalnız həmin dövlət qurumlarının əməkdaşları və belə müsabiqələrdə iştirak üzrə ixtisaslaşmış qastrolyor yazarlar maraq göstərir. Ona görə yox ki, müsabiqələr xəlvəti keçirilir, əksinə, mətbuatda həm elanlar, həm qaliblər barəsində məlumatlar mütəmadi dərc olunur – ona görə ki, cəmiyyət bu müsabiqələrə marağını itirib, onlara “quş qoymaq” xətrinə keçirilən tədbirlər kimi baxır.

Azərbaycanda ədəbi mükafatların arzuolunmaz taleləri, oxşar uğursuzluqlara düçar olmaları və nəticədə, bunun yaratdığı dərin ümidsizlik və məğlubiyyət hissi təcili şəkildə diqqət yetirilməli simptomdur. Müalicə olunmadığı təqdirdə vəziyyət deformasiyaya uğramağa davam edəcək və daha acınacaqlı miqyaslara qədər gedib çıxacaq. Bu prosesin məntiqi sonluğundakı potensial mənzərə mənə belə görünür: artıq heç kim və heç nə ciddi qəbul olunmur, müsabiqələrin formal xarakteri ilə hamı barışıb, qaliblər necə gəldi seçilir, ortada heç bir narazılıq, polemika, hətta qaliblərə maraq da yoxdur. Ədalətsiz, səriştəsiz müsabiqələri boykot edən və cəmiyyətdə bu boykotu ilə geniş rezonans doğuracaq bircə adam belə tapılmır.

Bu mənzərəni təsəvvür etmək ölkəmizin rifah səviyyəsinin yüksəlməsini, mədəni inkişafını, ədəbiyyat industriyasının formalaşmasını səmimi şəkildə arzulayan bir şəxs kimi məni çox narahat edir. Amma reallığın bu istiqamətdə getdiyini də xatırla(t)maq lazımdır, məsuliyyət və təəssübkeşlik hissi bunu tələb edir. Bu vaxta qədər təşkil olunmuş ən ciddi, ən iri miqyaslı və ən böyük mükafat fondu olan Azərbaycan Kitab Mükafatının taleyi də bundan əvvəlkilər kimi olsa, bu nokautdan bir də ayağa qalxmaq müşkül məsələ olacaq.

Ən yüksək səviyyədə təşkil olunacaq və ölkənin ən ali ədəbiyyat mükafatı adına iddialı Azərbaycan Kitab Mükafatı bir öncəkilərin səhvlərini təkrarlasa, yəni yenə də obyektiv meyarlar, şəffaf prosedurlar, müstəqil seçim, peşəkar qiymətlərdirmə, səriştəli münsiflər olmasa, yaxud da mükafata inzibati müdaxilələrin qarşısı alınmasa, bu proses milli ədəbiyyatımıza sağalmaz yaralar vuracaq. Xatırlamaq lazımdır ki, ədəbi mükafatlar yalnız şou xarakterli təqdimatlar, “dünya şöhrətli yazıçıların” iştirakı ilə keçirilən mərasimlər deyil. Ədəbi mükafatların əsas missiyası ədəbiyyatda keyfiyyət meyarları formalaşdırmaq, ədəbi prosesi canlandırmaqdır. Bütün bunlar isə son nəticədə milli mədəniyyətin inkişafına xidmət edir. (radiodeyil.com)

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0