Tofiq Abdin: Yaddaş Adamı
Yazici.az ədəbiyyat portalı yazıçı, tərcüməçi Nəriman Əbdülrəhmanlının "Tofiq Abdin: Yaddaş Adamı" yazısını təqdim edir.
I. Bu dünyada son ünsiyyətimiz
...O məşum Ölümdən cəmi bir neçə saat əvvəl mənə zəng eləmişdi: “525-ci qəzet”dəki səhifəsi üçün ortaq dostumuz Xaqani Qayıblının əlli illik yubileyilə bağlı yazı və şeirlərini istəmiş, redaktorla danışıb, Xaqani üçün ayrıca səhifə aldığını demişdi. Sonra Əli bəy Hüseynzadənin yibileyini də xatırlamış, axırda bir həftə əvvəl zəhərləndiyini, son günlər evdən çıxmadığını, indi özünü yaxşı hiss elədiyini, sabahdan işə gedəcəyini, şənbə, ya bazar günü zəngləşib görüşmək istədiyini də söyləmişdi.
İnanmışdım. Səsində çəkdiyi ağrıların çaları hələ hiss olunsa da, gümrahlıq vardı. Təşəkkür-filan eşitmək də istəməmişdi:
- Nə təşəkkür, canım, - demişdi, - əlimizdən gəlir, eləyirik. Özünə yaxşı bax. Gözlərindən öpdüm. Görüşərik.
Amma daha bu dünyada görüşə bilmədik...
Səhəri gün (2014-cü il fevralın 24-də) işlərimi qurtarıb “Facebook”a göz gəzdirəndə donub qaldım: “Kulis”dən paylaşılmış xəbərdə şəkil Çingiz Abdullayevin (Allah ömür versin!) idi, altındansa yazılmışdı: “Tofiq Abdin vəfat etdi”. Nə baş verdiyini dərk eləməyə çalışa-çalışa keyləşmiş kimi yerimdən tərpənə bilmədim. Sən demə, Kəmfürsət Ölüm doğrudan da qaşla göz arasındaymış, marığa yatıb məqam gözləyirmiş...
Ölüm məni yaxalasaydı, inanardım, amma onu belə vaxtsız aparmasıyla indi də alışa bilmirəm. Ölümdən qorxduğunu yarızarafat-yarıciddi dönə-dönə danışmışdı, Ölümü unudandasa həyat eşqi aşıb-daşırdı – bu anlamda mənim yaşıdlarımdan da cavan görünürdü...
Dəfnə gedəndə yolboyu hey yaddaşımda “...və sıralarımızdakıların ölümü” şeirini, bir də başqa bir şeirindən bu misraları təkrarlayırdım:
bu qorxu o tindəymiş,
həmən qarşıma çıxdı...
Bir də yadıma düşdü ki, son şeirlərində, yazılarında “tindəki qorxu”nun təsiri vardı, sadəcə oxuya-oxuya dərk eləməmişəmmiş...
II. Qismət bizi rast gətirdi...
Yaradıcılığına yaxşı bələd olduğu Tofiq Abdini şəxsən nə vaxtdan tanıdığım yadımda deyil; bir o yadımdadı ki, ötən əsrin səksəninci illərinin ortalarında unudulmaz İsa İsmayılzadənin iş otağında rastlaşmışdıq. İsa müəllim məni təqdim eləyəndə salamsız-kəlamsız demişdi:
- Qardaşım, biz yazırıq, əlimiz bala batmayıb ki... Cavan oğlansan, get özünə başqa iş tap, başını cəncələ salma...
Onda tanımaza-bilməzə dediyi o sözlər xətrimə dəymişdi, amma illah da bu gözəlim məmləkətdə yazmağın doğrudan da “cəncəl iş” olduğunu sonralar dərk elədim: artıq geri qayıtmağa nə zamanım qalmışdı, nə də taqətim.
Onda Tofiq Abdin artıq İstanbuldaydı, özü demiş, “birtəhər xanımın hesabına” yaşayır, “Ortadoğu” qəzetində köşə yazarı kimi çörəkpulu qazanırdı. Səkkiz ildən sonra o, İstanbuldan qayıdıb gələndəsə, mən Bakıya üz tutandan bəri on neçəncisə iş yerimdə - “Ulduz” jurnalında yarımştat çalışırdım. Aramızda təntənəsiz-filansız yaxınlıq yarandı: o, yazılarımı bəyəndiyini dedi, mən də şeirlərini sevdiyimi, publisistikada isə Tofiq Abdini fenomen saydığımı (povestlərini sonralar oxuyacaqdım) gizlətmədim.
III. Həmişə düşündüyünü dilinə gətirirdi...
Tofiq Abdin Söz düşüncələrini gizlətmək yox, ifadə eləmək vasitəsiydi, ömrünün sonunacan da buna inamı sarsılmadı...
Onda nə vaxtdan bəri jurnalda işləsəm də, oturmağa masam yox idi, səhər tezdən gəlib əməkdaşlar yığışanacan (bu da saat 11-ə, bəzən 12-yə çəkirdi) boş masalardan birinin arxasında otururdum. Yazıçılar Birliyinin rəhbərliyini bilmirəm, jurnalın redaktoru rəhmətlik Ələkbər Salahzadə məni tam ştata keçirmək, üstəlik, yazı masası vermək barədə “tam ciddi şəkildə” düşünürdü. Həmin vaxt artıq “Qobustan” toplusunda məsul katib olan Tofiq Abdinin də səhərlər işə tez gəlmək şakəri vardı; dərhal da çay dəmləyir, Gülnaz xanımın, ya da özünün tədarük elədiyi nemətləri səxavətlə ortaya qoyurdu. Günorta gəlib-gedən çoxalanda, dəhliz qaynayanda, pərdənin arxasında və otaqlarda süfrələr açılandasa iş saatımız bitir, o qələbəliyin içində darıxa-darıxa qalırdıq. Arabir də ümumi məclislərə qatılmaq, xudmani şəraitdə “yaradıcılıq problemlərindən danışmaq” məcburiyyətindən qaça bilmirdik. Belə ənənəvi məclislərimizdən birində mənim sağlığıma badə qaldırılanda Tofiq Abdin dilini saxlaya bilmədi:
- Qardaşım, - dedi, - bu adamın sağlığına içməkdənsə, tam ştata keçirin, bir stol da verin oturub işləsin. Bu nə əcaib şeydi, anlamıram...
Neçənci dəfə “tam qəti şəkildə” söz verilir, amma o vədlərin sonu görünmürdü...
2014-cü ildə keçirilən XII qurultayın ilk plenumunda rəhbərlik dəyişdi, mən də ərizəmi yazıb işdən getdim...
Sonra Tofiq Abdin də həyatının ən yaxşı günləriylə bağlı olduğu “Qobustan”dan getdi...
O mühitdən mənən mənə yaxın olan, daim ünsiyyət saxladığım iki doğma adam qaldı: Tofiq Abdin və Oqtay Əhmədov...
Mən Azərbaycan Ədəbi Əlaqələr və Bədii Tərcümə Mərkəzində də duruş gətirə, kitab nəşrinin cazibəsindən qaça bilmədim...
Mənim yerməsə... Tofiq Abdin gəldi, az sonra da “Xəzər” jurnalında baş redaktor müavini oldu...
Ünsiyyətimizsə o məşum günəcən davam elədi...
IV. Yaddaş Adamı idi...
Tofiq Abdinin vəfatı günü məni bir neçə məqam təəccübləndirdi: O şair idi, publisist idi, “Əməkdar Mədəniyyət işçisi” fəxri adını alnının təriylə qazanmışdı, amma son məqamda adı jurnalist kimi anılmışdı...
Onunla vida mərasimini, ən azı, Rəşid Behbudov adına Mahnı Teatrında təşkil eləmək olardı, dəfnindəsə əksəriyyəti özündən xeyli cavan olan qələm dostlarından başqa kimsə yox idi...
Bununla belə, Tofiq Abdinin bu qədər populyar olduğu heç ağlıma da gəlməzdi: az qala, bütün kütləvi informasiya vasitələri onun vəfatı barədə xəbər vermişdilər – hər halda, internetdə yüzə yaxın xəbərə, onlarla məqaləyə rast gəldim – bu, ona ana südü kimi halalı olan SEVGİnin təzahürüydü...
Tofiq Abdin YADDAŞ ADAMIydı...
Son 25-30 ildə Tofiq Abdinin yazdıqlarını yaddaşımda canlandırıram: kimləri xatırlamayıb, kimlərdən yazmayıb, kimlərin mənəvi haqqını qaytarmağa can atmayıb! İllah da öz ədəbi nəslinə mənsub olanları – İsa İsmayılzadəni, Vidadi Paşayevi, Vidadi Məmmədovu, Aydın Məmmədovu, Abbas Abdullanı, Aslan Qəhrəmanlını, Azər Abdullanı, Tofiq Hüseyni, Tanqonu – Tanrıqulu Əliyevi, Böyükxan Bağırlını... onun təqdimatında tamamilə başqa cür tanımışıq...
V. Poeziyada da, publisistikada da öz nəfəsi vardı...
Özünəməxsus poetik səsi, iddiasız nəsri, canlı publisistikası, peşəkar tərcümələri olan Tofiq Abdin yazılarının arxivini saxlamağı sevirdi, bununla belə, əsərlərini sistemli şəkildə çap etdirib üzə çıxara bilmədi – bu da onun qəribəliklərindən biriydi. Söhbətlərimizdə dəfələrlə əsərlərinin çapı barədə danışmışdıq, hər dəfə də ürəkdən söz verir, amma heç cür nəzərdə tutduqlarını gerçəkləşdirə bilmir, dediyinə görə, hövsələsi çatmırdı.
Tofiq Abdinin şeirlərini ikicə misrasından tanımaq olur – o şeirlərdə öz nəfəsinin möhürü var...
Tofiq Abdinin nəsri 60-70-ci illər kontekstində son dərəcə maraqlıdı – “Adlerdə bir körpü var” və “Qürbətdə ölüm havasında” əsərlərini Əli Kərimin “Pillələr”, İsa İsmayılzadənin “Mənim qəribə dünyam” povestləriylə yaxınlaşdıran qəribə məqamlar duyulur...
Tofiq Abdin publisistikamıza yeni nəfəs, özünəməxsus formalar, çeviklik, dinamizm gətirib – bunu danmaq olmaz...
Amma mən Tofiq Abdinin xətrini məhz ölümsüz yaddaşına görə çox istəyirdim. O, xatırlamağı və xatırlatmağı sevir, bunu, az qala, mənəvi borcu sayırdı. Gedənlərə borcunu, qalanlara sevgisini vermək elə bil onu rahatladır, daha da cavanlaşdırırdı...
Bəlkə də “tində gözləyən qorxu”nun, bəlkə də “unudulmaq qorxusu”nun təsiriydi, mənə deyirdi, başıma bir iş gəlsə, arxivimlə sən məşğul olarsan – bunu dəfn günü ortaq dostumuz Maarif Soltan da dilinə gətirdi. Onda ancaq ürək-dirək verirdim, amma qeyri-şüuri bioqrafiyasıyla bağlı yazılarını, müsahibələrini, haqqında qələmə alınmış yazıları elektron qovluğa yığıb səliqəyə salırdım ki, yetmiş beş yaşında sürpriz eləyim. Həmin toplunu nəşrə hazırlayanda da onun nə qədər maraqlı ömür və yaradıcılıq yolu keçdiklərinin bir daha dərk elədim...
Əcəlsə aman vermədi. O qovluğa nekroloqlar, ölümündən sonra dostlarının söylədikləri, vida sözləri əlavə olundu...
VI. Layiqli yubileyini görə bilmədi...
Özü 1941-ci il sentyabrın 1-də doğulduğunu “qondarma” sayırdı; anasının dediyinə görə, yazda dünyaya gəlibmiş, amma doğum şəhadətnaməsində yazılmayıbmış. Sonralar doğum gününü dəqiqləşdirməyə ehtiyac yarananda bədahətən ağlına bu rəqəm gəlib, beləcə, özünə ad günü müəyyənləşdirib. Əlbəttə, bu fakt da Tofiq Abdinin taleyinə və xasiyyətinə tamamilə uyğun gəlir. Bir də ki, onsuz da insan ömründəki hər hansı bir rəqəm ancaq keçmişin xatirələrini, həm də həmin insan barədə olub-keçənləri yada salmaq üçündü...
2011-ci ildə Tofiq Abdini Tiflisə, Qarayazıya – unudulmaz şairimiz İsa İsmayılzadənin 70 illik yubiley tədbirinə apardıq. Abbas Abdulla, Tofiq Abdin və Nurafiz qatarla Böyük Kəsiyəcən getdik, orda Tapdıq Yolçu bizi qarşılayıb Rustavidəki evinə apardı, sonra Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin rəhbəri, “Varlıq” Mədəniyyət Mərkəzinin sədri Rafiq Hümmətin təşkilatçılığıyla Tbilisidə, A.Qriboyedov adına teatrda mərasim oldu. Onda hər cür rəsmiyyətdən qurtarmaq üçün tədbiri aparmağı Tofiq abinin boynuna qoyduq.
Ömründə belə məclislər aparmadığına görə, xahişimizi çətinliklə qəbul elədi, tədbirsə bəlkə də elə onun orijinal improvizələriylə daha çox yadda qaldı. Sonra Qarayazı qəbiristanlığında İsa İsmayılzadənin, həm də Tanqonun – Tanrıqulu Əliyevin - məzarına baş çəkdik, adını daşıyan məktəbdə görüş keçirdik. Tədbirin davamısa qələm dostları, şair-dramaturq Hidayət Orucovun yardımıyla A.Şərifzadə adına Aktyor Evində oldu.
Onda Tofiq Abdinin çox səmimi, izafi təntənədən uzaq keçən Gürcüstan səfərindən nə qədər böyük təəssüratla qayıtdığının şahidi oldum. Üstəlik, “Yubiley, nə yubiley...” başlıqlı heyrət dolu yazı da qələmə almışdı. Hər görüşəndə orda ünsiyyətdə olduğu adamları – Fərhad Xubanlını, Tapdıq Yolçunu, Afiq Muxtaroğlunu, Akif Xansultanlını, Cambul Məmmədlini... xatırlayır, bəzən adlarını qarışdırsa da, hamını yada salır, deyirdi, kaş ömrüm çata, mənim də belə bir yubileyim ola. Üstəlik, çox sevdiyi gürcü çaxırını və sosiskanı unuda bilmirdi, az qala, hər dəfə bu nemətləri peşkəş elədiyinə görə Nurafizə minnətdarlığını çatdırmağımı istəyirdi.
Yazıçılar Birliyi, Mədəniyyət və Turizm Nazirliyi, Salyan Rayon İcra Hakimiyyəti Tofiq Abdinə sağ vaxtında – 70 illiyində - bu sevinci yaşada bilərdilər...
Amma eləmədilər. Yəqin, özlərinə görə arqumentləri var. Tofiq Abdinsə artıq bu fani dünyada yoxdu, zamansız, məkansız, yaddaşsız yerdədi...
Nurafizlə sözləşmişdik ki, bu yay fürsət tapıb yenə müəyyən bir bəhanəylə Tofiq abini bir neçə günlüyə Gürcüstana aparaq...
Bu niyyətimiz də baş tutmadı, fələk aman vermədi...
VII. Əvəzsiz yaddaş adamı itkisi...
Yaradıcılığa 60-cı illərin əvvəllərində qədəm qoymuş Tofiq Abdin Bakının ilk hippilərindən – uzun saç saxlayıb, cins geyinənlərindən, xarici musiqiyə, xüsusilə caza meyl göstərənlərindən, üstəlik də qalstuku cins köynək və kostyumla barışdırmağa çalışanlarından - idi...
Bununla belə, o, milli heysiyyətini də diri saxlamağı bacarırdı: gəncliyində milli oyanış hərəkatına qoşulmuş, bununla bağlı başı bəlalar da şəkmiş, “dəniz qırağı”nın qonağı olmuşdu...
O vaxt eyni həyatı yaşayanların əksəriyyəti yaşlaşdıqca dəyişdilər, başqalaşdılar, Tofiq Abdinsə dəyişmədi, axıracan ömür improvizələrinə sadiq qaldı...
Tofiq Abdin təkcə yaradıcılığı ilə yox, həm də bütün həyatı, xarakteri və yaşam tərzi ilə “redaktəyə” yatmayan insan idi. Hərəkətləri, dəsti-xəttiylə hamıdan fərqlənməyə can atmırdı, sadəcə belə düşünürdü, dünyanı belə qavrayır, insanları bu cür qəbul eləyirdi. Adətən, cavanlığında dəli-dolu olan adamlar yaşlananda ağırlaşır, təmkinli olur, həyat tərzində və xasiyyətində dəyişiklik eləyirlər. Amma o, bu “ölçüyə” də uyğun gəlmədi, əlli il əvvəl necə yaşamışdısa, ömrünü eləcə də başa vurdu.
Bununla belə, Tofiq Abdinin kövrələn, uşaqlaşan, hətta acizləşən vaxtları da az olmurdu: kimdənsə gözləmədiyi isti münasibət görəndə kövrəlir, uzaq xatirələri qəfil yaxalayanda uşaqlaşır, dost-tanış itkisi ilə üzləşəndə acizləşirdi. Ancaq hansı vəziyyətə düşür-düşsün, səmimiyyətindən bir qətrə də itirmirdi – bu da Tofiq Abdinə xas sifət idi...
Vidadi Paşayev, Vidadi Məmmədov, Natiq Səfərov, Aydın Məmmədov... kimi Tofiq Abdin də ədəbi aləmin uzun müddət xatırlanacaq, cismani yoxluğu çətin qəbul ediləcək, haqqında bundan sonra da yazılacaq fenomenlərindəndi...
Amma məndən ötrü ən böyük itki Tofiq Abdinin simasında əvəzsiz bir YADDAŞ ADAMInı itirməyimizdi...
2024, mart
Sizin reaksiyanız nədir?
Bəyən
2
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0