Ağaca çıxan qutab - Ələsgər Əlioğludan uşaq hekayələri
Yazıçı Ədəbiyyat Portalı Ələsgər Əlioğlunun uşaq hekayələrini təqdim edir.
CƏBHƏDƏ QALAN ƏL
Cəbhədə sağ qolunu itirən Əzəmət ordudan tərxis olunduqdan sonra evə döndü. İlk görüşüb-öpüşdüyü də üç yaşlı qızı Dəniz oldu. Tezliklə qohum-qonşular da yığışıb onunla görüşə gəldilər...
Günlərin birində Dəniz atasından soruşdu:
- Ata niyə məni bir əlinlə qucaqlayırsan? Axı həmişə ikiəlli qucaqlayardın... Bəs o biri əlin hanı? Belə heç xoşuma gəlmir...
Əzəmət kövrəlsə də, özünü birtəhər ələ alıb qızına cavab verdi:
- O biri əlim cəbhədədir, qızım!..
- Niyə cəbhədə qoyub gəlmisən?
- Düşmənlərə qarşı döyüşür...
- Bəs haçan gələcək?
- Müharibə qurtaranda!..
Dəniz hər gün arzulayırdı ki, müharibə tez qurtarsın və atası da onu hər gün cüt əllə qucaqlasın!..
- Yox, nənə, sayıb dərmişəm!..
ARILARIN TƏZƏ EV-EŞİYİ
Vüsal çəpərin qırağındakı qarağacın yanından keçərkən arıların burada kom bir halda vızıltı saldığını görüb ayaq saxladı. Arılar ağacın aşağı budaqlarından birinə daraşmışdılar. Vüsal qorxub bir az kənara çəkildi və cəld babasının yanına qaçdı:
- Baba, baba, orda bir kom arı var!
- Harda, ay Vüsal?
- Çəpərimizin yanındakı qarağacın budağında...
Baba Vüsalın dediyi yerə gəlib baxdı və nəvəsinə dedi:
- Hə... Əziz balam, arılar beçə verib, indi onları sakitləşdirərəm...
- Beçə nədir, baba?
- Yadına gəlirmi, iki il qabaq əmingilin özlərinə təzə ev tikdirib bizdən ayrıldıqları?
- Bəli, baba!
- Niyə ayrıldılar? Bir yerdə yaşayardıq də.
- Axı evimiz bir az balaca idi. Əmimin bəbəsi bəzən azacıq səs-küyə yuxudan qalxıb ağlayırdı...
- Ay sağ ol, düz tapdın. Evimiz iki ailə üçün darkeş idi. Əmingil də ona görə təzə ev tikdirib ayrıldılar. Arılar da insan kimidir. İndi bu arıların ailəsində də sıxlıq yaranıb. Onlara da təzə ev-eşik lazımdır. Görünür, darısqallıqdan heç havaları da çatmır. Onlar da insanlar kimi rahat ev-eşikdə yaşamaq istəyirlər.
Baba bir boş arı yeşiyi gətirib qoydu qarağacın beçə qonan budağının altda. Sonra şərbət düzəldib yeşiyin boş şanlarına və ağızlığına çilədi... Budağı bir-neçə dəfə ehtiyatla yeşiyin içinə silkələdi... Ana arının da yeşiyə düşdüyünə tam əmin olduqdan sonra qapağı örtdü.
Bir azdan qalan arılar da vızıltı sala-sala yeşiyin ağızlığından içəri doluşmağa başladılar...
Vüsal gülümsəyə-gülümsəyə ucadan səsləndi:
- Təzə eviniz mübarək olsun, ay arılar!
AĞQANADIN NAĞILI
Bala kəpənəklər yeni-yeni qanad açırdı. Nənə kəpənək onları yanına çağırıb öyüd-nəsihət verməyə başladı:
- Əziz balalarım, bizim bu dünyada düşmənimiz quşlardır. Ələlxüsus da sərçələr. Sizə indi başa salaram, onlardan necə qorunmalısınız: Çalışın hər biriniz adınıza, rənginizə uyğun çiçəklərlə dostluq edin. Bax, Ağqanad ağçiçəklərlə, Qırmızıqanad lalələrlə, Göyqanad bənövşələrlə, sarıqanadda qaymaqçiçəklərlə dost olsalar, yaxşıdır.
Balalar hamısı nənənin dedikləri ilə razılaşdı. Təkcə Ağqanad buna ağız büzdü:
- Məni quşlar qovanda çiçəklər neyləyə bilər ki! Onların əlindən bir iş gəlməz. Yenə də əlac öz qanadıma qalar.
Günlər ötüb keçdi. Ağqanad yuvadan çıxıb havada var-gəl eləyirdi. Bu zaman bir sərçə onu görüb qovarağa götürdü. Ağqanad var gücüylə uçub canını qurtarmaq istədi. Havada bir az uçmuşdu ki, nəfəsi təngiməyə başladı. Bu anlarda nənəsinin öyüd-nəsihəti yadına düşdü. Ətrafa göz gəzdirdi. Yaxınlıqdakı ağ çiçəkliyi görüb özünü ora yetirdi və bu çiçəklərin arasında gizləndi. Sərçə çiçəkliyə qonub nə qədər axtarsa da, Ağqanadı tapmadı və oradan uzaqlaşdı.
Sərçənin uçub getdiyinə əmin olduqdan sonra Ağqanad çiçəklikdən çıxdı. Ağ çiçəklərə minnətdarlığını bildirdi və həmin gündən nənəsinin öyüd-nəsihətlərinə əməl edib ağ çiçəklərlə dostluq etməyə başladı.
QOÇAQ AĞAC
Bir gün Ələsgər qardaşı Turquta dedi:
- Gəl hərəmiz bir ağac əkək. Görək kimin ağacı qoçaq çıxır...
Qardaşlar belə də etdilər. Ələsgər bir şaftalı tingi, Turqut isə bir qələmə çubuğu əkdi. İkinci ildə Turqutun qələməsi boy atıb Ələsgərin şaftalı ağacını keçdi.
Turqut elə hey öyünə-öyünə qardaşına deyirdi ki, mənim ağacım daha qoçaqdır, sənin əkdiyin ağacdan hündür olub!
Aradan həftələr, aylar ötüb keçdi. Üçüncü ilin yayında bir gün Ələsgər bağa gəlib Turqutu yanına səslədi:
- Turqut, ağacını çox tərifləyirdin. Barından dər gətir, yeyək.
Turqut gözlərini döyə-döyə qaldı.
Ələsgər qardaşının qolundan tutub onu özünün əkmiş olduğu şaftalı ağacına sarı çəkdi:
- Turqut, mənim ağacım nübar kimi iki şaftalı gətirib. Biri mənim, biri də sənin. Amma unutma, o ağac qoçaqdır ki, bar-bəhər verir.
ETİBARSIZ QUŞ
Turqut dən yığılmış anbardan bir qarğa tutdu. Ona karton qutudan yuva düzəltdi. Quşa bir həftədən də çox qayğı göstərdi, dənini, suyunu bol elədi. Ona elə gəlirdi ki, qarğa artıq bu yuvaya öyrəşib. Buna görə də günlərin birində yuvanın ağzını açıb quşu bayıra buraxdı.
Qarğa yuvadan çıxan kimi pırıldayıb uçdu və bir anın içində gözdən itdi. Turqut nə qədər gözləsə də, quş qayıdıb gəlmədi.
Oğlan çox kefsizlədi. Axır dözməyib ürəyini babasına açdı:
- Baba, mən qarğamı buraxdım ki, qonşumuz Zaurun göyərçinləri kimi gəzib-dolansın, sonra da yuvasına qayıtsın. Ancaq o, qayıtmadı.
Baba acı bir təbəssümlə üzünü nəvəsinə tutub dilləndi:
- Turqut, göyərçin etibarlı quşdur. Qarğa isə yox. Sən qarğanı göyərçinə tay tutma. Qarğa göyərçinin bir dırnağı da ola bilməz. Göyərçin olan yerdə əmin-amanlıq, sülh hökm sürür. Qarğa olan yerdə isə qarıltı aləmi başına götürür. Qarğa harda yem tapdı, elə orda da bənd alır, yuva heç yadına düşmür. Bu dediklərimi yadında saxla, bala. Bir də ki, heç kefini pozma. Sənə də göyərçin alaram. Onu bəsləyərsən!
AĞACDAN YIXILAN AYI
Boz ayı səhərdən meşəni başdan-ayağa, ayaqdan-başa dolansa da dişinə çəkməyə bir şey tapmamışdı. O, fikirli-fikirli gəzinərkən yaxınlıqdakı ağacın başında bir dələnin atılıb-düşdüyünü gördü. Hərislikdən gözləri par-par parıldadı. Cəld həmin səmtə yaxınlaşdı və ağaca dırmaşmağa başladı.
Ayının ona yaxınlaşmaqda olduğunu görən dələ yuxarı qalxdı. Ancaq ayı onu gözdən qoymur, arxasınca düşüb tutmaq istəyirdi. Daha onların arasında elə də məsafə qalmamışdı.
Ürkək-ürkək arxasına göz gəzdirən dələ ağacın lap yuxarısındakı nazik budaqdan sallaşdı. Aclıqdan yıxılmağı belə gözünün altına almayan ayı da həmin nazik budaqdan sallaşmaq istədi. Bu zaman budaq ayının ağırlığına tab gətirməyib sındı və o, daş kimi yerə düşdü.
Dələ artıq yaxınlıqdakı ağacın başına atılmışdı. Sakitcə dayanıb yerdə zarıyan ayıya tamaşa edirdi.
QOPARILMIŞ GİLAS QANADI
Yaz gəlmişdi. Bağda ağaclar çiçək açmışdı. Balaca Zaur gilas ağacının aşağı budağından bir nazik qanad qoparıb evə gətirdi və su dolu bir qaba qoydu.
Bunu görən baba ona hirsləndi:
- Zaur, heç utanmırsan? Bu nə işdır tutmusan? Bu çiçəklərin hər biri az sonra gilas olacaqdı.
Zaur dilləndi:
- Baba, bilirəm. Özüm bu qanadı gətirdim ki, evimizdə də gilas olsun. Bir bax, suyun içinə qoymuşam.
Baba acı bir təbəssümlə dilləndi:
- Mənim balam, ağacın bar verməsi üçün təkcə su deyil, günəş də, torpaq da lazımdır. Üstəlik, kökü də olmalıdır ki, torpağın alt qatına işləyib dad-tam yığa bilsin! Başa düşdün?
Zaur gec də olsa, səhvini başa düşüb susdu.
AZMIŞ DURNA
Payızın soyuğu hiss olunmaqda idi. Qusların köçü başlamışdı. Bu zaman bir durna dəstədən gen düşmüşdü. İndi hansı səmtə uçacağını bilmirdi. Elə havada dövrə vura-vura qalmısdı. Birdən qarşısına bir bulud karvanı çıxdı.
O, üzünü bulud karvanına tutdu:
- Hara belə gedirsiniz, ay buludlar?
Bulud topalarından biri dilləndi:
- Biz getmirik, gəlirik. Hamımız da qarla, buzla, çən-çisəklə yüklüyük. Gəlişimizlə qışı bu ellərə gətiririk. Gəl bizə qoşul, göy üzünü gəzək, dolaşaq!..
- Yox, mən sizə qoşula bilmərəm. Amma hansı səmtdən gəlirsiniz, onu mənə göstərin. Mənim öz yoldaşlarım var, onları gəzirəm...
Həmin bulud topası uçub gəldikləri səmti durnaya göstərdi.
GÜNƏŞ VƏ BULUD
Günəşin buluddan heç xoşu gəlmirdi. Çünki bulud tez-tez qanad çalıb günəşin qabağına keçirdi. Axırda günəş möhkəm qəzəbləndi və nəfəsilə onu yandırıb-yaxmağa başladı. Günəşdən qorxuya düşən bulud bıldır-bıldır göz yaşı axıtdı. O qədər, o qədər ağladı ki.
Günəş bir də göz gəzdirdi ki, bulud göy üzündə yoxdur... Damcılara dönüb harasa qaçıb.
Günəşin əlindən başını götürüb yerin altda qaçan bulud yaz ağzı göy donunu dəyişib, al-yaşıl geyinərək yavaş-yavaş üzə çıxdı. Dərədə-düzdə görünməyə başladı. Elə düşündü ki, günəş onu tanımayacaq.
Ancaq nə vaxtdan bəri buludu yerdə gəzib axtaran günəş diqqətlə baxıb onu tanıdı. Daha qəzəblənmədi. Nəfəsilə ona sığal çəkdi, onu isindirdi.
Günəşin hərarətindən bulud yavaş-yavaş qol-qanad açmağa başladı.
LOVĞA SÖYÜD
Arxın qırağındakı söyüd yellənə-yellənə elə hey özünü öyürdü: "Mən ömür boyu tufanlara sinə gərmişəm. Ancaq həmişə də məğrur dayanmışam. Məni heç nə yıxa bilməz. Heç şimşəkdən də qorxub-çəkinmirəm!"
Arxqırağı cərgələnmiş çinar, cökə və qarağac onun bu davranışını kinayəli bir baxışla süzüb acı-acı gülümsəyirdilər. Axırda qarağac hövsələsini basa bilmədi:
- Ay söyüd, az lovğalan, az özünü öy!.. Neçə yaşın var ki?
Söyüd təşəxxüslə dilləndi:
- Payızda otuz yaşım tamam olacaq.
- Bəs bilirsənmi o böyründəki çinarın neçə yaşı var?..
- Yox, bilmirəm...
- Di onda bir onun özündən soruş.
Söyüd ədalı bir görkəmdə dilləndi:
- Ay çinar, neçə yaşın var?
Çinar başını ağır-ağır qaldırdı:
- Keçən yaz yüz əlli yaşımı tamamladım...
Qarağac:
- Görürsənmi, ay söyüd, səndən beş dəfə böyükdür. Sən neçə dəfə tufan görmüsənsə, o, beş qat artıq görüb. Amma heç sənin kimi lovğalanmır...
Aradan bir müddət keçdi. Günlərin birində havada yüngülcə meh vardı. Birdən söyüd gövdə-sindən qopub "vay budarlarım, vay budaqlarım" deyə çığıra-çığıra yanıüstə düşdü... Söyüdün son nəfəsi idi. Zarıya-zarıya qalmısdı. Onun gövdəsi üzülən yerdən neçə-neçə başı qara və bədəni ağımsov ağacqurdu üzə çıxırdı.
AĞACA ÇIXAN QUTAB...
Nənə həyətdə oynayan nəvələri Turqutu və Ələsgəri yanına çağırdı.Onların hərəsinə təzəcə bişmiş bir qutab verdi. Bu zaman qonşu uşağı Ələsgəri çəpərdən səslədi. Oğlan qutabı həyətdəki skamyanın üstə qoyub çəpərə yaxınlaşdı...
Bir azdan o geri qayıtdı və baxıb gördü ki, qutab skamyanın üstündə yoxdur... Ələsgər qardaşından soruşdu:
- Ay Turqut, mənim qutabım hanı?
Turqut acı bir təbəssümlə cavab verdi:
- Mən gəlib götürüncə ağacın başına çıxdı...
- O nə deməkdir, ay qaqaş, qutabın əl-ayağı var ki, ağaca çıxa?
Turqut:
- Pişiyin ağzında!.. - deyə cavab verdi. Ələsgər ağacın başına göz gəzdirdi. Ağacın haça budağında çönbəlmiş halda dayanan pişik pəncəsi ilə ağzını-burnunu silib-təmizləyirdi...
Sizin reaksiyanız nədir?
Bəyən
1
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0