Qayğıkeş külək - Mina Rəşidin uşaq hekayələri

Mar 30, 2026 - 14:25
Mar 30, 2026 - 14:29
 0  14
Qayğıkeş külək - Mina Rəşidin uşaq hekayələri

Yazıçı Ədəbiyyat Portalı Mina Rəşidin uşaq hekayələrini təqdim edir.

Xeyirxah rənglər

Rənglər yan-yana düzülmüşdü. Qara rəng yenə ağ rəngə söz atmağa başladı:

- Sən ağappaq turp kimisən. Rəngin elə ağarıb ki, elə bil kimdənsə bərk qorxmusan. Sənə bir ləkə düşsə, çətin təmizlənərsən, ha, ha, ha...


Ağ rəng bu dəfə ona cavab vermək istəmədi. Düşündü ki, onsuz da ona cavab verməyin mənası yoxdur. Qara yenə öz bildiyini edəcək. Ona qoşulduqca daha da həddini aşacaq. Qara isə söz ehtiyatı bitənə qədər danışdı. Axırda gördü ki, ona baş qoşan yoxdur. Pərt oldu...


Bir azdan rənglər əl-ələ verib bir uşaq evciyini rəngləməyə yollandılar.

Heç kəs qara rəngin əlindən tutmadı. “Kobud, qoy tək qalsın”- deyə, dostları ondan uzaq durdular...


Rənglər göyçək bir qızcığazın evciyini elə gözəl bəzədilər ki, uşaq sevincindən atılıb-düşdü. Sonra üzünü rənglərə tutub dedi:
- Sağ olun, mənim əziz, mehriban dostlarım. İndi mən qonaq çağıra bilərəm. Gör nə qəşəng evim oldu!


Rənglər yorulmuşdular. Onlar bir ağacın kölgəsində oturub dincəlməyə başladılar. Çəhrayı rəng dostlarına dedi:

- Biz gərək həmişə xeyirxah işlər görək. Gördünüz, balaca qız necə sevindi. Yoxsa qara rəng kimi, ona-buna söz atır. Elə bil başqa işi-gücü yoxdur. Səhər də ağ rəngi incitdi...


Bütün rənglər Çəhrayının dediklərinə şərik oldular. Qara isə boynu bükük, tək qalmışdı. Rəngi də lap qaralmışdı. Deyəsən, səhvini başa düşmüşdü. Başını qaldırıb bir kəlmə belə söyləmirdi...

Biri vardı, biri yoxdu. Səma adında balaca bir qız vardı. O, lap kiçik yaşlarından ata-anasını Qarabağ müharibəsində itirmişdi. Buna görə də nənəsinin himayəsində yaşayırdı. Sənəm nənə doğma yurd, övlad itkisindən dərd içində idi. Getdikcə bu dərd qəriblikdə onun belini bükürdü. Sənəm nənəni bu həsrət daha da qocaltdı. Bir gün o da dünyasını dəyişdi. Səma lap yalqız qaldı. Hönkür-hönkür ağlamağa başladı. Bunu görən külək hay-harayla qızın yanına gəldi. Sakitləşib mehribanlıqla ondan soruşdu:

 

- Niyə ağlayırsan, de görüm, sənin xətrinə kim dəyib?

 

Səma küləyin qayğıkeşliyindən daha da kövrəldi. Sonra o, yavaş səslə dedi:

 

- Bircə nənəm vardı. O da məni tək qoyub başqa dünyaya getdi...

 

Külək fikrə getdi... O düşünürdü ki, bu balaca qıza necə kömək edə bilər. Birdən uğultuyla əsməyə başladı. Tapdım, tapdım deyə, sevinclə dilləndi...

 

Külək kəndin bir kənarında yaşayan Xeyir nənəni tanıyırdı. Nənə həmişə uşaqları əzizləyər, onlara şirin qoğallar bişirərdi.     Amma onun heç nəvəsi yoxdu. O, tək-tənha qalmasın deyə, qonum-qonşunun uşaqlarını özünə həyan bilərdi...

 

Külək bunları bildiyinə sevindi. O, Xeyir nənəylə Səmanı görüşdürmək qərarına gəldi. Ona görə də əvvəlcə nənənin yanına gəldi və dedi:

 

- Xeyir nənə, sənə şad xəbər gətirmişəm. De görüm, balaca qəşəng bir qız sənin nəvən olsaydı neyləyərdin?

 

- Çox sevinərdim, çox... Nənə bunu deyib kövrəldi. Külək uğuldadı və gəlib Səmanın yanında sakitcə dayandı.

 

- İstərdinmi sənin mehriban, xeyirxah bir nənən olsun. Səma təəccübləndi. Axı onun nənəsi yenidən bu dünyaya necə gələ bilər, deyə düşündü... Külək dedi:

 

- Nə düşünürsən? Bu başqa nənədi, amma çox qayğıkeş, mərhəmətli bir nənə... Bilirəm onu da çox sevəcəksən. De görüm indi mənimlə onun yanına getməyə razısan?

 

- Bayaqdan təklikdən ürəyi sıxılan qız razılaşdı...

 

Külək Səmanı qollarına aldı. Ona öz dilində nəğmə deyə-deyə gətirib nənənin evinə çatdırdı. Nənə qızı görüncə çox sevindi. Səma da yavaş-yavaş ona öyrəşməyə  başladı...

 

...Külək dərindən nəfəs aldı... Sanki onun üstündən ağır bir yük götürülmüşdü. Körpəlikdən müharibənin ağrı-acısını dadmış bu balaca qız indi isti bir könüldə qızınacaq. Nənə də, daha yollara baxıb həsrətlə boynunu bükməyəcək... Külək etdiyi yaxşılıqdan özünü xoşbəxt sanırdı... O, həzin-həzin əsdikcə insanlara daha necə kömək edəcəyi barədə düşünürdü...

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0