Bakıda regionun ən böyük kitab sərgisi: 30 ölkə, 59 təşkilat
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 21-dən 27-dək Bakı Ekspo Mərkəzində XII Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcək.
Nazirlikdən Yazici.az-a bildirilib ki, “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” devizi ilə təşkil ediləcək builki sərgidə 30 xarici ölkədən 59 təşkilat, eləcə də 147 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunacaq.
Tədbirdə Azərbaycanın Xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlarla yanaşı, Türkiyə, ABŞ, Norveç, İngiltərə, Polşa, Səudiyyə Ərəbistanı və digər ölkələrin görkəmli yazarları və elm adamları da iştirak edəcəklər.
Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik və digər aktual mövzulara həsr olunmuş kitab təqdimatları, imza günləri, konfranslar, müsabiqələr, qiraət və musiqi saatları təşkil ediləcək. Həmçinin kitab sənayesi nümayəndələri arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş platformalar fəaliyyət göstərəcək.
Bakı Beynəlxalq Kitab Sərgisi mütaliə mədəniyyətinin təşviqi, yerli və xarici ədəbi mühit arasında əlaqələrin möhkəmləndirilməsi, eləcə də kitab sənayesi sahəsində əməkdaşlığın inkişafı üçün mühüm platforma rolunu oynayır.
Builki sərginin fəxri yazarları Xalq şairi Sabir Rüstəmxanlı və uşaq ədəbiyyatı yazarı Reyhan Yusifqızıdır.
Kitab Sərgisi çərçivəsində həmçinin “Ən çox oxunan müəllif 2026” nominasiyası üzrə “Öz yazarını seç” adlı onlayn səsvermə keçirilir.
Oxucular 50 müəllif arasından seçim edərək sevimli yazıçılarına dəstək ola bilərlər. Səsvermə oktyabrın 25-dək davam edəcək.
Səs vermək üçün yazar.bakubookfair.az saytına daxil olmaq və ya afişadakı QR-kodu skan etmək kifayətdir.
Səsvermənin nəticələrinə əsasən qaliblərin mükafatlandırma mərasimi oktyabrın 26-da keçiriləcək.
Siyahı nəşriyyatların, kitab mağazalarının və kitabxanaların təqdim etdiyi təkliflər əsasında hazırlanıb.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0