Bir adam - Müasir qazax hekayəsi

İyl 7, 2026 - 16:44
İyl 7, 2026 - 16:58
 0  8
Bir adam - Müasir qazax hekayəsi

Yazıçı Ədəbiyyat Portalı "Qazax ədəbiyyatı" rubrikasına başlayır.

Nəriman Əbdülrəhmanlının təqdimatında həftədə 1 dəfə bir qazax yazıçısı təqdim ediləcək.

Rubrikanın ilk qonağı "Qazaxıstan Dövlət Mükafatı"na layiq görülən Sain Muratbekovdur.

SAİN MURATBEKOV 

Sain Muratbekov (Sayın Müratbekov, 1936, 15 oktyabr – 2007, 13 mart) – nasir, jurnalist, redaktor. Taldı-Kurqan vilayəti Kapal rayonunun Konur aulunda doğulub. Məktəbi bitirəndən sonra təsərrüfatda və mətbuatda çalışıb. Qazaxstan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirəndən (1963) sonra “Qazax ədəbiyyatı” qəzetində və “Julduz” jurnalında işləyib (1963-1972), Moskvada Ali Ədəbiyyat Kurslarını başa vurub (1971), respublika KP MK-da təlimatçı və bölmə müdiri (1972-1977), “Qazax ədəbiyyatı” qəzetinin redaktoru (1977-1980), QYİ-nın katibi (1980-1984), “Jazuşı” nəşriyyatının direktoru (1984-1986) kimi çalışıb, respublika Ali Sovetinin deputatı seçilib (1984).

Yaradıcılığa ötən əsrin 60-cı illərinin əvvəllərindən başlayıb, “kənd nəsri”nin nümayəndələrindən biri sayılır. “Mənim bacım” (1961), “Aulun işıqları” (1964), “Biçin” (1964), “Gənclər evi” (1968), “Yabanı almalar” (1972), “Yovşan ətri” (1976) onun özünəməxsus mövzuları və qəhrəmanları olduğunu aşkara çıxarıb. Onun bir neçə əsəri və ssenarisi ekranlaşdırılıb. Ədəbi uğurlarına görə bir sıra dövlət təltiflərinə, “Qazaxstanın Əməkdar İncəsənət xadimi” (1997) fəxri adına, Abay adına Qazaxstan Dövlət Mükafatına (1990) və Qazaxstan Dövlət mükafatına” (2006) layiq görülüb.

BİR ADAM

(hekayə)

O, tüfəngi qaldırmaq istədi, amma kəkliklər niyyətini duydular, pırıltıyla yerlərindən qopub yarğanın biri tərəfinə uçdular. Kökəlib, ağırlaşmış quşlar yöndəmsiz halda, bir qədər yanakı, sanki küləyin həmləsini dəf eləyə-eləyə yerə düşən qar dənəcikləri torundan keçib getdilər. Yarğanın o biri tərəfinə çatıb qarın üstünə qondular, daşların arasında vurnuxmağa başladılar. Başları arabir tutqun daş topaları arasında görünürdü.

O da qollarını yöndəmsiz halda yellədə-yellədə, dizəcən qara bata-bata ora qaçdı. Tikan kimi iti qar dənəcikləri sifətinə çırpılırdı, amma ayaqlarını hiss eləmədən, qara da, yarımkürkünün ətəyindən yapışan itburnunun iti caynaqlarına da fikir vermədən qaçır, gözlərini yarğanın o tərəfindən, daşlar arasında vurnuxan kəkliklərin göründükləri yerdən ayırmadan yalnız bir məsələ haqqında düşünürdü. İndi ovun ən məsuliyyətli məqamı yetişmişdi. “Ən azı, ikisini vurmalıyam, - öz-özünə təkrarlayırdı. – Mütləq iki kəklik vurmalıyam. Ən azı... Nə demək olar, hər halda, bəxtim gətirdi!” Bəli, axır ki bəxti gətirmişdi. İndi niyyətini gerçəkləşdirəcək, Əlibek Dastenulını məxsusi “Çox or-ri-jinal” deməyə, heyrət içində “nırç-nırç” səsi çıxarmağa məcbur eləyəcəkdi. “Ən azı, ikisini...”

Qəfildən sol qulağının dibində atəş açıldı. Kimsə çiynindən kəskin tərzdə itələdi, o, müvazinətini itirib qarın üstünə çökdü. Həmin məqamda da yenə lap yaxında, düz böyründə daha bir atəş açıldı. Başı gicəlləndi: nə baş verdiyini dərk eləmədən bir həmləylə dikəlməyə çalışdı, amma yenə, dərin, yumşaq qarın içinə yıxıldı. Onu kim itələmişdi axı? Belə yaxında, düz qulağının dibində atəş açan kim idi? Sol çiynində dözülməz yanğı vardı; sanki o ağrıyla sözləşibmiş kimi, sol budu da zoqquldadı. Hə, başa düşdü! Kəkliklərə atılan güllə ona tuş gəlmişdi! Bəs, o qanmaz kim idi axı? Ehtiyatla sağ böyrü üstə çevrildi, əlinə dayaqlandı bir qədər dikəlib ətrafa boylandı. Kimsə gözə dəymirdi. Yalnız o qədər də şiddətli olmayan, amma inadkar külək cövlan eləyirdi. Bir də dənəvər qarın səpələndiyi bozumtul qaranlıq şökmüşdü. Ov həvəsinə qapıldığına görə, bütün bunları yalnız indi sezdi. Bəs, kəkliklər hanı? Qeyri-iradi ora, bayaq kəkliklərin vurnuxduqları yerə nəzər saldı. İndi daşların arası bomboş idi. “Uçub getdilər! Atəş açılanda havalandılar! Hamısı getdi! Çox təəssüf! Əməlli-başlı kök idilər... Heç olmasa, ikicəciyini vursaydım... Onda Əlibek Dastanulı mütləq ağzını nırçıldadacaqdı”, - təəssüflə beynindən keçirdi. Amma özüylə məşğul olmaq vaxtıydı. Şübhəsiz, ətrafda kimsə gözə dəymirdi. Atəş açan öz tüfəngiydi. Tətiyə ilişmiş itburnu budağı hələ də yırğalanırdı. Lülələrdən də yanmış barıt iyi gəlirdi. Az qala, özünü öldürəcəyi fikrindən halı pisləşdi. “Amma bax, bəxtim məni qorudu, ölümümü istəmədi”, -  sevinc dolu heyrətlə mızıldandı. Üstəlik də qəlbində xoşbəxtlik hissi duydu. Sağdı! Sağdı!

O, sol çiynindəki və budundakı zoqqultulu ağrıya üstün gəlib ehtiyatla qalxdı. Bədənindən dalğa-dalğa xoşagəlməz əsməcə keçdi. Başı gicəlləndi. Nəfəsini dərdi, yarımkürkünün üst düymələrini açdı, sol əlini ehtiyatla yaralı çiyninə toxundurdu. Barmaqları isti, yaş bir şeyə dəydi. Əlini çəkəndə qan gördü. Sol qıçına nə olduğunu yoxlamadan da açıq-aydın bilirdi: şalvarının arxa tərəfində güllənin açdığı deşikdən qan sızır, dümağ qarın üstündə qıpqırmızı iz salırdı. Yenə də yoxlamadan razı qaldı: daxili orqanları zədələnməmiş, sümükləri zərər çəkməmişdi, deməli, yaralar o qədər də qorxulu deyildi. İndi ağlamaq, yoxsa gülmək lazım gəldiyini bilmirdi. Adını ovçu qoyub! Amma artıq ağlamağın faydası yox idi. Gülməyə də dəyməzdi. Necə olur-olsun, yaralanmışdı.

Beynindən keçirdi ki, yaraları sarımaq lazımdı, dərhal da bu cəhdinin nəticəsiz qalacağını dərk elədi. Belə şaxtada qalın yarım kürkünü, üstəlik, pambıq sırıqlı şalvarını soyunub-geyinənəcən, yəqin ki, soyuqdan qıc olardı. Hə, tutaq ki, yenə də soyunub alt köynəyini cırdı, bəs, barmağını sarımağı bacarmadığı halda çiyninə və buduna necə sarıq vuracaqdı? O sarıq uzaqbaşı beş dəqiqədən sonra sürüşüb düşəcəkdi. Yox, yaxşısı budu, heç ləl vurmasın. Bir də ki, yaralar, ümumiyyətlə, o qədər də ağır deyil. Beləcə də kəkliklərin arxasınca gedəcək. Quşlar dərəyə eniblər. Getməyə başqa yerləri yoxdu.

Hətta təkcə şəhərə əliboş qayıtmaq fikri belə, onun üçün dözülməz görünürdü. Amma yamacla dərəyə doğru bir neçə addım atanda ağlı başına gəldi: burda qar hər addımda daha da dərinləşir, keçilməz olurdu. Bir də ki, sonra yuxarı qalxmağa gücü çatacaqdı, ya yox? Üstəlik, o tərəfdə daşdan-daşa atılmaq lazım gələcəkdi. Bir sözlə, nə qədər ki, gec deyil, aula qayıdıb birbaşa ambulatoriyaya getmək lazımdı! Hətta yüngül yarayla belə, zarafat eləmək olmaz. Bax, ötən il cavanca bir oğlan sifətindəki xırdaca sızanağı deşdiyinə görə öldü – qanı zəhərlənmişdi, o zəhrimardansa heç kəs can qurtara bilməz.

O, dəyənək kimi yerə dayadığı tüfənginə söykənə-söykənə öz iziylə geri qayıtdı. Bədənindən yenə əsəbi titrətmə keçdi. Görünür, hələ qəlbinin dərinliklərində gizlənmiş qorxudan qurtula bilməmişdi. Dayanıb gözlədi, özünə sakitləşmək imkanı verdi. Çiyni hələ əməlli-başlı zoqquldasa da, budundakı ağrı kütləşmişdi, bu da onu gümrahlaşdırdı, yenidən yoluna davam elədi.

Qar yuxarıda, açıqlıqda da dizə çatırdı. Dümağ dənəciklər hələ də səpələnir, izlərini doldururdu. İzlər get-gedə kiçilir, cizgiləri tutqunlaşır, az sonra da təzə qar qatı altında tamam yox olurdular.

“Boş şeydi, - o, öz-özünə dedi, - bax, indi iki təpəni aşaram, sonra fermaya ot daşınan kirşə yoluna çıxaram”.

Hər ehtimala qarşı ətrafa boylanıb harda olduğunu müəyyənləşdirdi. Hə, əlbəttə, bax, o uşaqlıq çağlarında tez-tez qaçdığı Kurkuldek dərəsidi, ayaqlarının, yəni, qarın altısa yoncalıqdı. Burdan aulacan altı, uzaqbaşı yeddi kilometr yol var, indi evə hətta gözləri yumulu halda da gedib çıxa bilər. Təki gücü bəs eləsin, çox qan itirməsin. Qansa hələ də axırdı, sol çəkməsinin içi islanmışdı. Köynəyinin və pencəyinin çiyni də qana batmışdı. Bədənində üşütmə vardı, deməli, qızdırması qalxırdı. “Özünü itirmə, qorxulu bir şey baş verməyib, - öz-özünə dedi. – Tezliklə camaatın arasında, isti yerdə olacaqsan. Yaranı sarıyacaqlar, yalnız kəkliksiz qayıtdığına görə təəssüflənəcəksən”. Hə, çox heyif ki, kəklik ovlaya bilmədi. Doğma auluna elə bu niyyətlə gəlmişdi. İstəyirdi ki, Əlibek Dastenulını təəccübləndirsin, kişi “Çox or-ri-jinal!” deyib dilini nırçıldatsın. Amma eybi yoxdu, kəkliklərin məskən saldıqları yeri ki, öyrəndi, hava düzəlsə, elə günü sabah ora qayıdar.

Qalın qar sanki ayaqlarından yapışır, hərəkətini yavaşıdırdı. Yaralı çiyni ağırlaşmış, az qala, yükə çevrilmişdi. Elə tüfəng də yaman ağır imiş, sanki bütöv bir dəmir parçasından düzəldilmişdi - bunu əvvəllər hiss eləməmişdi. Qayışını açıb tüfəngi arxasınca, qarın üstüylə sürüməyə başladı. Hesabladı ki, bu sürətlə getsə, iki saata aula çata bilər. Ola bilsin, kirşə yolunda kimsə rast gəlib götürsün. Lənət şeytana, ot dalınca gedənlər olmalıdı axı! Başlıcası, yaralar yox, başqa şeylər barədə fikirləşməkdi. Hə barədə istəyirsən düşün, amma yaranı yada salma!

Əmisi qızı Batişi, onun oğullarını xatırladı. Səhər ova hazırlaşıb patronları yoxlayanda Batiş borc pul istədi. Dükana uşaq paltarı gətirmişdilər, böyük oğluna palto almaq üçün on beş rublu çatmırdı. Yığışıb, tüfəngi çiyninə salıb çıxanda artıq dükandan qayıdan bacısını və uşaqları gördü. Böyük oğlan üçün nəzərdə tutulan palto kiçik oğlanın əynindəydi, ətəkləri və uzun qolları qarın üstüylə sürünürdü. Paltonun qanuni sahibi, az qala, ağlaya-ağlaya, arabir təzə paltosunu ələ keçirməyə çalışa-çalışa bir qədər arxada gəlirdi. Hər dəfə yaxınlaşanda da balaca oğlan səsini başına atırdı. “Ona toxunma, - Batiş böyük oğluna deyirdi, - bir azdan bezib özü verəcək”. Axır ki, oğlanın ayaqları uzun ətəklərə ilişib yıxıldı, amma itələndiyini güman eləyib ağlagəlməz çığır-bağır saldı. “Uşaq vaxtı Aytaşla biz də beləydik”, - həmin məqamda təsirlənmiş halda beynindən keçirmişdi. Böyük qardaşı Aytaş onun dəcəlliklərinə və şıltaqlıqlarına həmişə səbirlə dözürdü. Bəzən narazılığını qətiyyən üzə vurmurdu. Amma artıq dünyasını dəyişib...

Gözləri yaşla doldu, ağzı üstə yerə uzanıb ağlamaq istədi. Qardaşına görə də, hər şeyə görə də... Yəqin, səbəbi yorğunluq, özünə zəiflik göstərməyi rəva görməsiydi. Amma məhz belə bir zəifliyə yol verməməliydi. “Özünü ələ al, zəiflik göstərmə. Diqqətini topla. Qar elə hey yağır, bu, artıq əsl çovğundu. Tələs! Hava qaralmamış aula çatmaq lazımdı, yoxsa daha çətin olacaq”. İndiyəcən kirşə yoluna çıxmalıydı axı. O yol hara yox oldu? Çökək hansı tərəfdə qaldı? Yenə ətrafa boylandı. Qarla örtülmüş dümdüz çöl uzanıb gedirdi. Gözə heç nə dəymirdi. Amma külək də əsirdi. Kurkuldek çökəyindən çıxanda külək sağ yanağını döyürdü. Deməli, bu tərəfə dönmək lazımdı. İndi hər şey düzdü. Aul, bax, o tərəfdədi...

 

Bəs, sonra nə baş verdi? O, Batişə əl eləyib çölə yollandı. Elə orda, artıq auldan uzaqda da qara itə rast gəldi. Çölün ortasında qurulmuş tələyə necə düşdüyü məlum deyildi. Bunu aydınlaşdırmağasa vaxtı yox idi. Yazıq it, yəqin ki, artıq iki gün idi ki, əzab çəkirdi. Arıqlamış, qurtulmaq üçün əlləşə-əlləşə heydən düşmüşdü. Amma biçarəni xilas eləmək də o qədər asan deyildi. İt, görünür, onu tələni qurmuş adam sayıb, həddən artıq hiddətlənmişdi. O, yarım saat ətrafında fırlandı, itə gah bu, gah da o tərəfdən yaxınlaşmağa cəhd göstərdi. Heyvanı mehriban sözlərlə sakitləşdirməyə çalışırdı. Amma it mırıldayır, dişlərini ağardır, onu bir addım da yaxına buraxmırdı. Arada bu işdən əl çəkib getmək istədi, hətta hirslə dilləndi: “Hə, onda özün bilərsən, istəyirsən, burda qal, gəbər”. Sonra necə əzabla öləcəyini gözləri qarşısında canlandırıb heyvanı gülləylə vurmağı qət elədi. Amma tüfəngi qaldırmağa əli gəlmədi. İti vurmaq, az qala, insana güllə atmaq kimi bir şey idi. Axırda çıxış yolu tapdı: qalın yarımkürkünü soyunub heyvanın üstünə atdı, böyük çətinliklə tələnin kilidini açdı. İt bəxtini sınamaq istəmədi, var gücüylə qaçmağa başladı, kəsik-kəsik hürüşü də uzun müddət qarlı təpələrdə əks-səda verdi.

“Maraqlıdı, görəsən, tələni hansı səfeh qurub? Bu vaxt nə tutmaq istəyirmiş? İt arxasınca gəlməyibmiş ki? E-e-h, deyəsən, mən də o qədər ağıl yoxdu. Külək həmişəkitək sağ tərəfdən əsir. Amma burda kollar hardan peyda oldu? Çökəyin enişi hardan çıxdı? Aula gedən yolda bircə çökək belə yoxdu”. Tərs kimi, çiynində dözülməz ağrı vardı, sol qolu tüfəngdən ağır olmuş, qansa sanki bütün paltarına, yarımkürkünün qolunun altına da, çəkməsinin içinə də hopmuşdu. Zəiflik ətəyindən yapışıb aşağı çəkirdi, yumşaq qarın üstünə uzanıb dincəlmək istəyirdi. Canını üşütmə bürüdüyünə görə, qızdırması daha da şiddətlənmişdi.

“Dayanma, get, irəlilə!” Amma hara, hansı səmtə gedəcəyini bilmirdi. Hər tərəfi dümağ qar idi, sanki kimsə o qarı nəhəng ələkdən keçirə-keçirə yuxarıdan tökürdü. Bir də ki, qarın tutqun toru arxasından, Allah bilir, hardansa peyda olan, qar papağı altında qalmış itburnu kolları görünürdü.

“Aman Allah, doğrudanmı azmışam? Yox, ola bilməz”. Hər ehtimala qarşı qışqırdı, amma fəryadını külək naməlum uzaqlara apardı. Üstəlik də var gücüylə asan deyildi, dərhal çiyni ağrıyırdı. Buna görə də gülləni lüləyə yeridib tüfəngi çətinliklə də olsa, sağ əliylə qaldırdı, göyə atəş açdı. Bu səs də qarlı məkanda itib-batdı. “Düşdüyüm vəziyyətə bax bir! Bundan səfeh hal ağlıma gəlməzdi”. Amma hərəkət eləmək, harasa getmək lazım idi. Artıq qürub vaxtı yaxınlaşırdı. O, xəyalpərvər uşaq sayağı beynindən keçirdi ki, kaş, çovğun bircə anlığa ara verə, ətrafı gözdən keçirməsinə şərait yaradaydı, ondan sonra yerlə göy bir olsa da, yenə aula gedib çıxa bilərdi.

O, yenidən dayandığının fərqinə vardı, yenə özünü irəli getməyə məcbur elədi. Hərəkət eləmək, tərpənmək lazım idi. Başgicəllənməsinin elə bir əhəmiyyəti yoxdu, yəqin, çox qan itirib. Zəif adam deyil, canı çox bərkdi. İlk dəfə deyil ki, başına iş gəlir. Elə ötən il, tələbə-inşaat dəstəsini uzaq yaylaqlardan birinə aparanda maşın sındı, üç sutka qumluqda qaldılar. Cəhənnəm bürküsü vardı, bütün dəstənin dördcə butulka suyu qalmışdı. İkinci gün hamı böyrü üstə qaldı, amma o, tab gətirdi, üstəlik də vedrəni götürüb su axtarmağa getdi, üçüncü sutkada köhnə quyu tapdı, bir vedrə su gətirdi, demək olar, bütün briqadanı ölümdən xilas elədi. Yo-ox, başqa bir şeyi deyə bilməz, amma canı möhkəmdi...

İrəlidə toranlıq içindən iri bir ağac peyda oldu. O, ağacı tanıdı. Yemşan ağacıydı, o tərəfindənsə dərin dərə başlayırdı. Dərəni də elə Tək Ağac dərəsi adlandırırdılar. Gör hara gəlib çıxıb!.. Bu məqamda yerə çöküb ulamaq istədi. Tək Ağac tamamilə başqa tərəfdə yerləşirdi. Ordan aulacan, azı, on kilometr məsafə olardı. O, sanki fəlakətdən xəbər verən ağaca heyrətlə baxırdı. Yemşanın seyrək, əyri-üyrü budaqlarısa küləyin həmlələri qarşısında qarı birçəyitək əsirdi. Orda-burda miskin bər-bəzəklər kimi sallanan giləmeyvələr də, elə bil, bu mənzərəni tamamlayırdı.  Həm özünə, həm də o tənha ağaca da yazığı gəldi. İndi özü də tənha, kimsəsiz idi. Gedib aula çata biləcəkdi, ya yox?

Aul da, ev də əmisi qızı Batiş də qəfildən əlçatmaz oldu, elə bil, dünyanın o başına çəkildi. Axı çölün bu parçası ona indiki şəhər mənzili qədər tanış idi – bu, taleyin istehzası deyildi ki? Hələ uşaqlıq çağlarında ora qaçır, ot biçən anasına su aparırdı. Yemşan ağacına dırmaşıb, giləmeyvələrini yığırdı. Bəzən köynəyinin ətəyini belində düyünləyir, qoynunu giləmeyvəylə doldururdu. O qədər yığırdı ki, köynəyin qarın hissəsi əməlli-başlı şişirdi. Atasının ölüm xəbəri gələndə elə o ağacın altında da anasıyla birgə ağlamışdılar. Balacaydı, deməli, ağlı kəsmirdi, “həlak olub” kəlmələrinin nə məna verdiyini bilmir, ağylaya-ağlaya giləmeyvə yeyirdi. Anası üzünü yana çevirəndə, yaxud dərddən üzünü tutanda dərhal giləmeyvələri ağzına dürtüb tələsə-tələsə yeyir, çiyidlərini də gizlicə tüpürürdü. Ata qoşulmuş dırmığın arxasınca gedən böyük qardaşı Aytaş onun bu əməlini sezib yaxınlaşdı, böynunun ardına şapalaq ilişdirdi...

Hə, bu ağacla da, adı verilmiş dərəylə də bağlı çoxlu hadisələr vardı. Təkcə oyunlarını sayıb-sadalamaq olmazdı. Amma bütün bunlar yayda baş verirdi. Yayda da yemşanın görkəmi bu cür kimsəsiz və miskin deyildi. Yazda əməlli-başlı yarpaqlayır, bütün ətrafın gücünü-qüdrətini canına çəkmiş pəhləvan görkəmi alırdı. Quşlar da dəstə-dəstə uçub gəlir, iri qol-budaqlarında yuva qurur, aulun biçinçiləri yandırıcı günəşdən onun kölgəsində qurtuluş axtarırdılar. Bütün bunlar yayda baş verirdi. Qışda isə ağac artıq həqiqətən tənhalaşırdı. Son tayanı aparan kimi, adamların ayağı yazacan burdan kəsilirdi. Deməli, o, təsadüfən kiminləsə rastlaşmağa bel bağlaya bilməzdi. Bu, yalnız onu axtaranda mümkün ola bilərdi. Amma Batişin narahat olması üçün bir sutka, bəlkə də daha artıq müddət keçməliydi. İndiyəcən ova gedəndə dəfələrlə çöldə gecələmiş, əmisi qızı da gecikmələrinə alışmışdı. Birinci dəfə baş verəndə o, aulu ayağa qaldırmış hamını işə qoşmuşdu. Onda başı izləməyə qarışdığına görə uzaqlara gedib çıxmış, havanın qaraldığını sezməmişdi...

İndi də eyni vəziyyətdəydi: gün başa çatır, hava artıq qaralmağa başlayır, çovğunsa nədənsə hələlik sakitləşmirdi. Allaha şükür, Batiş bacı onu qalın geyinmək üçün dilə tutmuşdu, yoxsa halı daha da pis olardı.

O, üzünü aula çevirib irəliləməyə başladı. İndi külək sol, yaralı çiynini tuturdu. Ağrı beyninə vurmuş, ürəyi bulanmağa başlamışdı. Tüfəngsə elə ağır yükə çevrilmişdi ki, yerə atıb getsəydi, daha yaxşı olardı. Amma belə bir şey eləmək olmazdı. Yırtıcı heyvanla rastlaşsaydı, neyləyərdi?

“U-u-u”, - külək ulayır, qarı ovuc-ovuc sifətinə çırpır, ətrafı görməyə imkan vermirdi. Arabir də gözlərini yummalı olurdu. Bir də ki, onsuz da artıq gözlərinin bir faydası dəymirdi. Çölə zülmət çökmüş, hər tərəf qaralmışdı. Burnun dəyməyənəcən heç nəyi sezmək mümkün deyildi. O, uzaq uşaqlıq çağlarında olduğu kimi, özünü tamam aciz hiss elədi. Amma onda yanında böyük qardaşı, güvənc yeri Aytaş vardı. İndi də dinc oturmaz, onu xilas eləyərdi. Amma artıq böyük qardaşı sağ deyildi. “Nə günahım vardı? Niyə başıma belə bir iş gəldi? Sağ qalsam, hamını məhv eləyərəm! Hamını!.. Hamını!..” Qəlbini inciklik və hiddət bürümüşdü. Halı pis olduğu məqamda hamı kef çəkirdi. O ağlaya-ağlaya, söyə-söyə gedir, öz bədbəxtıiyinə görə bütün aləmi günahlandırırdı, qəfildən də nəyəsə toxunub arxası üstə yıxıldı. Boğula-boğula, ağrıdan qıvrıla-qıvrıla dərin qarın içindən çıxdı. Qarşısında qar yığınına batmış kiçik evə oxşar bir şey vardı. Divarın dibiylə getdi, külək tutmayan, qarın az olduğu tərəfdə qarşısına ev yox, ot tayası çıxdığını ayırd elədi. Əlbəttə, tayanı Allahın böyük lütfü hesab eləmək olmazdı, amma buna görə də şükür eləmək lazım idi. Heç nəyin olmamasındansa, bu yaxşıydı!

Tayanın daldasında söykənib bir qədər özünə gəldi. “Bircə qutu da kibrit olaydı, tonqal qalayıb qızınardım. Heç ağlına da gəlmədi ki, götürəsən, ay qanmaz!” – öz-özünü danladı. Aytaşsa mütləq cibinə kibrit qutusu dürtərdi ki, qış vaxtı çöldə azmı hadisə baş verə bilər?

O, çömbəldi, salamat əliylə tayanı oyub yuva düzəltməyə başladı. Yapırıxmış ot qopmur, üstəlik də hər cəhdində çiynindən amansız ağrı qopurdu. Arabir nəfəsini dərə-dərə, axır ki, tayanın dib tərəfində kiçik oyuq aça bildi, dalı-dalı girib içəridə yerləşdi, girişi otla qapayıb uzandı. Burnunun içini kəskin turşməzə iy qıcıqlandırdı. Özünü nə qədər saxladısa, yenə də asqırdı və ağrıdan inildədi. Bircə öz asqırmasından ikiqat olmaq qalmışdı. Yox, burnunu yaxalığında gizlətsə, daha yaxşı olar, hələ otun kəskin iyinə oyrəşməyib. İsti, rahatlıq onu arxayınlaşdırdı, bədəni boşaldı, pambıq kimi yumşaldı, ətraf aləmdən təcrid olunub bayğın vəziyyətə düşdü. Sanki çovğun tüğyan eləyən çöllə heç əlaqəsi yox idi. Hər biri nəhəng kainatın öz parçasında, üstəlik, sanki çovğun hətta onun cismindən də ayrı mövcud idi.

O, tənbəl-tənbəl düşündü: “Burdakı otu hələ qışın əvvəllərində aparıblar. Bəs, bu taya niyə qarın altında qalıb axı? Bəlkə, kimsə özü üçün biçib? Onda öz malı kimi qeydinə qalıb kolxozun otundan əvvəl aparardı. Bir halda ki, aparmayıblar, nolar, mənim üçün daha münasibdi”. O, oyaqlıqla yuxu arasındaydı, mürgüləyirdi, bu vəziyyətin də nə qədər sürdüyünü müəyyənləşdirmək çətiniydi. Amma duyduğu qorxu hissindən oyandı. Kimsə girişə yığdığı otu eşirdi. Dinşədi, ona elə gəldi ki, yad nəfəs duyur. Deyəsən, kiminsə əli daldalanacağına soxulub yarımkürkünün ətəyindən çəkirdi.

-Ey! Orda kim var?! – Var səsiylə qışqırdı.

O gözəgörünməz məxluq, həqiqətən, geri qaçdı.

-Soruşuram, kimsən? Ey, cavab ver! – Qorxu və ümidlə qışqırdı: bəlkə, yadlarına düşmüş, otu aparmağa gəlmişdilər.

Amma cavab gəlmədi. Yuxusu tamam qaçmışdı. Əlhavasına altındakı tüfəngi tapıb doldurdu: “Bir də bura soxulsa, tətiyi çəkəcəyəm, - beynindən keçirdi, sonra qərarına şübhəylə yanaşdı. – Birdən insan oldu? Yalnız qorxudacaq. Bəlkə, kiminsə heyvanı azıb gəlib?”

-Ey, qorxma! Yaxın gəl! – Hər ehtimala qarşı qışqırdı.

Səsi əməlli-başlı zəifləmişdi. Kişi səsindən çox ciyiltini xatırladırdı. Yenə də sanki çiyninə yaba batırdılar. Bayırda nə var axı? Yox, heç kəs cavab vermədi. Çöldə sükut hökm sürürdü. “Bəlkə, qarabasmadı?” Amma yuvasına külək dolur, qar dənəcikləri gətirirdi – deməli, kimsə girişə yığdığı otu, həqiqətən, eşələmişdi.

Hələ də gözlərini qaranlığa zilləyib səsləri dinşəyirdi, sonra girişi otla daha bərk-bərk örtdü.  “Yəqin, küləyin burulğanı eşələyibmiş”. Bu gümanı onu bir qədər sakitləşdirdi, yenə də hər an hazır olmalı, yatmamalı, dözməliydi.

Qansa hələ də yarasından az-az sızırdı. Alt paltarının sol tərəfi artıq tamam islanmış, qan çəkməsinin içinə dolmağa başlamışdı. Yoxsa səhərəcən də axacaqdı? Belə qan itkisi axırına çıxmayacaqdı ki? Amma özünə heç cür yardım eləyə bilmirdi. Ancaq dözməli, səhər açılanacan gözləməliydi. “Bu haqda yox, başqa şey barədə düşün”, - yenə özünə xatırlatdı, təxəyyülünü şəhərə, Əlibek Dastenulıya yönəltdi.

“Çox or-ri-jinaldı!” – Əlibek Dastenulı deyir, bu sözləri xüsusi tərzdə, yayxana-yayxana, qızıl dişlərini parıldada-parıldada tələffüz eləyirdi. Maraqlı şəxsdi, adi adam deyil. Ağıllı kişidi! Amma düzünə qalsa, xoşagəlməz cəhəti də var. Adamlara hökmranlıq eləməyi sevir...

“Dayan! Müəllimin Əlibek Dastenulını ittiham eləməyə haqqın yoxdu. Səni adam içinə Əlibek Dastenulı çıxarmadı? Hər halda, iki kəklik vuracaq, onu qonaq çağıracaq, heyrətlənməyə məcbur eləyəcəyəm. Bəs, bu fikir ağlına hardan gəldi? Hə, o dəfə Kaparın qonağı olanda müəllim xəyalpərvər tərzdə dilləndi: “Amma dünyada kəklik ətinin tayı-bərabəri yoxdu.  Hər şey bir yana, müalicəvi xassəsi də var”. Hə, sən də dərhal yaltaqcasına vəd verdin. Bir də ki, Kapar əməlli-başlı qonaqlıq verib, süfrəyə kürü və nərə balığı qoymuş, demişdi, doğma aulundan göndəriblər, üstəlik bütün o miskin maaşını qonaqlığa xərcləmişdi, sən necə vəd verməyəydin axı? Köpək oğlu məndən irəli keçdi. Həm də bu, şöbə müdiri yeri hələ boş olduğu məqamda baş verdi. Əlibek Dastenulının yeyib-içməyi çox sevdiyini bilir. O da, həqiqətən, elə yeyirdi ki, sanki ömründə belə dadlı təamlar görməmişdi. Üstəlik Kaparın sağlığına da badə qaldırdı. Bəziləri də bunun indi şöbə müdirliyinə mənim yox, Kaparın əsas namizəd olduğunu fikirləşir. Eh, Aytaş sağ olsaydı, bir şey düşünər, o hiyləgər tülküyə oxşayan Kaparı aradan qaldırmağın yolunu tapardı. Aytaş, əziz qardaşım!..”

Hiddətləndi, acı qəhər boğazını tutdu.

Bir neçə dəfə ot xışıltısı eşitdi. Kimsə yenə girişi eşir, həyasızcasına daldalanacağına soxulmaq istəyirdi. Qorxub diksindi, sonra qışqırdı:

-Ey, atəş açacağam!

Barmağısa artıq tətiyi öz-özünə çəkirdi. Çağrılmamış qonaq atəş səsiylə birgə geri sıçradı. Bu dəfə açılmış deşikdən canavarın tutqun siluetini gördü. Bəxtəbəxt nişan alıb ikinci gülləni də atdı, amma hədəfə dəymədi, yırtıcı qaranlıqda yox oldu. Patrondaşdan iki patron da çıxardı, əlləri əsə-əsə tüfəngi doldurdu, həyəcanlı halda, ucadan özünə ürək-dirək verdi:

-Bir buna bax, elə bilir, asanlıqla təslim olacağam! Bunu görməyəcəksən!

Bu sözlərindən cəsarətləndi. Həm də lap yerinə düşdü! Elə həmin məqamda da qaranlıq və qarlı çöldə qüssəli canavar ulartısı eşidildi. Yırtıcı elə ulayırdı, elə bil, ölmüş yoldaşına ağı deyirdi, həm də bir qədər susur, sonra ulartısı gah sağ, gah da sol tərəfdə eşidilirdi. Sanki hönkürə-hönkürə dünyanın bütün canavarlarını yanına səsləyirdi. Bu qorxunc ulartı adamı dəhşətə salır, qəlbini şaxtatək dondururdu.

O, patrondaşı qarnının üstünə çəkib qalan patronları əlhavasına saydı. Altı ədəd idi. Belə bir hal üçün o qədər də çox deyildi. “Öz ağılsızlığımın nəticəsidi – guya ova hazırlaşmışam! Amma artıq şikayətlənməyin xeyri yoxdu. İndi kasad döyüş sursatından daha səmərəli istifadə eləmək barədə düşün. Canavar girişə lap yaxınlaşanda dəqiq atəş açmalısan”.

Yırtıcı yardımı uzun müddət gözləməli olmadı. Az sonra səsinə digər canavarlar da səs verdilər. Əvvəlcə biri elə o cür, qüssə dolu səslə uladı, ardınca ulartılar bir-birini əvəz elədi...

Ona elə gəlirdi ki, hətta ulartılar arasındakı fasilələrdə canavarların dişlərini acgözlüklə şaqqıldatdıqlarını eşidir. Bax, sol, indi də sağ tərəfdə şaqqıldatdılar. Üçüncüsüsə düz tayanın üstünə çıxdı.

Onun dişləri-dişlərinə dəyirdi. Bunun səbəbi də ancaq qorxuydu: “İlahi, bunlar hardan peyda oldular?” – əsə-əsə dilləndi.

Canavarlar bir yerə yığışıb həmlə eləməyə başladılar. Biri qara ləkə kimi daldalanacağın girişinə atıldı. Güllə açıldı, yırtıcı küçüktək zingildəyib kənara sıçradı. Bir müddət ulartı eşidilmədi. Canavarlar sanki mırıldaşır, boğuşurdular. Hələ uşaqlıq çağlarında eşitmişdi ki, bu yırtıcılar təzə qanının iyini aldıqları yaralı yoldaşlarını parçalayırlar. Bəlkə də, əslində, belə deyildi. Amma hər halda canavarlar bir müddət əl çəkib onu sanki unutdular.

Yuvasına qar dənəcikləri dolurdu. O, qızdırmadan qurumuş ağzını açıb diliylə dənəcikləri tutmağa başladı. Sonra əl-ayağa düşüb patronu dəyişdi. Cəmi üç canavar vardısa, olan-qalan ehtiyatı öhdələrindən gəlməyə bəs eləyərdi. Hər canavara bir patron düşür, hətta biri də artıq qalırdı. Təki heydən düşməmiş, şüurunu itirməmiş hücum eləyəydilər. “Bu canavarlar hardan çıxdılar axı? Hələ deyirdilər ki, bu yerlərdə tamam tükənib, lap az qalıblar”.

O, canavarların qorunmasıyla bağlı aparılan kampaniya barədə cox eşitmişdi, guya bu təbiət sanitarları olmasa, qalan canlılar xəstəliklərdən qırılarlar. Bax, canavarlar da, yəqin ki, ovlanmasına izin verilmədiyinə görə artıblar... Bu insanlar qəribə məxluqdular! Dava vaxtı canavarların çölü lərzəyə saldıqlarını, on-on beş başdan ibarət dəstələrlə ətrafda dolaşdıqlarını, özlərinin də evdən bayıra tək çıxmaqdan qorxduqlarını unudublar. Onda uşaq idi, amma bir dəfə Aytaşın inəyə ot gətirmək üçün tövlənin damına çıxdığını, oradan “Canavarlar! Həm də çoxdular!” qışqırdığını unutmamışdı. Dərhal qardaşının yanına dırmaşmış, sırayla gələn canavarları görmüşdü. Hamısı da boz rəngdəydi, aulun kənarındakı evlərin ətrafında sakitcə dolaşırdılar. On doqquz canavar saydı. Camaat yığışıb səs-küy qaldırdı, itlər hiddətlə hürüşməyə başladılar, amma canavarlar bütün bunlara fikir vermədən asta-asta təpəni aşıb dərədə gözdən itdilər.

O illərdə adamlardan, yaxud mal-qaradan biri yoxa çıxanda, çöldən qayıtmayanda deyirdilər ki, yəqin, canavarlar parçalayıblar. Yırtıcılarla bağlı ağlagəlməz söz-söhbətlər dolaşırdı. Deyrdilər ki, onlar üçün insanı sümüklərinəcən gəmirmək çox asan şeydi, təkcə ovuclarının içinə və ayaqlarının altına toxunmur, həmin hissələrdən zəhərlənirlər. Deyirdilər ki, canavar insanı yıxan kimi, əvvəlcə böyrünü yırtıb ciyərini gəmirməyə başlayır. Bu qorxunc söz-söhbəti eşidəndə başının tükləri biz-biz olurdu. Sonra müharibədən qayıtmış kişilər çölü təmizləməyə, yırtıcıları qırmağa başladılar. Hər bir canavar üçün pul aldıqlarına görə də ovçuluğu peşəyə çevirdilər. İndisə adamlar bu yırtıcıdan nələr çəkdiklərini unutmuş, səs-küy salmağa başlamışdılar: “Canavara toxunmayın, faydalı heyvandı!” Səs-küylərinin nəticəsi də belə oldu. İndi adamlar çölə çıxa bilmirlər!..

Onun bədəni ağırlaşdı, sanki şişib bütün yuvanı tutdu. Qupquru, alışıb-yanan dodaqlarını diliylə yaladı, amma dili güclə tərpənirdi, yoğun taxta parçasına çevrilmişdi. Başının vəziyyətisə daha ağır idi, gicəllənir, əməlli-başlı zəifləmiş boynu üstündə durmur, otun üstünə düşürdü. “Kaş, heç olmasa, bircə dəqiqəliyə yata biləydim”, - beynindən keçirdi. Amma hətta bir an yatmağa belə, haqqı olmadığını bilirdi. Həm də səhv eləmirdi: ulartı yenidən başladı. İndi neçə canavar vardı? İki... üç... dörd... Deyəsən, başqaları da gəlib. Ulartısa get-gedə yaxınlaşırdı. Canavarlar tayanı dövrəyə alırdılar.

Nəfəsi tutuldu. Əllərinin əsməcəsini saxlamağa çalışa-çalışa patrondaşını elə düzəltdi ki, düz əlinin altında olsun, sonra tüfəngi bərk-bərk sıxdı. “Sakit ol, yalnız canavarlar girişin ağzında görünəndə atəş açarsan”. Amma yırtıcılar sanki onun sadə taktikasını başa düşüb nişangaha yaxınlaşmadılar, tayaya yan tərəflərdən yaxınlaşıb topalaşdılar, ağız-ağıza verib ulaşmağa başladılar. İlahi, nə qədər iyrənc, eyni zamanda da fərqli səsləri vardı! Amma indi bu cür təfərrüatları götür-qoy eləməyin vaxtı deyildi. Yoxsa bəzilərinin sanki dişləri ağrıyan kimi, cəhənglərini bərk-bərk sıxıb əziyyətlə, digərlərinin kəsik-kəsik, öskürən sayaq, üçüncülərin nazik, dördüncülərin gər səslə uladıqlarını sezərdi. Sağ qalsa, şəhərə dönəndə dostlarına da, xüsusilə Əlibek Dastenulıya da söyləməyə sözü olacaqdı. Sonra da “yağını çıxaracaq”, yəni, başına gələni yazacaq, fantaziyalara və rənglərə qızırğalanmayacaqdı. Amma indi duyduğu qorxu hissini sonra canlandırmaq heç də ağlabatan deyil. “Bax, bu kəklikləri ovlayanda başıma belə bir hadisə gəldi”, - hekayətini Əlibek Dastenulıya deyəcək. O da dillənəcək: “Ay yazıq, gör mənə zövq vermək üçün nələrə tab gətiribmiş!” Hə, hər şey Əlibek Dastenulının üzündən baş verdi. Həm də onun xətrinə dünən əmisi qızına qoyun əti hisə verməyi tapşırdı, özü də o lənətəgəlmiş kəklikləri vurmağa gəldi. Amma bir də gördün, bəxti gətirsə, Əlibek Dastenulı bir də qolundan tutdu, şöbə müdiri keçməyinə, sonra da, Allah bilir, bəlkə, dissertasiya müdafiə eləməsinə yardım göstərdi. Onda bu əzab-əziyyət bir göz qırpımında unudulacaq. Bəs, necə, hələ lap cavandı, heç qırx yaşı da yoxdu, şöbə müdiridi, namizədlik dərəcəsi var. Əlbəttə ki, Aytaş sağ olsaydı, bütün bunları belə ağlagəlməz əziyyətlər bahasına əldə eləməli olmazdı. Müdrik qardaşı hələ bir il əvvəl Əlibek Dastenulıya qış üçün kəsilib qaxac edilmiş bütöv at gətirmiş, bununla da “iki ayağını bir başlağa soxmuş”, geriyə doğru yolunu kəsmiş, yardım göstərməyə məcbur eləmişdu. “Əlike, səninlə yaşıdıq. Qurcuxma, qulaq as. Azdısa, yenə gətirim. İstədiyin-istəmədiyin hər şeyi gətirərəm. Amma qardaşıma kömək eləməlisən”, - Aytaş gər səsiylə, etiraza yer qoymadan deyərdi. Böyük qardaşı tutduğunu buraxan deyildi. Əlibek Dastenulı ondan əbəs yerə çəkinmirdi. Aytaşı dinləyə-dinləyə nəzərlərini yayındırır, amma sözünü də deyirdi: “Hə, qabanın birisən, or-ri-jinal qazaxsan”, amma Aytaşın istəyinə qeyd-şərtsiz əməl eləyirdi. “Aytaş, əzizim, artıq sən yoxsan, indi məndən ötrü həyat çox çətin keçir...” Qəlbində yeni acı inciklik hissi və hiddət duydu. Qəzəblə tətiyi çəkdi. Qundaq çiynindən elə itələdi ki, ağrıdan gözləri yaşla doldu. Amma indi hiddətinin dəqiq ünvanı – canavarlar – vardı! “Hə, hə, yaxın gəlin görüm! Niyə çəkinirsiniz axı? – O, patronu lüləyə itələyə-itələyə deyirdi. – Hə-ə, deməli, siz də həyatınızın qədrini bilirsiniz! Ah, indi hamınızı bir-bir gülləyə düzərdim! Hamınızı!..”

...Aytaşın sayəsində anasının vəfatından sonra belə, yetimliyin və ehtiyacın nə olduğunu bilmədi, ərköyün böyüdü. Böyük qardaşı özünü fəda elədi, oxumadı, işlədi, onu oxutdu. Orta məktəbi bitirəndən sonra şəhərə apardı, instituta düzəltdi, sonra aspiranturada saxlanması üçün əlindən gələni əsirgəmədi. Aytaş yalnız özünə məlum olan yolla elə ilk günlərdəcə Əlibek Dastenulını tapıb təsiri altına saldı. “Yaxşı, həm də lazım gəldiyi qədər oxu, - böyük qardaşı deyirdi, - özünə qətiyyən korluq vermə. Nə qədər ki, canımda can var, himayəmdəsən, yolunu açacağam. O Əlibekin də ovcumun içindədi. Yumruğumu açsam, elə ordaca qalacaq, sıxsam, səsini də çıxarmayacaq”. Aytaş sözünə əməl eləyir, yardım göstərir, yolunu açır, üstəlik, xalı salırdı. Həm də indi elmi dərəcəsi cibində olardı, amma özü inad göstərdi, at kimi ora-bura çapdı. Bəs, deməzsənmi, elə-belə dissertasiya yazmaq fikrində deyilmiş, orijinal mövzu axtarır, elmə töhfə vermək istəyirmiş! Sadəlövh küçük! Ağlı başına gələndəsə hər şey əməlli-başlı çətinləşdi. Artıq sadiq hamisi Aytaş da dünyadan köçmüşdü. İki il əvvəl ürəyi çəkdiyi əzab-əziyyətə dözməyib qəfildən dayanmışdı. İtirdiyi insanın dəyərini yalnız onda dərk elədi, qayğısına qiymət verdi. O vaxtacansa hətta Aytaşın savadsızlığını ələ salmağı da özünə rəva görürdü. Qardaşı cəmi-cümlətanı beş, ya altı sinif bitirmişdi. Hətta bunu da dəqiq bilmirdi. “Naşükür heyvan!..”

O, diksindi. Tayanın üstünə çıxmış canavar düz başının üstündə, qulağının dibində ulayırdı. “Bir bina bax, elə bil, biçarənin xətrinə dəyiblər! Tanımasa, adamın bu heyvana rəhmi də gələr. Amma düz başımın üstünə dırmaşıb”. Daha bir canavar da astadan ulayıb yuxarı dırmaşdı.

“Başını itirmə. Özünü ələ al. Nəyə görə başıma belə hadisələr gəlir axı? Aytaş vəfat eləyən kimi, xoşagəlməz şeylər baş verməyə başladı, zərbələr dalbadal gəlir”. O, köks ötürdü, quruyub daşa dönmüş ayaqlarını qımıldatdı. Elə bil, arvadını da dəyişmişdilər. Yeni evləndiyi vaxtlarda yaraşıqlı, çevik idi. Bir yerdə durub-dincələ bilmirdi. Hamının sevimlisi olan şıltaq uşağı xatırladırdı. Bəzən başını qaldırır,  gülür, alışıb-yanan gözlərini ona dikir, sonra yenə nəzərlərini endirirdi. Son illərdəsə qəfildən kökəlməyə başlamış, çöl qadınına çevrilmişdi. İndi yalnız adamların yanında gülümsəyir, tək qalan kimi, qaşqabağını sallayıb susur, ya da iddialarını ortaya qoyurdu ki, bəs, filan işi nahaq filan cür elədin. Tez-tez də, fikrincə, onun əldən verdiyi fürsətləri üzünə çəkirdi. Xüsusilə də indiyəcən dissertasiya müdafiə eləmədiyini, elmi dərəcəsiz qaldığını başına qaxırdı. “Filankəs də, bəhmənkəs də  artıq çoxdan elmlər namizədidi, sənsə ancaq namizədin namizədisən”, - dişlərini qıcırdadıb deyirdi. İş o yerə çatmışdı ki, məhz onda, Kapargilə qonaq gedəndə arvadı Əlibek Dastenulıya girişmişdi: “Nəsə, ağay çoxdandı, bizə qonaq gəlmir. Bəlkə, incitmişik?” Əlibek Dastenulı da onu, şübhəsiz, heç də belə olmadığına inandırmağa çalışmış, çağırsalar, gələcəyini söyləmişdi. Evə qayıdanda da arvadı incik halda demişdi: “Görünür, özüm işə girişməsəm, düz təqaüdə çıxanacan başını girləyəcəksən. Aula, qohumlarıngilə get, qoyun əti qaxac etdir. Dastenulının kəklik əti sevdiyini də unutma”. Elə o əməlin nəticəsi də indi hər tərəfdən canavarlarımn dövrəyə aldıqları ot tayasının altında büzüşüb uzanmasıdı. Artıq ovçu başqaları, ovsa özü idi.

“Ölsəm, arvadım neyləyəcək?” – qəfildən beynindən keçirdi. Bu suala hətta təxmini cavab verə bilmədiyini də sezib təəccübləndi. Sanki söhbət tamam yad adamdan gedirdi. Yəni, o, öz gününə ağlayacaq. Hazıra nazir yaşamağa öyrəşib. Amma nədənsə arvadına yazığı gəlmədi. Uşaqların dərdinisə çox çəkirdi. Onları yada salanda ürəyi sıxılırdı. Hələ balacaydılar. Oğlu üçüncü sinifdə oxuyur, qızısa hələ yenicə birinci sinfə gedib. Atasız yaşamaq onlar üçün çətin olacaq. Özü, demək olar, atasız böyüdüyünə görə, onları çox sevirdi. Uşaqlar da bu sevgini sezir, ona analarından artıq meyil göstəririlər.

“Eh, bu ölüm hardan ağlıma gəldi?” – o, narahat halda beynindən keçirib daha ölümdən qorxmadığına təəccübləndi. İndi, heç olmasa, bircə qurtum su tapıb içini yandıran hərarəti söndürmək daha vacibiydi. Üstəlik də su yaxınlıqdan axır, şırıltısı aydınca eşidilirdi. “Mənə elə gəlib, - öz-özünə dedi. – Qışda belə yerdə, bu cür soyuqda su hardan olsun?  Əlinu uzadıb girişin ağzında yığılmış qarı ovuclayıb ağzına təpdi! Ləzzətə bir bax! Bir ovuc da götürdü. Heç ağlına gəlməzdi ki, qar belə dadlı olar! “Sağ qalsam, dalandarlığa keçəcəyəm. Qışda çoxlu qarım olacaq. Üstəlik də dalandarlıq çox yaxşı işdi. Kiməsə yarınmağa, əzilib-büzülməyə ehtiyac yoxdu. Səhər erkəndən qalxır, qalın geyinir, kürəklə, süpürgəylə təmiz havada işləyirsən. Sağlam, tox, qayğısızsan, geyimin isə sadə, davamlıdı. Bayırda da səndən başqa kimsə gözə dəymir, kimsə diqqətini yayındırmır, düşüncələrinlə təkbətək qalırsan, nə qədər, nə barədə istəyirsən düşün. Tək-tənhasan! Yox, bax, artıq bir nəfər gəlir. İlahi, bu ki, Aytaşdı, kefikök halda gülür. “Sənə nə olub? Bəs, dərsin-filanın necə oldu?” – Süpürgəyə baxa-baxa dillənir. “Hər şeydən bezib atdım... – O, qardaşına cavab verir. – Acığın tutmasın, Aytaş, məni qınama. Daha dözə bilmirəm”. – “Qorxma, danlamayacağam. Gedib soyuq pivə içsək, yaxşı olar”, - Aytaş dillənib onun qoluna girir. “Gedək, gedək, elə mən də yaman içmək istəyirdim”, - o, dillənib qardaşının dalınca tərpənmək istəyir. Amma bu, nədi? Süpürgə nəyəsə ilişib, buraxmır. Süpürgəni dartır və... qorxunc gurultudan oyanır.

Bu dəfə bəxti gətirmişdi. Tüfəngin lüləsi irəliydi, hətta bir qədər bayıra çıxmışdı. O, yuxudan tamam ayılmaq üçün sifətini qarla ovuşdurdu.

Çöldəsə heç nə dəyişməmişdi, elə həminki zülmət gecəydi, qar da yağırdı. “Yuxu mənə baha başa gələ bilərdi. Qətiyyən yatmamalıyam. Oyanmaya bilərəm”, - o, öz-özünə dedi, tüfəngi doldurub diqqətlə qaranlığa nəzər saldı. Bəs, canavarlar hanı? Niyə səsləri çıxmır? Doğrudanmı, qarınlarını doyurmaqdan ümidlərini üzüb getdilər? Ammma yox, bax, iki od parıldadı, sonra daha bir, üçüncü, dördüncü... od göründü. Cərgəyə düzülüblər. Gözləyirlər! Bəlkə, heç canavar deyillər... Axı rəhmətlik nənəsi danışırdı ki... “Hə, burdan rədd olun! Gəbərin, şeytanlar!” – O, var gücüylə bağırdı, amma öz səsini eşidə bilmədi. Səsinə nə oldu? Bəlkə, qulaqları eşitmir?

O, başını tərpətdi, burnuna düşən xırda otdan asqırdı. Sanki cisminə saysız-hesabsız iynə sancılmışdı. Amma qulaqları açıldı, dərhal külək uğultusunu, canavar ulartısını eşitdi. Elə bil, indi hamısı – çöl də, çovğun da, canavarlar da - bir yerə yığışmış, ona qarşı dəstə bağlamışdılar.

O, get-gedə zəifləyirdi. “Görünür ki, insan kimi ölən, nəşi ehtiramla torpağa gömülən adamlar xoşbəxtdilər. Bəs, ölsəm, halım necə olacaq? Canavarlar bir tikəmi belə qoymazlar. Sümüklərimi də çölə səpələyərlər. Çox rüsvayçı ölümdü! Amma artıq aydındı, axırıma çox qalmayıb. İndi bircə dərdim var: ölsəm də, ancaq insanlar arasında ölüm. Cismimi canavarların cəhəngindən qurtarım. Nəyin bahasına olur-olsun, səhərəcən dözməli, sonrasa sürünə-sürünə də olsa, özümü camaata çatdırmalıyam. İndi bundan böyük arzum yoxdu! Hə, gülməli deyil? Amma gecə niyə bu qədər uzanır axı? Kaş, səhər tez açılaydı...”

Qar düz deşiyə çırpıldı, burulub gözlərinə doldu. Hər ehtimala qarşı o səmtə atış açdı. Ümidsiz zingilti eşidildi, qar burulğanı yatdı. Orda, bayaq od parıldayan yerdə tutqun vücudlar yumbalanır, təhdidkar mırıltı, qurbana çatmayan dişlərin şaqqıltısı eşidilirdi. Tutqun topa parçalandı, sonra yenə birləşdi, az sonra da çovğunun bətnində itdi.

Amma o, artıq nə qorxu, nə də ümidsizlik duyurdu. Yalnız cismini buxovlayan ağırlıq sezirdi, oynaqlarısa daşlaşmışdı. Sonra şüuru tamamilə dağıldı, süqut elədi, beynində vaxtı və ardıcıllığı bir-birinə qarışmış mənzərələr canlanmağa başladı. Bax, Aytaş ölümündən bir il əvvəlkitək, sərt, güclü, bahadır görkəmiylə peyda oldu. Onu köhnə donunun ətəyinə başaq yığan cavanca anası əvəz elədi. Sonra qızı və oğlu ona sarı qaçdılar: “Ata, ata, işdən gəlmisən?” – “Ah, əziz balalarım...”

O, çovğunun kəsdiyini, səmanın get-gedə ağardığını sezmədi. Günəş ilk ox kimi iti, soyuq şüalarını qara sancanda, çöldə minlərlə qığılcım oynaşanda da qımıldanmadı. Nəhayət, Günəş şüaları tayanın böyrüylə aşağı enib tutqun sığınacağını işıqlandırdı. Elə həmin məqamda da gözlərini açıb gün işığını gördü. Amma artıq səhərin açılmasına sevinmək üçün heyi qalmamışdı. Sözünə baxmayan əl-ayağını güclə tərpədə-tərpədə, tüfəngini arxasınca sürüyə-sürüyə bayıra çıxdı, böyük çətinliklə dikəldi, nəzərlərini çöldə gəzdirdi. Uzaqlarda kirşə dartan traktora oxşar bir şey gördü. Yoxsa başqa şey idi? Gözləri, ona tabe olmur, hər şey sanki üzürdü. Ağagəlməz çətinliklə tüfəngi yuxarı qaldıra bildi, göyə atəş açdı, tayadan yapışıb irəli addım atdı, amma dizləri büküldü, böyrü üstə yıxılmağa başladı.

Tərcümə: Nəriman Əbdülrəhmanlı

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0