"Bir misrayam, sadəcə..."

Mar 24, 2026 - 14:15
Mar 24, 2026 - 14:18
 0  42
"Bir misrayam, sadəcə..."

Hörmətli “Yazici.az”

         Aytəkin Əzizin şeirlərini ilk dəfə hələ o, Lənkəran Dövlət Universitetinin tələbəsi ikən 21 may 2023-cü ildə kiçik bir ön sözlə “Manera.az” saytına təqdim etmişəm və desəm ki, on doqquz yaşından çox-çox “yaşlı” olan bu şeirlər oxucular tərəfindən də maraqla qarşılanıb, yəqin ki, mübaliğə olmaz. Və ən qəribəsi o idi ki, Aytəkinin özü də tortun üzərində yazılan on doqquzunun üzünə özünəməxsus bir nəzakətlə ağ olurdu:

“Sevinin” dünyaya gəldiyim günə,

Siz cavan görürsüz indi bu qızı.

Mənim yaşım deyil, tortun üstünə

On doqquz yerinə yazılan yazı...

Burada Aytəkinin subliminal mesajı göz qabağındadır, bəlkə də heç özü də hiss eləmədən şüuraltı olaraq öz mövcud yaşına etiraz edir, çünki məhz ona məlum idi ki,  duyğuları, düşüncə və qavramları haradasa yaşıdlarından fərqlidir və hətta boyca da onun özündən böyükdürlər bu şeirlər və durmadan qabağa “qaçırlar.”

         Mən Aytəkinə müstəqillik dövrü Azərbaycan ədəbiyyatından dərs demişəm. Elə ilk məşğələlərdən hiss eləmişəm ki, onda olan istedad individual olmaqla yanaşı, həm də çox təbiidir, mütaliədən gələn ifrat dekorativlik ona yaddır, hətta bir qədər də heyrətlənmişəm ki, dillə bu cür sinkretik rəftar ona haradan gəlir?! Cavabını özümçün aydınlaşdırmışam: Onun daxilində təzahür edən təbii qabiliyyətinin - anadangəlmə fitri istedadının hesabına...

Atalar doğru deyib söyləyirik biz, amma

Hər atalar deyən də doğru çıxacaq sanma.

“Yalan ayaq açdısa çox yeriməz”, inanma!

Məndən daha bərk qaçan yalanlardan bilirəm...

Göründüyü kimi, hamıya məlum olan dil vahidlərindən hörülmüş “yalan ayaq tutar, amma yeriməz” ata sözü divarı sonuncu misrada ifadə olunan sadə bir həqiqətlə yıxılıb yerlə yeksan olur.

         Marina Svetayevanın sözüdür: “Şairin öz həyatı poema deyilsə, o, şair deyil”.

Buna qədər də S.Yesenin yazırdı ki, mənim şeirlərim tərcümeyi-halımdır. Bu fikirlərin hər ikisini Aytəkinə də aid etmək olar. Əksinə, deyərdim ki, Aytəkinin şeirləri onun çox da zəngin olmayan tərcümeyi-halına təkrarolunmaz “dizayn” veməklə yanaşı, spesifik bir nəfəs genişliyi - poetik diafraqma bəxş edir:

                            Niyə heyran olurlar sözlərimə bu qədər?

Mən ki şair deyiləm, şair olan həyatdı.

Bir misrayam sadəcə həyatın şeirindən,

Mənim yaşadıqlarım özü ədəbiyyatdı...

         Burada ədəbiyyatla həyatın sərhədləri, daha dəqiq desək, sərhədsizliyi çox aydın və şəffaf bir şəkildə təqdim olunur. Bu fikir elmi-nəzəri cəhətdən də qəbullanır; istər-istəməz Hüseyn Arifin məşhur şeiri yada düşür:

Kim deyir şerin meydanı dardır?

Sonu görünməyən bir ilk bahardır.

Neçə ki, həyat var, şeir də vardır,-

Həyatın nəfəsi şeir deyilmi?!

                                                                  (“Şeir deyilmi?”)

İstənilən gənc istedadın tərcümeyi-halı yeni ədəbi faktlarla zənginləşə-zənginləşə, yepyeni mənalarla; ağrı-acılarla, sevgi və ayrılıqlarla, yalan və gerçəkliklərlə dola-dola Marina Svetayevanın məlum fikrinə bəraət qzandırmış oluruq; həqiqətən, əsl şairin həyatı sonda poemaya çevrilir. Aytəkinin hələ tam bərkiməmiş həssas, kövrək həyatına anasızlıq kimi heç nə ilə doldurulması mümkün olmayan nəhəng bir gaha - travma daxil olursa, biz artıq mozaik qəm-qüssədən deyil, epik ağrı-acıların nəhayətsizliyindən danışmalı oluruq:

                            Bax yenə axşam düşür, yenə zülmət çökəcək,

Bu gecə də ürəyim Sənsizlikdən çəkəcək...

Axı daha nə qədər gözlərim yaş tökəcək?

Qurban olum qayıt gəl, əriyirəm, Anacan...

 

Getdin, geri dönmədin, bilmədin ki xəstəyəm,

Sən idin pənah yerim, kimdən kömək istəyəm?

Ayağa durdum deyə sanma ayaq üstəyəm,

Mən yıxıla-yıxıla yeriyirəm, Anacan...

Bu şeirin yaratdığı ağır ab-havadan sonra məndən soruşsalar ki, poeziya nədir, yəqin ki, cavab verə bilməyəcəyəm, nə qədər istəsək, banal cavablar tapmaq olar, fəqət onlar da tam olmyacaq. Məsələn, cavablardan biri elə yuxarıdakı cümlənin özündədir: əgər poetik parça mövcud ab-havanı anidən dəyişə bilirsə, deməli, poeziyadır. Bəs “yıxıla-yıxıla yeriməyin özü?!”

Aytəkinin şeirlərini idealizə eləmək fikrindən çox-çox uzağam. Bugünkü ədəbi gəncliyə xas olan nöqsanları onda da görmək olur. İlk növbədə, poeziya bir incəsənət faktıdır və biz onu ümumi kontekstdən ayıra bilmərik. Tərif kimi hamı qəbul edir ki, ədəbiyyat incəsənətin bir növüdür, amma yazı prosesində səs, rəng və işarə vəhdəti unudulur. İkincisi, mütaliə məhdudiyyəti ənənəvi poetik dekorları dəyişməyə açıq-aşkar mane olur. Üçüncüsü, ədəbi ambissiyanın avtokratlığı didaktikliyə yol açır. Dahi Oskar Uayld “Dorian Qreynin portreti” romanın əvvəlində yazırdı: “Sənətkar əxlaq dərsi demir. Əgər sənətkarın belə bir niyyəti və cəhdi varsa, onda onu bağışlamaq olmaz; o, süni üslub yolu tutan adamdır.”

Aytəkinin istedadı danılmazdır. İstedad isə yalnız fasiləsiz zəhmətlə cilalanır. Uğurlar, Aytəkin!

                                                                           Mehman Qaraxanoğlu

                                                                           23.03.2026

    

Ana

 

Kök salıb “sən” adlı yaram dərində,

Həsrətin gözümdən yaş olub düşür.

Sənin yatağında, sənin yerində

Yoxluğun başıma daş olub düşür…

 

Sənin qucağının o hənirtisi

Mənim yatağımda buz olub indi.

Nə inad eləyir, nə çıxır səsi,

Qızın sözəbaxan qız olub indi…

 

Sınaqdan keçməsəm, günahımdan keç

Qəlbim həyat ilə bağın qırarsa…

Bu dağ sağalmasın ürəyimdə heç,

Əgər səni mənə unutdurarsa…

 

Sənin qədər kövrək deyiləm düzü,

Ümid yuxulara çox inandırır.

Deyirlər, soyuqdur torpağıb üzü,

Nə üçün bəs məni belə yandırır?

 

Sənin öyrətdiyin yerişi indi

Daha unuduram gələndə sənə.

Sənin qıymadığın hər işi indi

Həyat bircə-bicə etdirir mənə…

 

Hər gecə yuxuma haram qatırsan,

Balan yoxluğundan yıxılır yerə.

Torpağın altında niyə yatırsan,

Sənə ürəyimdə yer sərə-sərə?

 

 

Qar adam

 

Yağış məni döymədi,

Mən də dolu gözlədim...

Səni boş-boşuna yox,

Dolu-dolu gözlədim...

 

Sənsə nə yağış oldun,

Nə də dolu qışıma. 

Yazda qara çevrilib

Çox yağmısan başıma...

 

Elə yarım qalmışam,

Nə zaman yarla gəzdim?

Sən başıma yağandan

İçimdə qarla gəzdim...

 

Ürəyimdən qovanda 

Yerimək bilməyirsən... 

Necə qarsan, əzizim, 

Ərimək bilməyirsən...

 

Odda yanmayan ürək 

Qar altda yandı yaman... 

Səndən sonra qar ilə

Oynamadım heç zaman...

 

Üşüməz heç bir ürək

Yardan adam olanda...

Mən üşüdüm, sevdiyim

"Qar"dan adam olanda...

                 

 

Rahat olun...

 

Mən sizə yük olmaram, ömürlük rahat olun,

Onsuz yıxılan kimi yox olur sağın, solun.

Hər ağrını bilirəm, mən dindirməyin yolun

Bilməyə yer gəzirəm…

 

Sayrışır saçlarımda az yaşımın ağ dəni,

İndi özüm də görsə tanıya bilmir məni.

Elə çarəsizəm ki, yuxularımda səni

Görməyə yer gəzirəm…

 

Gözüm hələ yaşlıdı, ürəyim hələ xəstə,

Təsəlli axtarıram qulağımdakı səsdə.

Sanırlar ki qalxmışam, bilmirlər ayaq üstə

Ölməyə yer gəzirəm…

 

 

Unuda bilməyəcəksən…

 

Ağlın var, boşuna yorma özünü,

Sən məni unuda bilməyəcəksən…

Ha baxma üzümə, çevir gözünü,

Sən məni unuda bilməyəcəksən…

 

İndi yaddaşına xəyanət elə,

İndi adımı da gətirmə dilə,

Nə qədər unutmaq istəsən belə

Sən məni unuda bilməyəcəksən…

 

Özü can incidən inci xatirə,

İnsanın əzabı, dinci xatirə.

Evin hər bucağı-küncü xatirə,

Sən məni unuda bilməyəcəksən…

 

Bəlkə də içində var neçə ocaq,

Yoxsa da, həsrətim sızıldadacaq.

Hər kəs hər bir kəsi unudar, ancaq

Sən məni unuda bilməyəcəksən…

 

Ömründən çox qadın gəlib, keçəcək,

Sevgisi üzünə gülüb keçəcək.

Xatirəm bağrını dəlib keçəcək,

Sən məni unuda bilməyəcəksən…

 

İndi qəlb isidən odsan, ocaqsan,

İndi bilinməyir neçə qucaqsan.

Bir gün lap özünü unudacaqsan,

Sən məni unuda bilməyəcəksən…

 

 

Nə fərqi var…

 

Gözümün yaşını öz əlim silir,

Olsan nə fərqi var, olmasan da nə…

İndi varlığın da yox kimi gəlir,

Olsan nə fərqi var, olmasan da nə…

 

Kədərim toplanıb, canım çıxılıb,

Sənin də yanında ruhum sıxılıb.

Qəlbim əllərindən elə yıxılıb

Olsan nə fərqi var, olmasan da nə…

 

Yanıb alışanda belə bir odda,

Sən də tərk elədin, doğma da, yad da.

Məcnun da, Kərəm də, indi Fərhad da

Olsan nə fərqi var, olmasan da nə…

 

Qəlbim çox güclüdü, dözər bu dərdə,

Yenə aşiq olar, yenə sevər də.

Bundan sonra mənlə indi hər yerdə

Olsan nə fərqi var, olmasan da nə…

 

Tərəfinə…

 

İçimdə gül deyil, neçə dağ bitir,

Nəbadə birini tut dilə, gətir.

Hamı bircə-bircə gözümdən itir,

Çatanda bu dağın çən tərəfinə…

 

Əvvəldən istədim hər şeyin azın,

Nə edək qismətə keçməyir nazın.

Mən öz içimdəki balaca qızın

Düşə bilmirəm ki, şən tərəfinə…

 

Ona yetirəmmi, buna bəsmiyəm?

Deyə düşünmürəm, daha rəsmiyəm.

Mən indi hər kəsə həmin kəsmiyəm?!

Buraxım özümün “Mən” tərəfinə?! 

 

Qəlbə elə böyük bir ağrı endi,

Nə bir az səngidi, nə bir az dindi.

Mənim saçlarım da oxşayır indi

Sənin saçlarının dən tərəfinə…

 

Bircə bu ayrılıq olmayaydı kaş,

Gəl indi həsrəti yenə adla, aş.

Ovcuma tökülür yaş yavaş-yavaş

Baxanda qəlbimin sən tərəfinə…

 

 

Ana

 

Deyirlər, yığın ki, ölənin gərək

Evdə geyiminin qalmasın biri.

“Ölən daha ölüb”, bəsdirin görək,

Mənim ürəyimdə deyilmi diri?

 

Bəlkə başım biraz qarışar deyə

Yolumu bazardan salıb keçirəm…

Bu, mənim anama yaraşar deyə

Hələ də səninçün paltar seçirəm…

 

 

Beləyəm

 

Uşaqlıqdan beləyəm, asan yola gəlmirəm,

Məndən ötrü ölənçün heç bir zaman ölmürəm.

Qəlbimin sütunların yıxanları bilmirəm

Mən nə üçün çəkirəm şeirimin sətrinə?

 

Nə zaman ki ürəyə dərd toxumu əkilər,

Sanma ki dözmək ilə ağrı biraz çəkilər.

İnsanın dünya deyil, onsuz içindəkilər

Həmişə bilə-bilə dəyməyirmi xətrinə?

 

Dili acı olmayır acını dadanların,

Özü ağıllı olur taleyi nadanların.

Göz yaşımın altında məni isladanların

Yağış nədir yağanda sığınım ki çətrinə…

 

Bir oda, bir bəlaya, bir günə salır həsrət,

Verəndə ağrı verir, alsa can alır həsrət.

İnsan kimi sevirsə nə üçün qalır həsrət 

Axırda ömür boyu sevdiyinin ətrinə?

 

Qoyma məni yoxluğun bu qədər əyə daha,

Qoyma bir “Ana” sözü xətrimə dəyə daha.

Gözümlə yol çəkirəm, gələsən deyə daha

Bundan artıq neyləyim, axı səndən ötrü nə?..

 

 

Öyrəşirsən…

 

Zaman sağalda bilmir, alışdırır sadəcə,

Bitişməyən yaranı bölməyə öyrəşirsən…

O qədər ağlayırsan otağında hər gecə, 

Ürəyin yana-yana gülməyə öyrəşirsən…

 

Bu yanda can verirsən, dik gəzirsən o yanda,

Böyüyürsən sevdiyin adam sənə qıyanda.

Bu həyat şirin-şirin süfrənə qəm qoyanda 

Hər ağrının dadını bilməyə öyrəşirsən…

 

Zamansız axtaranda, vaxtsız qədir biləndə,

Bir də diriltmək olmur onu ürək öləndə.

Gözlərinin yaşını tək başına siləndə,

Ömründən insanları silməyə öyrəşirsən…

 

Var idi, yenə də var, var olacaq bu zülm,

Özün mənə deyirdin “gözün qorxmasın, gülüm”…

Əlbəttə verməz əzab bir gün gələndə ölüm,

Hər gün ölüb-dirilib ölməyə öyrəşirsən…

 

Deyirdim unutmaram, unutmaq olmursa bəs,

Niyə mənə yadlaşır yavaş-yavaş doğma səs?

Bir məzarın içində yatanda sevdiyin kəs

Elə qorxduğun yerə gəlməyə öyrəşirsən…

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 3
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0