Sənsizlik də gözəldi - Səddam Laçının şeirləri
Yazıçı Ədəbiyyat Portalı Səddam Laçının şeirlərini təqdim edir.
Yuxu
Yum gözünü, bəlkə hər şey düzəldi?
Bir yuxu ki gerçəyindən gözəldir,
Oyanma.
Oyandınsa, yuxulara inanma.
Bir yuxudur gerçək olan, bir həyat,
Aç gözünü, inanmasan, bir də yat.
Yubanma.
Yubandınsa, əbədi yat, oyanma.
Ölmüşəmmi ağlayasan, gözəlim?
Kim desə ki, ağlamaqla düzəlir,
İnanma.
İnandınsa, ağla qızım, utanma.
Bir eşqi ki, qurban verdik bir səhvə,
Yüz dəfə də "gəlmə" desəm, bir dəfə
Gəl, amma
Evdə səni gözləyirlər, yubanma.
Bir qarışlıq adam
Günəşi görmək üçün gecə baxırsan göyə...
Hamı sənə kor deyir, necə baxırsan göyə?
Çox qarışıq adamsan.
Biz isə ağıllıyıq, hər şeyi "düz" bilirik
Ürəyin dünya boyda olsa da, biz bilirik -
Bir qarışlıq adamsan.
Saçında ağ tellərin qaralarla yarışır
Belə də davam elə, sənə də bu yaraşır -
Tam yarışlıq adamsan.
Gözlərindən axanlar gözünə bir də baxmır
Axı niyə baxanlar üzünə bir də baxmır?
Bir baxışlıq adamsan?
Ahın yerdən göylərə, heç çatmasın, əzizim
Səni qara buludlar aldatmasın, əzizim,
Bir yağışlıq adamsan.
Qadınsan
Yaman kövrək olmuşam, ürəyim dərd tapalı
Bir bəhanə tap qayıt, sən ki, gözü qapalı
İnandığım qadınsan
Heç kəsim yoxdur axı, dərdimi ovutmağa
Göz-gözə gəlmək nədi, əllərindən tutmağa
Utandığım qadınsan
Sən ayrısan əzizim, ifadə etmək olmur
Gözlərindən uzağa gördüm ki, getmək olmur
Dayandığım qadınsan
Səndə həqiqət tapıb, inanmışam sevgiyə
Hər doğulan günəşlə daha çox sevim deyə
Oyandığım qadınsan
***
Çalış göz-gözə gəlmə, vədə vermə axşama
Sənə alışmayıblar, girmə könül baxçama
Çiçəklər qısqanırlar
Ən gözəl rəssam mənəm, bu da əsərim deyib
Qurban olduğum Allah, elə gözəllik verib
Mələklər qısqanırlar
Üz çevirib gedirsən, getmə, qayıt deyəndə
Dağınıq saçlarını düzəltmək istəyəndə
Küləklər qısqanırlar.
Səndən gözəl olmasın
Mən səni neynirəm ki...
Sən olsan da sevirəm, olmasan da sevirəm.
Ey dodağı yasəmən, yanaqları qızılgül
Qorxma payız gələndə.
Sən solsan da sevirəm, solmasan da sevirəm.
Sən sev deyə sevmirəm...
Mən səbəbsiz sevirəm, qarşılıqsız sevirəm
Sizin sevgiləriniz, bu gün olur, sabah yox.
Mən sevəndə bir ömür ayrılıqsız sevirəm.
Mən səni neynirəm ki...
Sən olmayan günlərin
Hər günü bir şeirdi, hər günü bir qəzəldi,
Səndən gözəl olmasın, sənsizlik də gözəldi.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0