Bir zəngin həsrəti - Arif Ərşadın hekayəsi

Mar 25, 2026 - 12:44
 0  21
Bir zəngin həsrəti - Arif Ərşadın hekayəsi

Yazıçı Ədəbiyyat Portalı Arif Əşradın "Bir zəngin həsrəti" hekayəsini təqdim edir.        

Evin qapısı hər səhər eyni səslə açılırdı — taxta çərçivənin xışıltısı, paslı petlələrin iniltili cırıltısı və arxasınca gələn sakitlik. 
        Əli kişi hər səhər əlində çay stəkanı tutaraq pəncərənin önündə oturur, baxışlarını uzaqlara dikirdi. Həyətin ortasında qurumuş armud ağacı vardı. Bir vaxtlar uşaqlar onun budaqlarına yelləncək bağlayar, payızda isə yarpaqları altında gizlənərdilər. İndi isə ağacın kökü kimi bu evin nəfəsi də qurumağa başlamışdı. Bu evdə çoxdan idi ki, uşaq gülüşü eşidilmirdi
        Son vaxtlar ürəyi Əli kişini çox narahat edirdi. O, dərindən nəfəs almağa çalışsa da,  havasının çatışmazlığından şikayətlənirdi.
        Pəncərənin kənarında əyləşib həyətə boylanan Əli kişi əlində saxladığı stəkandan bir qurtum çay içib asta səslə dilləndi:
— Ay Səmayə, bax bu ağac da elə bizə bənzəyir... kökləri torpaqda, amma budaqları çoxdan quruyub. Ay arvad,  hiss edirsənmi, elə bil evimizin səsi azalıb. Sanki hər daşın, hər pəncərənin içində bir həsrət gizlənib.
        Səmayə nədənsə susdu. Deyəcək söz tapmadı. Onun da ürəyində o səs vardı — oğlunun yad ölkədə yaşadığı o dərin sükutun səsi...
        Oğlu Kamal orta məktəbin sonuncu sinifində oxuyurdu. Məktəbə ilk getdiyi gündən dərslərindən hər zaman birinci olurdu, — “oxuyub mühəndis olmaq, valideynlərini qürurlandırmaq” kimi böyük arzusu vardı.
        Bir gün məktəbin direktoru Əli kişini yanına çağırdı:
— Kamalın savadı çox güclüdür. Türkiyədə təqaüdlü tələbə proqramı var, imtahan versə, qəbul ola bilər...
        Kamalın Türkiyəyə getməsi evdə həm fəxarət, həm də bir boşluq yaratmışdı. İlk vaxtlar o, hər həftə anasına zəng edirdi. Səsi evin divarlarına işıq kimi yayılırdı. Kamalın zəngindən sonra Əli kişinin üzü bir həftə gülərdi. Amma zaman keçdikcə zənglər azalmağa başladı; “İmtahanım var”, “İş axtarıram”, “Vaxtım yoxdur”...
        Əli kişi hər ay maaşının yarısını oğluna göndərirdi. Qalan yarısı ilə evin qazanını qaynadardılar. Bir gün oğlu telefonla danışanda söhbət əsnasında məişət problemlərindən, az da olsa çətinlik çəkməsindən gileyləndi.
        Ertəsi gün Əli kişi sürdüyü maşınını bazara apardı. Onun üçün o maşın təkcə nəqliyyat vasitəsi deyil, illərinin xatirəsi idi. Amma indi bir məqsədi vardı — oğlunun gələcəyi.
        Alıcı maşının pulunu sayanda Əli kişi bir anlıq gözlərini yumdu. Sanki illərini, gəncliyini sayırdılar. Maşının pulu tam olaraq Kamala göndərildi. Oğul təşəkkür etdi, amma içində ata əzabının miqyasını anlamadı.
        Bir neçə il keçdi. Kamal universiteti bitirdikdən sonra, Türkiyədən birbaşa Rusiyaya köçməyi qərara aldı. Telefonla zəng edib orada işləmək, qazanmaq üçün daha yaxşı imkanların olduğunu söylədi. Bu xəbərə əvvəlcə ailə sevindi — “uşaq irəli gedir”. Amma ailənin sevinci get-gedə narahatlığa çevrilirdi.
        Bir axşam Kamal evlərinə zəng etdi:
— Ata, mən Moskvada özümə iş tapmışam. Birdə onu deyim ki, burada yaşayan bir azərbaycanlı qızla tanış olmuşam. Ailə qurmaq istəyirik. Yol uzaq və biletlər də baha olduğundan yəqin ki, siz toya gələ bilməyəcəksiniz. Amma eybi yoxdur. Narahat olmayın, toydan sonra biz özümüz “Bal ayı”nı keçirmək üçün Bakıya gələrik.
— Xeyirli olsun, oğlum. Allah mübarək eləsin! — Əli kişi sakitcə dilləndi.
— Amma... bir az maddi kömək lazım olacaq. Ata, ev almaq üçün pula ehtiyacımız var.
        Əli kişi dinmədi. “Pul” sözü bu evdə artıq yorğun bir səslənmə idi. Səmayə dərin bir nəfəs aldı:
— Əlimizdə nə var ki, ay Əli?
        Əli kişi, bir müddət susdu, sonra qətiyyətlə dilləndi:
— Novxanıdakı bağı satarıq. Onsuz da ora çoxdandır gedə bilmirik...
        Bağ satıldı və pul yenə də son qəpiyinə kimi oğluna göndərildi. Kamalın Moskvada aldığı ev sanki bu evin hüzürunun bir parçasını da özü ilə aparmışdı.
        Əli kişi son vaxtlar heç nə demir, heç nə danışmırdı. Yalnız gecələr uzun müddət pəncərənin qabağında əyləşərək çölə tamaşa edir, binalarının önündən keçən yola baxırdı. Amma bu dəfə ümidlə yox, yorğun baxışlarla.
        Zaman sürətlə keçdi. Kamalın bir-birinin dalınca iki oğlu dünyaya gəldi. Hərdən ondan uşaqlara aid olan foto və videolar gəlirdi, amma əvvəlki sıx mesajlar yox idi. Əvvəlcə ayda bir dəfə zəng, sonra ildə bir dəfə... daha sonra o da kəsildi.
        Səmayə hər axşam nəvələrinin telefondakı şəkillərini ərinə göstərər, oğlundan, gəlinindən söhbət açar, onları xatırlayardı. Belə anlarda Əli kişi gözlərindən axan yaş damcılarını silərək, başını tərpədib gülümsəyər, — Yəqin, oğlun da bir gün bizi yad edər... — deyərdi. O “yəqin”nin içində qocalıq, darıxmaq və dərin bir təkliyə bürünmək vardı.
        Əli kişi son vaxtlar tez yorulurdu. Nəfəsi daralır, sinəsində qəribə bir sıxıntı hiss edirdi. Əvvəlcə bunu qocalığın təbii halı sayırdı. Amma bir səhər həyətin ortasında samovara su doldurarkən qəfil dizlərinin bağını itirdi. Mis çaydan əlindən yerə düşdü, içindəki su torpağı isladanda, Səmayə pəncərədən bunu görüb həyətə qaçdı:
— Əli! Ay Əli, sənə nə oldu?
        Kişi cavab verə bilmədi. Sadəcə bir əli ilə ürəyini tutdu, o biri əlini də yerə dirədi. Səmayə qonşulardan kömək istədi, Əlini güclə evin içərisinə gətirdilər.
        O gecə Əli kişi xəstəxanaya aparıldı. Diaqnoz aydın idi — ürəyin üç damarı tutulub. Gecikdirmək olmazdı, təcili əməliyyat olunmalı idi. Səmayə qapının ağzında oturmuşdu. Əlləri əsirdi, gözləri dolu idi. Həkim xəstənin ağır vəziyyətdə olmasından danışır və əməliyyatın qaçılmaz olduğna onu inandırmağa çalışırdı:
— Xanım, düzdür, yoldaşınızın yüksək şəkəri olduğundan əməliyyat risklidir, amma başqa çarə yoxdur.
        Səmayə başını tərpətdi, amma heç nə eşitmirdi. Onun beynində bircə fikir vardı:
“Kaş oğlum burada olaydı...”
        Əməliyyat beş saat davam etdi. Əməliyyatdan sonra həkimlər hər şeyin qaydasında getdiyini söyləsələr də, Əli kişinin bədəni artıq çox yorulmuşdu. Amma o, həkimlərin səyi nəticəsində həyata qaytarıldı. Həkimin söylədiyi kimi, Əli kişi Allahın ona verdiyi ömür payını bundan sonra da yaşayacaqdı — amma əvvəlki kimi yox.
        Əməliyyatdan bir həftə sonra Səmayə telefonun ekranına baxırdı. Nə qədər çətin də olsa, nömrəni yığdı. Qarşı tərəfdən tanış, amma çoxdan unudulmuş səs gəldi:
— Ana, salam! Nə var, nə yox? Vəziyyət necədir?
        Səmayə boğazını arıtladı, səsini titrətməməyə çalışdı:
— Oğlum, atan xəstəxanadadır... ürəyindən əməliyyat olub.
— Nə?! Nə vaxtdan? Niyə mənə deməmisiniz?
— Demədim... qorxdum, səni narahat edərəm.
        Kamal bir anlıq susdu, sonra dedi:
— İndi necədir?
— Sağ olsun, həkimlər, tədricən yaxşılaşır... amma çox zəifləyib.
        Oğul susdu. Sanki danışmağa söz tapmadı.
— Mənim də tərs kimi işlərim qarışıqdır, bilet tapmağa çalışaram. Gəlin də işləyir, uşaqları kimin yanında qoyacağımı bilmirəm...
        Səmayə sanki bu cümləni əvvəldən eşidəcəyini bilirmiş kimi, yavaşca dedi:
— Sağ ol, oğlum. Yalnız səsini eşitmək də kifayətdir.
        Söhbət beləcə qurtardı. Ekranda “zəng bitdi” yazısı göründü. Amma ana üçün sanki bu,
“zəng bitdi” yox, “ünsiyyət bitdi” demək idi.
        
Əli kişi xəstəxanadan qayıdandan sonra evin səsi daha da azaldı. O da evdə artıq çox az danışırdı. Televizorun qarşısında oturub səssizcə baxır, çətinliklə də olsa əlini sinəsinə qoyub aram-aram nəfəsini alırdı.
        Bir gün mağazadan çörək alıb gələn Səmayə ərinin həmişəki kimi sakitcə fikirə daldığını görüb dedi:
— Bəlkə Kamala bir az giley eləyəsən, bəlkə də anlamır halımızı...
— Qoy, anlamasın, — kişi dedi. — Mən həmişə onun xoşbəxtliyini istəmişəm. Əgər o, indi rahatdırsa, deməli, mənim ömrüm hədər getməyib.
        Səmayə susdu. Amma o, bilirdi ki, əri gecələr yatmır, pəncərənin qabağında oturub saatlarla xəyallara dalırdı.
        Bu gün yenə səhərin açılmasına az qalmış Səmayə ərini pəncərənin önündə gördü.
— Yenə yatmamısan, Əli, nə fikirləşirsən? Süfrə açmışam, gəl çayını iç.
— Yuxum yoxdur, ay arvad. Nəvələrim, oğlum üçün yaman darıxıram... fikirləşdim, bəlkə bu gün zəng edər, yatıb yuxuya dalaram, zəngi eşitmərəm...
        Əli kişi dərindən köks ötürüb, xırda addımlarla mətbəxə sarı getdi. O, artıq neçə müddət idi ki  “bəlkə”lərlə yaşayırdı.
        O gün hava yaman boz idi. Qapının ağzında oturan Əli kişi əlindəki qəzeti oxuyurdu. Birdən telefon səsi eşidildi. Səmayə sevinc içində, — Kamal mesaj göndərib. — deyib, telefonu ərinə uzatdı.
        Əli kişi sevincdən gülümsədi, stuldan qalxmaq istədi, amma ayaqları əsdi. Telefon arvadından alıb oğlunun göndərdiyi mesajı oxumağa başladı: “Ata, salam! Necəsən?”
Əli kişi oğluna cavab verirmiş kimi dodağaltı pıçıldadı: “Yaxşıyam, oğlum, çox şükür. Mesajını oxudum, daha da yaxşı oldum.” Sonra yenidən mesajı oxumağa davam etdi: “Ata, mən sənə bir şey deyim... biz evi təmir elətdiririk, bir az başım qarışıq oldu, ona görə son vaxtlar zəng edə bilməmişdim.”  Oğlunun üzünə gülümsünürmüş kimi, Əli kişinin dodaqlarına təbəssüm qondu: “Eybi yox, oğlum, təki sənin canın salamat olsun.” Sonra yenidən mesajı oxumağa davam etdi: “Atacan, sən narahat olma, inşallah gələn il gələcəyik, yeni il bayramında hamımız bir yerdə olacağıq.”
        Əli kişi bir anlıq gözlərini yumdu, sanki o anı ürəyinə həkk elədi. Mesajı oxuyub qurtarandan sonra telefonu arvadına uzadıb, dodaqaltı pıçıldadı: “Qismət olarsa görüşərik, İnşallah!” 
        Telefon mesajından cəmi bir həftə sonra Əli kişinin vəziyyəti ağırlaşdı. Gecəyarısı nəfəsi çatışmırdı, böyründə yatan arvadını oyatmağa qıymadı.  Bir neçə dəfə dərindən nəfəs almağa çalışdı, amma alınmadı. Soyuq tər bütün bədənini bürüdükcə o, özündə qəribə bir rahatçılıq hiss edirdi. Çoxdan idi ki, yuxu üzünə həsrət qaldığundan o, tədricən gözlərini yumdu.
        Həkimlər gələndə hər şey çoxdan bitmişdi. “Ürək çatışmazlığı”, dedilər. Amma Səmayə bilirdi; ərinin ürəyi həsrətdən dayanmışdı... Bir zəngin həsrətindən!

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 2
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 1
Vay Vay 1