Ağdama ziyarət - Mina Rəşiddən qısa hekayələr
Yazıçı Ədəbiyyat Portalı Mina Rəşidin qısa hekayələrini təqdim edir.
Müharibə
Qardaşım tüfəngi mənə verib dedi:
-At, qorxma!
Neylədim, tətiyi çəkməyə ürəyim gəlmədi. Silahı qardaşıma qaytardım
və gedib qələm götürdüm. İri hərflərlə dəftərimə “MÜHARİBƏ” sözünü
yazdım və onu var gücümlə qaraladım...
Qardaşım hələ də müharibədədi
Anam onu 20 yaşında evləndirmişdi. Qardaşım polis idi. Nəsib…
Nəsibinə müharibə düşdü. Nəsib döyüşdə yaralandı, uşaqları varonda doğuldu. 30 ildən çoxdu qəlpələr hələ də canındadı. Son illər əsayla da güclə gəzir.
Qardaşım hələ də müharibədədi, indi də canındakı amansız qəlpələrlə savaşır, bacın ölsün...
Biz qalib gəldik...
Cəbhədən şəklini göndərdi atasına.
- Ata, mən şəhid olanda, bax, bu şəkli vurarsınız başdaşıma...
Kamil gülə-gülə müharibəyə yollanmışdı...
İndi də şəkildən gülümsəyir bizə. Sanki onun səsini duyuram.
Kamil gülə-gülə deyir:
- Qarabağ bizimdir! Biz qalib gəldik!
Samaya
Samaya həyatın hər üzünü görüb, köçkünlük, özgə daxması, kimsəsizlik, aclıq, yad baxışlar... Qışda balalarını çöldə ocağın yanında çimizdirib. Saçlarını yumağa sabun tapmayıb... Amma hələ onun həyatından şikayət etdiyini görən olmayıb. Samaya qaya kimi dözümlü olub həmişə, dərd-sərin üzünə gülümsəməyi öyrənib. Qoynunu küləklərə açmağı bacarıb. Deyir ki, bu həyatdı, hər şey olur...
Özümlə barışdım...
Yuxuda yenə balaca qızı gördü. Ayaqları yalın, əyni nazik, saçları
dağınıq... Yaşı 50-ni keçəndən sonra anladı ki, bu balaca qız onun
özüdü.
Bu səhər yuxudan oyanıb ilk dəfə o qızı qucaqladı və ağladı... Uşaqlıqdan sığal görməyən saçlarını daradı, solğun üz-gözünü oxşadı və özüylə barışdı...
Ağdama ziyarət
- Sevinc, yaxşı ki, uçuq evinizi qarın altında gördün. Yaxşı ki, hər şeyi görə bilmədin, bacı! Səni görüb qar gücləndi, bir anda qaraltıdan əsər
qalmadı. Səni görüb oyuncaqların sanki utandı, qarı yorğan kimi üstünə
çəkdi...
Nə yaxşı qarda, ağappaq gördün kəndinizi. Amma yenə gözündən heç
nə yayınmadı. Yenə günəşə boylanan o balaca qızı gördün. Qarın günəşə gücü çatmadı. Mənim Günəş bacım!
***
O çalışır, bu atmaca atır. Hərənin öz işi var, deyilmi?
***
Əgər müsəlmanları tanımaq istəyirsənsə onların əsirlərlə davranışına bax...
***
Uşaq evində uşaqları döyən bu müəllim, həm də yazıçı imiş. Əlin qurusun!
***
…Adam var, qaçıb qurtula bilmirsən. Bilməzdim həyatda qırxayaqlı
adamların olduğunu...
***
-Ana, bəs deyirdin, atam gəlməyəcək. Bax, atam... atam gəldi...
Kənan hönkür-hönkür ağladı və dostunun balasını bağrına basdı...
***
O adam özünü dəliliyə vurub, başqalarını təhqir edir, ədəbsiz danışır. Elə
bilir qəhrəmandı...
***
- Gəl, səninlə açıq danışaq, dostum!
Bilirsənmi, paxıllıq xəstəlikdi. Amma sən istəsən sağalarsan...
***
Çox yüyürmə, bir gün yollar özü gələcək ayağına...
***
- Əyilib yerdən çörək parçasını götürən adam, bəs nədən “Salam”ı yerə saldın?
***
Möcüzələrinə inanıram, Allahım! Şükür, yenə yaxşı adamlar çıxardın
yoluma, çox şükür!
***
Bizi heç kim tanımırdı. İndi hamı bizdən danışır. Sən neylədin, qəhrəman balam, gör neylədin?...
***
Yanvarın 5-di, hələ də fişəng atan var. Hər kəsin öz təqvimi varmış.
***
Biri gecə-gündüz çalışır, uğur qazanır. O biri əlini ağdan qaraya vurmaq
istəmir. Onun uğurlarını sayır. Deyir, adamın gərək şansı olsun, adamı olsun, yoxsa heç nəyə nail ola bilməz...
***
- Hər tərəf qar, şaxta buz kimi kəsir, ilan kimi çalır adamı.
Bəs sənin qəlbinə doğan bu günəş nədir?
Sizin reaksiyanız nədir?
Bəyən
4
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0