Elvin Mahmudzadə: Sosial şəbəkələr – gənclərin dostu, yoxsa düşməni?
Son illər sosial şəbəkələr elə sürətlə həyatımıza daxil oldu ki, biz bu dəyişimin nə qədər dərin olduğunu ancaq indi dərk edirik. İnstaqram, TikTok, YouTube gənclərin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Amma mənə tez-tez sual verirlər: “Bəs bu platformalar gənclərə fayda vеrir, yoxsa ziyan?” Mənə görə, cavab sadəcə “fayda” və ya “ziyan” olaraq verilə biləcək qədər düz xəttli deyil.
Öz təcrübəmdən bir neçə misal:
“Azərbaycan Vətənpərvərlər” İctimai Birliyi olaraq biz sosial şəbəkələrin gənclərə təsirini yaxından öyrənirik. Bir neçə il əvvəl “Sosial pəncərədən vətənpərvərliyə baxış” adlı iri layihə icra etmişdik. O zaman 20-dən çox media orqanı ilə birgə canlı yayımlar təşkil etmiş, ümumilikdə 100.000-dən çox insanın bu yayımları izləməsinə nail olmuşduq. Həmin layihə bizə göstərdi ki, sosial şəbəkələr artıq sadəcə əyləncə platforması deyil – burası gənclərin dünyagörüşünün, dəyərlərinin, hətta gələcək planlarının formalaşdığı bir məkandır.
Müsbət tərəflər – inkar etmək olmaz:
Gənclər bu gün sosial şəbəkələr vasitəsilə dünyaya açılan pəncərəyə sahibdirlər. Xarici dillər öyrənirlər, onlayn təhsil alırlar, istedadlarını nümayiş etdirərək iş tapırlar, hətta beynəlxalq səviyyədə tanınırlar. Bu gün də təşkilatımızda gəncləri sosial şəbəkələrdən vətənpərvərlik təbliğatı üçün istifadə etməyə çağırırıq.
Ancaq narahat edən məqamlar da az deyil:
Təəssüf ki, bu platformaların gənclərə vurduğu ziyanlar da kifayət qədər ciddidir. Gənclər günün 6-8 saatını ekran qarşısında keçirir. Bu, fiziki sağlamlığa, yuxu rejiminə, real ünsiyyət qurmaq bacarığına mənfi təsir edir. Psixoloji cəhətdən isə daha təhlükəlidir – başqalarının “mükəmməl həyat” səhnələri gənclərdə özünə inamsızlıq yaradır, depressiyaya səbəb olur. Bəzən elə gənclər görürəm ki, öz həyatlarını sosial şəbəkədəki tanımadığı insanlarla müqayisə edir və özlərini uğursuz hiss edirlər.
Təəssüf ki, sosial şəbəkələrdə yayılan yalan məlumatlar, dezinformasiya da gənclərin dünyagörüşünə ciddi zərbə vurur. Onlar həqiqəti yalandan ayırd etməkdə çətinlik çəkirlər. Bu, təkcə fərdi problem deyil – bu, milli təhlükəsizlik məsələsidir.
Bəs həll yolu nədir?
Bu suala cavab axtararkən ilk növbədə gənclərin özlərinə, valideynlərə, məktəbə və dövlətə mühüm vəzifələr düşür. Amma mən öz təcrübəmdən bilirəm ki, qadağalar, məhdudiyyətlər heç vaxt işləmir. Əsas olan maarifləndirmədir.
· Gənclər sosial şəbəkələrdən istifadə etdikləri vaxtı məhdudlaşdırmalı, onları yalnız əyləncə yox, həm də inkişaf mənbəyi kimi dəyərləndirməlidirlər.
· Valideynlər övladlarının sosial şəbəkələrdə nə etdiyini izləməli, onlara sağlam məzmun istehlak etməyi öyrətməli, lakin bu prosesi basqıya çevirməməlidirlər.
· Məktəb və müəllimlər gənclərə informasiya savadlılığı, tənqidi düşüncə, media savadı dərsləri keçməli, onlara internetdəki təhlükələrdən qorunmağı öyrətməlidirlər.
· Dövlət sosial şəbəkələrdəki zərərli məzmunun, dezinformasiyanın, kibertəzyiqin qarşısını almaq üçün qanunvericilik tədbirləri görməli, gənclərin təhlükəsizliyini təmin etməlidir.
Keçmiş layihələrdən çıxan nəticə
O vaxtki layihələr bizə bir həqiqəti öyrətdi – gəncləri sosial şəbəkələrdən uzaqlaşdırmaq mümkün deyil, amma onları bu platformalarda daha faydalı, daha sağlam, daha vətənpərvər məzmuna yönəltmək olar. Təşkilatımız bu gün də məktəblərdə, gənclər mərkəzlərində bu mövzuda maarifləndirici tədbirlər keçirir. Üzvlərimizin 68%-i gənclərdir – biz onlara yalnız problemləri danışmırıq, həm də həll yollarını birlikdə axtarırıq.
Nəticə
Sosial şəbəkələr nə dostdur, nə də düşmən. Onlar sadəcə bir vasitədir. Bıçaq aşpaza da xidmət edər, cinayətkarə də – fərq onu kimin əlində tutmasındadır. Eynilə sosial şəbəkələr də insanın onlardan necə istifadə etməsindən asılı olaraq fayda və ya ziyan gətirir.
Əsas olan gənclərimizə bu vasitələrdən şüurlu istifadə etməyi öyrətməkdir. Vaxtı idarə etmək, sağlam məzmun seçmək, real həyatla virtual aləm arasında tarazlıq yaratmaq – bunlar bu gün hər bir gəncin bilməli olduğu bacarıqlardır. Yalnız bu şəkildə sosial şəbəkələr gənclərimizin dostuna çevrilə bilər.
“Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin sədri
2026, 20 iyul
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0