Fikrət Qoca şeirlərinin bəzi məqamları - Vaqif Aslan yazır

Avq 25, 2026 - 15:54
Avq 25, 2026 - 15:58
 0  10
Fikrət Qoca şeirlərinin bəzi məqamları - Vaqif   Aslan yazır

25 avqust - Xalq şairi Fikrət Qocanın doğum günüdür.

Yazici.az ədəbiyyat portalı bu münasibətlə AYB-nin Şəki bölməsinin sədri Vaqif Aslanın "Fikrət Qoca şeirinin bəzi məqamları" yazısını təqdim edir.

Biri qaçaq olub,
                mərd olub.
Biri qoçaq olub,
                  mərd olub.
Biri kasıb olub,
                   mərd olub.

Bəs bu namərdlər hardandır?
Bax, bu mənə dərd olub!

 

Mərd qaçaq, mərd qoçaq, mərd kasıb, mərd varlı...  Deməli, hər bir təbəqənin mərdi namərdi vardır. Yəqin ki, bu təsnifata mərd şair, mərd yazıçı, mərd dramaturq, mərd tənqidçi və onların namərd tərəf - müqabilləri də daxildir.   Bütün hallarda Fikrət Qoca namərdlik qarşısında key keçib mat qalan, heyrətlər içində “Bəs bu namərdlər hardandır” sualını verən, cavab tapmadıqda və ya cavabın ağırlığından xoflandıqda “Bax, bu mənə dərd olub” deyərək köks ötürən şairimizdir.    Elə buna görə də çoxlarının gözü düşüb, tamahı keçib özəlləşdirmək istədiyi  bu şeirin müəllifi haqqında

danışmaq həm asan,  həm də çətindir.   Çünki Kotanarx kəndində doğulub addım-addım böyüdüyü və böyüdükcə  uğurlarına sevinib “fərəhindən yerə-göyə sığmadığı”,  “döşünə döyə-döyə “gözlərinə döndüyü” Ağdaşına nəğmələr qoşan  Fikrət Qoca üçün hələ bundan sonra da şəninə nəğmələr qoşulacaq ata ocağının gözəllikləri və özəllikləri tükənməz ilham mənbəyi olaraq qalacaqdır.

Fikrət Qoca şeirlərinin çoxu sovet dönəmində qələmə alınsa da, onların əksəriyyəti məzmun və mündəricə etibarı ilə bütün zamanların şeirlərinə çevrilmişdir. Axı, bunlar Fikrət Qocanın ürəyinin və beyninin oyandığı məqamların şeirləridir. Bu mənada onun ana yurddakı yaşantılarından doğulan şeirləri nə qədər cazibəlidirsə, xarici səfərləri zamanı aldığı  təəssüratlarıının təsiri altında yazdığı şeirləri də bir o qədər maraqlıdır. Bu yazılarla tanış olduqca belə bir qənaətə gəlirsən ki, şair həm öz zamanının, həm də özündən sonrakı zamanların şairi olduqda özünü şair kimi təsdiq etmiş olur. Doğrudan da, suya və torpağa şair baxışı ayrı baxışdır – gözdən ürəyə, ürəkdən beynə kök atan, yaddaşa çevrilən, müqayisəyə və mühakiməyə yol açan baxışdır. Elə Sovet dönəminin özündə olduğu yerlərdə gördüyü irili-xırdalı heykəllərə şair-filosof gözləri ilə baxan  Fikrət Qoca SSRİ-də və sənədlərdə onun bir parçası kimi rəsmiləşdirilən  Sovet Azərbaycanında deyə bilmədiklərini Afrikada - Qvineya-Bisauda deyə bilir. O, Qvineya-Bisauda tanrılara, tayfa başçılarına, ölkə rəhbərlərinə qoyulan heykəllərə baxdıqca, bir çox məqamlarda sınmış, sındırılmış, toz-torpağa batmış heykəlləri gördükcə  bütləşdirilmiş Stalinin heykəllərinin boynuna keçirilən ipləri və ya məftilləri, ABŞ-da səfərdə olarkən daz başına atılan yumurtanın sarısı üz-gözünə süzülən Xruşşovun aqibətini gözləri önünə gətirməyə bilməzdi. Onun müasir dünyamızın super dövlətləri ilə müqayisədə çox cılız görünən Qvineya-Bisaudakı heykəllərin böyüklüyünə acı bir təbəssümlə baxıb gülümsəməkdən və Fikrət Qoca kimi düşünməkdən başqa bir əlacı  qalmırdı. Axı, generalissimus İosif  Vissarianoviç Stalin də, onun heykəllərini qol-bud etdirən iddialı Nikita Sergeyeviç  Xruşşov da dünyanın ən böyük ölkəsinin rəhbərləri idilər. Dünyanın hər yerində bu cür rəhbər adamlara öz ölkələrində özlərindən də böyük heykəllər qoymuşdular. Onlara qoyulan böyük heykəllər   hər yerdə olduğu kimi Qvineya-Bisauda da gülünc görünürdü. Dünyanın bürüyən bu gülünclyü aradan qaldırmaq üçün şair sanki ən müasir şəhərlərdə və ən qatı cəngəlliklərdə yaşayanlara da bir çoxlarının “Hər ayağı bir vaqona yük”, şəninə qoyulduğu adamın “özündən yüz dəfə böyük olan hyekəlləri göstərərək  sanki yalvarır və insanları ehtiyatlı olmağa çağırırdı:

 

Bu boyda büt bir də dirilib

gəzə bilər.

Sevdiyi evləri, insanları

ayağı altında əzə bilər.

Dirilsə kişi

özü-özündən bezə bilər.

(Fikrət Qoca. Büt  haqqında. Seçilmiş əsərləri.

2-ci cild. Bakı, “Azərnəşr”-2005.Səh.27.)

 

Onun “Danış” adlı şeirində də çox maraqlı məqamlar vardır. Qvineya-Bisaunun  qaralmış  daşı  Fikrət Qocaya dünyanın hər yerində qaralmış daşların olduğunu xatırladır. Afrikadakı zəncilərin və daşların dərddən, susqunluqdan qaraldığını düşünən şair titrəyib özünə dönür.  “Milyon illər susduğu” və elə “buna görə də qaraldığı” üçün daşa da “ömrü boyu susmağı“ qəbahət bilən şair bu məqamda özü ilə daş arasında bir oxşarlıq görür:

Sən də mənim kimi

torpaqsan, susan.

Nə olsun, bir az bərkindənsən.

Milyon illərdi

döyülüb, tapdanıb, bərkimisən.

 

Milyon illərlə Günəşin hərarətini, torpağın nəmini canına yığan Qara daş artıq şairin gözündə susduqca qaralan qardaş obrazında canlanır:

Bəsdir daş olduğun, daş!

Danış, qardaş!

 

(Fikrət Qoca. Danış. Seçilmiş əsərləri. 2-ci cild. Bakı, “Azərnəşr”-2005.Səh.30.)

Səfərləri zamanı şairin diqqətini çəkən nəsnələrdən biri də “küçə itləri”dir. O zamankı sosializmli və  kapitalizmli dünyanın hər yerində evlərdə bəslənən, ətirli sabunlarla yuyulan, bahalı yorğan-döşəklərdə başını qabaq qolları üstə qoyub mürgü vuran itlərlə müqayisədə yiyəsizlik ucbatından şəhərlərdə küçə-küçə sülənəndən sonra ən möhtəşəm binaların pilləkənləri altına və ən xaraba binaların daşları arasına  sığınıb “bir gözüylə gələnin əlinə, bir gözüylə yana” baxa-baxa, bir ayağı ilə qaçaraqda olan sahibsiz itlər daha təbiidir. Şairdə belə bir təəssürat yaranır ki, kənardan baxanlara nə qədər qəribə görünsə də, it həyatını yaşayan  itlərin əllərindən itliklərini almaq onlara əzab verməkdir.

            Qızıl zəncir də

bağlasan boynuna

əzab verəcəksən ona.

(Fikrət Qoca. Küçə itləri. Seçilmiş əsərləri.

2-ci cild. Bakı, “Azərnəşr”-2005.Səh.43.)

 

Fikrət Qocanın şeirlərindən biri “Kipr” adlanır. İlk baxışda adama elə gəlir ki, şair Kiprdə (Kıbrızda) keçirdiyi lirik duyğularının poetik tablosunu yaradacaqdır. Şeiri oxuduqca şairin fəlsəfi düşüncələrinin lirizminə uymamaq mümkün deyildir. Onun lirizmindəki fəlsəfədə həqiqətin acılığı oxucunu silkələyib heyranlıq yuxusundan ayıldır. Heyranlıq yuxusundan alasər oyanmış oxucu dörd tərəfi sularla əhatə olunmuş “gözəlliyi, yaşıllığı su içində olan insan akvariumu”nu andıran Kiprin ətrafında “ağzı sulana-sulana dolanan köpək balıqlarını” görüb sanki şairlə birlikdə diksinərək ayağa qalxır. “Zamanın axarına düşüb” suların əlləri üstə “öz axarı ilə axan” adanın üzərindəki adamlara

 

Ehey!!! Orda dalaşmayın,

Qaynayıb daşmayın,

Sınırınızı aşmayın!

Dininiz ayrı olsa da,

hamınız şəriksiniz bir allaha!

Ətrafınızda dolana-dolana

Ağzı sulana-sulana

köpək balıqları üzür ha!..

(Fikrət Qoca. Kipr. Seçilmiş əsərləri. 3-cü cild.

Bakı, “Azərnəşr”-2005.Səh.5.)

 

şəklində edilən xəbərdarlıq elə indinin özündə də aktuallığını qoruyub saxlamaqdadır. Nəinki bir yanını sular yuyan ölkələrdə, hətta, dörd tərəfi quru ilə əhatələnmiş ölkələrin də ətrafında dolanan “köpək balıqları”nın yaratdığı vahimədən az qala bütün Yer kürəsinin yuxusu qaçdığı bu məqamda Fikrət Qocanın “Kipr” düşüncələrindəki şair müdrikliyinə heyran qalmamaq olmur.                           

  

Fikrət Qocanın səfər şeirlərindən biri də “Bazarda” adlanır. İctimai-siyasi-fəlsəfi məzmununa görə “Bazarda” şeiri dünyanı anlamağa xidmət edir. Sən demə Yer üzünün hər üzü bazar imiş. “Alanla satanın üz-üzə dayandığı”,  qızışanda “səbrini basan”ın, danışana “qulaq asan”ın olmadığı, “bağırmaqdan boğazları damar-damar” (Fikrət Qoca. Seçilmiş əsərləri. 2-ci cild. Bakı, “Azərnəşr”-2005.Səh.42.) şişənlərin meydan suladığı bazarlar  yaşadığımız dünyanın əsl mənzərəsini yaradır. Sən demə, kolxoz  həftə bazarları, marketlər super marketlər, hətta,  bizim Azərbaycanımızdakı Nic kəndinin banka və Vəndam kəndinın vedrə  bazarları böyük-böyük dünya bazarlarının kiçildilmiş modelləri imiş! Bir baxın, gəzib dolaşdığı dünyada şairin diqqətini nələr cəlb edir! Heykəllər, köpək balıqları və bir də köpək balıqlarını doyuzdura bilməyən bazarlar! Bu məqamda Fikrət Qocanın müstəqillik dövründə qələmə aldığı “Çeçenlərin səsi”, “Qaçqın gəlinə”, “Görün, o şəhidlər nə deyir bizə”,  “Rusiyada ov mövsümü” şeirləri yadaıma düşür. Səsi içindəcə boğulduğundan” fəryadı heç yerdə eşidilməyən Çeçenistan” ağrısı, “qız-gəlini didərgin düşən” Azərbaycan dərdi şairin ürəyindən beyninəcən yeriyir. ABŞ şapkasının günlüyü altında kölgələnən BMT, Reket-Avropanın dəstəklədiyi Avropa Birliyi və Avropa Şurası,  “hər dəfə acanda, bir milləti hədəfə döndərən” Rusiyanın timsalında Fikrət Qoca şair qələmi ilə müasir dünyanın doğru mənzərəsini yaradır- yalandan özünü karlığa və korluğa qoyan dünyanı özünədönüş etməyə çağırır. Hər cür ciddilikdən kənarda qalıb komik obrazlara cevrilən ATƏT üzvlərinin gülünc günlərə qalması göz qabağındadır. Üstəlik “vətən” və “vətəndaş” istilahlarının fərqinə varmadan “milli azlıq”, “milli çoxluq”, “etnik qrup” və s. kimi qıcıqlandırıcı sözləri özlərinə şüar edənləri, qəsdən onları dəstəkləyənləri satqın hesab edən şair yazır:

Mən türkəm, ləzgiyəm, kürdəm, talışam,

Bu Azərbaycanın balasıyam mən.

Vətən göylərində alıcı quşam,

Yurdun alınmayan qalasıyam mən.

 

Gəlin, bölünməyək doğmaya, yada,

Hamı bir ağacın yarpağıyıq biz.

Axı, hər birimiz başdan ayağa

Doğma Azərbaycan torpağıyıq biz.

 

Türk deyil, tat deyil alçaq adamlar

Onlar hər millətə böyük dərddilər.

Şeytan törəməsi alim-nadandır,

Namərdlər hamısı bir millətdilər.

 

***

Fikrət Qocanın şeirlərinin məziyyətləri təkcə bununla bitmir. Soruşmaq olar ki, Fikrət Qocanın gördükləri elə bunlardan ibarət olmuşdurmu? Bəs o daha nələri görmüşdür? Əlbəttə ki, bunlardan başqa Fikrət Qoca iştirakçısı olduğu beynəlxalq simpoziumları, hər dəfə iclaslarına ümidlə baxdığı BMT-ni, ATƏT-i və onlara dikilən baxışları görmüşdür.  Onun gördüyü baxışlar da elə bununla bitməmişdir. O, siyasətin eynək altından parıldayan baxışları ilə yanaşı insan qəlbinin təmizliyinə güzgü tutan baxışlara da biganə qalmamışdır.  O baxışlar və o gözlər Fikrət Qoca şeirlərindən hələ də öz saflığı ilə görünməkdədir. Bu gözlər də Molla Cumanın “İsmi Pünhan köçdü fani dünyadan, Soldu yanaqları, üz hayıf oldu. Fələyin qisməti beləymiş bizə, Qarışdı torpağa, göz hayıf oldu” nidasından baxan İsmi Pünhanın,  Şəhriyarın “Heydərbabaya salam”ından boylanan Nənəqızın bir cüt ulduz kimi yanıb sönən gözləri qədər müqəddəsdir.  Onlar dünyanı və insanı, özünü və özgələrini dərk etmək istəyən şair-filosofun şeirlərindən baxan gözlərdir.

Ay şöhrətim, şanım mənim,

Halı pərişanım mənim!

Küsüb məndən, özgələrdən

Məni soruşanım mənim!

 

şəklində  qadın təbiətinin ən gizli sirrinə belə vaqif olduğunu özünəməxsus  həzin bir kövrəkliklə, Vaqifanə və aşiqanə bir dillə açıqlayan Fikrət Qoca dünyanın hər yerində qadın füsünkarlığının əlçatmazlığını yaşayır. “Zil qara gözlü”, “dodaqları təbəssümlü”, “ilk sevgi anlarında dönüb kəpənək, əriyib külək, səpilib çiçək olan, ayağının səsini özü də eşitməyən  Vyetnam gözəlləri”nin (Fikrət Qoca. Seçilmiş əsərləri. Vyetnam gözəlləri. 2-ci cild. Bakı, “Azərnəşr”-2005.Səh.33.) zərifliyi, adamın ürəyini “səkiyə düşüb partlayan şabalıd”ın gününə salan, lakin baxışlarından mehribanlıq yağan” Ukrayna gözəllərinin (Fikrət Qoca. Kiyev görüşləri.Seçilmiş əsərləri. 2-ci cild. Bakı, “Azərnəşr”-2005.Səh.36.) səmimiyyəti, “su pərisi kimi lal-dinməz”, “ağ üzlü, qara gözlü”, “sonrasını soruşmaz, küsəndə barışmaz” olan Latviya gözəllərinin (Fikrət Qoca. Seçilmiş əsərləri.Latviya gözəlləri. 2-ci cild. Bakı, “Azərnəşr”-2005.Səh.38) cazibəsi, “qızılgüllərin özünə də yaraşıq olan” (Fikrət Qoca. Alma-Ata. Seçilmiş əsərləri. 2-ci cild. Bakı, “Azərnəşr”-2005.Səh.236.) qazax gözəllərinin ecazkarlığı Fikrət Qocanı  gözəlliyin poetik tablosunu yaratmağa sövq etmişdir. Bu sövqün, bu şövqün, bu zövqün təməlində duyan, duyduqca sevinən və ağrıyan bir ürəyin gah üstünü kül basmış közləri, gah da başı ilə ürəyi  arasında qalan bir insanın çırpıntıları dayanır:


Ölüncə eşqinlə olacağam mən,
Mən sənin ruhunda, qanında varam.
Üstünü kül örtmüş bir ocağam mən,
Balaca bir mehdən qanayar yaram.

 

Kündəsi sevgiylə yoğrulanlar “saçları qıvrım-qıvrım zənci gözəlinin gözlərini gecələrdə qopub qalmış ulduzlara” bənzədə, o gözlərin “zülmətində itə”, itməyi bir yana dursun “işığında yol gedə”, Vyetnam, Ukrayna, Latviya gözəllərinin timsalında insani gözəlliyi şairanə bir vəcd və ehtizaz ilə öyə bilər.  Elə buna görə də, şairlər sevildiklərinə əmin olanda xoşbəxt olurlar.

Fikrət Qoca ona “xərclənəsi manatı”, “əlindəki portmanatı”, “sehrili süfrəsi”, “halal həyatı” kimi baxan ömür-gün yoldaşına (Fikrət Qoca. Arvadın gözündə.Seçilmiş əsərləri. 2-ci cild. Bakı, “Azərnəşr”-2005.Səh.308.) bəslədiyi boyük sevginin təsiri altında heç vaxt özünü tək-tənha hiss etmədiyi üçün bir az da ərköyünlük edir:

Bilsəm ki, sevirsən,.. sonsuz səhrada

Ulduzsuz gecədə mən tək deyiləm.

Sənsiz biganəyəm tanışa, yada,

Sənsiz özümə də gərək deyiləm.

 

Bu sevginin üzərinə minlərcə, milyonlarca Fikrət Qoca sevərlərin sevgisini əlavə etsək, onda özündən sonrakı zamanlarda da hər bir oxucunun müasiri olacaq bir şairdən – B. Vahabzadənin dediyi kimi “... deyim tərzi düşüncə tərzindən doğan” mərdanə bir şairdən söhbət getdiyinə şəhadət vermiş olarıq.

14 may 2015-ci il.

 

Bax. Ədəbiyyat qəzeti. 23 may 2015-ci il.Şənbə №32-33 (4987-88) səh.5. Məqalə “Hələ də susan daşlar...” adı ilə və qismən ixtisarla dərc edilmişdir.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru