Koşkar - Ermek Tursunovun hekayəsi

Avq 19, 2026 - 13:35
Avq 19, 2026 - 13:45
 0  2
Koşkar - Ermek Tursunovun hekayəsi

Yazici.az-ın "Qazax ədəbiyyatı" rubrikasının növbəti qonağı nasir, kinorejissor Ermek Tursunovdur.

ERMEK TURSUNOV

Ermek Tursunov (Ermek Kərimjanulı Türsunov, 1961, 20 iyul) –  nasir, publisist, kinorejissor, ssenariçi

E.Tursunov Almatı vilayətinin Narınkol kəndində doğulub. Əl-Fərabi adına Qazaxstan Milli Universitetinin jurnalistika fakültəsini (1984), Moskva Ali Ssenariçilər və Rejissorlar Kurslarını (1990) bitirib. Respublika dövri nəşrlərində çalışıb, sonra Dövlət Televiziya və Radio Verilişləri Şirkəti Almatı bürosunun baş direktoru, Soros Fondunun mətbuat katibi, prodüser kimi çalışıb. Bir müddət xaricdə yaşayıb. Qazaxstan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri (2018), Prezident yanında Milli İctimai Etibar Şurasının üzvüdür (2021).

E.Tursunov yaradıcılığa 80-ci illərin ortalarından başlayıb, dövri nəşrlərdə hekayələri çap olunub. Onun “Məmlük” (2009) romanı, “Yeddi may günü” (2010, K.Artıkbayevlə birgə), “Həyat xırdalıqları” (2016), “Biri vardı, biri yoxdu” (2017) nəsr topluları nəşr olunub. 2008-ci ildən isə ekran yaradıcılığına başlayıb, rejissor kimi uğurlu filmlər çəkib, onlarla ssenarisi ekranlaşdırılıb. Filmləri beynəlxalq fesrivallarda nümayiş etdirilib, mükafatlara layiq görülüb, “Oskar” və Nika” mükafatlarının nominasiyalarına daxil edilib.

E.Tursunov ekran sənətində qazandığı uğurlara görə “Qazaxstanın Əməkdar İncəsənət xadimi” (2016) fəxri adına layiq görülüb.

 

KOŞKAR

(hekayə)

Bax, “qoyun” təhqiramiz, alçaldıcı söz sayılır. Deyirlər, qoyun kimi kütdü; qoyun kimi tərsdi; qoyun kimi gözlərini döyür...

İndiki cavanların söz yatırında “qoyun” ifadəsi öz yerini tutub – eyni mənanı daşıyır, amma artıq qadın cinsinə də aid edilir.

Biz qazaxlarda qoçlarla da, qoyunlarla da xoşagələn assosiyasiyalar azdı. “Семiздiктi кой гана кетеред!” – artıq çəkini nəzərdə tutanda belə deyirlər. Təxmini tərcüməsi belədi: “Köklük yalnız qoyuna yaraşır”.

Bir gerçək də var: tox acın başına ağıl qoya bilməz. Bu, beyinlərini qoyun piyi basmış indiki cavanlar barədə deyilib.

İtaətkarlıq və həddən artıq sadəlik barədə deyirlər: “Койдай жуас”, yəni, dilsiz-ağızsız, xaraktersizdi. Mızmızıdı. “Dişsizlərin yemi”, “yaraların dərmanıdı” (M.Qorki).

Bir sözlə, qoyunla əlaqədar olan hər şey, xoşagəlməz, ürəkbulandırdıcıdı. Yeri gəlmişkən, yaddaşımda bir əhvalat var, xüsusilə uşaqlıq çağları kənddə keçmiş adamlar üçün daha məhrəm olacaq. Hesab eləyin ki, bu əhvalatı həmin o lap dilsiz-ağızsız, xaraktersiz və həddən artıq itaətkar adamları müdafiə eləmək üçün danışıram.

Hə, birincisi, etiraf eləmək lazımdı ki, qoyunlar nizam-intizamlı məxluqdular. Tək gəzmirlər. Bir yerə topalaşırlar. Kollektiv şəkildə otlayırlar. Qoyun sürüsü – hökmdarın arzuladığı var-dövlətdi.

Sürünün əsas xüsusiyyəti – ürkəklik, çəkingənlikdi. Kütlənin arasında asanlıqla itib-batmaq olur. Hətta haray salsan belə, eşitməyəcəklər. Buna görə də tək qoyun – ağlasığmaz şeydi.

Davam eləyək.

Qoyunun nə qədər yaşadığını heç kəs bilmir. Çünki qoyunlar qocalıb ölmürlər.

Bax, itlər, tutaq ki, orta hesabla on iki-on beş il yaşayırlar. Atlar iyirmi il, ən çoxu otuz il ömür sürürlər. Fil əlli il yaşaya bilər. Bəzən də ömrü altmış il çəkir...

Amma qoyunun nə qədər yaşadığı məlum deyil. Bunu hətta qazaxlar belə, bilmirlər. Çünki onun taleyi irəlicədən həll olunur. Bir qoyun da öz əcəliylə ölə bilməz.

Qoyunlar öz təbiətlərincə, insanların bu və ya digər münasibətlə təşkil elədikləri təntənələri sevmirlər. Ən çox nifrət bəslədikləri bayramsa Qurban bayramıdı...

Hələ bu harasıdı! O biçarə qoyunlarla bağlı çoxlu cürbəcür ədalətsizlik mövcuddu. Bununla belə, köçərilər məhz ona – qoyuna – başqalarından çox minnətdar olmalıdılar. Qoyunun borcundan çıxmaq ağlasığmaz məsələdi. Çünki köçərilərin bu bomboş çöldə sağ qalmalarıyla bağlı yükün əsas hissəsini qoyunlar öz üzərlərinə götürüblər. Həm də artıq neçə yüzillərdi ki, o məxluqlar öz funksiyalarını yerinə yetirirlər...

Buna görə də insanın vəziyyətinin itlərlə, pişiklərlə deyil, qoyunlarla müqayisə olunması təsadüf deyil. Deyirlər: “Койын болмаса, байлыкта ойын болмасын” – “Qoyunun yoxdusa, var-dövlət barədə danışmağa dəyməz”.

Bir də ki, al-ver aləmində nə qədər kataklizmlər baş verir-versin, neft birjaları və bank sistemləri nə qədər qalxıb düşsün, qoyun indiyədək mənim ucsuz-bucaqsız çölümün hər bir guşəsində ticarət əməliyyatlarının aparılmasında sabit valyuta rolunu oynayır. Həm də qeyd eləməliyəm ki, bu, yalnız əyalətdə belə deyil.

Təbii ki, birgə yaşadığımız uzun illər ərzində bir-birimiz barədə çox şeylərdən xəbər tutmuşuq.

Məsələn, biz, adamlar qoyunları təkcə xasiyyətlərinə görə deyil, cinslərinə görə də ayırd eləyirik. Başqa bir, yaş üzrə təsnifləşdirmə də var.

Bax, tutaq ki yenicə dünyaya gəlmiş qoyun – kozıdı. Altı aylıq qoyun – toktıdı. Bir illik qoyun - icek koydu. İki illik qoyun - kunan koydu. Üç illik qoyun – donen koydu. Bağışlayın, axta qoç – bu da cins qoç sayılır – koşkardı...

Bütün bunları gülüşsüz-filansız söyləyirəm. Hə, bəlkə də dodaqlarımda yüngül təbəssüm olsun, amma bunun gizli mənası yoxdu.

Ona görə də qoyunlarımızın üzərinə qayıdaq.

 

Mən Koşkar barədə söz açmaq istəyirəm. Sözsüz ki, heç vaxt unutmayacağım gözəl, köhnə uşaqlıq dostum haqqında.

Adətən, qoyunların dölü fevral-mart aylarında olur. Həmin vaxtacan aullardakı tövlələrdə kiçik arakəsmələr düzəldirlər. Çalışırlar ki, ora isti olsun, çünki yenicə doğulmuş quzular ümumi tövlədə dona bilərlər.

Bəziləri evində, sobanın yanındaca “körpələr evi” düzəldir. Yadımdadı, bizdə də atam döldən əvvəl nazik taxta parçalarından balaca bir arakəsmə düzəltdi, yerə yumşaq saman tökdü, yeni doğulan quzuları ora yığdı. Tezliklə “körpələr evi” səs-küylü narahat məxluqlarla doldu. Gündüzlər quzuları analarının yanına səhər-günorta yeməkləri üçün gətirir, amma gecə evdə saxlayırdıq.

Bir dəfə ən yaşlı, ən layiqli qoyunumuz əkiz balaladı. Birinci quzu dünyaya ölü gəldi, o birinisə anası nədənsə əmizdirməkdən boyun qaçırdı. Qoyun dərddən ağlını itirmiş halda, təskinlik bilmədən tövlədə vurnuxurdu. Quzu da anasını burunlayır, şikayətli səslə süd istəyirdi. Amma bunun faydası yox idi. Qoyun ona sarı əyilib imsiləyir, sonra yenə dövrə vurmağa başlayırdı. Görünür, heyvanın ana qəlbində müəyyən bir bağ qopmuşdu...

Bir sözlə, quzu ölümə məhkum idi. Bunu görüb biçarəni himayəm altına aldım. Sözün əsl mənasında, ondan ötrü anasını əvəz elədim.

Hər şeydən əvvəl, körpə yeməyinə oxşar bir şey düzəltdim: manna yarmasını südlə qarışıdırıb şüşəyə doldurdum, ağzına da əmzik keçirdim. Quzu bunun nə olduğunu dərhal dərk eləmədi, amma aclıq özünü bildirdi. Tədricən öyrəşdi. Sonra da heç əl çəkmədi. Şüşəni görən kimi, özünü yetirirdi!

İndi gündəlik rejimim tamamilə dəyişmişdi. Hər şey cavan analarda olduğu sayaq, qrafik üzrə təşkil olunurdu.

Səhər tezdən, saat altıda qalxır, yemək hazırlayır, quzunu yedirirdim. Sonra özüm səhər yeməyi yeyir, məktəbə gedirdim. Birinci sinifdə oxuyurdum. Məktəbdə də qəfildən dərk elədim ki, daha fikrimi dərslər üzərində cəmləşdirə bilmirəm. Artıq fikrim-zikrim quzunun yanındaydı. Narahat olurdum ki, orda neyləyir, görəsən? Nə yeyir, necə yatır, harda yatır, ümumiyyətlə, təcavüzkar qonşularından onu incidən yoxdu ki?

Məktəbdən çıxanda var gücümlə evə qaçırdım.

Nahar vaxtı yetişirdi. Təbii ki, sulu, quru yeməklər, kompot olurdu. Nahardan sonra evdə bir qədər gəzişirdim. Sonra istirahət vaxtı başlayırdı. Qulağının ardını qaşıyanda xoşuna gəlirdi. Tez də yuxuya gedirdi.

Axşamsa qayda üzrə yeməyimizi yeyirdik. Yeməkdən sonra oynayırdıq. Oyunun ardınca da yatırdıq.

Təbii ki, bir müddət sonra aramızda, qan bağı olmasa da, necə deyərlər, doğmalıq bağı yaranmışdı.

Quzuya ad vermək lazım idi. Adsız yaşamayacaqdı ki! Bununla bağlı uzun-uzadı düşünməli olmadım, Koşkar adlandırdım. Özünü ağıllı göstərməyə nə ehtiyac var axı?

Koşkar yetərincə dərrakəli böyüyürdü. Adını yadında saxlamışdı, səsləyəndə dərhal reaksiya verirdi.

Tamam yetim olduğuna görə, ona müəyyən güzəştlər edilirdi. Yalnız Koşkarın arakəsmədən çıxıb evdə dolaşmasına izin verilirdi. Künc-bucaqlarına baş çəkdiyi arxa otaqlarda dırnaqlarının tappıltısını indi də xatırlayıram. Onu da deyim ki, hər şeylə maraqlanırdı. Daim nəsə axtarır, nəyisə saf-çürük eləyirdi. Sonra gəlir, ev tapşırıqlarını hazırlayanacan ayaqlarımın altında uzanırdı. Elə orda da yuxuya gedirdi. Həlim görkəmi vardı. Qıvrım tükləri yenicə yağmış qartək dümağ, həm də yumşaq idi. Gözləri qapqaraydı, qaraçı gözlərini xatırladırdı. Burnu düyməyə oxşayırdı. Bir sözlə, multfilm, canlı oyuncaq idi.

Sonra da yaz girdi. Bütün mal-qaranı yığıb kolxoz sürüsünə qatdılar, dağlara apardılar. Koşkarı yanımda saxladım. Onsuz da anası ondan imtina eləmişdi.

Beləcə, Koşkar evimizdə yaşamağa başladı.

 

Vaxt itirmədik. Ona təlim verməyə girişdim.

Hansı mənada təlim? Qısası, onu it kimi öyrətməyə başladım.

“Uzan!” əmrinə yetərincə tez əməl elədi. Bir neçə ay da “Otur!”, “Gətir!” və “Mələ!” təmrinlərinə sərf elədik. O komandam üzrə uzanır, çömbəlir, atdığım ağac parçasını gətirir, mələyirdi.

“Tut!” təmrini hamısından çətin oldu.

Koşkar təbii ki, dişləyə bilmirdi, kəllə vurmağısa hələ bacarmırdı. Uzunmüddətli və gərgin məşqlərdən sonra, nəhayət, ondan nə tələb olunduğunu dərk elədi.

Əvvəlcə mənə kəllə vururdu. Sonra göstərdiyim adamı vurdu. Ardınca da öz istəyiylə kəllə atmağa başladı. Belə məqamlarda çox əyləncəli görünürdü.

Koşkar “Vur!” komandasını eşidən kimi, yerində donub qalır, başını qəribə tərzdə yana əyir, sonra bir neçə addım geri çəkilir, irəli şığıyır, buynuzsuz alnıyla zərbə endirirdi...

 Boyu dizlərimdən bir qədər yuxarıydı. Çəkisi də təxminən beş kilo olardı. Buna görə də əvvəlcə bu gözəl əyləncə hamıya xoş gəlirdi. Bir müddət sonra, Koşkar böyüyəndəsə, o əyləncədən əsər-əlamət qalmadı. Amma bu barədə indi söhbət açmayacağam. Hələ Koşkar həyətimizdə yaşayır, bağda otlayır, sadiq küçüktək dalımca gəzir, demək olar, ümumi himayə mühitində böyüyürdü.

Koşkar taktı, öz təbirimizcə desək, tineycer həddinə çatanda mənimlə bulaqdan su gətirmək üçün getməyə başladı. Bəzən də qəsəbə dükanınacan müşayiət eləyirdu. Mən çörək alanda o girişdə durub gözləyirdi.

Bir müddət sonra da Koşkar tay-tuşlarımın məclislərində iştirak eləməyə başladı. Yaxınlıqda uzanır, dinməzcə söhbətlərimizi dinləyirdi.

Futbola getməyə də vərdiş elədi. Biz top qovurduq, o da yaxınlıqda otlayırdı. Xoşbəxrlikdən meydança dağın ətəyindəydi. Ora cürbəcür ətirli otlarla doluydu. İstədiyi qədər otlayırdı.

Hamı ona çoxdan öyrəşmişdi, bunda da qəribə heç nə yox idi. Koşkar uşaqların dilindən düşmürdü.

Yeri gəlmişkən, az qala, unudacaqdım. Koşkar evdə özünü lap it kimi aparırdı. Məsələn, yad adamları həyətə buraxmırdı. Aul adətincə, izinsiz-filansız içəri girməyə öyrəşmiş qonşular Koşkarın bir neçə dəfə gözlənilməz hücumundan sonra yeni qaydanı dərhal mənimsəmişdilər, darvazanı döyməyə, ya da ev sahibini hasarın üstündən haylamağa məcbur olurdular.

Bununla belə, qəfil hadisələr baş verirdi.

Yadımdadı, bir dəfə çoban İlyas ağa bizə gəlmişdi. O, ayda bir kərə dağlardan enir, həyətbəhəyət dolaşır, mal-qaranın haqqını yığırdı. Yolunu bizim evdən də salmışdı. Mən tay-tuşlarımla qonşu tövlənin damında oturub ərik yeyirdim.

Bir də gördük ki, İlyas ağa həyətimizə girir. Sakit, təmkinli qocaydı. Müharibə iştirakçısıydl. Ayaqlarında tozlu çəkmə, əlində şallaq vardı. Başına rəngi solmuş şlyapa qoymuşdu. Yaralandığına görə, hələ də azca axsayırdı.

Atını hasara bənd eləyib içəri girdi. Səslədi:

-Karimjan! Karimjan!

Yəni, atamı çağırdı.

Hamını artıq çoxdan yeni qaydaya alışdırmış Koşkar əvvəlcə hətta belə bir həyasızlıqdan çaşdı. Yerindən qalxıb hazır vəziyyət aldı. Nəfəsimizi içimizə çəkdik: görək sonrası nə olacaq.

İlyas ağa pəncərəyə yaxınlaşıb astaca döydü. Koşkar yad adama yaxınlaşıb xəbərdaredici tərzdə qıçına sürtündü. Qoca gərək ehtiyatlanaydı! Amma digər tərəfdən də çoban üçün qoş-qoyun nədi axı? O da etinaszcasına Koşkarı itələdi. Üstəlik də şallaqla vurdu ki, əl çək də, qanmırsan, ay heyvan!

Bununla da səhv elədi. Bağışlanmaz səhv buraxdı. Xüsusilə də şallaqla vurmağı yersiz idi. Belə eləməməliydi. Amma neyləmək olardı... İlyas ağa yönünü çevirib arxayınca qapıya doğru getdi. Arxa tərəfində baş verənləri görmədi. Təbii ki, görə də bilməzdi. Ordasa...

Belə bir həyasızlıqdan əməlli-başlı hiddətlənmiş Koşkar mümkün qədər geri çəkildi, hədəfi nişan aldı, sonra var gücüylə irəli şığıyıb qoyun kəlləsiylə qoca cəbhəçinin kürəyindən aşağıya şiddətli zərbə endirdi. Onu da deyim ki, bir-iki gün əvvəl həyəti yenicə asfaltlamışdıq.

O biçarə İlyas ağa necə havaya uçdu! Yeni salınmış asfaltı burnuyla nə qədər eşdi! Sonra hesabladıq ki, on bir addım şütüyübmüş!

Desəm ki, o, bu cür əclaflığı gözləmirdi, belə çıxar ki, heç nə söyləməmişəm. Qoca belə şeyi heç ağlına da gətirməzdi!

Necə ola bilər axı?! Qoç çobanı, cəbhəçini, ordenli adamı necə vura bilər?! Üstəlik də Oder çayını keçmiş, gözəl Qdansk şəhərini hücumla almış adamı!..

Bir sözlə, şlyapa sağa, şallaq sola düşdü. İlyas ağa özüsə asfaltın üstüylə qaranquştək süzdü.

Maraqlısı budu ki, o, qorxusundan çaşıb qəfildən rus dilinə keçdi!

-Durakpısın?! (Durakpısın – dəlisən, səfehsən)– O, eybəcər səslə bağırdı. – Ey, durakpısın1?!

Görünür, onun çoban beyninin lap dərinliklərindəki sağlam düşüncə qazax qoçunun qazax çobana əl, yəni buynuz qaldıracağını qəbul eləmək istəmirdi. Yalnız tərbiyəsiz, qanmaz, qanıqarışıq, məlum adət-ənənələrə hörmət bəsləməyən qoyun bu cür hərəkət eləyə bilərdi...

Koşkarsa buna fikir vermirdi. İnadla hədəfi nişan alır, kəllə-kəlləyə gəlmək niyyətiylə irəli şığıyırdi.

Səs-küyə, qışqırtıya qonşular tökülüşdülər.

Amma heç kəs olub-keçənə qarışmaq istəmirdi. Hamı artıq bu cür psixoloji dözüm sınağından keçmişdi. Buna görə də hasarın arxasında dayanıb məsləhət yağdırmağa üstünlük verirdilər.

-Uzan, tərpənmə! – Kairjan təklif elədi. – Özünü ölülüyə vur!

-Tövləyə cum! – digərləri qışqırırdılar.

-Nərdivana dırmaş!

-Bağa sürün!

Qonşu tövləsinin damından “Koşkar, dur!” qışqırmasaydım, bütün bunların nəylə başa çatacağı məlum deyildi.

Koşkar yerindəcə donub qaldı, sonra həvəssiz halda kənara çəkilib məmnun, qisasını almış halda, əzəmətlə uzandı. Onunla qürur duyurdum.

Aləmdəki qanunların bir anda kökündən dəyişdiyini görən çoban durub aradan çıxdı.

Bax, belə bir hadisə olmuşdu.

 

Bununla belə, illər ötürdü. Sinifdən-sinfə keçirdim. Koşkar da böyüyür, yetkinləşir, yaşlanırdı. Artıq qoç üçün çox izafi çəkisi – altmış kilodan artıq – vardı. Yırğalana-yırğalana yeriyirdi. Göyərtəylə addımlayan bosmanı xatırladırdı. Tənbəl, düşüncəli olmuşdu. Uzunmüddətli gəzintilərə marağını itirmişdi. Bağda uzanıb əbədi saqqızını çeynəyirdi. Beləcə, ağır hərəkətləri, üç burumlu buynuzları, altdan-altdan baxışlarıyla ağayana məxluqa çevrilmişdi. Artıq heç kəs onunla oynamağa, üstəlik də zarafat eləməyə cəhd göstərmirdi. Hər kəsin canı özünə əziz idi.

Amma biz hələ də onun üçün tay-tuş kimi qalırdıq. Bəzən bağdakı alma, gavalı ağaclarının altına kilim sərirdim. Kilimin üstündə uzanmağı çox sevirdik.

Ucadan kitab oxuyurdum. O, Lermontovun “Mtsıri”sini çox sevird. Yanımda uzanıb dinləyir, mane olmurdu. Beləcə də yuxuya gedirdik.

Günlərin bir günü böyük qardaşım hərbi xidmətini başa vurub qayıtdı.

Adət üzrə ziyafət verməliydik. Nədənsə məni bir-iki günlüyə şəhərə, qohumlarımızgilə göndərdilər. Qayıdandasa Koşkarı tapmadım.

-Sürüyə qatdıq, - atam çımxırdı.

Təəccübləndim. Koşkar heç vaxt sürüyə qarışmamışdı. Qarışa da bilməzdi. O, ümumiyyətlə, kütlənin – sürünün içində yaamağın mümkünlüyünü dərk eləmirdi. Bir də ki, onu niyə sürüyə qatmalıydılar axı? Tezliklə qış girəcəkdi.

Bir neçə gündən sonra da tövlədən asılmış dərisinə rast gəldim. Yaxınlaşıb əlimi dəriyə sürtdüm.

O qıvrımları hətta gözləri yumulu belə, barmaqlarımla tanıyardım.

Həyatımda ölümlə ilk dəfə bu cür rastlaşdım...

Yadımdadı, uzun müddət tövlədə, qurumuş dərinin altında oturdum. Ərtafımdakı adamlardan heç biri də ağlartımı eşitmədi, göz yaşlarımı görmədi.

Məni kim başa düşərdi axı? Səsimi kim eşidərdi? Kimin rəhmi gələrdi? Qoyundu də. Adi qoyundu. Qoyun kəsilmək üçündü.

Görün sizə nə deyirəm.

Bilirsiniz, qoyunlar da, cürbəcür olurlar. Elə adamlar kimi...

Tərcümə: Nəriman Əbdülrəhmanlı

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru