Girəvə - Aliq Nağıoğlu

May 8, 2026 - 12:23
May 8, 2026 - 12:24
 0  72
Girəvə - Aliq Nağıoğlu

Yazıçı Ədəbiyyat Portalı Aliq Nağıoğlunun "Girəvə" hekayəsini təqdim edir.

        – Məni də qəbula yazın... Deməyə sözüm var...

      Onsuz da birinci olmayacaq. Səni şöbə müdirinin yanına göndərə bilərəm, yekəxananın, təşərin biri olsa da, onu mehriban qarşılayan müavin tez-tez nazik bığlarını sığallayırdı.

      O, hüllükçüdür, yalançıdır... O saatcana “Davıdoff” siqareti aldıracaq. Özü də baxmaz cavandı, yaşlıdı, al gətir vəssalam, sonra dərdini danış, deyəcək...

      Hər kəs vəzifədə olanda girəvə gəzir... Amma yenə soruşum: şikayətin nədəndir, kimdəndir?nişan alırmış kimi gözünün birini qıyıb baxdı.

      İş istəyirəm, pensiyama az qalıb, cəmi beş il. Sonra pensiya pulunnan dolanaram ölənəcən, birtəhər.

      Səninlə zarafat etmək olar. Pulun-zadın vaar?nəsə soruşanda uzada-uzada danışırdı.   

      Olsaydı, nə dərdim...

      Pula qızırqalanan adamsan, yoxsa işsiz qalmazdın...

      Pul gərək olsun, qızırqalanım... Mən vəzifə-zad istəmirəm ki, münasib xırda iş olsa, qəbulumdu.

      Heylə işləri birinci özü həll edir. Bilirsən harda boş yerlər vaar?

      Nə iş olsa, işləyərəm, təki maaş olsun, az, çox, fərq etməz.

      Dedim axı, birincidən başqa kimsə qərar verə bilməz... Mən sənə məsləhət verə bilərəm...

      Hansı məsləhəti?

      Sabah qəbul günüdür, görüşü mən aparacam. Sən də gəl. Özü də lap tezdən gəl, birinci yazıl qəbula. Girərsən, dərdini danışmağı səndən tələb etsəm də, de ki, mən ancaq sözümü birinciyə deyə bilərəm. Mən təkid edəcəm, səni sıxacam, lakin sən sözünün üstündə dayan, dəbbələmə haa. Onda mən səni alayı siyahıya yazacam. O, səni qəbul edəcək, özü də başqa otaqda...

      Onda birinci burdadır?

      Bunu mən sənə demədim ki burdadır... Cızıqdan qırağa çıxma! Deyilənə qulaq as!.. İndi getməmişdən o şeiri de...şəhadət barmağını burnunun içinə soxub nəsə axtarmağa başladı.

      Şeir deməyə axotum yoxdur, qalsın gələn səfərə... Gedim.

      Ancaq yaxşı girəvədi ha, dediyim kimi edərsən...

      Ordan çıxan kimi ikinci mərtəbəni düşə-düşə əlini şalvar cibinə saldı, dəftər vərəqini çıxarıb orda yazılanları bir də nəzərdən keçirdi. İlk olaraq şəkərlə bağlı dərmanları, sonra şəkərli ərzaq mallarını almağa qərar verdi. Amma... Xatırladı ki, bu ay xəstəxanadan pulsuz dərman verilməli idi axı.”Gəlsənə xəstəxanaya dəyim, bəlkə paylayıblar, xəbərim olmayıb. Deyirdilər bu ayın ortaları veriləcək. Şəkərölçən aparatı da soruşum. Nə yaman gecikdi, deyəsən, bunlar onu xəstə öləndən sonra verirlər, yəni yazırlar adına, satırlar başqasına. Kimdən soruşursan, deyir ordan pulnan aldım. Bu, nətəri olur...”

      Xəstəxananın əsas binası yarım ildən çoxdu təmirə dayandığından bir neçə yerdə məskunlaşmışdı. Ölkə boyu bu proses gedirdi. Yaxşı ki, baş həkimin oturduğu bina çox uzaqda deyildi.  Piyada gəzmək üçün yaxşı fürsətdi. Ətli-canlı yaraşıqlı katibə dedi ki, nahar fasiləsinədək olmayacaq, kişi yanına çağırıb. Çaşıb soruşdu ki, hansı kişi, xanımın gül ağzı açıldı:

      Rayonda neçə dənə kişi vaar?!acıqla ağzından vurdu, yaşlı adamdı, qəribə sual verməyinə baxın, siz Allah...kimə narazılıq edirdi bilmədi. Arxaya çöndü, qapının dalında başının tükləri seyrək orta yaşlarında birisi oturmuşdu. O:

      Ağsaqqal, hələ aparat gəlməyib, gələndə biləcəksən...heç nə olmamış kimi qımışdı.

      Bir ildi gəlib-gedirəm, elə eyni sözləri eşidirəm... Alanlar olub...

      Onlar beş il, on il növbədə dayananlardır... Sənə də nüvbə çatar, darıxmaginən, bir az səbirli ol...

      Ya qismət...

      Ay sağ ol, duva elə, duva, Allah kərimdir!..

      Uzun dəhlizin sonuna kimi gedib, sola döndü. Şöbə müdiri yazılan qapıdan ağ xalatlı həkim çıxırdı.

      Ay səni xoş gördük, gəl içəri görüm...açarı əlində fırlatdı, ancaq cibinə qoymadı. Keçib yerində oturdu, əli ilə sağ tərəfdəki stulu göstərdi:

      Çoxdandır görmürəm səni, necəsən, indi hansı işə baxırsan? Gözümə birtəhər dəyirsən?

      Şəkər tapmışam, canına sağlıq...

      Əşşi, bekara şeydir, şəkərdən qabaqlar qorxardılar, indi səhiyyəmiz elə inkişaf edib ki, dərmanlar çoxalıb, aparatlar əlçatandı... Ölkənin yarısı şəkərdi, hələ çoxu bilmir, beş-altı il onunla məzələnir. O gün bir tanışımız üç yüz əlli ilə gəlib çıxmışdı bura, zalım balası bu vaxtadək həkim-zad tanımayıb... De görüm özün necəsən?

      Bu miras əməlli-başlı dolaşdırb məni: onu yemə, bunu belə ye, gündə beş-altı kilometr gəz, dolan... Acqarına, yüngül, beqüvvə yeməklərlə necə gəzəsən, bax, bunu deyə bilmirsən... Yediyinin, içdiyinin dadı-tamı qaçıb... Diabet ərzaqlar da baha, iş-güc də yox...

      O vaxtdan işsizsən?

      Həə... Hara gedirsən, dəqiq bilirsən burda iş yeri var, indi hər kəs açıq deyir-danışır, gəl ki deyirlər cavanları götürürük, otuz beş yaşınadək olanları... İstədim dava-dərman alam, ərzağım da qurtarıb... Burdan da iki aydır dərman almıram...

      Yaxşı rastlaşdıq səninlə,yerində köndələninə əyilib yanındakı tumbanın aşağı siyirməsini çəkdi, ordan bir qutu çıxarıb ona uzatdı, hələlik bunları atarsan, pulsuz dərman bayramdan sonra olacaq. “Dağın vüqarını dağ deyil, inan,

Təpədir yaşadan çiyinlərində”, kimin şeiridir, bilirsən də?

      Vallah, hərdən düz-əməlli adım yadımda qalmır, doxtur... Müəllifini tamam unutmuşam, dəqiq bilirəm ki, mənimki deyil. Yaddaşsızlıq birdən gəldi, heç xəbərim olmadı...

      Sənin də vaxtların vardı... Hərdən şeirlərini qəzetlərdən oxuyuram, ləzzət eləyir... Təzə kitab buraxmamısan ki?

      Xəstəlik əlimi-qolumu bağladı, işsizlik həvəsdən saldı, kitab çapına da pul-para lazımdı. Gücüm ona çatır ki, qəzetlərə, jurnallara göndərirəm, yutuba yükləyirəm. Allah kəssin belənçinə yazmağı...

      Bütün dövrlərdə yaradıcı adamlar korruq çəkib, sənin qabında olanın da həsrətini çəkənlər var... Vaqif nə deyirdi: “Toy-bayramdır, bu dünyanın əzabı,

Ağlı olan ona gətirər tabı.” Allahın verdiyi fitrətdir. Şükür elə! Ancaq sponsor soraqlasan, elə bilirəm tapılar, necə olmasa üz-üzdən utanır. Heç kəsə dedizdirmə, özün sorağına çıx, Allah kərimdir!..

      Nəsə, sənin işin başından aşır, vaxtını almayım, salamat qal...

      İkisi də qapıdan çıxdı. Bir-birindən aralanmamış uzun arıq kişi, üzü tüklü sağ əli çənəsinin altında yanlarını kəsdirdi. O saat bozardı:

      Mən sənə kömək elədim, get o birilərin yanına, kişinin əlinin üstü al qan idi, ortasında kəsik yeri vardı.

      Beş manat ver, bir manat hara çatacaq...

      Bir manat mən verdim, gəl görək bu birilər də kömək eləsin, səbirli ol, heç nəyə yaramayan əlivi götürüb düşmüsən qarabaqara dalımca,söylənərək qonşu otağa girdi.

      Sən də kömək elə, ay qardaş, öldüm ağrıdan, deyə kişi ona tərəf bir addım atdı.  

      Karsalalığına salıb durmadı.

***

      Ertəsi gün səhər tezdən xaltura maşınla qəbula yollandı. Adını siyahıya yazdırdı. Dünən razılaşdıqları kimi elədi. Qəbulu aparan müavin onu bayırda gözləməyi tapşırdı.

      Birincinin yanına gec çağrılmadı. İçəridə ağsaçlı, yaşı altmışı keçmiş məmur oturmuşdu. Lap yaxınına gəlib divar boyu düzülmüş ikinci stulda əyləşdi. Əslində onunla ilk görüşü olsa da qəzetdə şəklini görmüşdü. Deyirdilər mədəni, xoşrəftar kişidir. Odur ki, özünü ürəkli, toxtaq hiss edirdi.

      Xoş gəlmisiniz, buyurun, eşidirəm sizi, o, sağ əlini başının arxasındakı seyrək tüklərinə çəkdi.

      Əvvələn, salaməleyküm. Məni sayıb ayrıca qəbul etdiyinizdən yana minnətdaram. Qiymətli vaxtınızı almadan, ərz edim ki, iş üçün gəlmişəm, təzə-təzə rayona təyinat alanda sizə ərizə də yazmışdım, amma dedim üzbəsurət görüşüm...

      Sənətiniz-peşəniz nədir, haralarda işləmisiniz... Görürəm bir xeyli də yaşınız var...

      Elədi, kifayət qədər iş stajım var, amma təqaüdə hələ beş il qalır. Özüm də xəstəlik tapmışam, şəkərəm bir neçə ildir. Dərmanlar, pəhriz yeməkləri əlavə çətinliklər yaradıb. Düzdü, bundan sonra yaşamağa nə qalıb ki...

      Mənə elə gəlir, bunu qadir Allahın ixtiyarına buraxmalıyıq, ağsaqqal. O, ədalətlidir, kimin nə qədər yaşayacağı da onun əlindədir.

      Elədir, amma Allah deyir səndən hərəkət, məndən bərəkət... Gərək bir yerdə işləyəsən, aylıq məvacibin olmasa, batdın Aşqabad batan kimi ...

      Bundan əvvəlki iş yerindən hansı səbəbdən çıxmısınız?

      O idarədə artıq it yiyiəsini tanımırdı. Bu sizdən üç il qabaq olub. Bir para cavan uşaqların əllərinə vəzifə düşmüşdü, istəyirdilər tez-tələsik varlanıb-karlanalar. Yəni paytaxtda evləri olsun, bahalı maşınları olsun, əyin-başları, yemək-içməkləri, xarici səfərləri də öz yerində...

      Sən də qoşulaydın bunlara, özünə bir gün ağlayaydın, indi hələm-hələm iş tapmaq olmur, ağsaqqal, gülə-gülə “sən” deyə müraciət etməsi ona elə gəldi ki, birincinin məhrəmliyindən xəbər verirdi.

      Hə-ə, cavan olsaydım, bəlkə də nə olacaq, olacaq deyə düşünərdim, ancaq indi mənim türmədə yatan vaxtım deyil axı... Özüm də ömrüm boyu saxtakarlıqdan uzaq durmuşam, hiss edəndə ki, kollektivin arzusuna qarşı da getmək yaramaz, ərizəmi verib üzüsulu getdim. İşlədiyim idarələrdə xətir-hörmət qanmışam, bekara atı dərəyə sürməmişəm...

      Hə-ə, ağsaqqal, sən çox qanacaqlı adamsan, hətta mən gözlədiyimdən də artıq... Düzü, içəri girəndə bir az forslu görsənirdin, hətta əl verib görüşmədin də... Amma eyb etməz, hamımız fikirli-qaralı olmuşuq. Sənin dərdin bir özününküdü, mənimsə üstümdə bütün rayonun yüküdür. Hər kəs də istəyir burdan razı getsin. Hər həftə bir gün qəbula gedir, qalan günləri yerlərdə sakinlərlə görüşlər keçiririk, hətta tapşırmışam işçilərimə kim çağırsa bir gün şikayətçinin qapısına gedəyin. Bu təklif bəlkə dünyada ilk olaraq bizdə tətbiq olunacaq, yəni analoqu olmayandır. Düzdür, keçən cümə günü hazırlaşırdıq ki, ucqar aran kəndinin müracətçisinin görüşünə gedək, xəbər gəldi: adam dünyasını dəyişib. İnanırsınız, çox məyus oldum, bərk kədərləndim...

      Allah rəhmət eləsin; gəldi əcəl, vermədi macal...             

      Sənin şairliyin də varmış ki...

      Əvvəllər olub.

      Necə qabaqlar olub, indi bulaq qurudu? Məni özünə həmkar saya bilərsən, iki ali diplomumdan biri jurnalistlikadi...

      Çox gözəl, sizinlə gec tanış olmağıma təəssüflənirəm, müəllim. Bu vaxtadək bilməmişəm. Üzrlü sayın.

      Heç mənim öz işçilərim də düz əməlli bilmir. Özünüreklamı, gözəgirməyi xoşlamıram. Hətta qadağan eləmişəm.

      Adam böyük vəzifədə olanda ətrafındakıların etiqadı kəndin üstünü bürüyən duman-çən kimi qeyri-müəyyən, qeyri-sabit, həm də xəyali olur. Dünyanı görə-görə gəlirik dənə...

      Ay sağ ol, sən fərqli düşüncəli adamsan. Adətən əlahiddə halda qəbuluma düşənlər sənintək olur, qalanları tamam ağlağandır, özlərini müskin hala salırlar, ələ fürsət düşdüyündən çoxluğun içində deyə bilmədiklərini üyüdür, yalvarıb-yaxarır, imdad istəyirlər. Təsəvvür edirsən, şair, adamlar yaman ələbaxım, yardımcanlı olub getdi. Bir növ girəvə gəzirlər ki, içindəkiləri boşaltsınlar, illərlə fotə verdiklərini bir ayın, bir həftənin badı kimi təqdim etsinlər. Sən kənddə olursan yəqin?

      Elədir,dedi, başını razılıq əlaməti olaraq tərpətdi.

      Xətrinə dəyməsin, kənd adamlarının əksəriyyəti çox tənbəlləşib, necə deyərlər lodurlaşıb. Torpaqda əlləşənlər azalıb, seyrəlib. On-on beş il qabaq belə deyildi amma... Mal-qara dalınca düşən, yer əkib gecəli-gündüzlü sahədə qalan adamlar hanı?..

      Müşahidələriniz düppədüzdür, müəllim... On beş, iyirmi il qabaqkı adamlarının bəziləri torpağın altındadır, bəziləri xəstəliklərlə əlbəyaxadır-əkib-becərməyə canı qalmayıb... Oğul-qız da ilbəil daha yüngül işlərə üz tutur, ailədə uşaq sayı da birdən, ikidən çox olmur... Taxıl əkən dad eləyir, çünki lazımi məhsuldarlıq olmur ki, təkrar davamını gətirsin. Tərəvəz bitkilərindən bəziləri dərmanla ərsəsyə gələndir açığı, tamahsılanıb əkənlərdə uşaq dünyaya gətirməsi əngəllənir, canı düşür; başqa bitkilərin məhsullarını vaxtında götürəni-xaricə aparanı, saxlama yerləri olmur. Bunlar hamısı şərtlərdir, müəllim, bəhanə-zad deyil. Böyük şitillikxanalar, təminatlı parniklər salmaq böyük pullar, maya istəyir. Odur ki, bu günün kəndlisi tədricən torpaqdan gen düşür, onu dəyər-dəyməzinə satır, bağışlayır bir az imkanlıya, taleyini bağlayır günəmuzd, özəl işlərin yeknəsəq dolanışığına...

      Yerlərdə qəbulum olanda sənin kimi tədbirli, incəlikləri bilənlərlə az rastlaşıram. Gələn-gələn yardım istəyir... Bir də mollalar danışır, müəllimlər, ayrı-ayrı sahənin mütəxəssisləri ağzına su alıb baxır, ya da gözə dəymir. Bəzən adamlar sadəcə girəvə gəzirlər, içindəkini boşaltmaq üçün...

      – Mən içimi boşaltmağa yox, çarə tapmağa gəlmişəm...

      – Doğrudur. İndi səni bir işlə təmin edə bilməsək də, əlaqə saxlayacağıq. Bəlkə uyğun yer tapıldı...

      – Təşəkkür edirəm. Bunu da yaşamaq üçün bir səbəb sayım...

      – Elə say...

***

      Qəbuldan çıxanda hava tutqun idi. Səhərdən bəri dayanmadan əsən külək indi bir az səngimişdi, amma başının üstündə boz səma da, küçənin küncündə kəsilmiş ağac gövdələri də, qarşıdan gələn tanış olmayan üzlər də eyni bir donuq duyğunun– laqeydliyin daşıyıcısı idi.

      O, pillələri asta addımlarla endi. Qapının ağzında bir anlığa dayandı, başını qaldırıb binanın üzərindəki yazıya baxdı. Köhnəlmiş hərflərdən biri yerindən qopmuşdu. Elə bil o hərf də bu binada çox durmuş, usanmış, düşüb getmişdi. İstəmədən gülümsədi. Hiss elədi ki, içindəki bütün güc və təkid bir stəkan ilıq su kimi əldən süzülərək axıb gedib.

      İş olmayacaqdı. Yox, o da bunu içində duymuşdu. Hərçənd ümid – insana az da olsa nəfəs verən tək şey – hələ də onu rahat buraxmırdı. “Bəlkə bu dəfə olar?!”, “Bəlkə fikirləşib zəng eləyərlər?!”... Bəlkələr içində boğulan tək nəfəs idi...

      Qapıdan bir az aralandı. Küçənin küncündə siqaret yandırdı. Quru dodaqları titrəyirdi. Soyuq hava burnunun ucunu qızartmışdı. Yanından keçənlərə baxmadan irəlilədi. Ayaqları onu özü də bilmədən xəstəxananın yaxınlığına gətirdi. Elə o binanın qabağında yenə həmin kişi – qanlı əllə dilənən – oturmuşdu. Onun gözləri bu dəfə qırmızı idi;bəlkə ağrının təsirindən, bəlkə də yuxusuzluqdandı. Yanından keçdi, dayanmadı. Əlini cibinə atmadı. Bilirdi ki, cibində pul yoxdur.

      Bir neçə addım atandan sonra dayandı. Arxaya baxdı. Dilənçinin yanında başqa bir kişi durmuşdu. Əlindəki çörək parçasını onun ovucuna qoydu. O səssizcə qəbul etdi. Heç nə demədi. Əlində çörək olsa da, ac qalmış bir insan kimi görsənmirdi.

Sanki sadəcə unudulmuş idi.

      Elə bu zaman başa düşdü ki, o da unudulub. Sadəcə bir neçə kağızlıq CV, bir-iki şeirdə ad çəkilmiş kölgə, ağ xalatlı həkimin stolunda qutulara bükülmüş dərman siyahısının bir adı idi. Girəvədə qalmış bir ad... İşə qəbul ediləcək siyahıya düşməyən bir cizgi...

***

 

      Evə qayıdanda artıq hava qaralırdı. Yolda heç bir tanışa rast gəlmədi. Telefonu sussa da, o susqunluğa çoxdan öyrəşmişdi. Qapını açanda otaq da susqun idi. Sanki artıq divarlar da onu tanımırdı.

      Masaya oturdu. Köhnə dəftərini çıxardı. Bir neçə misra qaraladı:

 

Bir ömrün sonu girəvədə qaldı,

                                         Vərəqlər doldu, iş yeri olmadı.

      Nə iz qoydular, nə ad soruşdular– 

   Hamı çox danışdı, məni unutdu...

 

      Dəftəri bağladı. Dərmanları qutudan çıxarıb masaya düzdü. Yavaş-yavaş nəfəsi daralırdı. Sanki otağın havası da azalmışdı. Başını pəncərəyə çevirdi. Orda işıq vardı. Amma o işıq, heç vaxt ona çatmayacaqdı.

      Beynindən keçdi:“Hər kəs bir ümidlə girəvədə qalır... Amma bəziləri – birdəfəlik...”

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0