"Güllübəyim" əhvalatı - Zaur Ərmuğan
Yazıçı Ədəbiyyat Portalı Zaur Ərmuğanın "Güllübəyim" əhvalatı hekayəsini təqdim edir.
-- Axı haradan biləydim ki, bu gün səhər qapıdan çıxanda Güllübəyimə rast gələcəyəm. Yuxuda ki görməmişdim Güllübəyimi. Fal açdırmışdım ki, biləm, kim çıxacaq qabağıma? Görüm, onun ayaqları qırılsın, qıçları sınsın yolumun üstünə çıxan yerdə. -- Otağa daxil olarkən ərini görcək gileylənməyə başlayan Süsənbər üzünü bozartdı.
-- Nə olub yenə? -- İşdən təzəcə qayıdan Mirzəbala divandan qalxıb arvadının əlindəki zənbilləri bir-bir aldı.
-- Daha nə olacaq?! -- Süsənbər nəfəsini dərməmiş dilləndi. -- Elə küçəni keçmişdim ki, bilmədim, ayağım nəyə ilişdi, gubbultu ilə elə dəydim yerə, belimin üstünə daş töküldü elə bil. Yaxşı ki, özüm dura bildim ayağa. Səhər tezdən qıraq-bacada heç kəs olmur axı. Məni kim qaldıracaqdı yerdən?!
-- Nə danışırsan? Yerə dəymisən? -- Əri təəccüblə soruşdu.
Süsənbər arvad kinayə ilə cavab verdi:
-- Yox! Göyə uçmuşdum!
Arvadının xasiyyətini yaxşı bilən Mirzəbala gülərək dedi:
-- Daha Güllübəyim nə etsin?! Özün dəymisən də yerə! Ayağının altına baxaydın! Qaz kimi boğazını uzada-uzada niyə gedirdin ki?
İkisi də zənbillərin içərisini masa üstünə boşaldır, bazar və dükanlardan alınmış şeylərə baxa-baxa bir-biriləri ilə danışırdılar.
-- Bazar od tutub yanır, söndürəni də yoxdur. Qonşular deyirdi ki, dünən bazarda ucuz imiş balıq. Dedim, bu gün gedim bazarlığa, rastıma çıxar, bəlkə, ucuz balıq. Güllübəyimin topuqlarına çiban çıxaydı, yarıya bilmədim heç bugünkü bazarlıqdan. Qapımı açmağıma peşman oldum, elə çıxdı ki üzümə, görüm, gün görməsin onun üzü, görüm, qırc olsun ayağı...
-- Baha idi, almayaydın! Balıq yeməsəydin, ölməyəcəkdin ki?!
-- Deyir, bazara gedirsən, deyəsən? Geyinib-kecinmisən?! -- Güllübəyimin sözlərini dodaqaltı mızıldadı.
-- Güllübəyim deyirdi?
-- Hə! -- Süsənbər daha da əsəbiləşdi. -- Sənə nə var, haraya gedirəm?! Bazara getmək olmaz?! Bəlkə, səndən arayış almalıyam?!
-- Ərizə yazaydın gərək! Əzirə! Daşdan keçən ərizə! -- Kişi zarafatla araya söz qatdı.
Süsənbər qonşusunun ona dediyi sözü yenə xatırlayanda üzünün rəngi dəyişdi: -- Geyinib-kecinmisən?! -- Əda ilə dilləndi. -- Şüleylim günündə çıxmayacaqdım ki qırağa!
-- Cəhənnəm olsun Güllübəyim! Sən də girinc olmusan! Daha nə edək?! Bu zamanda guya nə ucuzdur ki? Amma yaxşı balıqlardır ha! Sıf, çəki... -- Zənbili eşərək o biri bağlamanı da çıxartdı. -- Bobla da var ki! Bunu niyə almısan? Maşın gəzdirir də küçədə! Özünə yük eləmisən bunları!
-- Dedim, gəlmişəm bazara, bundan da iki kilo alım da!
-- Kürülü olur indi boblalar. Əla! -- Mirzəbala xoşhal göründü. -- Günortaya bişirərsən bunlardan.
Sonra yenə arvadını sözə tutdu:
-- Marşrutla getdin rayona?
-- Əvvəlki marşruta çata bilmədim. Dayanacağa beş-on addım qalmışdım ki, maşın keçdi, cin vurmadı təpəmə?! Güllübəyimin ağzına yara çıxaydı o sözü mənə deyən yerdə. Gözləmişəm o biri avtobusu, sonra getmişəm.
-- Bu kartoflar xarab çıxıb ki?! -- Mirzəbala əli ilə xarab olmuş iki kartofu bağlamanın içərisindən çıxartdı.
Gözlərinə məəttəl qalan Süsənbər səsini qaldırdı:
-- Güllübəyim! Bu gün səhər qabağıma çıxanda başına yekə bir daş düşəydi! Allah bəlanı versin! Sabaha çıxmayasan səni görüm! Murdarın qızı murdar! Pisniyyət köpək qızı! Kaftarsifət!
-- Soğanın da içərisində xarabı var! -- Mirzəbala dözə bilmədi. -- Nə "Güllübəyim" salmısan?! Güllübəyimin dırnağı girməmişdi ki gözünə?! Ağlın var, gözün var! Baxa bilmirdin buna? Gözünü öğurlayıb, xarabını atıblar zənbilə. Bilmirsən, al-verçilər hansı yuvanın quşudur?!
-- Güllübəyimə rast gəlməsəydim, belə olmayacaqdı, vallah! -- Arvad bu sözü elə dedi ki, inandı da dediyinə.
Süsənbər zənbilləri, bazar və dükanlardan alınan şeyləri yır-yığış edəndən sonra Mirzəbala təzə boblalardan beş-altısını götürüb tavaya qoydu. Evdən həyətə düşəndə bıçağı daşa çəkdi, ət taxtası üzərində balıqların axçasını aldı, qarnını yarıb qulaqlarının içini təmizlədi. Sonra onları yudu. Tavanın içərindəki balıqlar gün işığı altında parıldayırdı.
Süsənbər sobanın istisində balıqları təzəcə qızartmağa başlamışdı ki, işıqlar söndü. Süsənbər səbirsizləndi:
-- Evin başına uçsun, Güllübəyim! Yaman günə düşəsən! Əlin havada qalsın!
Mirzəbala vəziyyəti anladı: işıq sayğacının düyməsi gərginlikdən atılmışdı.
Kişi işi yoluna qoydu: soba yenə işlədi. Tavanın qapağını qaldıranda gözünə sıçrayan yağ damcısı Süsənbərə od qoydu: -- Gözün çıxsın, ay Güllübəyim! Çıxsın gözün!
Sobanın odu çox qızdığından balıqların bəzisi yanıb qaralmış, əti tavaya yapışmışdı. Tüstü həyəti bürümüşdü. Başı göyərti doğramağa qarışan Süsənbər qapağı qaldırb hirsindən zərblə tavaya çırpdı: -- Boğulasan! Külə dönəsən səni, Güllübəyim!
Süfrə hazır idi. Ər-arvad masa ətrafında əyləşib yemək yeyirdilər.
Bobla sümüklü balıqdır. Xırda, nazik sümükləri çox olur. Bunu Süsənbər də yaxşı bilir. Ancaq bərk acmışdı. Tələsik yediyindən diqqətsizlik etdi. Balığın sümüyü Süsənbərin boğazında ilişib qaldı. Arvadı öskürək tutdu. Mirzəbala stəkanda su gətirdi. Xeyiri olmadı. Çörəyin qırağından bir tikəni ağzına atıb çeynəməmiş uddu ki, bəlkə, sümük boğazından sürüşüb keçə. Mümkün olmadı yenə. Süsənbərin gözündən su tökülürdü. Süfrədən ayağa qalxdı. Həyətə düşdü. Arxasınca da əri Mirzəbala ağacın altına gəldilər.
Çarəsi yox idi. Süsənbər Mirzəbalanın dediyini eləməliydi. Arvad barmağını boğazının yoluna saldı. Bərk ögüdü. Sümük də çıxdı. Özünə gələndən sonra üzünü qonşusunun evinə sarı tutub ağzını açmaq istəyirdi ki, Mirzəbala vəziyyəti anlayıb onu qabaqladı:
-- Sümüyün sınsın, Güllübəyim! Yediyin, içdiyin zəhər olub burnundan tökülsün! Səni görüm, əllərdə qalasan! -- Sonra arvadından soruşdu:
-- Bəs edər?!
Arvad bir söz demədi. İkisi də ayağa qalxıb evin pilkənlərinə sarı üz tutanda Süsənbər özü ilə bacara bilməyib arxaya -- qonşu həyətə sarı çevrildi. Dedi:
-- Səni görüm, tikə-tikə olasan, Güllübəyim!
Elə bil ürəyindən tikan çıxdı.
26 mart 2026
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0