“Gəlin tanış olaq, Tofiq Abdinəm!”: tanınmış ədibin 85 illiyi qeyd olunub

Okt 22, 2026 - 21:12
 0  5
“Gəlin tanış olaq, Tofiq Abdinəm!”: tanınmış ədibin 85 illiyi qeyd olunub

Oktyabrın 22-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində tanınmış şair, nasir, publisist, Əməkdar mədəniyyət işçisi Tofiq Abdinin 85 illik yubileyinə həsr olunmuş “Gəlin tanış olaq, Tofiq Abdinəm!” mövzusunda elmi sessiya keçirilib.

Yazici.az xəbər verir ki, tədbiri açan muzeyin direktoru, akademik Rafael Hüseynov Tofiq Abdinin Azərbaycan ədəbiyyatı, mədəniyyəti və publisistikası tarixində müstəsna xidmətlərindən danışıb. O, Tofiq Abdinin çoxşaxəli yaradıcılığından, insani xüsusiyyətlərindən bəhs edərək, onu sözün ağırlığını, mənasını dərindən hiss edən həssas insan kimi xarakterizə edib. Bildirib ki, XX əsr ədəbiyyatımızın xüsusi mərhələsini təşkil edən “altmışıncılar” nəslinin parlaq nümayəndəsi olan Tofiq Abdin varlığı ilə ömür yaratmağı bacaran bir şəxsiyyət idi.

Akademik Rafael Hüseynov qeyd edib ki, Tofiq Abdin tükənməz həvəsi, çılğınlığı, qaynar çalışqanlığı, yenilikçi düşüncə və yanaşmaları ilə həmişə yaşından xeyli cavan görünürdü. O, ədəbiyyata, mədəniyyətə gəldiyi ilk illərdən gördüyü işlərlə böyük əks-səda doğurub.

Tofiq Abdinlə 1974-cü ildə, hələ tələbə ikən “Qobustan” redaksiyasında tanış olduğunu söyləyən akademik Rafael Hüseynov aralarında xeyli yaş fərqinin olmasına baxmayaraq, onunla ilk təmasdan səmimi dostluq münasibətlərinin yarandığını bildirib. Alim “Qobustan” jurnalında ilk yazılarının da məhz Tofiq Abdin tərəfindən dərc edildiyini xatırladıb.

Qeyd edib ki, "Qobustan"ın əsas ağırlığını daşıyan, başlanğıcdan axıra qədər həmin yükü götürən Tofiq Abdin olub. O, Azərbaycan jurnalistikasına tamam yeni ab-hava gətirib. Ədibin "Qobustan" jurnalında dərc etdiyi məqalələrin hər biri, tərcümələrinin hamısı mühüm hadisə idi. Tofiq Abdinin "Qobustan" jurnalında Qədir Rüstəmov, Bəşir Səfəroğlu və digərləri haqqında yazıları başqalarına bənzəməyib, yazı üslubu və yenilikçi düşüncə tərzi ilə fərqlənib.

Akademik Rafael Hüseynov Tofiq Abdinin Azərbaycan Sovet Ensiklopediyasında, "Qobustan" jurnalında, “Melodiya” radio klubunda, “Qaranquş” adlı antisovet gizli təşkilatında, eləcə də ölkəmizin Türkiyədəki konsulluğundakı fəaliyyətindən bəhs edib. Vurğulayıb ki, köşə yazarı anlayışını Türkiyədən Azərbaycana ilk dəfə gətirən Tofiq Abdin olub. Millətini və dövlətini sevən nadir istedad sahibi Tofiq Abdin həyatı boyu mühitin doğurduğu saysız-hesabsız məhdudiyyətlərdən, maneələrdən yazıb-yaratmalı olub.

Diqqətə çatdırılıb ki, Tofiq Abdinin Azərbaycan yazı və düşüncə aləmindəki əvəzsiz yeri bütün dərinliyi və genişliyi ilə görünəcək. O, ədəbiyyatı və mədəniyyət tariximizə zəngin bir irs, rəngarəng yaradıcılıq dünyasını yadigar qoyub.

Elmi sessiyada ədibin ailə üzvləri, qələm dostları, əqidə yoldaşları da çıxış edərək Tofiq Abdinin publisistikası, bədii yaradıcılığı, şəxsiyyəti və ideya mübarizəsinin dərinliyindən bəhs ediblər.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri filologiya elmləri doktoru Vaqif Yusifli, nasir, publisist, tərcüməçi Nəriman Əbdürrəhmanlı, “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Seyfəddin Hüseynli, şair-tərcüməçi Maarif Soltan, Əməkdar jurnalist Yusif Rzayev, şair-publisist Ağacəfər Həsənli, şair, yazıçı, esseist, tərcüməçi Kənan Hacı, jurnalist Etibar Cəbrayıloğlu Tofiq Abdin haqqında xatirələrini bölüşüblər.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru