Şlyapalı kişi… – Meyxoş Abdullah yazır..
Yazici.az ədəbiyyat portalı Misir yazıçısı və tərcüməçisi, tanınmış alim Ashraf Aboul-Yazid Ashraf-Dali haqqında yazıçı Meyxoş Abdullahın yazısını təqdim edir.
Ashraf Aboul-Yazid Ashraf-Dali ilə tanışlığım, yazıçı dostum Təranə Məmmədin vasitəçiliyi ilə olmuşdur. Təranə xanım Əşrəf bəyin “Qahirədə bir küçə” şeirlər və düşüncələr toplusunu Azərbaycan dilinə tərcümə etmişdir.
Əşrəf bəy Azərbaycanda olarkən, Təranə xanımla söhbəti zamanı onun tərcümə etdiyiyi əsərlərlə maraqlanmış və Təranə xanım da öz növbəsində tərcümə etdiyi kitablardan, o cümlədən, mənim “Əsir qadın” kitabım haqqımda da, qısaca olaraq Əşrəf bəyə məlumat vermişdir. Bax, Əşrəf bəylə mənim qiyabi tanışlığım belə başladı. Sonra sosial şəbəkədən bu xeyirxah və mənim üçün bir az da sirrli olan bu insana marağım artdı və onu izləməyə başladım.
Əşrəf bəydə sevdiyim ən böyük insanı xüsusiyyətlərdən biri, onun hamıya qarşı diqqətcil olmasıdır. Bu dostluqda və ünsiyyətdə böyük şərtdir. O, mənim bütün şərhlərimə cavab verir, diqqət və sayqı göstərirdi. Məndən bir neçə hekayəmi ona göndərməyimi xahiş etdi. Mən Əşrəf bəyə 12 qısa hekayəmi göndərdim. O, hekayələrimin hamısını bircə-bircə oxuyaraq, ərəb dilinə tərcümə edib, saytlarda və qəzetlərdə dərc etdirərək, Misir oxucularına çatdırırdı. Bir məsələni də qeyd etmək mənə xoş olardı ki, “Altıncı mərtəbə” hekayəmi tərcümə edəndən sonra, Əşrəf bəy mənə bir təşəkkür məktubu da göndərmişdi. Məktubunda qeyd edirdi: – “Altıncı mərtəbə” hekayəni mənim həyat yoldaşım da oxudu və çox bəyəndi. Buna görə də, onun salamını və təşəkkürünü sizə çatdırmağı özümə borc bilirəm”.
Doğrusu, mən buna çox sevindim. Sevindim ki, mənim hekayələrim böyük Misir elində rəğbətlə qarşılanıbdır.
Ashraf Aboul-Yazid Ashraf-Dali çox xeyirxah bir insandır. O, insanların qəlbini ələ almağı və sevindirməyi bacarır. Elə bil, Allah onu ancaq xeyirxah işlər görmək üçün yaradıbdır. Ondan ancaq xeyir xəbərlər eşitmək olar. Hər dəfə bu adam məni sürprizləri ilə sevindirməyi xoşlayır. Bir dəfə mənə yazmışdı ki, sənin qısa hekayələrindən ibarət bir kitab hazırlamışam, yaxın vaxtlarda onu Misirdə nəşr etdirmək istəyirəm.
Mən bu xəbəri eşidəndə çox sevindim. Yazıçı adamam, bu günə qədər 10 kitabım nəşr olunubdur. Bir kitabı nəşr etdirməyin nə qədər çətin olduğunu yaxşı bilirəm. O da ola, yazıçı başqa bir xalqın nümayəndəsi olsun. Onun əsərlərini tərcümə etmək, onların üzərində işləmək, bunlar hamısı böyük vaxt tələb edir. Əşrəf bəy kimi, hər gün, hər dəqiqə çalışan bir adam üçün, əlbəttə, bu çox çətin bir işdir. Amma o, bu çətin işin öhdəsindən layiqincə gəldi. Təsəvvür edirsinizmi, xaricdə, özü də dünyanın yarısı boyda olan ərəb dövlətlərinin dilində kitabının çıxması bir yazıçı üçün nə deməkdir? Əlbəttə, bu çox böyük və fərəhli bir işdir.
Misirdə kitabımın nəşr olunması mənim üçün ən sevindirici və yadda qalan bir gün oldu. Bir də, məni sevindirən bir başqa səbəb idi. Bunu, bəlkə də, hər kəs dərk edə bilməz. Bilirsiniz, həyatda hər şey etmək olar. İnsanlar həyatda hər gün çoxlu işlər görür, bir-birlərinə köməklik edir, əl tuturlar. Amma ən gözəli, bu işləri təmənnasız etmək, heç bir xeyir güdmədən yaxşılıq etmək, bilirsiniz nə qədər gözəl və savab işdir? Buna bizdə Allah xatirinə etmək deyirlər. Bu yaxşılıq heç vaxt itmir, unudulmur, yaddan çıxmır. Əşrəf bəyin gördüyü işlər, mənə elə gəlir ki, Allah xatirinə görülən işlərdir.
Misirdə kitabım nəşr olunandan sonra sosial şəbəkələrdə geniş şərh olundu. Dostlarım, yaxınlarım ailəm çox sevindilər. Bu, həm də, mənim üçün böyük uğur sayılırdı. Əsərlərim türk, rus, polşa, moldovan, türkmən, özbək, qazax, qırğız, fars, gürcü dillərinə tərcümə ediımiş, bir neçə ölkədə isə kitablarım çıxmışdı. Amma Misirdə çıxan kitabım kimi bu qədər sevinməmişdim. Əlbəttə, gör məni nə qədər ərəb bacı-qardaşlarım tanıyacaqdı. Bunlar hamısı Əşrəf bəyin xeyirxahlığı sayəsində baş tutmuşdu.
Əşrəf bəy həmişə mənə qardaş deyə müraciət edir. Bilmirəm, bu təsadüfdən irəli gəlir, yoxsa hansısa bir zərurətdəndir. Əşrəf bəyə demişəm, o mənim Əkbər babama çox oxşayır. Əkbər babam iranlı olub, İranın Ərdəbil şəhərində yaşayıb. Həmişə də başına şlyapa qoyarmış. Doğrudr, mən babamı görməmişəm, o çoxdan dünyasını dəyişibdir. Amma qoca nənəm danışırdı ki, o, çox xeyirxah və gözəl bir insan olubdur. Nə bilim, bəlkə də, bizim Əşrəf qardaşımla soy kökümüz birdir. Bilmirəm. Amma bircə onu bilirəm ki, Əşrəf bəy insan adamdır, o insanlığın etalonudur.
12.10.2025
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0