Hara qaçsaq özümüzdən qaçmayaq - Elman Tovuzun şeirləri

Apr 10, 2026 - 09:46
 0  15
Hara qaçsaq özümüzdən qaçmayaq - Elman Tovuzun şeirləri

Yazıçı Ədəbiyyat Portalı təqdim edir.

Elman Tovuz - 65

* * *
Baxma ki, gözümə görünməyirsən,
Salmısan silnməz iz yaddaşımda.
Özümə bu qədər yaxın deyilkən,
Qurmusan taxtını düz yaddaşımda.

Axşamım belədir, səhərim belə…
Qalmır heç yadımda naharım belə.
Mənim, qışa dönüb baharım belə,
Sənsə gül açmısan buz yaddaşımda.

De, mənmi dəliyəm, dəlimisən sən,
Taleyin sehirli əlimisən sən…
Ya məni sağaldan zəlimisən sən, -
Yapışıb qalmısan, qız, yaddaşımda?!

Qayıtma

Özün də bilmirsən bu nə dərd idi -
Mən üzə çıxıram, sənsə batırsan…
Nə oldu: tapanda – gözü dörd idin,
Atanda – gözünü yumub atırsan?

Bu boyda günahı üstünə yığıb -
Bu ürək indicə daş olar, qorxma…
Yanına düşmüşəm – yadından çıxıb,
Gedərəm, yanın da boşalar, qorxma…

İsti nəfəs, – deyə axtarma hədər,
Qar düşər başımı qatdığın yerə.
Səni xatirələr daşqalaq edər -
Qayıtma o, məni atdığın yerə…

Şeir kitabımı vərəqləyən qız

Şeir kitabımı varaqlayan qız,
Heyif ki, sevinə bilməyəcəksən...
Bir vüsal nəğməsi soraqlayan qız,
Yüz həsrət nəğməsi dinləyəcəksən.

Mənim şeirlərim düyünlü, dağlı,
Oxusan, dondurar səni qış kimi.
Yaralı qartalam – ayağı bağlı,
Sən isə uçursan qaranquş kimi.

Ahım səmalara nuş olsun deyə,
Mən dərdi yazıram hər gecə, hər gün.
Bir dəliqanlıya xoş olsun deyə,
Sən şeir gəzirsən “xatirə” üçün...

Kədər topa-topa, qəm yığın-yığın,
Yazmışam tufanla, yağışla, gözəl.
Yoxdur bu kitabda sən axtardığın,
Sən Allah, sən məni bağışla, gözəl.

Hələ vaxt olacaq səndən yazmağa,
Ay vüsal nəğməsi soraqlayan qız.
Dərd verdin,
gəlmədin dərd azaltmağa,
Şeir kitabımı varaqlayan qız.

* * *
Heç mərhəmət yoxdu bizdə,
Elə insafsız olmuşuq…
Yazıq-yazıq baxıb üzdə,
Daldada ahsiz olmuşuq.

Torbamızı haram didib,
Halal nəfsə əsir gedib…
Gündə bir yol tövbə edib,
Guya günahsız olmuşuq.

Əl uzadıb yerdən göyə,
Hamı haqqa boyun əyə!
“Allah haqqı” deyə-deyə,
Yaman Allahsız olmuşuq.



* * *
Mən ki çəkdim nə verdinsə,
Yenə də çəkərəm, Allah.
Arzuların qəbri üstə
Lap gül də əkərəm, Allah.

Könlüm saray, evim kaha...
Kimə “yazıq”, kimə “pah”am.
İçimə sultanam, şaham,
Çölümə nökərəm, Allah.

Qoy özümü gendə görüm,
Bəlkə yağış, gün də görüm...
Bir iş tapşır, mən də görüm, -
Nə vaxtdır bekaram, Allah.

Qaçmayaq

Hara getsə bu yurd-yuva bizimdir,
Dağımızdan, düzümüzdən qaçmayaq.
Nəsimilər vətənidir bu vətən,
Soyulsaq da sözümüzdən qaçmayaq.

Soran kimdi, kimin kimə qəsti nə?!
Yanmış odda alov nədi, tüstü nə…
Dik yeriyək yağıların üstünə,
Nişan alsa gözümüzdən, qaçmayaq.

Hər birimiz bir vicdana dam olaq,
Qara gələn qaranlığa şam olaq…
Harda olsaq – bütöv olaq, tam olaq,
Hara qaçsaq – özümüzdən qaçmayaq.

Qoşma

Bu dünya fanidir, deyirlər, ancaq,
Hər kəsi dünyaya aşiq görürsən.
Həyat bir oyundur,
ömür – oyuncaq,
Vaxt gəlir, qocanı uşaq görürsən.

Titrək dodaqlarda kilid oynayır,
Ürəkdə təzyiqtək, ümid oynayır...
Adam var, üzündə bulud oynayır,
Di gəl ki, içində işıq görürsən.

Ay Elman, yazırsan can bahasına,
Çıxanda özünlə söz davasına.
Elə vurulmusan saz havasına –
Gecə yuxunda da aşıq görürsən.
29.02.2024

Bu tale məni ovutmur

Bu tale məni ovutmur, –
Yüz cür naxış hörür, allah.
Əl-ayağım sükan tutmur,
Bu ömrü kim sürür, allah..

Ruhum var e,
bədənim yox,
Bədənimi "güdənim" yox.
Daha gəlib-gedənim yox,
Bu it kimə hürür, allah...

Nədir gözümün qançırı?
Yoxsa yollarmı sancılıb...
Yaramın gözü açılıb, –
Məndən yaxşı görür, allah...
01.02.2024

Tural Adışirinin təqdimatında..

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0