Unut məni, çıxım, gedim - Nazir Rüstəmin şeirləri

Apr 11, 2026 - 16:19
 0  28
Unut məni, çıxım, gedim - Nazir Rüstəmin şeirləri

Yazıçı Ədəbiyyat Portalı Əməkdar artist, şair Nazir Rüstəmin 70 illik yubileyi münasibətilə şeirlərini təqdim edir.

***
Mənə qəmli nəğmə oxu-
Ağlat məni, çıxım, gedim.
Oxu, kəlmə-kəlmə oxu-
Aldat məni, çıxım, gedim.

Sirri var dağın-daşın da,
Buludun da, yağışın da.
Ağla, gözünün yaşında
Ovut məni, çıxım, gedim.

Bu ayrılıq birdən gəldi,
Yeridi, hər yerdən gəldi,
Göydən gəldi, Yerdən gəldi-
Unut məni, çıxım, gedım.

Bu nəğməni kim oxudu?
Bu ilməni kim toxudu? -
Deyirsən bu bir yuxudu...
Oyat məni, çıxım gedim.

***
Ya gün olsun, ya da yağış,
Ya yay olsun, ya da ki qış...
Yeri-göyü naxış-naxış
Çəkirəm bir ağ varağa.

Torpaq altda itən kimi,
Boy çıxarıb bitən kimi,
Dərdi cücərdib dən kimi
Əkirəm bir ağ varağa.

Yol gedirəm ölümümlə,
Kədərimlə, dərd-qəmimlə.
Söykəndiyim qələmimlə
Çökürəm bir ağ varağa.

Yollar yorur dizlərimi,
İllər silir izlərimi.
Sənsizlikdə gözlərimi
Tikirəm bir ağ varağa.

***
Hardan gəldin bu ömrümə? -
Ömrün-günün bu çağında.
Gəldin göylər qaralanda,
Yağışlar narın yağanda.

Hardan gəldin bu ömrümə?..
Baharımız haqdan gedib.
Vağzalı çoxdan çalınıb,
Qatarımız çoxdan gedib.

Hardan gəldin bu ömrümə? -
Günün gün batan vaxtında,
Marağımın meyə artıb,
Bəxtımın yatan vaxtında.

Hardan gəldin bu ömrümə?
Gəlmə, gəlməsən yaxşıdı.
Mən nələr çəkirəm, bilmə,
bilmə, bilməsən yaxşıdı.

***
Mən min dərdlə dərdli adam,
Sən bəxti gül vuran qadın.
Addım - addım, aram-aram
Varlığıma varan qadın.

Baxışları sual olub,
Sevgisi dinməz, lal olub.
Gecə - gündüz xəyal olub
Gözlərimdə duran qadın.

Sənsiz mənə dardı dünya,
Sənsiz məni yordu dünya,
Sənsiz kardı, kordu dünya
Sənsiz dünya viran,qadın.

***
Sevənlər şirin qəm yeyir,
Hər gün, hər an, hər dəm yeyir..
Desin, deyənlər nə deyir-
Sən həmişə mənimləsən.

Günlərim saçda dən olsa,
Yollarım duman, çən olsa,
Ağ libasım kəfən olsa,
Sən həmişə mənimləsən.

Bu sevgi, Allah, nəyimiş?
Dili qəmli bir neyimiş...
Bu ürək yaman şeyimiş-
Sən həmişə mənimləsən.

Fərqi nə- yaş çox, ya azdı,
Ömür yazdı, ya paylzdı?!
Bu yazını Tanrı yazdı:
Sən həmişə mənimləsən.

***
Zalım dünya nə sirdisə
Tutub aldı nə verdisə…
Bir gün bəxtin gətirdisə,
Bir gün tamam itirirsən.

Yolun yoldan yola düşür,
Çiçəkliyə, kola düşür,
Gah günə, gah qara düşür-
Qopur tufan, itirirsən.

Bilə-bilə, qana-qana
Ölümə yol gedir adam…
Borclu qalıb neçə cana,
Gör neçə can itirirsən?…

Salıb sındırdıqlarını,
Daş atıb qırdıqlarlnı,
Yaradıb qurduqlarını
Zaman-zaman itirirsən.

Bu yazıdır, giley deyil,
Hər yazı da şeir deyil…
Çox ömür də bir şey deyil-
Adam, adam itirirsən.

***
Səni sevib, əzizləyib,
Gözüm üstə qoydum, dərdim…
Get, səndən də bezdim daha,
Get, səndən də doydum, dərdim.

Heç demədin qışdı, yaydı,
Heç bilmədin yasdı, toydu…
Nə nəfsin, nə gözün doydu,
Ürəyimi oydun, dərdim.

Səhər-axşam, gündüz-gecə
Yaşadım sənlə beləcə…
Necə oldu, sənə necə,
Nə təhər mən uydum dərdim?!

Özümü söydüm qınadım,
Dizimə döydüm qınadım…
Axır, səni mən tanıdım,
Səni bildim, duydum, dərdim.

Yastığımı qor elədin,
Gözlərimi tor elədin…
Nə elədin zor elədin-
Mənə necə qıydın, dərdim?…

***
Unut-dedin mənə…titrədi səsin…
Dedin nə olubsa dünəndə qalsın…
Unudum…onda qoy, sevincim sənin,
Sənin acıların qoy məndə qalsın.

Unut-dedin, mənə….Sənin sözünə
Bir-bir ulduzlar da dözmədi, söndü,
Göylər göz yaşını sıxdı üzünə,
Gecənin sifəti bir anda döndü.

Deməyə bir söz də qalmadı daha-
Gedəni geriyə döndərmək olmur…
Amma, olanları yazıb günaha
Ömrün arxivinə göndərmək olmur.

Dedim, and verirəm səni gecəyə
Bu gecə bu yağan yağışa, getmə,
Getmə, nolar, getmə, dayan eləcə,
Getsən Yer-Göy yanar, alışar, getmə.

Sən getdin…gözdə yaş, boğazda qəhər…
Mən yağan yağışa qarışıb qaldım,
Yeriyə bilmədim, tutub birtəhər
Gecənin əlindən yapışıb qaldım.

Unut- dedin mənə…titrədi səsin…
Dedin nə olubsa dünəndə qalsın…
Unudum…onda qoy, sevincim sənin,
Sənin acıların qoy məndə qalsın.

Tural Adışirinin təqdimatında..

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 1
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0