Herman Hesse - Yalquzaq haqqında

İyl 2, 2026 - 19:01
 0  11
Herman Hesse - Yalquzaq haqqında

Yazıçı Ədəbiyyat Portalı Nəriman Əbdülrəhmanlının tərcüməsində Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Herman Hessenin "Yalquzaq haqqında" hekayəsini təqdim edir.

Kiçik bir heyvanxananıın sahibi məşhur Yalquzaq Qarrini qısamüddətli işə dəvət eləyə bildi. O, məzhəkəsinə tamaşaçı axınının artacağına ümid bəsləyib bu barədə plakatlar vasitəsilə bütün şəhər əhlinə xəbər verdi, öz gümanında da qətiyyən yanılmadı. Camaat hər yanda Yalquzaq haqqında söz-söhbət eşidirdi, bu kələkbazlıqla bağlı əfsanələr də savadlı adamların olduğu dairələrdə ən çox sevilən mövzulardan birinə çevrildi, hər kəs həmin heyvan barədə bu və ya başqa bir şey öyrənmək istəyir, bununla bağlı fikirlərsə bir-birindən çox fərqlənirdi. 

Bəziləri belə güman eləyirdilər ki, Yalquzaq kimi vəhşi heyvan bütün cəhətlərdən şübhəli, təhlükəli, xəstəhal təzahürdür, o guya, yalnız abırlı vətəndaşları ələ salır, maarifçi məbədlərin divarlarındakı cəngavər təsvirlərini qoparır, hətta İohann Volfqanq Getenin özünü belə istehza hədəfinə çevirir, həm də həmin vəhşi məxluq qətiyyən müqəddəs deyil, gənclərin müəyyən bir hissəsinə yoluxucu və qızışdırıcı təsir göstərir, ona görə də axır ki, hamı yığışıb o Yalquzağın işini bitirməlidir; onu öldürüb yerə basdırmayınca heç kəsə zərrə qədər də rahatlıq verməyəcək. Amma bu sadə, sadəlövh, yəqin ki, düzgün fikri heç də hamı bölüşmürdü. Tamamilə başqa cür düşünənlər də vardı; həmin qism belə hesab eləyirdi ki, Yalquzağı təhlükəsiz heyvan saymaq olmaz, bununla belə, yalnız yaşamaq hüququna malik deyil, həm də müəyyən bir əxlaqi və sosial missiya yerinə yetirir. Axı bu nəzər nöqtəsinin əksər yüksək savadlı tərəfdarı kimi, hər birimiz öz içində gizlicə, həm də sakitcə belə bir Yalquzaq bəsləyirdi. Bu sözləri söyləyəndə, adətən, danışanlar kübar qadınların dərin hörmətə layiq gövdələrindəki dik, vəkillərin və fabrikantların ipək köynəklər və dəbli biçimi olan canlıqlar altındakı yastı sinələrini göstərirdilər. O liberal düşüncəli adamlar belə deyirdilər ki, qəlbimizin dərinliklərində Yalquzağın hissləri, instinktləri və əzabları hər birimizə yaxşı məlumdur, hər birimiz onlarla çarpışmağa məcburuq, hər birimiz mahiyyətcə elə o cür miskin, ulayan, ac Yalquzağıq. İpək köynək geyinmiş həmin adamlar Yalquzaq barədə naqqallıq eləyəndə belə deyirdilər, əksər ictimai tənqidçilər də bu cür söyləyir, sonra da dəbdəbəli fetr şlyapalarını başlarına qoyur, dəbdəbəli xəz paltolarını geyinir, dəbdəbəli avtomobillərinə əyləşir, çıxıb iş yerlərinə, bürolarına, redaksiyalarına, qəbul otaqlarına və fabriklərinə gedirdilər. Hətta bir axşam həmin adamlardan kimsə viski süfrəsi arxasında Yalquzaq cəmiyyəti yaratmağı təklif elədi.

Heyvanxana yeni proqramını açan gün ora cəmi bir pfenniq əlavə ödənişlə göstərilən qəfəsdəki məşhur vəhşiyə tamaşa eləmək üçün çoxlu həvəskar gəldi. Həmin günəcən içində, təəssüf ki, vaxtından əvvəl ölmüş qaplanın yaşadığı kiçik qəfəsi heyvanxana sahibi bu məqsəd üçün lazımi hər şeylə təchiz eləməyə çalışmışdı. Zirək adam həmin müddətdə müəyyən çətinliklə qarşılaşmışdı, çünki bizim Yalquzaq, hər halda, bir qədər qəribə heyvan idi. Vəkil və fabrikant cənablar öz köynəkləri, frakları altında guya sinələrində gizlənmiş canavar gəzdirdikləri kimi, eynilə həmin canavar da guya möhkəm, tüklə örtülü sinəsində özünə sığınacaq tapmış insan, cürbəcür duyğular, Motsartın melodiyalarını və bu cür şeylər saxlayırdı. İşə dəvətin qeyri-adi vəziyyətini nəzərə almağa və tamaşaçıların marağını təmin eləməyə çalışa-çalışa ağıllı sahibkar (O, ən vəhşi heyvanların belə, tamaşaçılar qədər şıltaq, təhlükəli və müəmmalı olmadığını çoxdan bilirdi) üzərindən canavar-insan rəsmli bir neçə emblem asıb qəfəsi az-çox cəlbedici görkəmə saldı. O qəfəs başqalarından fərqlənmirdi, dəmir barmaqlıqları vardı, döşəməsinə saman tökülmüşdü, amma divarlarının birindən ampir üslubunda çox gözəl güzgü asılmış, qəfəsin ortasında klaviaturası açıq olan kiçik pianino yerləşdirilmiş, yuxarıda, bir qədər tərpənən korpusunun üstündə isə şairlər kralı Getenin gipsdən büstü qoyulmuşdu. 

Adamlarda həddən artıq maraq oyatmış vəhşinin görkəmində cəlbedici bir şey yox idi. O, eynilə adi yalquzaq – lupus campestris – kimi görünürdü. Çox vaxt tamaşaçılardan uzaq küncdə qımıldanmadan uzanır, qabaq pəncələrini gəmirir, diqqətlə irəli baxırdı, sanki onun qarşısında barmaqlıqların məftili əvəzinə ucsuz-bucaqsız səhradan başqa heç nə yox idi. Bəzən qalxır, qəfəsdə bir neçə dəfə o tərəf-bu tərəfə gəzir, həmin məqamda da kələ-kötür döşəmədə pianino və onunla birgə üzərindəki gipsdən şairlər kralı narahat halda yırğalanırdı. Heyvan tamaşaçılara o qədər də maraq göstərmirdi; onu da qeyd eləmək lazımdır ki, vəhşinin zahiri görünüşü gələnlərə təəssüf dolu təsir göstərirdi. Amma Yalquzağın görünüşü ilə bağlı da müxtəlif mülahizələr vardı. Bir çoxları deyirdilər ki, o dördayaqlı məxluq ən adi, müəyyən maraq doğurmayan əhəmiyyətsiz vəhşidən başqa bir şey deyil, başqalarından fərqlənməyən kütbeyin canavardır, vəssalam, zoologiyada isə, ümumiyyətlə, “yalquzaq” anlayışı yoxdur. Başqaları da, əksinə, iddia eləyirdilər ki, heyvanın gözəl gözləri var, onun bütün varlığı öz-özlüyündə müəyyən bir təsirli ilham ifadə eləyir, beləcə, adamın ürəyi, az qala, mərhəmət hissindən sıxılır. Bununla yanaşı, Yalquzağın zahiri görünüşü ilə bağlı bu qeydlərin eyni uğurla heyvanxanadakı canlıların hər birinə yaraşdığı bəzi daha həssas tamaşaçıların nəzərindən yayınmadı. 

Axşama yaxın məzhəkənin içində canavar olan qəfəs qoyulmuş hissəsinə kiçik bir tamaşaçı dəstəsi girib onun yanında ayaq saxladı, uzun müddət boz rəngli vəhşiyə baxdı. Həmin qrup üç nəfərdən – iki uşaqdan və tərbiyəçidən ibarət idi. Uşaqlar yaraşıqlı, kifayət qədər qaradinməz olan səkkiz yaşlı qız, on iki yaşlarında, möhkəm bədənli oğlan idi. Hər ikisi Yalquzağın xoşuna gəldi, dəriləri gənclik və sağlamlıq qoxusu yayırdı, heyvan da arabir nəzərlərini qızın gözəl, yaraşıqlı qıçlarına zilləyirdi. Tərbiyəçi isə... həə, tamam başqa bir şey idi, canavar ona mümkün qədər az baxmağa çalışırdı.

Canavar Qarri gözəl qıza yaxın olmaq, daha yaxşı qoxulamağa imkan tapmaq üçün qəfəsin tamaşaçılara yaxın tərəfinə gəldi. O, uşaqlardan gələn qoxunu ləzzətlə ciyərlərinə çəkdi, eyni zamanda da, bir qədər darıxa-darıxa, deyəsən, Qarri ilə çox maraqlanan və həddən artıq qızğın söhbətə girişmiş o üç nəfərin mülahizələrinə qulaq asdı. Bununla yanaşı, həmin üç nəfərin hərəkətləri bir-birindən tamamilə fərqlənirdi. Qızğın və həddən artıq sağlam oğlan evlərində atasından eşitdiyi fikri bütövlükdə, qeyd-şərtsiz bölüşürdü. O deyirdi ki, bu cür canavarın yeri ancaq barmaqlıq arxasında olmalıdır, onu azadlığa buraxmaq səfeh məsuliyyətsizlikdən başqa bir şey olmazdı. Buna görə də bu heyvanı əhliləşdirmək üçün cəhd göstərmək, məsələn, qütb itləri kimi, kirşə çəkməyi öyrətmək olardı, amma, çətin ki, bu baş tutsun. Yox, o oğlan, – Qustav, – bu canavarla harada rastlaşır, rastlaşsın, elə yerindəcə güllələyərdi.

 Yalquzaq onu dinləyə-dinləyə dişlərini yalayırdı. Oğlan onun xoşuna gəlirdi. “Ümid eləyək ki, – heyvan beynindən keçirirdi, – biz qəfildən yolların birində üz-üzə gələndə sənin əlində tüfəng olsun. Bir də ümid eləyək ki, səninlə açıq çöldə qarşılaşım, tutaq ki, gözlənilmədən qarşındakı güzgüdən sıçrayıb çıxmayım”. O, oğlanı çox bəyənirdi. Ondan qoçaq gənc, işgüzar və bacarıqlı mühəndis, ya da fabrikant, yaxud zabit çıxardı, Qarri də təsadüf rast gətirəndə onunla gücünü sınamaqdan, hətta ehtiyac olsa, gülləsinə tuş gəlməkdən boyun qaçırmazdı. 

Balaca, gözəl qızın Yalquzağa münasibətini müəyyənləşdirmək o qədər də asan deyildi. Əvvəlcə qız onu nəzərdən keçirirdi, həm də baxışlarında artıq heyvan barədə hər şeyi bildiklərini güman eləyən digər iki nəfərdən fərqli olaraq, çox böyük maraq və ciddiyyət vardı. Qız aydınlaşdırdı ki, Qarrinin dili və dişləri xoşuna gəlir, gözləri də qəlbində xoş hisslər oyatdı, eyni zamanda da, bir qədər baxımsız olan tüklərinə şübhə ilə nəzər salır, vəhşidən gələn kəskin qoxunu da anlaşılmaz vəcdlə, xoşagəlməz təəccüblə qəbul eləyirdi, o qoxuda çiyrənmə və iyrənclik cəlbedici şəhvətlə bir-birinə qarışmışdı. Yox, bütövlükdə Yalquzaq qızın xoşuna gəlirdi, Qarrinin də ondan xoşlandığı, heyrət və ehtiras dolu nəzərlərlə baxdığı gözlərindən qətiyyən yayınmadı, həmin heyrəti də canına aşıq-aşkar zövqlə çəkirdi. Qız arabir suallar verirdi:

– Fröyleyn, zəhmət olmasa, deyin görək, bu canavarın qəfəsinə nəyə görə pianino qoyublar? – O, soruşurdu, – məncə, orda müəyyən bir yemək olsaydı, onun daha çox xoşuna gələrdi.

– Bu, adi canavar deyil, – fröyleyn cavab verirdi, – musiqili canavardı. Amma bunu sonralar başa düşəcəksən, mənim balam.

Balaca qız kiçik ağzını bir qədər əyib dilləndi:

– Hə, yəqin ki, bu həqiqətdir, mən hələ çox şeyləri başa düşə bilmirəm. O canavarın musiqidən xoşu gəlirsə, əlbəttə, qoy qəfəsində lap iki pianino olsun. Amma pianinonun üstündə də, bax o cür bir fiqurun olması da, məncə, lap möcüzəlidir. Zəhmət olmasa, deyin görüm, həmin fiqur onun nəyinə lazımdı?

– Bu simvol, – tərbiyəçi izaha başlamaq istədi. 

Amma canavar bu məqamda balaca qızın köməyinə gəldi. O, vurğunluq dolu gözlərini qıyıb qıza baxdı, sonra yerindən elə sıçradı ki, üçünü də bir anlığa qorxu bürüdü, uzun-uzadı, bərk-bərk gərnəşib tərpənən pianinoya yaxınlaşdı, böyrünə sürtünməyə, qaşınmağa başladı, həm də bunu get-gedə elə şiddətlə və çoşğunluqla eləyirdi ki, axırda amanabənd büst müvazinətini itirib gurultu ilə yerə düşdü, parça-parça oldu. Gete də, Gete kimi bir neçə ədib də üç hissəyə bölündü. Canavar üç parçanın hər birini ötəri iylədi, sonra laqeyd görkəmlə geri çevrilib qıza yaxınlaşdı. 

Bu məqamda hadisələrin ön planına tərbiyəçi qadın çıxdı. O, idman biçimli don geyinmələrinə, oğlansayağı saç düzümlərinə baxmayayaq, öz sinələrində canavar qəlbi gəzdirən adamlardan idi, Qarrinin oxucularından və pərəstişkarlarından sayılır, özünü onun mənəvi bacısı hesab eləyirdi; çünki tərbiyəçinin sinəsində də cürbəcür mürəkkəb hisslər, həyati problemlər özünə yer tapmışdı. Güclə sezilən öncəduyumu ona cidd-cəhdlə qoruduğu, ictimai fəallıqla dolu, nizamlı meşşan həyatının çöl və tənhalıqla heç cür uyğun gəlmədiyini, bu cidd-cəhdlə qoruduğu həyatın divarını deşmək üçün özündə heç zaman cəsarət və fədakarlıq tapmayacağını, Qarri kimi xaosun içinə qətiyyətli sıçrayış eləyə bilməyəcəyini, – ah, yox, o, əlbəttə, bunu heç zaman bacarmayacaqdı, – söyləyirdi. Amma daim Yalquzağa münasibətdə öz sevgisini və şəfqətini büruzə vereəcəkdi, bunu da ona sübut eləməyi həddən artıq çox arzulayırdı. Qarrı yenidən insan görkəminə qayıdan, smokinqini geyinən kimi, məsələn, çay içməyə dəvət eləmək, yaxud onunla birgə pianinoda Motsartın musiqisini çalmaq istəyirdi. Buna görə də bu yönümdə bəzi cəhdlər göstərmək qərarına gəldi.

Bu məqamda səkkiz yaşlı qız canavara öz sonsuz sevgisini yetirdi. O, ağıllı heyvanın pianino üstündəki büstü yerə salmasından vəcdə gəlmiş, bunu onun xətrinə elədiyini dəqiq sezmiş, söylədiklərini başa düşüb tərəfini saxladığını, tərbiyəçi qadına qarşı yanında olduğunu qətiləşdirmişdi. Bəlkə, o gərəksiz pianinonu bir daha sındıracaqdı? Ah, bu canavarın tayı-bərabəri yox idi, qızın yaman xoşuna gəlirdi.

Qarri isə artıq pianinoya marağını itirmiş, barmaqlığa qısılıb elə uzandı ki, qıza daha yaxın olsun, eynilə nəvaziş göstərilən itlər kimi burnunu məftillərin arasından ona sarı çıxardı, rəğbətini qazanmağa çalışa-çalışa heyranlıq dolu nəzərlərini üzünə zillədi. Bu məqamda uşaq özünü saxlaya bilmədi. O, əlini heyrət və sadəlövhlüklə uzadıb vəhşinin qara burnunu sığalladı. Qarri də qızı ruhlandırmaq üçün gözlərini üzündən çəkmədən isti dili ilə onun kiçik ovcunu ehtiyatla yalamağa başladı.

Tərbiyəçi qadın bunu görəndə artıq qərar qəbul eləmişdi. O da həssas, şəfqətli bacı kimi Qarrinin diqqətini çəkmək, onunla yaxınlaşmaq istəyirdi. Kiçik, nazik kağızdan düzəldilmiş səliqəli bağlamanın qızılı bağını tələsə-tələsə açdı, ordan ləzzətli çərəz – zərif şokoladdan ürək çıxarıb mənalı nəzərlə canavara uzatdı. 

Qarri gözlərini qıydı, uşağın ovcunu sakitcə yalamağa davam elədi, eyni zamanda da, tərbiyəçi qadının hər bir hərəkətini izləyirdi. Düz həmin məqamda, qadının ürək formasında şokolad uzadan əli kifayət qədər yaxın olanda ovcu və ürəyi ildırım sürəti ilə qapdı. Hər üçü birağızdan qışqırıb geri atıldı, amma tərbiyəçi qadın canavar qardaşının cəhənginə keçdiyinə görə bunu bacara bilmədi, əlini o cəhəngdən qurtarması, sonra qana batmış ovcunu dəhşət içində gözdən keçirməsi bir neçə dəqiqə çəkdi. Əli əməlli-başlı yaralanmışdı.

Biçarə fröyleyn bir daha qulaqbatırıcı səslə qışqırdı. Demək lazımdır ki, o həmin məqamda öz ruhi münaqişəsindən tamamilə xilas olmuşdu. Yox, canavar deyildi, indi qana bulaşmış şokolad ürəyi maraq içində iyləyən bu yöndəmsiz məxluqla heç bir oxşarlığı yox idi. Qadın dərhal da özünü qorumağa başladı. 

Az sonra ətrafında yığışmış çaşqın camaatın ortasında dayanmış, qorxudan rəngi qaçmış heyvanxana sahibi ilə üz-üzə dayanmış fröyleyn qəddini düzəldib paltarını bulamamaq üçün qan axan əlini yana uzatdı, coşqun natiq istedadı ilə and içirdi ki, bu həyasız qəsdin intiqamını almayınca durub-dincəlməyəcək, üstəlik, gözəl pianino çalan, indi şikəst olmuş əlinə görə tələb eləyəcəyi məbləği öyrənəndə bəzi adamlar təəccüblənəcəklər. Canavarı isə öldürmək lazımdır, başqa bir variantla qətiyyən razılaşmayacaq, camaat da bunu görəcək.

Heyvanxana sahibi özünü cəld ələ alıb qadının diqqətini hələ də Qarrinin qabağında olan şokolada çəkdi. Dedi, yırtıcı heyvanların yedirilməsi burada xüsusi plakat vasitəsilə qəti qadağan edilib, ona görə də heyvanxana sahibi belə hallara görə heç bir məsuliyyət daşımır. Qadın buyursun, onu məhkəməyə versin, dünyanın heç bir hakimi onun şikayətini qanunauyğun hesab eləyə bilməz. Yeri gəlmişkən, hər ehtimala qarşı, şəxsi məsuliyyətə görə də sığortalanıb, ona görə də qadın birbaşa həkim yanına getsə, daha yaxşı olar!

Fröyleyn elə bu cür də elədi, amma həkim əlini sarıyan kimi dərhal çıxıb vəkilin yanına getdi. Sonrakı günlər Qarrinin qəfəsi yanına yüzlərlə tamaşaçı gəldi. 

Amma qatın və Yalquzaq arasındakı proses həmin gündən bəri ictimaiyyəti məşğul eləyir. İddia tərəfi, ilk növbədə, canavar Qarrinin özünü, yalnız bundan sonra heyvanxana sahibini məsuliyyətə cəlb eləmək istəyir. Çünki iddia ərizəsində ətraflı izah edildiyi kimi, bu Qarrini, heç bir halda, məsuliyyətsiz vəhşi kimi qəbul eləmək olmaz; onun xüsusi, əlavə, mülki adı var, yalnız dövri olaraq heyvana çevrilir, hətta bu yaxınlarda öz memuarlarını ayrıca kitab şəklində çap etdirib. İşi icraata götürmüş məhkəmə nə qarar çıxarır, çıxarsın, şübhəsiz, proses bütün instansiyalardan keçib imperiya ali məhkəməsinı çatacaq.

Belə çıxır ki, yaxın gələcəkdə ən nüfuzlu dövlət qurumundan Yalquzağın son məqamda heyvan, yoxsa insan olması ilə bağlı məsələyə qəti cavab gözləyə bilərik.      

   1927

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0