Həyat həqiqətlərinin işığında görünən yazıçı
Tural ADIŞİRİN
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin
“Ədəbi-mədəni mühit və folklor” şöbəsinin elmi işçisi
Şəki ədəbi mühitinin inkişafında mühüm xidmətləri olan istedadlı nasirlərdən biri də Yusif Şükürlüdür. Yusif Şükürlünün hekayə yaradıcılığı Azərbaycan nəsrində regional həyatın, kənd məişətinin, sosial-mənəvi problemlərin və insan xarakterlərinin realist təqdimatı ilə seçilir. Onun hekayələrinin əsas məziyyəti yaşanmış həyat hadisələrinin sənətkar müşahidəsi ilə ümumiləşdirilməsidir. Müəllifin hekayələri XX əsrin 70–90-cı illərində və XXI əsrin əvvəllərində Şəki bölgəsinin ictimai-mədəni mənzərəsini əks etdirən bir növ bədii salnamə xarakteri daşıyır. Yusif Şükürlü hekayələrində müxtəlif mövzulara müraciət etsə də, onların əsas mərkəzində insan və cəmiyyət münasibətləri dayanır.
Üslub baxımından Yusif Şükürlünün hekayələrində üç əsas xətt müşahidə olunur: realist təsvirçilik, satirik-ironik təhkiyə, lirik-psixoloji müşahidəçilik. Bu xüsusiyyətlərin sintezi yazıçının fərdi üslubunu formalaşdıran əsas amillərdir. Yazıçının əsərlərinin poetik sistemi ümumilikdə realizm, psixologizm, etnoqrafik kolorit, milli identiklik və humanist ideallar üzərində qurulmuşdur. Onun hekayə və povestlərində bədii mətnin struktur-semantik təşkilində müəllif müşahidəçiliyi, həyat hadisələrinin analitik dərki və tipikləşdirmə prinsipi xüsusi yer tutur.
Yazıçının “Çəhrayı gödəkçə”, “Canavar”, “Kirvə qonaqlığı”, “Torbadakı pişik”, “Juliklər”, “Araq reysi”, “Çanta əhvalatı”, “Başdan böyük söz” və digər hekayələrində kənd həyatının müxtəlif tərəfləri, sosial problemlər, mənəvi deformasiyalar və milli dəyərlər təsvir edilir. Yazıçının hekayələrinin əsas xüsusiyyəti güclü realizmindədir.
Yazıçı əsərlərində hadisələri romantikləşdirmir, onları olduğu kimi təqdim etməyə çalışır. Hekayələrin süjeti əksər hallarda gündəlik həyatdan götürülmüş hadisələr üzərində qurulur. Müəllifin müşahidə qabiliyyəti sayəsində adi görünən hadisələr ictimai və mənəvi problemlərin bədii ifadəsinə çevrilir. “Çəhrayı gödəkçə” hekayəsində müəllif bir tərəfdən sovet kənd həyatının sosial reallıqlarını, digər tərəfdən isə ailə və məktəb tərbiyəsindəki çatışmazlıqları göstərir. Vəli obrazı vasitəsilə tərbiyə boşluğunun yaratdığı mənəvi problemlər ümumiləşdirilir.
Yazıçının hekayələrində hadisələrdən çox insan davranışları və psixoloji vəziyyətlər diqqət mərkəzindədir. O, qəhrəmanlarının daxili aləmini uzun təsvirlərlə deyil, hərəkət və dialoqlar vasitəsilə açır. “Torbadakı pişik” hekayəsində adi bir zarafatın faciə ilə nəticələnməsi insan psixologiyasının və məsuliyyətsiz davranışın doğurduğu nəticələrin bədii ifadəsidir. Hekayənin gözlənilməz sonluğu əsərə novella xarakteri qazandırır.
Yusif Şükürlünün əsərlərində məkan etalonu bədii məna yaradan struktur elementdir. Onun yaratdığı xronotop sistem Şəki bölgəsinin təbii, sosial və etnoqrafik xüsusiyyətlərini özündə birləşdirir. Yazıçının hekayələrinin mühüm cəhətlərindən biri məhz təbiət təsvirlərinin canlılığıdır. Yazıçı doğulduğu bölgəsinin dağlarını, meşələrini, yaylaqlarını və kənd mühitini yüksək sənətkarlıqla canlandırır. “Canavar” hekayəsində təbiət yalnız fon funksiyası daşımır; o, hadisələrin və qəhrəmanların xarakterinin ayrılmaz hissəsinə çevrilir. Müəllif səhər mənzərələrini, çiçəkləri, dağ nanələrinin qoxusunu və quş səslərini təsvir etməklə oxucuda canlı vizual təəssürat yaradır.
Yusif Şükürlünün hekayələrində milli yaddaş, tarixi şüur və vətənpərvərlik ideyaları mühüm ideya-estetik istiqamətlərdən birini təşkil edir. Yazıçı milli kimlik problemini etnomədəni identikliyin bədii təcəssümü kontekstində təqdim edir. Bu baxımdan “Kirvə qonaqlığı” hekayəsi müəllifin milli-tarixi problematikaya müraciətinin səciyyəvi nümunəsi hesab oluna bilər. Hekayədə Azərbaycan–erməni münasibətləri tarixi yaddaş prizmasından qiymətləndirilir, obrazlararası münasibətlər fonunda etimad, xəyanət, milli mənafelər və tarixi həqiqət məsələləri bədii diskursun əsas predmetinə çevrilir. Əsərin konflikt sistemi zahiri dostluq münasibətləri ilə gizli qarşıdurma arasında yaranan ziddiyyət üzərində qurulmuşdur. Müəllif etnopsixoloji müşahidələr vasitəsilə milli xarakterin müxtəlif təzahür formalarını açmağa çalışır. Burada tarixi hadisələr publisistik mühakimə şəklində verilmir, obrazların davranışı və həyat təcrübəsi vasitəsilə ümumiləşdirilir. Nəticədə “Kirvə qonaqlığı” hekayəsi milli yaddaşın qorunması, tarixi həqiqətlərin unudulmaması və vətənpərvərlik duyğularının formalaşdırılması baxımından mühüm ideya yükü daşıyan bədii mətn kimi diqqətəlayiqdir.
Yusif Şükürlü yaradıcılığının mühüm istiqamətlərindən biri də satirik diskursun təşkili ilə bağlıdır. Yazıçı bir sıra hekayələrində sosial-mənəvi deformasiyaları, ictimai münasibətlərdə müşahidə olunan neqativ tendensiyaları satirik poetikanın imkanları vasitəsilə bədii təhlil obyektinə çevirir. Bu baxımdan “Juliklər” və “Araq reysi” hekayələri müəllifin satirik təfəkkürünün səciyyəvi nümunələri hesab oluna bilər. Həmin əsərlərdə saxtakarlıq, fürsətçilik, tamahkarlıq, zəhmətsiz qazanc əldə etmək meyli və mənəvi aşınma kimi sosial problemlər satirik tipajlar vasitəsilə ümumiləşdirilir. Satira burada yalnız gülüş yaratmaq funksiyası daşımır, həm də sosial tənqid və mənəvi qiymətləndirmə vasitəsinə çevrilir. Müəllif ironiyadan, komik situasiyalardan və xarakterlərin özünütəsdiq cəhdlərinin ifşasından istifadə etməklə cəmiyyətin mənəvi problemlərinə diqqət yönəldir. “Juliklər” hekayəsində fırıldaqçı tipajların davranış modeli vasitəsilə mənəvi deqradasiya prosesi nümayiş etdirilir, “Araq reysi”ndə isə asan qazanc ehtirasının insan xarakterində yaratdığı mənfi dəyişikliklər satirik rakursdan təqdim olunur. Bu əsərlərdə gülüş estetik kateqoriya kimi çıxış etməklə yanaşı, tərbiyəvi və ictimai-funksional məna da qazanır. Beləliklə, Yusif Şükürlünün satirik hekayələri Azərbaycan satirik nəsr ənənələrinin müasir mərhələdə davamı kimi qiymətləndirilə bilər.
Yusif Şükürlü həm də intellektual yazıçıdır, onun “Yetti” elmi-fantastik povestində elmi təfəkkürlə xalq dünyagörüşünün qarşılaşdırılması xüsusi diqqətəlayiqdir. Müəllif müxtəlif obrazlar vasitəsilə ənənəvi bilik sistemi ilə müasir elmi düşüncə arasında dialoq yaradır. Povestdə Tərxanın atası ilə babası arasında gedən söhbətlərdə elmi bilik, sosial problemlər, elm adamının cəmiyyətdəki mövqeyi və milli inkişaf məsələləri müzakirə olunur. Burada müəllif intellektual diskurs yaradır və elm-cəmiyyət münasibətlərini bədii düşüncənin predmetinə çevirir.
“Azan güllə” povesti Yusif Şükürlünün nasirlik istedadını bütün dolğunluğu ilə nümayiş etdirən əsərlərindən biridir. Müəllif bu əsərdə Qalibin timsalında mürəkkəb insan talelərini, sosial-mənəvi ziddiyyətləri və dövrün ictimai reallıqlarını yüksək bədii ustalıqla ümumiləşdirərək təsvir etmişdir. Qalibin müharibədən sağ qayıtması oxucuda xoş sonluq gözləntisi yaratsa da, müəllif klassik faciə qanunlarına uyğun olaraq gözlənilməz final yaradır. Rəcəb kişinin oğru gözləyərkən öz oğlunu vurması Azərbaycan nəsrində təsadüf olunan ən dramatik süjet düyünlərindən biri kimi qiymətləndirilə bilər. Obrazların psixoloji dərinliyi, hadisələrin təbii inkişaf məntiqi, konfliktlərin həyat həqiqətlərindən qaynaqlanması və faciə poetikasının uğurlu tətbiqi yazıçının peşəkar nasir kimi formalaşdığını təsdiqləyir. Povest göstərir ki, Yusif Şükürlü müşahidəçi yazıçı olmaqla yanaşı, həm də həyat materialını estetik təfəkkür süzgəcindən keçirərək onu yüksək bədii ümumiləşdirmə səviyyəsinə yüksəltməyi bacaran usta nasirdir.
Yusif Şükürlünün hekayələrinin mühüm poetik komponentlərindən biri onların dil-üslub xüsusiyyətləridir. O, xalq danışıq dilinin zəngin ifadə imkanlarından, Şəki bölgəsinə məxsus dialekt və şivə xüsusiyyətlərindən, atalar sözləri, məsəllər və frazeoloji birləşmələrdən ustalıqla istifadə etməklə mətnin milli-estetik koloritini gücləndirir. Məsələn, “Azan güllə” povestində personajların nitqində işlənən “daşqura”, “beyqafıl” kimi dialekt sözləri hadisələrin cərəyan etdiyi mühitin yerli xüsusiyyətlərini əks etdirməklə yanaşı, obrazların sosial mənsubiyyətini də müəyyənləşdirir. Belə sözlərin işlənməsi əsərin etnoqrafik fonunu zənginləşdirir və təhkiyənin inandırıcılığını artırır. “Canavar” hekayəsində təbiət təsvirləri ilə yanaşı, kənd adamlarının danışıq tərzi də canlı xalq dilinin xüsusiyyətlərini daşıyır. Müəllif obrazların nitqini süni şəkildə ədəbiləşdirmir, onların danışığını yaşadıqları mühitə uyğun şəkildə təqdim edir. Nəticədə personajların dili xarakteryaratma vasitəsinə çevrilir. “Torbadakı pişik” və “Juliklər” hekayələrində isə danışıq dili elementləri, yumor və ironiyaya əsaslanan ifadələr satirik təsirin güclənməsinə xidmət edir. Yazıçının dilində müşahidə olunan folklor qatları da diqqətəlayiqdir. Atalar sözləri və xalq hikmətləri personajların nitqində təbii şəkildə yer alır və onların həyat təcrübəsini, dünyagörüşünü əks etdirir. Bu xüsusiyyət xüsusilə yaşlı nəslin nümayəndələrinin obrazlarında daha qabarıq nəzərə çarpır. Beləliklə, Yusif Şükürlü dil faktlarını obrazların fərdiləşdirilməsi, regional koloritin yaradılması və həyat həqiqətlərinin realist təqdimatı üçün funksional vasitə kimi istifadə edir. Bu baxımdan yazıçının dili onun realist poetikasının mühüm tərkib hissəsi kimi çıxış edir.
Yusif Şükürlü hekayələrinin poetikasında diqqəti cəlb edən daha bir detal müəllif mövqeyinin obyektivliyidir. Yazıçı hadisələrə və obrazlara münasibətini açıq şəkildə ifadə etməkdən daha çox, onların özlərinin danışmasına imkan yaradır. Bu üsul oxucunun müstəqil nəticə çıxarmasına şərait yaradır və əsərlərin estetik təsir gücünü artırır. Belə bir yanaşma müasir nəsr poetikasının mühüm prinsiplərindən biri hesab olunur.
Yusif Şükürlünün yaradıcılığı Azərbaycan kənd nəsrinin son dövr inkişaf mərhələsində özünəməxsus yer tutur. O, İsmayıl Şıxlı, İsa Hüseynov, Sabir Əhmədli kimi yazıçıların formalaşdırdığı realist ənənələrin bölgə mühitində davamçılarından biri kimi çıxış edir. Bununla yanaşı, müəllif hadisələrə fərdi müşahidə rakursundan yanaşaraq regional həyatın spesifik xüsusiyyətlərini bədii düşüncənin predmetinə çevirə bilir. Bu baxımdan onun nəsri həm milli ədəbi ənənəyə bağlılığı, həm də fərdi üslub axtarışları ilə diqqəti cəlb edir.
Ümumiyyətlə, Yusif Şükürlünün povest və hekayələri Azərbaycan nəsrində regional həyatın bədii salnaməsi kimi dəyərləndirilə bilər. Bu əsərlərdə realizm, psixoloji dərinlik, milli-mənəvi dəyərlərə bağlılıq, təbiətə sevgi və sosial tənqid bir-birini tamamlayır. Onun hekayələri həm dövrün sosial mənzərəsini əks etdirən sənəd xarakteri daşıyır, həm də insanın mənəvi dünyasını araşdıran dəyərli nəsr nümunələri kimi çıxış edir. Xarakter yaratmaq bacarığı, həyat həqiqətlərinin realist-estetik müstəvidə ifadəsi, süjet-kompozisiya bütövlüyü və güclü psixologizm Yusif Şükürlünü Azərbaycan nəsrində özünəməxsus yaradıcılıq üslubuna malik istedadlı nasir kimi bir daha təsdiq edir.
Sizin reaksiyanız nədir?
Bəyən
1
Bəyənmədim
0
Sevgi
1
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
1