Həyatdan etüdlər - Təranə Murad

Okt 28, 2026 - 16:52
Okt 28, 2026 - 17:01
 0  5
Həyatdan etüdlər - Təranə Murad

Yazici.az ədəbiyyat portalı Təranə Muradın "Həyatdan etüdlər" esselər silsiləsini təqdim edir.

1. GÜLƏ BİLMƏK...

     Bəzən gülə bilmək üçün səbəblər axtarırıq...Nədir gülmək? Sadəcə dodaqların qaçmağımı? – Yox! Gülmək qəlbin günəşi hiss etməsidir bir anlıq. Şəfəqlər gözləri titrətdiyi kimi səbəblər də dodaqları titrədər, qəlbə çiçək açdırar. Sevinə bilməyi, gülə bilməyi bacarmalıdır insan... Yuxudan qalxarkən pəncərədən aydınlığa baxıb gülək... Bir körpənin balaca əllərinin su damcılarına bənzər barmaqlarına gülək... Günəşə boylanan günəbaxanların şəfəq sarılığına gülək... Dənizin səma ilə birləşən üfüqlərinə salam deyək... Dağlardan axan şəlalələrlə birgə nəğmə oxuyaq... Oyuncağını qucağına alan kimi göz yaşını ani kəsən bir qızcığazın sevincinə sevinək... Güllərin qoxusunu içimizə çəkib, çəkib rahatlaşaq... Aclığımızın kəskinliyini kəsən kənd qoxulu, isti nəfəsli çörəyi içimizə çəkək... Dağlara boylanaq buludlara çatmaq üçün... Sevdiyimizin gözlərinə baxıb qəlbimizin gözünə işıq salaq... Hər gün, hər saat gülə biləcəyimiz səbəblər mütləq var, onları gülə və sevinə biləcəyimiz səbəblərə çevirək... Sadəcə, gülə bilək.

   Gülə bilməyi də övladlarımıza tərbiyə edək. Axı həyat sadəcə mübarizə deyil... Həyat yaşadıqlarımızın hər an dadını çıxara biləcəyimiz səbəblərlə birgə həyatdır. Təəssüf ki, ömrümüzdən keçən hər gün gülə biləcəklərimizi duymadan görməzdən gəlirik... Dostlar, göz yaşımıza ən çox boğulduğumuz anlarda dodaqlarımızı qaçırdacaq təbəssümlər var həyatda. Yetər ki, görək, anlayaq və gülək...

2. AĞLAYA BİLMƏK...

     Ağlaya bilmək qəlbimizə verilən ərmağandır. Qəlb buluddur. Dolur, dolur və boşalmaq ehtiyacı duyur... Yorulur hər kəsdən və hər şeydən insan. İllərin yükünü dərd edir qəlbə... Ağlamaq istəyir buluddan boşalan yağışlar kimi. Ağlamaq istəyir yarpaqlara tökülən şeh kimi. Ağlamaq istəyir sahili döyəcləyən ləpələr kimi... Dağlardan çaylara qarışan şəlalələr kimi... Ağlamaq istəyir günəşin şəfəqlərində əriyən qarlar kimi...

   İnsan qorxur ağlamaqdan bəzən... Dərd basacaq ruhunu, qəm yoracaq könlünü deyə... Amma ağlamaq boşalmaqdır. Ağlamaq yükləri yerə qoymaqdır... Ağlamaq gecənin qaranlığında gizlənib sabaha yenidən boylanmaqdır. Dostlar, gəlin qorxmayaq göz yaşlarından... Göz yaşları bizi bizdən qoparan ələmlərin axışıdır. Axıb gedir bizdən, ömrümüzdən. Göz yaşları insan ola bildiyimizin göstəricisidir. Göz yaşları ruhumuzun titrəyişidir. Göz yaşları kədərdən təbəssümə gedən yoldur. Göz yaşları bizim üçün qaranlığı dağıdıb aydınlığa çıxaran silahdır.

   Ağlamaqdan qorxmayaq... Şünki hər ağlayışın sonunda mütləq bir işıq vardır. İnsanı rahatladan bir işıq. Təki ağladan olmayaq...

 

3. DÜŞÜNƏ BİLMƏK...

     Biz haradan gəlmişik, hara gedirik deyə düşünürəm bəzən!  Yaş artıqca insan daha çox düşünür. Dünəni və sabahı... Bu günü yaşamağı unudur bəzən. İdrak et deyirdi müdriklər, “dərk et” deyirdi alimlər hər zaman. Günün sonunu düşünərək bitir ki, insan olaraq cilalanasan deyirdi filosoflar. Baş verənləri düşünən insan axı yenidən tanıyır və təvəkkül edir. Bu dünyadakı rolunu, ifa etdiyi obrazı daha yaxşı anlayır. Bu həyatın haradan gəlib, hara getdiyi düşüncəsindənsə, bu həyatda nə etməliyəm fikri daha önəmli deyilmi? Özünü tanımalıdır bəşər... Tanrı qarşısındakı borcunu, bəndə qarşısındakı məsuliyyətini, təbiət qarşısındakı vəzifəsini və ən əsası özü qarşısındakı düşüncəsini anlamalıdır... Düşünən beyin bu gününə köklənə bilir. Bu gün nə etməliyəm? Sualı ilə başlanan gününü bu gün nə etdim sorğusunun cavabı ilə tamamlaya bilir. Düşünən beyin ziyan vurmaz heç kəsə. Bilir ki, həyat bumeranqdır... Düşünən beyin zamanı boşa xərcləmir. Bilir ki, ölüm hər zaman qapı ağzındadır. Düşünən beyin hər gün nəsə öyrənir. Çünki Yer üzünün hələ də sirli aləm olduğunu anlayır. Düşünən beyin şükür etməyi, səbr etməyi, zikr etməyi bacarır. Düşünən beyin hər zaman düşünməli olduğunu dərk edir.

   Gəlin düşünək...

 

4. İNSAN OLA BİLMƏK...

     Ey insan! Kimsən sən? Sadəcə bir canlımı, ya canlıların əşrəfi?! Cismini təmin edən bir yaranışmı, ya yaradanına sitayiş edən bir bəndəmi? Özü ilə öyünən bir adammı, ya yaranma məsuliyyətini dərk edən bəşərmi?! Ömrü boyu mənəmlik iddiasına düşənin də, ölənə qədər təvazö mərtəbəsində yer alanın da sonu eynidir. Qızıldan hörülən divarların da,   palçıqdan qurulan yuvaların da bir təkan qarşısında gücü eynidir. Elmin fövqündə yer alanlar da, alaq otundan fərqlənməyən adamcıqlar da eyni məzara gedir. Bəs nədədir bu ömrün dadı, bu həyatın mənası?! – çox  sadə! – Sadəcə insan ola bilməkdədir. Biz insan olmağa çalışdıqca insan oluruq.

   Elə o zaman bəşər ucalır, ölüm adiləşir, insan qalib olur. İnsan ola bilmək bəzən bir qarışqa yuvasına toxunmaqdan çəkinməkdir. Kiçik qızcığazın gözlərinin yaşına dərman ola bilməkdir. İnsan ola bilmək ağzına hər aldığın loğmanın şükrünü ruhuna göndərməkdir. Bəzən bir budağa dayaq ola bilmək, bəzən yağışlara qoşulub nəğmə deməkdir. İnsan ola bilmək onu yaradanın varlığına inanmaqdır. Bir silahı susdurmaq, namərd bir gücü məhv etməkdir. Bircə ovuc torpağı gözlərinə sürtmək, bircə ovuc suyu paylaşmaqdır. İnsan ola bilmək heç də çətin deyildir, lap asandır. Bir də əməllərinin mükafatının bir gün alacağına şübhəsiz inanmaq və ölənə qədər səbir etməkdir. Bəzən bir “can” kəlməsidir, bəzən başqasına can olmaqdır. Bəzən özü-özünə yar olmaqdır. Bir kədərə su səpmək, bir gülüşə sevinc qatmaqdır. İncədir insan olanlar... sadədir insan olanlar... Çünki insan olmaq çətin deyildir. İnsan olmaq istəsək əgər...

 

5. VƏTƏNDAŞ OLA BİLMƏK...

     İnsan vətənində böyükdür deyirdi şair, “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” söyləyib başqa bir söz əhli. Bəs haradan başlanır vətən, harada təsdiqlənir vətəndaşlıq... Bir gül fidandan, bir bayraq qürurundan, bir sərhəd keşikçisindən, bir millət şərqisindən, bir dəniz qoxusundan, bir dağ havasından, Vətən təəssübkeşinin davasından, xalq həmrəyliyinin qovğasından, tarixdən, bu gündən, sabahdan başlanır vətən. Vətən səndən yol alır, məndən yol alır, bizdə tamamlanır – vətən vətəndaşı olanda vətəndir, olmayanda adi bir torpaq, mənasız mənzərədir. Vətəndaş olmaq bizi qorumaqdan başlayır. Eyni dildə danışmaq, eyni məram uğrunda can qoymaq, eyni ruha köklənməkdir. Lazım gələndə bir qayğı, bəzən bir əsgər, bəzən ana, bəzən günəş olmaqdır vətəndaş olmaq. Vətəndaş olsaq, şəhidimizin qanı susar, torpağın qoynuna köçər. Vətəndaş olsaq, küləklər də vətən qoxusu ilə rəqs edər. Vətəndaş olsaq, dağ çörəyinin dadından doyarıq, gələcəyə yol alaraq, eyni dildən danışsaq, doğru-düzgün anlaşarıq. Vətəndaş olsaq, qazimizin ağrısı sakitləşər, şairlərin qəlbi hər zaman coşar, millətin milli əqidəsi yaşayar. Vətəndaş olsaq, hər birimiz bir vətən olaraq, çoxalarıq, bir olaraq, həmrəng, həmrəy olarıq. Çox sadədir vətəndaş olmaq... İlk addımı vətən sevgisinə bürünmək son addımı vətən şəhidi olmaqdır. Gəlin vətəndaş olaq! 

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru