Kişdən poetik məktub
KİŞDƏN POETİK MƏKTUB
Şəkidən mənə zəng vurub dedilər ki, "Ədalət" qəzetinin bugünkü sayının "Bayat" əlavəsində Vaqif Aslanın sənə həsr etdiyi şeiri və sənin ona cavabın dərc edilib. Başqa bir mövzu üzərində düşündüyümdən xəbəri mürgülü adamlar kimi qəbul etdim. Ən yaxın "qəzet köşkü" elə şəxsi noutbuk imiş. "Ədalət" qəzetinin saytını açıb bugünkü sayı ilə tanış oldum (Qəzetin rəhbərliyinə, Aqil Abbasa, hörmətli Iradə Tuncay xanıma dərin təşəkkürlərimi bildirirəm). Bu şeirləşmə iki il əvvəl, Baharın gözəl bir çağında olmuşdu. Şəkinin Kiş kəndindən dostum Vaqif Aslan bu poetik məktubu mənə ünvanlamışdı. Mən də qafiyəli biçimdə cavablandırmağa çalışmışdım. Nə vaxtsa bu yazımın ciddi mətbuata cığır açacağını isə güman etmirdim.
21.04.2018
Şəkildə (Urmiya Universitetinin həyəti): Vaqif Aslan, Azər Rüstəmli və ...
Vaqif Aslan
BƏRƏKALLAH!
(Böyük alim, böyük dost Asif Rüstəmliyə)
Uca dağlar görmüşəm,
Dağları yorulmadan
səmaları çiyninə
alıb saxlar görmüşəm...
Buna da bərəkəllah,
ona da bərəkəllah!
Dağlar dağ olduğundan
yenə də bərəkəllah!
Yaradanın dağlara
vurduğu naxışlara,
Qayalardan biçdiyi
dona da bərəkəllah!
Dağları çeşmə-çeşmə
ağlar, çağlar görmüşəm...
Yaşanılan ömrə də,
günə də bərəkəllah!
Xeyirli başlanğıca,
sona da bərəkəllah!
Dostum Asif Rüsùtəmli,
sənə də bərəkəllah!
Gördüyüm o dağların
ən ucası sən oldun!
Dağlar oldu dizindən,
Böyüklüyün üzündən
Öz-özünə bərabər,
öz-özünə tən oldun!
***
Asif Rüstəmlinin cavabı
ALQIŞ
(Şair dostum Vaqif Aslana)
Şeirimizin aslanı,
Vaqif Aslana alqış!
Kişdə yeni yazdığı,
Böyük dastana alqış!
Dost ürəyin oxuyur,
Şeiri çiçək qoxuyur,
Sözdən çələng toxuyur –
Bu gülüstana alqış!
Saçlarına düşür dən,
Eşqi, amalı - Vətən!
Dağdı - dağa söykənən,
Xan Qobustana alqış!
Vaqif Aslana alqış!
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0