Kökserek - Muxtar Auezovun hekayəsi

İyl 14, 2026 - 17:13
İyl 14, 2026 - 17:19
 0  13
Kökserek - Muxtar Auezovun hekayəsi

Yazıçı Ədəbiyyat Portalı "Qazax ədəbiyyatı" rubrikasına davam edir. Rubrikanın bu həftəki qonağı nasir, məşhur elm xadimi Muxtar Auezovdur.

MUXTAR AUEZOV

Muxtar Auezov (Müxtar Omarxanulı Əuezov, 1897, 28 sentyabr – 1961, 27 iyun) – nasir, dramaturq, məşhur elm xadimi, akademik

M.Auezov Semey vilayətinin Ayakaraqan aulunda doğulub. İlk təhsilini babasından alıb, Semipalatinsk beşsinifli şəhər məktəbini (1912), Müəllimlər seminariyasını (1919) bitirib, müxtəlif idarələrdə, vilayət qəzetində işləyib, sonra Orta Asiya Dövlət Universitetinə daxil olsa da, Leninqrad Dövlət Universitetini (1928), Daşkənd Dövlət Universitetinin aspiranturasını bitirib (1930), Qazaxstan Dövlət Pedaqoji İnstitutunda çalışıb. 1930-cu ildə Gənc Qazax Yazıçılarının orqanı olan “Alka” cəmiyyəti ilə əlaqələrdə olduğuna görə iki il yarım azadlıqdan məhrum edilib. Azadlığa çıxdıqdan sonra Almatı ali məktəblərində dərs deyib, elmi araşdırmalar aparıb, lakin 1952-ci ildə “burjua-millətçi səhvləri”nə görə təqib edilib, bir müddət Moskvada yaşamalı olub.

M.Auezov ədəbi yaradıcılığa 1917-ci ildə “Yenlik-Kebek” pyesi ilə gəlməklə XX əsrin 20-ci illərindən bir sıra hekayələr, “Aşırımda atəş” (“Karaş-Karaş”) (1927), “Abay”, “Qaragöz” (1926), “Şəfəq” (1934), “Sərhəddə” (1937), “Qaraqıpçaq Koblandı” (1943-1944) və s. kimi povestlərlə tanınıb. Bir müddət yaradıcılığını pyeslərlə davam etdirib, Abayın yaradıcılığı ilə məşğul olub, L.Sobolevlə “Abay” faciəsini işləyib, 1954-cü ildə isə “Abayın yolu” trilogiyasını bitirib. Ömrünün son illərində Almatıya qayıdıb bütün vəzifələrinə bərpa olunan böyük yazıçı və tədqiqatçı qazax milli mədəniyyətinin inkişafına böyük töhfələr bəxş edib.

M.Auezov yaradıcılığı dövründə daim təqib və basqılara məruz qalsa da, onun bədii və elmi irsi, həyatı və fəaliyyəti qazax milli təfəkkürünün ən parlaq səhifələridir. O, SSRİ Dövlət (Stalin, “Abay romanına görə, 1945), Lenin (“Abayın yolu” trilogiyasına görə, 1957) mükafatlarına layiq görülüb.

  

KÖKSEREK

 

Qara Təpənin yaxınlığındakı böyük dərədə ins-cins gözə dəymir. Amma ətraf aulların çobanları o dərəyə yaxşı bələddirlər. Tez-tez ordan bəla peyda olur.

Qara Təpə xəz papaq kimi eynən alçaqboylu xöstək və qarağacyarpaqlı quşqonmaz kollarıyla örtülüb. Xöstəkin uc hissələri solğun, açıq yaşıl rəngdədir, üzərində tumurcuqlar gözə dəyir. Dərəni başdan-başa itburnu kolları basıb. O kolların tikanlı, qalın budaqları altındakı canavar yuvaları gözə dəymir.

Sərin may küləyi arabir dərədən həmlə eləyir, yamyaşıl otların və yabanı soğanların iyini uzaqlara aparır. Kollar qımıldanır, hiddətli, quru xışıltı çıxarır, sanki pıçıldaşırlar.

Yazın axırlarında dərədəki köhnə yuvalara bir cüt erkək və dişi canavar gəldi. O yuvaları sel suları oyub genişləndirmişdi, içinə adam asanlıqla girə bilərdi. Canavarlar yaxınlıqdan yeni, daha dar yuva qazdılar, onu ensiz, qaranlıq lağımlar vasitəsilə köhnə yuvalara birləşdirdilər.

Təzə qazılmış torpaq qısa müddətdə canavarların pəncələri altında tapdalanıb yapırıxdı. Yuvada boz rəngli balalar peyda olanda ana canavarın ağımtıl dərisi hələ tüklənməyə macal tapmamışdı.

Sakit səhərlərin birində ana canavar at əvəliyinin hündür yarpaqları altında uzanıb özünü günə verirdi. Uzandığı yeri külək tutmadığına, həm də isti olduğuna görə onu mürgü basdı. Canavar hərdən tutqun gözlərini aça-aça mürgüləyirdi. Heyvanın böyürləri batmış, əmcəkləri süddən şişmişdi. Belinin dərisi əsəbi tərzdə dartınır, yelini aramsız titrəyirdi.

Kolların arxasından asta xırçıltı eşidildi. Ana canavar yerindən sıçradı, ağ tük əlçimləri havaya qalxdı, heyvan dişlərini ağardıb boğuq-boğuq mırıldadı. Balaları yanında vurnuxmağa başladılar.

Bu məqamda da bir quzu qollu-budaqlı, qalın kollardan keçib yerə düşdü. Ardınca da iri, canlı-cəsədli erkək canavar quyruğunu sürüyə-sürüyə, səssiz-səmirsiz sıçrayıb çıxdı. Heyvan ağzının ətrafındakı qırmızımtıl köpüyü silkdi, dişi canavarı imsilədi, o da erkəyinin qana bulaşmış cəhəngini acgözlüklə yaladı.

Quzu hələ diriydi. Canavarlar onun üstünə atılıb bir göz qırpımındaca  parçaladılar. Bir cüt amansız, ağ dişli cəhəng zərif, yumşaq əti iri tikələrlə gödənlərinə ötürdü. Heyvanların yaşıl gözləri hiddətlə alışıb-yanırdı.

Canavarlar quzunu tər-təmiz yeyib şirəli və ətirli otluğa sərələndilər. Sonra udduqları ət tikələrini növbəylə qusmağa başladılar.

Balalar bir-birinin ardınca həmin tikələrə yaxınlaşır, itələşə-itələşə qusuntunu qurdalayırdılar. Yalnız axırda doğulmuş iki balanın gözləri hələ açılmamışdı. Ana canavar onları götürüb əmcəklərinin yanına qoydu.

 

Səhəri gün, Günəş günorta yerində olanda ana canavar uzaqdan kəsif at tərinin iyini aldı. Cəld balalarını yuvaya salıb kolluqda görünməz oldu.

İnsan səsləri eşidildi, at ayaqlarının tappıltısı gəldi.

Adamlar yuvaya lap yaxınlaşıb atlardan endilər. Uzun çoban çomaqları torpağı döyəcləməyə başladı.

Ana canavar dərənin dik yamacındakı itburnu kolluğunda dilini sallayıb dayanmışdı. O hər şeyi görürdü.

İkiayaqlı məxluqlar balalarının başına möhkəm qayış xaltalar geydirib bir-birinin ardınca qaranlıq yuvadan çıxarırdılar. Beşini elə dərhal da öldürdülər. Birinin dal qıçlarını sındırıb quzunun qana bulaşmış başının yanına atdılar. O bala sürünəcək, zingildəyəcək, canavarlar da götürüb aparacaq, uzun müddət bu yerlərdə görünməyəcəkdilər. Ən kiçiyini isə həmin adamlar apardılar.

Dərədə at ayaqlarının tappıltısı eşidilməz oldu. Yekəpər, qara erkək və ağ dişi canavar yerə sərələnmiş balaya iki tərəfdən yaxınlaşdılar, əvvəlcə ona, sonra da bir-birinə baxıb hiddətlə mırıldadılar. Ana canavar balanı götürüb dərə yuxarı qalxmağa başladı. Erkək canavar sıçraya-sıçraya onun dalınca şığıdı.

Yuva boş qaldı.

 

Aulda Kürmaş adlı bir oğlan yaşayırdı. Gözləri hələ açılmamış canavar balası da ona qismət oldu. Yaşlılar deyirdilər, boz qurd adamların əlinə çox erkən düşüb, ola bilsin, aula öyrəşəcək.

Kürmaş ondan aralanmırdı, qurd üçün yaraşıqlı cam, yumşaq dəri xalta düzəltmişdi.

Bala qurd gözlərini iki gün sonra açdı, amma burnunu yurtdan bayıra çıxarmadı – ordan hürüş eşidilir, kəsif it iyi gəlirdi. Kürmaş bala qurda Kökserek (Bozqurd) adı vermişdi, gecələr onu yorğanının altına qoyurdu. Buna görə də oğlan indi dünyada hər kəsdən çox sevdiyi nənəsindən ayrı yatmağa başlamışdı.

Qarı nəvəsinin zəif, tikan kimi iti dişləri olan açıq-boz rəngli vəhşiyə bağlılığından xoşlanmırdı.

-Hələ balacadı, dişləri irilənəndə görəcəksən, ayaqları yer tutan kimi, qulaqlarını qısıb aradan çıxacaq.

Oğlanın da nənəsinə acığı tuturdu.

Yayın ortalarına yaxın bala qurd böyüdü, ayağı yer tutdu, həm də yaşıdı olan aul küçüklərindən heç fərqlənmirdi. Bir qədər tüklü olsaydı, balaca qurdbasana oxşayardı. Amma aul həyatı onun üçün məhbəsdən fərqlənmirdi. Çoban itləri Kürmaşın nənəsi kimi, qurdla barışmaq istəmirdilər. Elə ki, yurtdan burnunu göstərməyə cəsarət eləyirdi, dərhal özlərindən çıxan itlər mırıldaya-mırıldaya üstünə cumurdular.

Kürmaş bala qurda qahmar çıxır, sədaqətli çoban itləri də incik halda zingildəyə-zingildəyə oğlandan aralanırdılar. Yurt isə bala qurd üçün darısqal, bürkülü və darıxdırıcıydı. O, çölə, hündür, rəngbərəng otlu çəmənliklərə, hələ bələd olmadığı ənginliklərə can atırdı.

Bir dəfə Böyük yurtun yekəpər, ala-bula iti pusquya yatdı, oğlan yaxınlıqda olmayanda bala qurdu yurtundan qovub çıxardı, yaxalayıb yerə yıxdı, iri dişləriylə uzun-uzadı sıxcaladı. O biri itlər də özlərini yetirdilər, bərkdən hürə-hürə boz qurdun

pəncələrini və böyürlərini dişləməyə başladılar. Uşaqlar-böyüklər tökülüşüb bala qurdu onların cəhəngindən zorla qurtardılar. Əzişdirilmiş, dişdəm-dişdəm edilmiş qurd özünü birtəhər yurta çatdırdı, çömbəlib üzünü gəldiyi tərəfə çevirdi və səssiz-səmirsiz dişlərini ağartdı.

-Bir buna bax, gör bu dilsiz-ağızsız nə yaman qürurludu, - kişilər təəccülənirdilər. – Küçük olsaydı, indi zingiltisi dünyanı başına götürmüşdü.

Qadınlar isə dedilər:

-Oğrunun biridi! Ona görə səsi çıxmır...

Bu da həqiqət idi. Bala qurdun acgözlüyü hətta Kürmaşı belə təəccübləndirir, narahat eləyirdi. Oğlan onu əzizləyir, doyunca, itlərdən daha çox yedirirdi. Amma adama elə gəlirdi ki, bala qurd heç vaxt doymayacaq.

Aul itləri arıq idilər, çox yeməyi sevmirdilər. Bala qurdun böyürləri və sinəsi əməlli-başlı doldu, boynu xeyli yoğunladı. Amma daim ac idi, qara, nəm burnunu ora-bura soxa-soxa yurtu dolaşırdı. Adamların yanında yeməyə toxunmur, üzünü kənara çevirirdi. Amma camaat aralanan kimi, qabağına qoyulan hər şeyi bir göz qırpımında içəri ötürür, qüssəli nəzərlərini cama zilləyirdi, sanki heç nə yeməmişdi. Ev sahiblərinin gözlərindən yayınır, dişinə keçən hər şeyi acgözlüklə yeyirdi. Bişmiş əti qapır, onun üçün qoyulubmuş kimi, qazandakı sıyığı laqqalaqla içir, yurtun orta dirəyindən qurumaq üçün asılmış təzə dəriləri gəmirirdi.

Bala qurdu tez-tez əməl üstündə yaxalayır, rəhmsizcəsinə əzişdiririrdillər. Arabir oxlov zərbələri də alır, beyni uğuldayır, üstəlik, vıyıltıyla cisminə çırpılan qamçı şiddətli və yandırıcı ağrı doğururdu. Bala qurd o zərbələrdən məharətlə yayınır, səssizcə ağappaq dişlərini göstərirdi. Bir dəfə də olsun, döyüləndə səs çıxarmamışdı.

Bununla yanaşı, aulda söz-söhbət gəzirdi ki, bala qurd gecələr yurtdan sivişib çıxır, itlərin gözlərindən yayınıb ağıllara girir, quzuların quyruğunu imsiləyir, qoyunları qorxudur. Kimsə onun gizlincə çölə qaçdığını da görmüşdü.

Kürmaş aulda dolaşan şaiyələrə fikir vermirdi. Amma oğlan boz qurdunu nə qədər öyrədirdisə, oğurladığı yeməyin ev sahiblərinin verdikləri yeməkdən nəyi pis olduğunu dərk eləyə bilmirdi.

Bala qurd Kürmaşdan çəkinmir, onun yanında yeyirdi. Oğlan ət uzadanda tikəni əlindən almır, sözün əsl mənasında, qapırdı. Amma Kürmaş bir dəfə də olsun, itləri qovanda qulayladığı çomağı ona qaldırmamışdı. Oğlan bala qurda, onun altdan-altdan, tutqun, qürurlu baxışına, bir qədər qaralmış qorxunc boynuna, günü-gündən artan inadkar qüvvəsinə tamaşa  eləyirdi.

Yayın axırlarında Kökserek artıq aul itlərinə qətiyyən oxşamırdı. Dana qıçlarına oxşar yoğun ayaqları vardı, beli öküz belini xatırladırdı, itlərin hamısından da iriydi. Quyruğunu itsayağı dik tutmur, buna görə də daha yekəpər görünürdü, boynu və beli isə dartılmış yaya oxşayırdı.

İndi o ala itdən çəkinmirdi, digər köpəklər də artıq yaxın gəlmirdilər. İri alınlı boz başını çevirib üst dodağını dartmağa bənd idi ki, itlər pərən-pərən olurdular. Adətən, onlar Köksereki görən kimi dəstə bağlayırdılar. Kökserek də, itlər də daim ehtiyatla davranırdılar.

Qurdun ora-bura qaçdığını aulda heç kəs görməmişdi. O heç Kürmaşla da əylənmirdi. Adını yadında möhkəm saxlamışdı, Kürmaş, ya da qarı səsləyəndə səkə-səkə yaxınlaşırdı, amma asta-asta, tələsmədən qaçır, quyruğunu da bulamırdı.

Kökserek itlərə toxunmur, onların hürüşünə fikir vermir, qaçanların arxasınca düşmürdü. Çox vaxt yurtun kölgəsində uzanır, iti qulaqlarını şəkləyir, yaşıl gözlərini hiddətlə qıyırdı.

Kürmaş dinc, yaşılgöz qurdu ilə fəxr eləyir, qonşuların itləri onu görən kimi, quruqlarını qısıb zingildəyə-zingildəyə qaçanda sevincindən gülürdü. Əslində, oğlan özü də bəzən Köksrekdən qorxurdu, amma bunu hətta sevimli nənəsinə belə, heç vaxt etiraf eləməzdi.

Ala itin sahibi lovğalanırdı:

-Sizin boz sallaqquyruğunuz nədi axı! İmkan versəniz, ala itim bircə həmləylə onun öhdəsindən gələr! Qovmasaydınız, o qurdu çoxdan boğmuşdu.

Bir dəfə o, elə-belə, sınaqdan keçirmək üçün ala itini qısqırtdı. İt tərəddüd eləmədən, ucadan hürə-hürə qurdun üstünə atılıb dişlərini Kökserekin çiyninə keçirdi. Boynundan yapışmaq istəyirdi, amma niyyəti baş tutmamışdı. Qurd son məqamda yayına bildi, it geri sıçramağa macal tapmamış səssiz-səmirsiz atıldı, boynundan yapışıb yerə çırpdı. Yekəpər it aciz kök qoyun kimi, dikdən aşağı yumbalandı. Qurd da istəyini dəqiq yerinə yetirə bilmədi, yoxsa itin boğazını üzərdi.

Kürmaş özünü yetirib Boz qurdu araladı, kişi isə ala itini qovdu.

Gecədən xeyli keçmiş iki canavar gözlənilmədən aulun yaxınlığında otlayan sürüyə soxuldu.

Çobanlar bərk hay-küy qaldırıb canavarları fitə basdılar. Auldan yeniyetmələr və yaşlılar atlarını çapa-çapa özlərini yetirdilər. Aulun bütün itləri şiddətlə hürə-hürə köməyə gəldilər, Kökserek də onların arasındaydı.

Canavarlar çölə qaçdılar. Atlılar yırtıcıların arxasınca düşdülər, amma haqlaya bilmədilər.

Atlılar və itlər yaxın təpələrdə dayandılar. Uzaqlarda, Qara Təpənin hündür qılıcı ilə boz kölgələr alatoran içində sürüşüb keçdilər.

-Bu il çox erkən peyda olublar, - çoban dilləndi.

Köksrekin başını aşağı salıb canavar iziylə səsiz-səmirsiz şığıdığını yalnız Kürmaş sezdi.

Oğlan camaatdan geri qaldı, qorxub-hürkmədən piyada zülmətin qoynuna, Qara Təpəyə doğru getdi. O, Köksereki mehribancasına, uzun-uzadı səslədi:

-Kökserek! Kök-se-rek...

Amma Kökserek bu çağırışa səs vermədi.

Kökserek aulda gecə peyda oldu. O, sahibinin yurtu ağzında dayandı, dəmir caynaqlarıyla quru, tapdanmış torpağı asta-asta qazıb toz qaldırdı. Sonra üzünü ulduzlu səmaya tutub payızın soyuq havasını ciyərlərinə çəkdi, Qara Təpə tərəfdən zəif mehi acgözlüklə iimsilədi.

Gündüz Kökserek aulda göründü, gecə isə yenidən çölə üz tutdu.

Ondan üç həftə xəbər-ətər çıxmadı. Nəhayət, arıqlamış, ac-yalavac, amma yenə də qəzəbli və xaltasız halda qayıdıb gəldi. Kürmaş səsləyəndə başını sanki hədələyici tərzdə aşağı salıb yaxınlaşdı. Oğlan sevindi, onun qısa, əzələləli boynunu qucaqladı. Qurd dartınıb çıxdı, qulaqlarını qısdı, amma hətta nənə belə heyvanı söyüb-yamanlamadı, yemək hazırlamaq üçün əl-ayağa düşdü.

Kökserek acgözlüklə yeyirdi, Kurmaş  ondan aralandı.

-Oy-y! Qurdluğu özünü göstərir, - atası üzünü Kürmaşa tutdu. – Heyvanın gözləri yamyaşıldı, gündüz alışıb-yanır. Vaxtdı, oğlum, dərisini soymaq zamanıdı.

Oğlanın qəlbi titrədi, qorxdu ki, indi böyüklər Köksereki ona verməyəcək, öldürəcəklər.

Amma Köksrek, elə bil, söhbətin ondan getdiyini başa düşmüşdü. Adamlar üzlərini çevirən kimi, qeybə çəkildi. Qurdun auldan çıxdığını görən belə, olmadı.

Sonra Kürmaş onu günlərlə qırtıc cəngəlliyində əbəs yerə axtardı, qüssə və hiddətlə səslədi. Bir nəticə hasil olmadı. Küləkli payız ötdü, sərt qış çölə ağ xalı sərdi. Boz Köksrek isə qayıtmadı.

 

Kökserek payızın axırlarınacan doğma yerlərdən uzaqlarda dovşan ətiylə qidalandı, hətta siçan ovuna belə çıxdı. O tülkülər sayaq, kök çölsiçanlarını tutub yeyirdi. Qar yağanda aclıq onu insanların qışladıqları yerlərə, qoyun ağıllarına datrıb aparırdı.

Köksrek indi həmin yerlərə yad kimi, oğrun-oğrun gəlirdi. Adamları görəndə bədənindəki tüklər biz-biz olurdu.

Gecələr qar basmış təpələrdə dolaşır, qarın üstündə pəncəsinin və caynaqlarının izini qoyurdu. Bir qədər qırışdırdığı boz sifətindən buğ qalxırdı. Üzü küləyə dayanır, burnuna kəsif ev və mal-qara qoxusu gəlir, itlərin narahat hürüşünü eşidirdi. Qurd hiddətlə dişlərini şaqqıldadırdı. İndi o nə qədər ac idisə, itlər də o qədər sərvaxt yatırdılar.

Şiddətli çovğun olanda Kökserek qışlağa yaxınlaşmağa cəhd göstərdi. Amma ayıq-sayıq itlər sanki onun hansı  səmtdən yaxınlaşacağını bilirdilər. Qurdu ala itin başçılıq elədiyi böyük bir dəstə qarşılayıb geri qovdu.

Külək kəsdi, şaxta düşdü. Qurd arxa pəncələri üstə çöküb oynaqlamağa başladı. Sərt qar qatı pəncələrini yandırır, cəhənginin qara küncləri donur, acından qarnında sancı dolaşırdı. Qurd asta-asta təpənin üstünə qalxdı. Qar Ayın parlaq ziyasında qığılcım saçırdı. Kökserek üzünü səmaya tutub yerində əsintili, bu vaxtacan tanış olmaya şiddətli titrətmə içində donub qaldı, bezgin halda, uzun-uzadı uladı.

Dərhal aulda ağlagəlməz it hürüşləri bir-birinə qarışdı.

Kökserek başını aşağı salmadı. Qəfildən də uzaqdan, Qara Təpə səmtdən gələn anlaşılmaz, kədərli qışqırtını eşitdi. Qurd əsə-əsə qəddini düzəltdi. Kimsə onu səsləyirdi. Səsi dinlədi, havanı imsilədi, cəld o çağırışa sarı şığıdı.

Böyük dərənin çıxışında ehtiyatla, şiddətli əsintidən titrəyə-titrəyə dayandı. Qara Təpədən ona sarı bir ağappaq dişi canavar enirdi.

Köksrek yırtıcını yaxına buraxmadı. Dişi canavar yaxınlaşır, o isə dişlərini şaqqıldada-şaqqıldada, qulaqlaını qısa-qısa geri atılırdı. Bununla belə, aralana da bilmirdi. Dişi canavar iziylə gəlib iyini alanda, şikayətli səslə zingildəyəndə, ilıq burnunu quyruğunun altına toxunduranda Kökserek yerindən tərpənmədi. Canavar asta qaçışla uzaqlaşmağa başladı. Kökserek onu haqlayıb ağzını yaladı.

Onlar yanaşı dərə yuxarı şığıdılar, dikə çatıb üzlərini insan məskəninə doğru çevirdilər. Təpələrin üstüylə fasiləsiz, yorulub-usanmadan, qoşa iz sala-sala yarımdairə cızdlılar. Xarlamış qar pəncələri altında ucadan xırıldayırdı. Sonra sanki sözləşib, elə o cür də yanaşı aşağı, aula doğru şığıdılar.

Ay buludların arxasında gizləndi. Səhərə az qalırdı. Kökserek və ağ canavar böyük dərəyə dolan qasırğa kimi aula soxuldular, bu məqamda qoyun ağılının yaxınlığındakı sarımtıl qar yığını arxasından çıxıb irəli atılan, bütün dəstəsini arxasınca şəkən uzuntüklü iti gördülər. O, əlbəttə ki, ala it idi.

Canavarlar var gücləriylə qaçıb auldan aralandılar. Ala it təngnəfəs halda, şiddətlə hürə-hürə dabanbasmaraq gəlirdi. Onu təqib eləyən dəstə uzaqda qalır sıraları seyrəlirdi. Kökserek hürüşü – it hiddətdən və qəzəbdən, az qala, partlayacaqdı – hiddət içində dinləyə-dinləyə irəli atılırdı.

Nəhayət, dərənin ağzında dayandı, ala it də ayaq saxladı, dönüb dəstəsinə sarı qaçdı. Dişi canavar onun dalınca birinci şığıdı.

İnc-cins gözə dəyməyən çöldə itin canavardan can qurtarması asan məsələ deyildi. Amma ala it tək qalsa da, qorxaqlıq eləmədi. O canavarla çarpışmaq üçün yaşadığına görə, Köksrek üstünə şığıyıb yerə sərəndə çarpışmadan əl çəkmədi. Dişi canavar zingiltiqarışıq mırıltı çıxarıb dişlərini itin boğazına batırdı.

Az sonra yekəpər ala itdən yalnız quyruğu, gəmirilmiş başı, bir də iki-üç çəngə tük qaldı. Canavarlar hətta qana bulaşmış qarı belə, yedilər, axır ki, doyub Qara Təpəyə sarı üz tutdular, dərədə tərtəmiz qarın üstünə sərələndilər.

Həmin gecədən sonra Köksereklə ağ canavar ayrılmadılar. O ətrafda isə boz bəla tüğyan eləməyə başladı.

Canavarlar Qara Təpənin yaxınlığında və ordan uzaqlarda, gah burda, gah orda qoyunları boğur, inəkləri və atları parçalayır, dəvələri gəmirir, ən yaxşı çoban itlərinin axırına çıxır, cəzasız-filansız qeyb olurdular.

Qorxunc şayiələr aulbaaul dolaşırdı.

-Boz şeytanlar düz bir sürüdülər, hamısı da qulyabanıya oxşayır, insandan qorxub-eləmirlər. Qətiyyən qorxmurlar – buna şübhə yoxdu! Başçıları boz canavardı, lap dana boydadı, yaman vəhşi şeydi, görəndə qorxudan adamın ürəyi düşür... Hətta adam beş arşın yaxınlaşanda belə, qorxub qaçmır. Bəyəm, ona yaxın getmək olar? Dəstəylə bir tərəfdən şığıyırlar, çobanlar ora cumurlar, itlər arxalarınca düşürlər, elə bu məqamda da başçı o biri tərəfdən bir qoyunu boğazlayır, belinə atıb aradan çıxır...

Canavarlar bir yerdə uzun müddətli məskən salmırdılar. Bu gün onları Qara Təpənin yanında görürdülər, sabah isə on, iyirmi, otuz verst güneydə, günçıxan səmtdə ola bilərdilər. Axı canavarları yedirən ayaqlarıdır.

O yerlərdə çöl dərəli-təpəli, kollu-kosludur. Mənzərəyə Qara Təpənin üstündən tamaşa eləmək ayrı bir aləmdir: sanki qasırğalı dənizdir, dalğalar şahə qalxır, coşub-çağlayır. Belə yerlər canavar üçün əlverişli, çobandan ötrü dərd-azarlıdır. Sürüyə, ağıla gözə görünmədən asanlıqla yaxınlaşmaq, təhlükəni də tezcə duymaq, ayrı düşmüş heyvanı yaxalamaq olar.  Həm də boz canavarı ayırd eləmək çətindir, səssiz-səmirsiz, bobmoz kölgə kimi hardan atılıb çıxacağıını əvvəlcədən müəyyənləşdirmək mümkün deyil. Qarlı qışda isə izinə-tozuna çatmaq olmaz! Canavar dərin çökəklərə dolmuş qalın qarda sağ-salamat aradan çıxır. Qarın üst qatı canavarın ağırlığına tab gətirir, atlıya isə dözmür: at tara saplanıb qalır, çıxa bilmir, qarı eşim-eşim eləyir.

Çobanlar dəfələrlə canavar yuvası tapdıqları böyük dərənin yaxınlığına zəhərli ət atmaq fikrinə düşdülər, amma fikirlərindən daşındılar. Bəyəm, qulyabanılar zəhərə yaxın düşərlər? Aulun hələ yetkinləşməmiş, görüb-götürməmiş itləri o əti yeyib elə ordaca canlarını tapşırdılar. Canavarlar donmuş it ətinə də yaxın durmadılar.

O qış canavarlar aclıq çəkmədilər. Kökserek get-gedə irilənir, kökəlir, ağırlaşır, amma hələ də ətə və qana olan ağlagəlməz yanğısını söndürə bilmirdi. Yalnız yaza yaxın sanki aclığı bir qədər yatdı, damarlarında isə qısa müddətə ayrı bir yanğı peyda oldu.

Çöldəki qar əriyir, rəngi tündləşirdi. Təpələrin başında iri ləkələr yaranır, sarımtıl, sürüşkən tprpaq görünürdü.

Köksereki ağlagəlməz coşğunluq bürümüşdü. O narahat halda qaçır, səbəbsiz-filansız dövrə vurur, dişi canavarın yanında küçüktək vurnuxurdu. Dişi yırtıcı uzanıb dincəlir, Kökserek isə onun ətrafında vurnuxur, qığılcım saçan qar tufanı qaldırır, yoldaşının üstündən şıltaqcasına tullanır, onu sinəsi, pəncələri, burnuyla itələyirdi. Dişi canavar hiddətlə dişini ağardır, Kökserek isə dişləriylə tərəf-müqabilinin boynundan yapışır, sıxır, sonra buraxırdı. Bəzən də uzun müddət əl çəkmir, cəhəngindən qurtulmasına imkan vermirdi. Dişi canavar isə narazı halda mırıldayır, onu qapırdı. Amma sonra mehribanlıq göstərdi, Köksrerki tez-tez imsiləməyə və yalamağa başladı.

Qara təpənin quzey səmtində göz işlədikcə uzanıb gedən dayaz və şor göllər vardı. O göllərin sahillərini sıx çiy və qamış bürümüşdü. Oralara insan ayağı dəymirdi, buna görə də cəngəlliklər üzərində daim quş dəstələri uçuşurdu. Yazda, göllərin sahilləri yamyaşıl olanda ağ canavar Köksereki ora apardı.

Kökserek indi doğma yerlərdən uzaqlarda ov eləyirdi. Dişi canavar isə yuvasından çıxmır, qarnını qamışlar arasında tapdığı quş yumurtalarıyla doydururdu.

Bir dəfə Kökserek qoyun quyruğu gətirdi, amma dişi canavarın həmişəki kimi, yuvanın yanında dayanıb gözləmədiyini görəndə narahat oldu, pəncələriylə yeri qazmağa başladı. Az sonra dişi canavar heydən düşmüş halda, ayaqlarını sürüyə-sürüyə yuvadan çıxdı.

Yuvadan kəsif naməlum iy gəlirdi. Kökserek qəzəblə tüklərini qabartdı, dişlərini ağardıb başını yuvaya soxdu, bapbalaca, eybəcər balanı bayıra çıxardı.

Dişi canavar zəif-zəif mırıldayıb ona doğru atıldı, amma mane ola bilmədi. Erkək yırtıcı gözləri hələ açılmamış balaca balanı formasız, bomboz kütləyə çevrilənəcən yerə çırpdı, sonra iyrənə-iyrənə başı üzərindən geri tulladı.

Kökserek dişi canavara sarı dönəndə ana onunla yuva arasında uzanmışdı, digər balalar sürünə-sürünə yaxınlaşır, burunlarını əmcəklərinə toxundururdular.

O hiddətlə ağzının ətrafını yalaya-yalaya kənarda uzandı.

 

Dişi canavar Köksereklə ova çıxmağa başladı, amma hələ çevik deyildi, ağır idi, tez-tez də balalarının yanına qaçırdı.  Çox vaxt dişlərinə bir şey keçmədən, şikar tapmadan yuvalarına qayıdırdılar, Kökserek acgözlüklə balaları süzür, dişi canavar isə onu dişləyir, yuvadan uzaqlaşdırırdı.

Erkən aprel səhərlərinin birində, balalar artıq böyüyəndə Kökserek və ağ canavar gölün kənarıyla yuvalarına sarı qaçırdılar: dişi canavar qabaqda gedir, arxasınca gələn erkəyinin irəli keçməsinə imkan vermirdi. Qəfildən insan iyi aldılar. Quşlar yuvalar üzərində bulud kimi havaya qalxır, at dırnaqlarının, yerə döyəclənən çoban çomaqlarının tappıltısı eşidilirdi. Canavarlar ətrafa sakitlik çökənəcən qamışlıqda gizləndilər. Yuvalarına girəndə isə içində pəncələri sındırılmış bircə bala tapdılar.

Dişi canavar bir neçə həftə adamların onun balalarını apardığı aulun ətrafında dolaşdı. Kökserekin onu haraylaması fayda vermədi. Dişi canavar erkəyinin arxasınca getmir, camaat da bunu görürdü.

 

Düz-dünya quruyub gül-çiçəyə büründü. Atlar şirəli yaz otları sayəsində tez cana gəldilər. Günəşli və masmavi günlərin birində də canavarlar səs-küylü təqiblə üzləşdilər. Kəhər belindəki üç atlı onları qovub  Qara Təpənin yaxınlığındakı böyük dərədən çıxardılar.

Kökserek oxtək uçurdu. Hələ dərədə dişi canavar ondan geridə qalmağa başlamışdı. Ananın əmcəkləri əməlli-başlı bərkiməyə macal tapmamışdı, həmişəkindən ağır qaçırdı. Kökserek əvvəlcə geri qayıtdı, onun arcasınca qaçmağa, böyürlərini dişləyib irəli itələdi. Ana canavar erkəyinə acıqlanırdı. Kökserek dönüb atlılara baxdı, sonra səssiz-səmirsiz, sürətlə irəli cumdu.

O dərənin ağzında kəskin tərzdə yana buruldu, keçitək çevik sıçrayışlarla  tikanlı itburnu kolları basmış yamacla yuxarı şığıdı, kolluqlar arasında yox oldu.

Ağ canavar isə düzənliyə üz tutmuşdu, atlılar hay-küy sala-sala onun arxasınca çapırdılar.

Kökserek gecə fınxıra-fınxıra, ehtiyatı əldən verməməyə çalışa-çalışa təqibin iziylə getməyə başladı. Uzaq dərələrin birində, şehdən islanmış otluqda qurumuş qan ləkələrinə rast gəldi. Qanı imsilədi, sonra isə yaladı. Ağ canavar burda olmuşdu, iyi də burda yoxa çıxırdı.

Kökserek çömbəldi, qabarıq sinəsini gərib, bozumtul boynunu dik tutub Ay doğanacan yerindən tərpənmədi. Ay buludların arxasından çıxanda isə bezgin, boğuq səslə uladı.

Kökserek sanki daşa dönmüş kimi, səhərədək dərədən çıxmadı. Dan yeri sökülənə yaxın titrəyə-titrəyə və əsnəyə-əsnəyə qalxdı. Aclıqdan qarnı buza dönmüşdü.

 

Kökserek bütün yayı sürülərə və aullara qorxu saça-saça çölü tək-tənha dolaşdı. Gecə basqınlarına ara vermir, çobanlar da öz qismətlərinə lənət yağdırırdılar. Yalquzaq sanki daim Qara Təpənin, şor göllərin yaxınlığında dolaşır, hər yerdə onun boz-qonur beli gözə dəyirdi. Yay ərzində isə, ən azı, əlli baş quzu və buzov parçalamışdı! Qarnı doymaq bilmirdi.

Çobanlar onu iki dəfə çevik atlar və bir dəstə tutağan itlə təqib eləmişdilər, hər dəfə də qaçıb canını qurtarmışdı. İri qarnı olsa da, o quldur sürətlə qaçır, ələ keçmirdi. Kökserek sanki qaçmır, uçur, aul igidlərini rüsvay eləyirdi.

O gündüz qamışlıqların qaranlıq ağuşunda, dərin bataqlıq olan göllərdə gizlənir, yatıb dincəlir, gecə isə heç nə - insan qışqırtıları da, it hürüşləri də, tüfənglərdən açılan atəşlər də - yırtıcının qabağını kəsə bilmirdi. Çobanlar boz kölgəni nişan alıb əbəs yerə patronları bir-birinin ardınca sərf eləyir, qırmalar sürünün üzərində nəticəsiz-filansız vıyıldayır, əks-sədalar gecənin zülmətində susan kimi, Kökserek sağ-salamat daldalanacağına qayıdırdı.

Kökserek yay ərzində əməlli-başlı kökəldi. Bədəninin sıx və sərt tükləri kirpi tikanlarıtək dik dururdu, amma qarnı, az qala, belinə yapışmışdı, hey yemək tələb eləyirdi.

O at ilxılarına da soxulmağa başladı. Oğrun-oğrun dayçaya yaxınlaşır, qısa quyruğundan yapışıb elə saxlayırdı ki, biçarə heyvan yerindən tərpənə bilmirdi. Dayça var qüvvəsiylə dartınırdı; qurd isə qəfildən onu buraxır, şikarı yerə sərilirdi. Bu məqamda da Kökserek qurbanının üstünə atılır, dişlərini boğazına keçirirdi.

 

Payız qısa, yağışlı-küləkli keçdi, nəhayət, yenə günlərlə davam eləyən qar-çovğun ulaya-ulaya hər tərəfi basdı.

Kökserek şaxtalı, aydınlıq gecələrin birində gözlənilmədən təpənin qılıcında iri canavar sürüsüylə qarşılaşdı. Sürü tikan kimi batan qar tozu burulğanı qaldıra-qaldıra üzərinə şığıyıb onu dövrəyə aldı. Kökserek başçıyla – şaxtalı havada ağaran cəhəngindən buğ qalxan yırtıcı canavarla – üz-üzə gəldi.

Amma sürüdəki canavarlar şikarla deyil, bu yerlərin sahibiylə rastlaşdıqlarını dərk elədilər. Kökserek iri quyrğunu qısıb çömbəlmişdi, qorxunc dişlərini şaqqıldadırdı. O başçıdan iki dəfə cavan idi, amma boyda da, çəkidə də rəqibindən geri qalmazdı; sürüdəki canavarların heç birinin bu cür möhkəm və şümal böyürləri yox idi.

Əvvəlcə canavarlar yaxınlaşdılar, Köksereki imsiləməyə başladılar. Bir qədər cavan olanlar çəkinə-çəkinə irəli gəldilər. Kökserek yalnız başçının imsiləməsinə imkan vermədi, başçı da rəqibini özünə yaxın buraxmadı. Gəlmə canavarlar bərkimiş qarın üzərində eşələnir, donmuş qar topalarını gəmirirdilər. Kökserek onlara qoşuldu. Sonra isə sürüylə birgə, başçıyla yanaşı yola düzəldi.

Səhərə yaxın çovğun başladı. Kökserek sürünü ilxıya doğru apardı. İkiyaşar bir madyanı yaxalayıb dərin çuxura sürüdülər. Kökserek onu qarın üstünə yıxdı -  bir vaxtlar ala iti də beləcə yerə sərmişdi. Canavarlar hər tərəfdən madyanın üstünə cumdular. Kökserek adəti üzrə şikarın körpücük sümüklərinin altından yapışdı, amma çiyninə dəyən küt diş zərbəsindən geri sıçradı: o başçının şikarda ən çox sevdiyi hissəyə toxunmuşdu.

Amma belə anda çarpışmağa macalı yox idi – atın əti buğlana-buğlana əriyirdi. Cavan erkək canavarlar başlarını qulaqlarınacan şikarın qarnına soxmuşdular. Dişi canavarlar bir-birini itələyə-itələyə və mırıldaya-mırıldaya cəsədi didişdirirdilər. Kökserek və başçı onların arasına cumdu.

Atın axırıncı dal qıçı üstündə yalnız ikisi qaldı. Qalanlar xeyli aralıda başlarını pəncələri üstünə qoyub onların əti qoparmalarına, sümükləri xırta-xırtla parçalamalarına tamaşa eləyirdilər. Hər ikisi də eyni vaxtda, ağır-ağır nəfəs ala-bir-birinin gözlərinəcən qana bulaşmış üzlərinə düşməncəsinə baxa-baxa aralandı.

Rəqiblər sürünün ortasında, bir-birindən bir qədər aralı uzandılar. Dişi canavarlar Kökserekin ətrafında fırlanırdılar. O isə yaşıl gözlərini qoca başçıya zilləmişdi.

 

Onlar bir neçə gecə də yanaşı dayanıb sürüyə birgə başçılıq elədilər. Biri yarımca addım irəli keçəndə digəri dərhal dişlərini rəqibinin böyrünə, ya da qıçına keçirirdi.

Gecələr isə aydın, küləksiz, şikarsız ötürdü. Kökserekin boğazında səssiz-səmirsiz hiddət qaynayırdı.

Canavarlar sahil boyu irəliləyəndə ayaqları altından dovşan sıçrayıb çıxdı. Çəpgöz yaxalananacan canavarların burunları ucunda uzun müddət ora-bura şığıdı. Kökserek və qoca başçı onu eyni vaxtda iki parçaladılar. Sürü xeyli geridə qalmışdı.

İkisi də paylarını acgözlüklə içəri ötürüb bir-birinin üzərinə atıldılar. Qar topaları, əlçim-əlçim tüklər havaya qalxdı. Sükutda dişlərin şiddətli şaqqıltısı ətrafa yayıldı.

İki yırtıcı arxa pəncələri üstünə çöküb, qabaq pəncələriylə bir-birindən yapışıb çarpışır, get-gedə qar yığınına daha dərin batırdılar. Nəhayət, bir anlığa aralandılar. Başçı nərildəyirdi, bununla da çarpışmaya son qoymaq niyyətindəydi. Amma Kökserek girəvə tapıb səssiz səmirsiz irəli cumdu, rəqibinin qulağının dibindən yapışdı. Bu, qurdbasan itlərin boğuşma üsulu idi. O başçını yıxıb belinə çıxdı, dərhal da dişlərini onun dik və qüvvətli kürəyinə keçirdi, var qüvvəsiylə sıxıb boynunu sındırdı.

Qoca başçı ağzını heysiz halda açıb böyrü üstə qarın üstünə yıxılmışdı. Sürü özünü yetirib onu bir göz qırpımında sümüklərinəcən gəmirdi. İstər yad olsun, istər doğma, canavar yıxılana rəhm eləmir.

 

İlxcıçılar gecə-gündüz at belindəydilər, amma ilxıları qoruya bilmirdilər. Qara Təpə ətrafında hələ bu cür qorxu və yırtıcılıq görünməmişdi. Canavarlar çobanların gözləri qarşısında canlı nə varsa, axırına çıxırdılar.

Kökserek şər qarışandan səhər açlıanacan sürüsünü bu qışlaqdan o qışlağa aparırdı. Canavarların qarnı qısa müddətdə doydu, əməlli-başlı kökəldilər. Amma başçı onların çox yatmalarına imkan vermirdi. O, hətta dişi canavarları belə cəzalandırır, qapırdı, dişilər isə hiddət içində cavanları irəli qovurdular. Sürü daldalanacaqdan qopur, çöllə uçquntək axırdı.

Hətta bir dəfə o boz dəstə insana da hücum eləmişdi. Tənha bir yolçu at qoşulmuş xizəkdə dağ yoluyla gedirdi. Canavar bu cür yollara nadir hallarda -  xüsusilə də insan gedəndə - yaxınlaşmağa, belə yoldan keçməyə cəsarət göstərir. Kökserek isə çox tərəddüd eləmədi, qulaqlarını qısıb xizəyin ardınca şığıdı.

At götürüldü. Sürü onu haqlayıb yoldan çıxardı. Xizək ilişdi, at sinəsinəcən qara batıb qaldı, canavarlar boz kütlə kimi, onun üzərinə çökdülər.

Yolçu qorxudan ağlını itirib xizəkdən yumbalandı, qalın qarda qaçmağa başladı. Kökserek xizəyin üzərindən sıçrayıb qısa, yüngül sıçrayışlarla onun arxasınca cumdu. İki yırtıcı da dərhal başçının dalınca şığıdı.

Kökserek sanki əylənə-əylənə və özünü sınaqdan keçirə-keçirə geniş dairə cızıb insanın yolunu kəsdi. Dişi canavarlar ölümə məhkum olmuş, müdafiəsiz, bununla belə, toxunulmaz ikiayaqlı məxluqun arxa tərəfində dayanıb gözləməyə başladılar. Boz başçı ona toxunacaq, ağzı üstə yerə sərəcək, ya yox?

O yolçunu insanlar xilas elədilər. Yolla iki atlı dördnala çapa-çapa, ucadan fit verə-verə aşağı, dərəyə doğru cumurdu.

Kökserek üst dodağını qırışdırdı, ətrafa baxa-baxa iz düşməmiş qarlı düzənliklə uzaqlaşmağa başladı, get-gedə də sürətini artırdı. Sürü qanına qəltan edilmiş atdan qopub çölün toranlığa bürünmüş, çovğun tüğyan eləyən qoynunda gözdən itdi.

Bir dəfə də Kökserek insanla açıq çarpışmaya girişdi.

Hadisə gündüz baş verdi. Şiddətli şaxta çölü buxovlamışdı. Açıq-mavi səmanı  qığılcım saçan ilğım bürümüşdü, o ilğımın arasından da qıpqırmızı, qan rəngində  Günəş görünürdü. Qar yırtıcıların pəncələri altında cingilti qoparırdı.

Canavarlar yerə sinib ehtiyatla, şaxtalı havada boz tüstü kimi aula yaxınlaşdılar. Qəfildən lap kənardakı yurtun arxasından ikihürküclü dəvə çıxıb düz sürünün üstünə gəldi. Onun hürkücləri arasında insan oturmuşdu, başında ağ çalma vardı ki, bu da qadın olduğunu büruzə verirdi.

Kökserek ehtiyatlandı.

Dəvə - at, onun belindəki isə çoban, ilxıçı deyil. İtlər burunlarını auldan çıxarmadan hürüşürdülər. Sürüdəki canavarlar dişlərinə asan şikar keçirəcəklərini duyub yerlərində dondular. Lakin dəvə yekə dodaqlı başını qaldırıb rəvan, iri addımlarla sürüyə sarı şığıdı. Canavarlar çaşıb bir-birinə qarışdılar, dəvədən aralanıb çölə səpələndilər.

Qəribə dəvədir! Hara qaçır axı? Bəs, niyə qorxmur? Belindəki adam da qəribədir – nə qışqırır, nə fit çalır, nə də əl-qolunu yelləyir.

Canavarlar arxalarına baxmadan qaçırdılar. Kökserek də qaçırdı. Dəvə ucadn fınxıra-fınxıra dayandı. Yandırıcı yanvar küləyi heyvanın böyürlərindəki tünd-boz rəngli tükləri tərpədirdi. Qadın onun hürkücləri arasında tərpənmədən oturmuş, yalnız başındakı yaylıq bəyaz kürətək şişmişdi.

Kökserekin tükləri biz-biz oldu. O yerindəcə quruyub qaldı, iri alınlı, iti qulaqlı başını irəli uzadıb imsiləməyə başladı.

Qeyri-adi bir şey yox idi. İkiayaqlı məxluq onu qorxutmurdu, özü hələ aulda yaşayanda bir qədər böyüyən kimi, ikiayaqlıların canına vicvicə salmışdı. Burda, dümdüz çöldə isə Kökserekdən qorxunc məxluq yoxdur.

Sürü qaçıb dağılışdı, canavarlar uzaq təpələrdə bərq vuran şaxtalı duman içində görünür, yox olurdular. Kökserek yerindən tərpənmədi. Dəvə yenidən başını yuxarı qaldırıb onun üstünə gələndə quyruğunu sallayıb, asta-asta, az qala, qarın üstüylə srüyə-sürüyə, insanı arxasınca çağıra-çağıra auldan aralandı, sürüyə yaxınlaşdı.

Dəvə dayananda Kökserek də dərhal çömbəlib otururdu. Dəvə yortmağa başlayanda qurd da onun qabağınca qaçırdı. Aralarındakı məsafə get-gedə qısalırdı. Kökserek səbirlə, təmkinlə niyyətinə yaxınlaşırdı.

Nəhayət, aul qarlı dikin arxasında gözdən itdi, sürü isə lap yaxınlıqda peyda oldu!

Kökserek qəddini düzəldib ötən dəfə tənha yolçuyla necə davranmışdısa, o cür hərəkət elədi: dəvənin ətrafında oynaq tərzdə, tullana-tullana vurnuxmaqla aula gedən yolunu kəsdi. Dəvə yerindəcə fırlanır, cırıltılı səslə nərildəyirdi. Kökserek də qəfildən cəsarətlənmiş sürünün təpədən enib o nəriltiyə doğru şığıdığını görürdü.

Amma o gözlənilmədən dəvənin hürkücləri arasında, Allah bilir, ucunda girdə, açıq gözü olan, Günəş şüaları altında parıldayan, şümal dəyənəyin hardansa peyda olduğunu görmədi.

Həmin məqamda da buludsuz qış səmasında ildırım çaxdı. Qırıq-qırıq əks-səda ətrafdakı təpələrdə dolaşmağa başladı. Gözəgörünməz qurğuşun ox qurdun baldırına sancılıb əməlli-başlı yandırdı. Kökserek ömründə ilk dəfə səs çıxardı. Şiddətlə zingildəyib baldırını dişlədi və mayallaq aşdı – bu vaxtacan başına belə bir iş gəlməmişdi.

Kökserek üç ayağı üstə qalxdı, sarsılmış halda qaçıb nərildəyən dəvədən aralanmağa başladı. İnsanın əlləri donduğuna görə, tüfəngini təkrar doldurmağa macal tapmadı, qurd da bu məqamda özünü dərəyə çatdırdı. Onun üçpəncəli izi boyu qıpqırmızı damcılardan ibarət uzun şərid düşdü.

Kökserek özünü birtəhər Qara Təpənin yaxınlığındakı böyük dərəyə çatdırıb qarın üstünə sərələndi. Güllənin deşdiyi baldırı ocaqda ütələnən baş kimi, od tutub yanırdı. Qurd fasiləsiz diksinə-diksinə və qorxmuş halda qulaqlarını şəkləyib yarasının hər iki tərəfini yaladı.

Sürü çıxıb getmişdi, artıq onu bu tərəflərə qaytarmaq mümkün deyildi. Bəxti gətirmişdi ki, uzaqda qalmışdı, cavan canavarlar təzə qanın qoxusunu almamış, başçılarını qanlı qarın üstündə uzanıqlı vəziyyətdə görməmişdilər, görsəydilər, onunla haqq-hesabı üzərdilər.

Təqibdən də əsər-əlamət yox idi. Qəribə dəvə onun arxasınca düşməmişdi. Amma Kökserek başqa şeydən - arxasında it hürüşləri və at dırnaqları tappıltısı eşidəcəyindən - qorxurdu.

Adamlar isə ləngiyir, dərhal dəstə başlayıb gəlmirdilər. İtlər auldan çıxmır, şiddətli və uzunmüddətli çovğunun yaxınlaşdığını duyurdular.

Şaxta yumşalmır, külək də güclənirdi. Çöldən inilti qopurdu. Sonra göz işlədikcə uzanıb gedən çölün üzərində yerlə-göy arasını qar buludu bürüdü.

Kökserek asta-asta qalxdı, ətrafa boylana-boylana, üç pəncəsi üstündə atıla-atıla, arabir də dördüncü pəncəsini darta-darta şor göllərin qırağındakı qamışlığa tərəf getdi.

Yüz cür səs çıxaran çöl çovğunu üç gün fasiləsiz davam elədi, gecəni gündüzdən ayırmaq müşkül oldu. Kökserek burnunu qar basmış qamışlıqdan üç sutka bayıra çıxara bilmədi. O dərin çıxura girdi, qıvrılıb burnunu quyruğuna dirədi, damarlarında qanı donmadı, yurtdakı ocaqdan daha yaxşı qızdırdı.

Kökserek arıqlayır, zəifləyirdi, amma baldırındakı iri, çəpəki yara gec də olsa qaysaqlandı.

Dördüncü gecə o qarın altından çıxdı, bərk axsaya-axsaya çölə üz tutdu. Gedə-gedə gərnəşdi, axsaqlığı daha az nəzərə çarpsa da, ağrı dinmək bilmirdi.

Kökserek bir həftə ac qaldı. Cəsəd axtarsa da, tapa bilmədi. Yalnız həftənin axırında bəxti gətirdi: ilxıdan ayrı düşmüş madyan və dayçaya rast gəldi, dayçanı yaxaladı, yerə yıxıb yanına uzandı, bütün gecəni fasiləsiz cəsədini gəmirdi. Dönə-dönə qusur, yenə yeyirdi, şaxtalı havada keyimiş yaralı qıçını da şişmiş qarnının altına çəkmişdi.

 

Bir həftə də ötdü. Qurdun baldırı sağalmışdı, nadir hallarda zoqquldayırdı. Daha sürətlə qaçmağa başlamış, həm də cəsarətlənmişdi.  Qara Təpəyə getmək istəyirdi.

Axşama yaxın bir vaxtlar böyüdüyü aula yaxınlaşdı, tükü qulaqlarından quyruğunacan ayağa qalxmış halda təpənin üstündə dayandı. Aulda dəvə gözə dəymirdi. Hürüş də eşidilmirdi – itlər sürülər və ilxılarla birgə çöldəydilər. Kökserek yaş burnunu küləyə sarı tutub tanış yerləri və cığırları dolaşmağa başladı.

Uzaqdan zəif və ləzzətli qoyun iyi gəlirdi. Kökserek üst dodağını qırışdırdı. Üfiqdə, dan yerinin sarımtıl işığında iri atlını gördü. Atın qabağıyla bir dəstə qoyun irəliləyirdi. Çoban onları ağıla aparırdı.

Qurd diklərin və təpəcilklərin arxasında gizlənə-gizlənə onu qarşısını kəsmək üçün şığıdı. Həmişə olduğu kimi, sürətlə, gözlənilmədən irəli atıldı, amma çoban dərhal onu gördü, cır uşaq səsiylə ümidsizlik dolu, amma hökmlə qışqırdı.

Kökserek kəskin tərzdə dayandı, quyruğu üstdə çömbəldi, qabaq pəncələriylə qarı eşələməyə başladı. Atın belində yeniyetmə bir oğlan oturmuşdu, əlində uzun çoban çomağı vardı.

Oğlandır də!.. Kökserek ondan qorxmurdu.

Qurd tüklərini hiddətlə qabardıb balaca çobanın böyründən ötmək üçün qövs cızdı, özünü şikayətli səslə mələyən, bir-birinə sığınmış qoyunlara yetirdi. Bu mələrti və qarmaqarışıqlıq onu qızışdırırdı. Qarşısında asan və yağlı şikar, kövrək sümüklər, çoxlu qan vardı. Amma oğlan atını var gücüylə dəhmərlədi, iri, qorxunc dəyənəyini başı üzərinə qaldırıb cəsarətlə düz qurdun üzərinə çapdı.

Kökserek istər-istəməz yenə bir yerə topalaşmış qoyunlardan aralanmalı oldu. Oğlan elə hey qışqırırdı. Həm də onun qışqırtısındakı anlaşılmaz bir şey qurdu narahat eləyir, qorxudurdu. Yırtıcı  qaçır, oğlan onun arxasınca şığıyır, qoyunlara yaxın buraxmırdı. O, üzəngidə dikəlib çomağını yellədə-yellədə, təngnəfəs halda var gücüylə bağırırdı:

-...ök...erek! ...ök...erek!

Qurd dişlərini şaqqıldada-şaqqıldada sürətini artırırdı.

Oğlan mahir atçapan idi, itaətkar atını cəsarətlə muşqurur, çomaqla vurur, amma yetişə bilməyəcəyini sezirdi. Kökserekin uzaqlaşdığını görəndə isə çomağını nizə kimi onun arxasınca atdı.

Çomağın yumru başı qurdun yaralı qıçına dəydi, geri sıçrayıb taqqıltıyla buz bağlamış torpağın üstünə düşdü. Kökserek çomağı hiddətlə götürüb bir göz qırpımında dişləriylə iki böldü. Sonra geri döndü, qulaqlarını qısıb, üst dodağını qırışdırıb, sanki yırtıcı qurd gülüşüylə gülə-gülə, səssiz-səmirsiz oğlanın üstünə atıldı, dişlərinin onun qoyun dərisindən tikilmiş yarımkürkünün ətəyinə keçirib dartdı. At kişnəyə-kişnəyə kənara sıçradı, oğlan isə yəhərdən aşıb kürəyi üstə yerə, yumşaq qar basmış buza dəydi, papağı başından çıxıb qarlı yamacla aşağı dığırlandı.

Oğlanın axırıncı gördüyü məqam Kökserekin tanış, hələ aulda yaşadığı vaxt itlərlə çarpışmada gicgahına yaxın yerdən cırılmış qulağı oldu.

Qurd özünü qasırğa kimi üstünə atıb əyri dişləriylə sifətini parçalayanda oğlan artıq ölmüşdü.

Gecə oğlanın meyitini aula apardılar, yurtlarındakı ocağın yanına uzatdılar.

Nənə onun ayaq tərəfində oturdu.

-Körpə balam, - nənə deyirdi, - körpə balam!..

Nə qədər çalışdısa, qarının işığı öləzimiş, qurumuş gözlərindən bir gilə də yaş çıxmadı.

 

Bu məqamda da o tərəflərdə ad-san çıxarmış ovçu Kasen və onun sarımtıl-ağ tüklü ov itinin növbəsi yetişdi.

Xasen iti Semipalatinskdə (Semey) ata dəyişmişdi. İtin alnında dörd bərabər şüa kimi ayrılan tüksüz ləkə vardı, buna görə də sahibi ona Akkaska – Ağqaşqa – adı vermişdi. Akkaska haqqında ağlagəlməz şayiələr dolaşırdı, bəziləri itin Kanjıqalı soyundan olan batır Boqambayın  əfsanəvi, mahnılarda vəsf edilən itlərdən törədiyini iddia eləyirdi.

Akkaska cins, qürurlu və coşqun təbiətli it idi. Verilən əti mırıldaya-mırıldaya qapırdı. Dayanacaqlarda Kasen onu zəncirləyir, it yalnız sahibini yaxına buraxırdı. Qarışıq qanlı aul itləri Akkaskadan kənar gəzir, uzaqdan-uzağa üstünə hürürdülər. Akkaska onları görməzliyə vurur, tənbəlcəsinə əsnəyir, uzunsov başını uzun pəncələri üstə qoyub saatlarla uzanır, yalnız ov vaxtı qızışır, atları asanlıqla ötüb-küçir, uca, qulaqbatırıcı səslə hürürdü. Gözləri canavar gözləri kimi, amma yaşıl deyil, qırmızımtıl işıqla, közərmiş kömürtək işıq saçırdı.

Kasen bir neçə sutka ilxıçıların yanında yaşadı, onları sorğu-suala çəkib Kökserekin davranışlarını öyrəndi. Kişilər üstü qamışla örtülmüş daxmalarda yaşayırdılar. Gecə-səhərədək tonqal başında Kürmaşı parçalamış yalquzaqla bağlı qızğın mübahisə bitmək bilmirdi. Amma Kasen özü üçün yeni, gözlənilməz bir şey eşitmirdi.

Söylədiklərinə görə, o canavar qudurmuşdu. Deyirdilər, heç canavar da deyil, kaftardır. Əbəs yerə belə, ağlagəlməz dərəcədə acgöz deyil ki?! Kasen mənasız söz-söhbətə inanmırdı.

-O canavardı, - deyirdi. – Canavarı da otla bəsləmək olmaz!

İlxıçılar yırtıcını söyüb-hədələyirdilər:

-Eh, bir əlimizə keçsin!..

Kasen istehzayla gülürdü:

-Neyləyərsiniz? Dərisini soyarsınız?

Yalnız Kürmaşın atasının acı sözləri Kasenin yaralı yerinə dəydi. O, oğlunun qəbri üstündə üzünü ovçuya tutdu:

-Sən görüb-götürmüş, cəsur, inadkar adamsan... Düzdü, o qulyabanını ələ keçirmək asan məsələ deyil. Amma onu öldürməsən, bil ki, nə igidsən, nə də qohumumsan, ümumiyyətlə, kimsəyə lazım deyilsən, itinin də bir qəpik dəyəri yoxdu. Onda gözümüzə görünmə.

Kasen yalquzağı mühasirəyə almaq üçün ilxıçılıarı toplamaq qərarına gəldi, yoxsa məqsədinə çata bilməzdi. Onları dilə tutmağa ehtiyac qalmadı...

Yola çıxmaq ərəfəsində, dan yeri ağaranda Kasen itinə ət yedizdirdi, sonra onun qabağına xırda-xırda doğranmış qoyun pendiri qatdığı yal dolu cam qoydu. Akkaska gözlərini sahibindən çəkmədən yalı tələsə-tələsə içdi. Ağıllı heyvan böyük, sanballı ov, təhlükəli təqib olacağını dərk eləyirdi.

-Hə, Akkaska, - Kasen itin qulağının dibini qaşıya-qaşıya dilləndi, - ya sən onu məhv eləyəcəksən, ya da o səni parçalayacaq, bunun axırı ancaq belə ola bilər. Kürmaş bala ölsə də, yanımızda olacaq...

Akkaska sarı quyruğunu səbirsizcəsinə bulaya-bulaya diqqətlə sahibinin gözlərinin içinə baxırdı.

Çölə çıxdılar, Kasen iti ipdən buraxdı ki, ayaqlarını uyuşuğu açılsın, sinəsini qızdırsın. Akkaska səhərin alatoranlığında göyümtül rəngə çalan qarın üzərində iri sıçrayışlarla irəli cumdu.

Kasen adamları bir neçə qrupa ayırdı, hər qrupu ayrı səmtə göndərdi, özü isə Akkaskayla birgə tənha, küləyin hər səmtdən tutduğu daşlı təpənin üstünə qalxdı. Ovçular aul itlərini buraxıb aralandılar. Kasen qalın koşmanı (keçə palaz) iti uclu daşların arasına sərdi, Akkaskanın onun üzərində yatırtdı, özü də itin xaltasından yapışıb qarın üstünə uzandı.

Akkaska sahibinin nəzarəti altında sakitcə uzanmışdı, yalnız qulaqları səsudan kimi aramsız o tərəf-bu tərəfə fırlanırdı. Hər tərəfdən küləyin ətrafa yaydığı boğuq qışqırtılar, qarmaqarışıq it hürüşləri eşidilirdi.

Qəfildən Akkaska qabaq pəncələri üzərində dikəldi, Kasenin əlindən çıxmağa çalışa-çalışa ehtiyatla sakit dərənin o tərəfinə baxmağa başladı. İndi it qayanın üstündən şikarına göz qoyan berkutu xatırladırdı. Amma uzun müddət dərədə bir canlı gözə dəymədi, adamların qışqırtısı və it hürüşü də, deyəsən, uzaqlaşırdı. Çətin ki, təqibçilər qurdu görmüş olaydılar, Kökserek onların geniş dairəsində nəzərə çarpmadan dolaşırdı. Akkaska başını aşağı salıb belini qəribə tərzdə donqarladı. Bəlkə, onu dovşan izinə düşmək cəlb eləyirdi. Akkaska çəpgözlərin arxasınca getməyi sevirdi.

Yox, Akkaska səhv eləməmişdi. Qurd itin onu gözlədiyi yerdə - sakit, bomboş, qar basmış dərədə - qəfildən, səssiz-səmirsiz peyda oldu. Bu hiyləgərə bax bir! Dərədə qar yığınları bərkiməyib, yumşaqdır. At təzə izlə gedə bilməz, qarnının altınacan batar.

Qurd yorğa, yüngül, eyni zamanda, tələsmədən, ehtiyatla qaçırdı, Kasen də bir anlığa tərəddüd keçirib dodağını dişlədi, gözucu iti süzdü. Kökserekin əzəmətli görkəmi vardı, uzaqdan qurd başlı yetkin dayçanı xatırladırdı. Əməlli-başlı qulyabanıydı!

Qurdun arxası külək əsən tərəfəydi, ovçunun və itin iyini ala bilmirdi. Amma Kasen yırtıcının nişangah məsafəsinəcən yaxınlaşacağına ümid bəsləmirdi, ona görə də iti buraxdı, “Hə, tut görək!..” - qışqırdı, özü isə qayanın arxasına bağladığı ata sarı qaçdı.

Kökserek ağ-sarı itin boy-buxununu və gücünü ilk baxışdan dəyərləndirdi. Ondan qurtulmaq mümkünn deyildi. İt təpənin üstündən hiddətli, qulaqbatırıcı nəriltiylə üzərinə şığıyırdı, çevik, həm də ala itdən iki dəfə yaşlıydı. Onun arxa tərəfindən, dəvə hürküclərini xatırladan daşlar arasından əlində qara, şümal dəyənək olan bir kişi peyda oldu. Bənd-bərə bağlanmışdı. Tez aradan çıxmaq lazımdır!

İt və qurd qarlı yamacda üz-üzə gəldilər, it bir həmləylə qurdu yerə sərdi, amma özü də ayaq üstdə dayana bilməyib aşdı. İkisi də yerindən sıçradı, dişlərini rəqibinin bədəninə sancdı, sonra ağızlarından qan axa-axa, xırıldaya-xırıldaya aralandılar. Daş qayaya rast gəlmişdi...

Kökserek bir neçə dəfə itin üstünə atıldı, amma ağır və dəqiq diş zərbəsinə rast gəldi. Yenə də qurd girəvə tapdı, yamacın daha hündür yerinə qalxdı, qışın əvvəlində sürü başçısını yaxaladığı kimi, qulağının dibindən yapışdı, amma Akkaska əyilmədi, rəqibini şiddətlə silkələyib canını qurtardı, sarı tükünün və dərisinin bir əlçimi Kökserekin dişləri arasında qaldı. Kökserek bu çarpışmanın qısa müddətdə başa çatmayacağını dərk elədi. Atlı isə artıq çapa-çapa təpədən aşağı şığıyır, həvəslə qışqırırdı:

-Tut, canım-gözüm, buraxma! Ak-kaska-a!

Kökserek ötəri zingildəyib rəqibunu üstünə şığıdı.

İt və qurd yenidən bir-birini elə qapdılar ki, qaranlıq olsaydı, havada qığılcımlar bərq vurardı. Bu məqamda da Akkaska ehtiyatın başını buraxdı, yalnız sahibinin qışqırtısını yadda saxlayıb burnunu düz qurdun ağzına saldı, alt cənəsindən bərk-bərk yapışdı.

Artıq onları aralamaq mümkün deyildi: bir-birinin çənəsini gəmirir, biri digərini aşıra bilmirdi.

Kasen özünü yetirdi. At onların üzərində şahə qalxıb fırlandı. Kasenin əli də boş durmurdu. O, tüfəngi atdı, yəhərdən yerə atıldı, düşünüb-daşınmadan bədəninin bütün ağırlığını qurdun daş kimi möhkəm belinə saldı, enlitiyə bıçağı yırtıcının kürəyinin altına sapladı.

Akkaska parçalanmış cəhəngini qurdun titrəyə-titrəyə aralanan ağzından çıxarıb uzaqlaşdı, bir qədər dayanandan sonra sinəsi üstə yıxıldı. Onunla üzbəüzdə Kökserek böyrü üstə sərələnmişdi.

Ovçular tökülüşüb gəldilər, onlardan biri qamçının sapını qurdun ağzına soxub qara-qırmızımtıl rəngli cəhəngini araladı, hamı o cəhəngin iriliyinə heyrətləndi.

-Şeytandı! – Bir ovçu aralana-aralana dilləndi.

-Kökserekdi! – Kasen Akkaskanın yarasını qayğıyla gözdən keçirə-keçirə bildirdi.

Qurdun cəsədini aula aparıb Kürmaşgilin yurtunun yanına atdlılar, qarı da Köksereki Kürmaş kimi, cırıq qulağından tanıdı.

-Kökserekdi! – Qarı əllərini ovuşdura-ovuşdura dilləndi. – Səni görüm lənətə gələsən... Vicdanın yox idi, ay qaniçən?!

Sonra heydən düşmüş ayağıyla qurdun ağaran dişlənə təpik vurdu.

1929

Tərcümə: Nəriman Əbdülrəhmanlı

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0