Məmməd İsmayılın adının əbədiləşdirilməsi ilə bağlı MÜRACİƏT

Sen 11, 2026 - 20:35
 0  11
Məmməd İsmayılın adının əbədiləşdirilməsi ilə bağlı MÜRACİƏT

Məmməd İsmayılın adının əbədiləşdirilməsi ilə bağlı ailəsi müraciət ünvanlayıb.

Yazici.az müraciəti təqdim edir.

Azərbaycanın görkəmli şairi, yazıçısı, filologiya üzrə fəlsəfə doktoru, Professor Məmməd İsmayıl 1939-cu ildə Azərbaycanın Tovuz rayonunun Əsrik kəndində anadan olmuşdur.

O, 1964-cü ildə Azərbaycan Dövlət Universitetini, 1975-ci ildə isə Moskvada Yazıçılar İttifaqı nəzdindəki ikiillik Ali Ədəbiyyat kursunu bitirmişdir. 1998-ci ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almış, 2013-cü ildə Türkiyənin Çanaqqala On Səkkiz Mart Universitetində professor elmi adına layiq görülmüşdür.

Məmməd İsmayıl uzun illər Azərbaycan ədəbiyyatının, mədəniyyətinin və ictimai həyatının inkişafına böyük töhfələr vermişdir. 1966–1973-cü illərdə Azərbaycan Dövlət Radio və Televiziya Komitəsində şöbə müdiri, 1976–1980-ci illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında baş redaktor, 1980–1983-cü illərdə “Yazıçı” nəşriyyatında şöbə müdiri, 1983–1987-ci illərdə “İşıq” nəşriyyatının müdiri, 1988–1992-ci illərdə “Gənclik-Molodost” jurnallarının baş redaktoru vəzifələrində çalışmışdır.

1992–1993-cü illərdə “Azərbaycan Televiziya və Radio Verilişləri” şirkətinin sədri olmuş, 1995- ci ilde Azərbaycan Yazıçılar İttifaqının katibi seçilmişdir. 1970-ci ildən etibarən dəfələrlə birliyin idarə və rəyasət heyətlərinin üzvü olmuşdur. O, həmçinin “Avrasiya Yazıçılar Birliyi”nin qurucu üzvü, 2019-cu ildən isə mərkəzi ofisi Brüsseldə yerləşən “Bogdani” Beynəlxalq Yazıçılar Assosiasiyasının vitse-prezidenti olmuşdur. 

Məmməd İsmayılın yaradıcılığı Azərbaycan hüdudlarını aşaraq beynəlxalq səviyyədə tanınmışdır. Əsərləri 50-dən çox dilə tərcümə edilmiş, Azərbaycan, Türkiyə, Ukrayna, Moldova, Macarıstan və digər ölkələrin ədəbiyyat ensiklopediyalarında onun həyat və yaradıcılığı haqqında məqalələr dərc olunmuşdur. Yaradıcılığı ilə bağlı magistr və doktorluq dissertasiyaları hazırlanmışdır.

2018-ci ildə mərkəzi ofisi Rumıniyanın Krayova şəhərində yerləşən “Mixail Emunesku Akademiyası” tərəfindən Məmməd İsmayılın əsərləri Nobel mükafatına təqdim edilmişdir. Türkiyədə “Akademik Şeir Ailəsi Yazıçılar Qurumu” tərəfindən 2018-ci ildən etibarən “Mehmet İsmail Ədəbiyyat Ödülü” təsis edilmiş və hər il fərqlənən türk şairlərindən birinə təqdim olunur. 2023-cü ildə Türkiyədə nəşr olunan “Güfte” Ədəbiyyat, Mədəniyyət və Sənət dərgisi tərəfindən “Beynəlxalq Prof. Dr. Mehmet İsmayıl Şeir Müsabiqəsi” təsis edilmişdir.

1997-ci ildə Türkiyə Yazıçılar və Sənətkarlar Vəqfinin “Türk Dünyasına Xidmət” mükafatı Azərbaycan nümayəndələri arasında ilk dəfə Prezident Süleyman Demirel tərəfindən Məmməd İsmayıla təqdim edilmişdir. 2025-ci ildə Bakıda Məmməd İsmayıl Ədəbi Birliyi yaradılmış və hər ay şair və yazıçılara “Məmməd İsmayıl mükafatı” təqdim olunmağa başlanmışdır.

Məmməd İsmayıl 2025-ci ilin avqust ayında vəfat etmişdir. Onun zəngin ədəbi irsi və Azərbaycan mədəniyyətinə uzun illər ərzində göstərdiyi xidmətlər nəzərə alınaraq, adının gələcək nəsillər üçün yaşadılması ailəsi üçün böyük mənəvi əhəmiyyət daşıyır.

Bununla əlaqədar, Məmməd İsmayılın ailəsi adından Sizdən xahiş edirik:

Bakı şəhərinin küçələrindən birinə görkəmli şair və yazıçı Məmməd İsmayılın adının verilməsi;

Onun doğulduğu Tovuz rayonunun Əsrik kəndindəki ata-baba evinin ev-muzeyinə çevrilməsi;

Tovuz rayonunun Əsrik kəndindəki məktəblərdən birinə Məmməd İsmayılın adının verilməsi məsələsinə baxasınız.

İnanırıq ki, görkəmli söz sənətkarının adının əbədiləşdirilməsi onun yaradıcılığına verilən yüksək qiymətin göstəricisi olmaqla yanaşı, Azərbaycan ədəbiyyatının və milli-mədəni irsimizin gələcək nəsillərə çatdırılması baxımından da mühüm addım olacaqdır.

Müraciətimizə həssaslıqla yanaşacağınıza və Məmməd İsmayılın əziz xatirəsinin əbədiləşdirilməsi istiqamətində müvafiq qərarın qəbul ediləcəyinə ümidvarıq.

Hörmətlə,

Məmməd İsmayılın ailəsi

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru