Mövlanənin sənəti və şeir anlayışı – Ahmet Kabaklı

İyl 29, 2026 - 21:41
İyl 29, 2026 - 21:52
 0  7
Mövlanənin sənəti və şeir anlayışı – Ahmet Kabaklı

Yazıçı Ədəbiyyat Portalı Ahmet Kabaklının "Mövlanənin sənəti və şeir anlayışı" essesini təqdim edir.

Mövlananın sənəti

Mövlanə Cəlaləddin böyük vəli, üstün fikir adamı və eşsiz şəxsiyyət olmaqla bərabər, eyni zamanda dünyanın ən böyük şairlərindən biridir. Başda Qərbin xalis təmsilçisi Höte olmaqla, bir çox avropalı böyük şəxsiyyətlərin də ona heyranlıq duyması və bu heyranlıqlarını coşqun bir dillə ifadə etmiş olmaları, onun əzəmətinin başqa bir tərəfini ortaya qoyur.

Qərbdən söz açmağımız onun dünya şeirindəki mövqeyini müəyyən etməyə yaraya bilər. Yoxsa şeirin vətəni Şərqdir. Şeir mihengi (meyarı) Şərqdədir. Və Mövlanə İran, Ərəb, Türk şairləri arasında şübhəsiz ən yüksək zirvəni tutanlardandır. Yenə türk əsilli, lakin farsca yazmış ən böyük şairlərdən olan Molla Caminin Cəlaləddin Rumi haqqında söylədiyi:

“An Feridûn-ı cihân-ı ma’nevi

Bes büved burhân-ı kadreş Mesnevi

Men çi guyem vasf-ı an âlicenab

Nist Peygamber veli dared kitâb.”

(O, məna cahanının Fəridun kimi həşmətli hökmdarı olan Mövlanənin ucalığına dəlil olaraq "Məsnəvi"si yetər. O yüksək yaradılışlı insanı mən necə vəsf edim ki, o, Peyğəmbər deyildir, amma "Kitab"ı — Məsnəvisi — vardır.)

Bu qitə yalnız Caminin deyil, bütün Şərq şairlərinin, tənqidçilərinin və alimlərinin Mövlanəyə olan heyranlıqlarının da tərcüməçisi olur.

Şeirin bir iman işi olduğu bütün sərhədsizliyi ilə Mövlanədə görünür. Şeirin böyük mədəniyyət, geniş bilik işi olduğu yenə onda; şeirin üfüqlərə sığmaz doğuşlar, ilhamlar işi olduğu, söz ustalığı, kəlmə və deyim bolluğu, ahəng, duyğu, fikir zənginliyi əsəri olduğu yenə həmişə Mövlanənin şeirləri dəlil gətirilərək anlaşılır.

Hər şair üçün "bu tərəfi (ahəngi, ilhamı, fikir dünyası, mədəniyyəti, inancı) üstündür" deyilə bilər. Lakin Mövlanənin şeirində "tərəf" və "ünsür" deyilə biləcək nə varsa, hamısı mükəmməldir. Düşünülsün ki, 120 minə yaxın beyt söyləmiş olan Mövlanənin can sıxıcı, qüsurlu və ya cansız sayıla biləcək doxsan beyti axtarılsa belə tapılmaz. Bu bolluq, düzgünlük onun insan və dünyadan kənar, ilahi aləmlə sürüb gedən dostluğunun başqa bir dəlilidir.

Kim nə deyirsə desin, Mövlanə şeirindədir. İmanının, həyəcanının, şəxsiyyətinin və fikirlərinin tamamı şeirlərindədir. İman və fikir ahəngini əsrlər boyu qoruyub hər nəslin gözləri önünə açılan gözqamaşdırıcı mücəvvhər qutuları bu şeirlərdir.

Hər növ üstünlüyünün dəlilləri, əlçatmaz ahəng içindəki bu sözləridir. Bu kitablar — bu "Məsnəvi", "Divan-i Kəbir" olmasaydı, Mövlanə yenə bu qədər böyük olsaydı belə, onu anlamaq da, anlatmaq da, bəşəriyyətə gözlənilən bir məna günəşi kimi doğdurmaq da çox çətin olacaqdı.

Şeir anlayışı

Yunus Emrenin söz kilidinin “qırx illik çilədən sonra” Allahın istədiyi bir zamanda açıldığını deyən məşhur mənqibə kimi, Mövlananın şeir kilidinin də Şəmsin zühurundan sonra açıldığı rəvayət edilir.

Şəmslə qarşılaşdığı vaxtlarda 45 yaşlarında olan Mövlananın ondan əvvəl də şeiri sınaqdan keçirmiş olması ağlabatandır. Bəzi əlamətlər də bunu göstərir. Zatən o, “özünü sevənlər şeiri sevdikləri üçün” şeir dediyini bildirir. Ancaq Şəmsin gəlişindən sonra şeirə başladığını Mövlanə demir. Bunu "İbtidaname"sində iddia edən Sultan Vələddir.

Bunu demək olar: ilham, təfəkkür və hər şey kimi şeir də onda Şəms gəldikdən sonra kamilləşmiş; sonsuz coşqunluğa və ahəngə, sonsuz acılara, nəşələrə, daşmalara, durulmalara, sirlərə və dərinliklərə Şəmslə qarşılaşdıqdan sonra nail olmuşdur. Çünki Şəms onun tükənməz və gizli xəzinələrini açmağa məmur edilmiş bir qeyb xəbərçisidir.

“Şeir və söz” üzərinə, həmçinin öz şairlik səbəbi və şeirə baxışı üzərinə "Fihi Ma-Fih"də bəzi mülahizələri vardır. İlk öncə onlara baxaq.

Anlaşıldığına görə, Mövlananın məclisində söhbət və mübahisə baş verir. Danışıqlar yarımçıq, hətta ziddiyyətli fikirlər halındadır. "Fihi Ma-Fih" Mövlananın söhbətlərini qeydə alan və nəql edən bir əsər olduğuna görə, bəlkə də danışığı yaxşı başa düşülə bilməmişdir. Biz o sözləri qarışıqlığı az-çox aradan qaldıracaq tərzdə bura köçürəcəyik:

“Əgər biz o məmləkətdə (Bəlxdə) qalsaydıq, oradakıların xasiyyətlərinə, yaradılışlarına uyğun bir halda yaşayar və dərs vermək, kitab yazmaq, vəz etmək və zühd kimi onların istədiyi şeylərlə məşğul olardıq.”

Dedikdən sonra Anadolu xalqının şeiri sevdiyinə işarə edir və “Məsələn, bir şəhərin əhalisinə nə cür bir parça lazımdır” deyə düşünən adam kimi hərəkət edərək burada “şeir parçası” satdığını izah edir.

Müzakirə “söz” üzərinə gəlir. Əmir Pərvanəyə o burada yoxkən cavab verir kimidir. Pərvanə “Əsl olan əməldir” deyib. Mövlanə bundan incimiş görünür. “Ona dedim ki,” deyir:

“– Əməl istə, biz də sənə göstərək. Sən indi söz istəyirsən və bir şey eşitmək üçün qulaq kəsilmisən. Deməsəm, üzüləcəksən. Bu dünyada əməli göstərəcəyimiz bir mərd istəyirik. Əmələ müştəri tapmayıb sözə tapdığımızdan sözlə məşğuluq.

Hər şeyin əsli sözdür. Sənin sözdən xəbərin yoxdur, həm də bunu kiçimsəyirsən. Söz əməl ağacının meyvəsidir. Çünki o, əməldən doğdu. Ulu Tanrı aləmi sözlə yaratdı və “Ol!” deyincə o da olar.” (Quran, Surə: 46, Ayə: 82).

“İman qəlbdədir. Lakin onu sözlə ifadə etməsən, faydası olmaz. Namaz bir feildir (hərəkətdir), lakin əgər Quran oxumasan, o namazın səhih olmaz.”

Sözün (şeirin) dəyərini bu qədər ehtişamla bildirən Mövlanə, eyni söhbətinin başqa bir yerində:

“Dostların sıxılmaması üçün nə qədər könül almağa çalışıram və onları məşğul etmək, əyləndirmək üçün şeir deyirəm. Yoxsa şeir demək mənim işimdirmi? Vallahi mən şeirdən bezmişəm və mənim nəzərimdə bundan daha pis bir şey yoxdur,” deyərək “şairliyindən” dolayı bir növ üzr istəməkdədir. Sonra da “Bəlxdə şairliyin utanc verici bir iş” sayıldığını qeyd edir.

Qısacası, burada şeir haqqındakı “qiymətləndirməsi” tam aydın deyildir. Şeiri kiçimsəyənlərə qarşı qəzəblənibmi danışır, şeiri həqiqətənmi az hesab edir, şeirin hansı növünü nəzərdə tutur? Bunları bilmək çətindir.

Şeirə başlamaq

Şeirdə mənamı, yoxsa formamı? Başqa sözlə, məzmunmu, yoxsa biçimmi? Mövlanə, təməl fəlsəfəsi və həqiqi şairliyi gərəyi, əlbəttə ki, "məna və məzmun" tərəfdarıdır. Ancaq şeirinin biçimində (nəzm forması, vəzn, qafiyə, dil) heç bir qüsur tapılmır. Bəli, Şəmsin gəlişi ilə onun şeiri yüz fərsahlıq məsafədən görünəcək bir yanğın parlaqlığı qazanır, lakin şeirə çox əvvəldən, bəlkə də Nişapurda böyük sufi şair Fəridəddin Əttarın ona "Əsrarnamə" adlı kitabını hədiyyə etdiyi zamandan bəri bir heyranlıqlıqla başlamışdır.

Ərəb şeirini bütövlüklə oxuduğu, çöl, vaha, kənd təsvirlərindəki ustalığından və bəzi şairlərdən etdiyi iqtibaslardan anlaşılır. Bunlar içərisində Mütənəbbiyə olan tutqunluğu Şəmsi qəzəbləndirəcək və onu oxumasını qadağan etdirəcək dərəcədədir.

İran şeirinin bütün incəliklərinə vaqif olması bir kənara, ona bir çox yeniliklər və incəliklər qatması da söz mövzusudur. Çünki o, bu ədəbiyyatın baş üstündə daşıdığı bir şairdir. Bəlkə də Yunan şeiri ilə də bir qədər maraqlandığı düşünülə bilər. İran şairləri içərisində ən üstün tutduqları Sənai və Əttardır. Xəyyamı, Nasiri, Xosrovu, Munuçihri və Rudəkini də sevdiyi, onlara "nəzirələr" və ya eyni qafiyədə, rədifdə qəzəllər yazmasından məlum olur.

Bunları ona görə deyirik ki, Mövlanə məna üstünlüyü baxımından parlaq bir ulduz olduğu qədər, şeir texnikasında da hazırlıqlı və bənzəri az tapılan ustalardandır. Vəzn, qafiyə, nəzm forması qeydlərindən bəzən şikayət etməsi həm adətdir, həm də misilsiz duyğu və ilhamlarını nə qədər geniş və mükəmməl olsa da, misralar halında söyləməyin çarəsizliyini can evində hiss etməsindəndir. Nə var ki, o, yenə də ən qeyri-adi, ən orijinal, ağla və ruha heyrət verici tapıntılarını şeir nizamına salmaqda heç bir çətinlik çəkməmişdir. Demək olar ki, anlatmaq istəyib də şeirində söyləyə bilmədiyi heç bir ünsür qalmamışdır.

Vəzn və qafiyə işlətməkdəki ustalığı və vərdişi o dərəcədədir ki, şeirlərini çox vaxt səma edərkən və ya bir coşqunluq halında, sanki nitq söyləyirmiş (vəz edirmiş) kimi deyir. Şeirlərini "Katibül-Əsrar" (Sirlər katibi) adı verilən bəzi dərvişləri o söyləyərkən qələmə alırdılar. Şübhəsiz, öz qələmi ilə yazdıqları da çoxdur. Lakin 26 min beytlik "Məsnəvi"sini (söhbət halında) söyləmək yolu ilə Çələbi Hüsameddinə yazdırdığı məlumdur.

Mövlananın bütün şeirləri farsca olmaqla birlikdə, çox az sayda ərəbcə, rumca (yunanıca) və türkcə şeirləri də vardır. 16-17 misranı keçməyən bu rumca-farsca qarışıq (müləmmə) şeirlərini bəlkə bir fantezi nümunəsi, bəlkə zarafat üçün və ya ətrafına gələn rumlar xoşlansın deyə yazmış ola bilər. "Görüşlərini təlqin etmək üçün bunları yazdı" desək, xəta olar; çünki 10-15 misra ilə nə təlqin edilə bilər?

Türkcə şeirləri də farsca ilə qarışıq (müləmmə) haldadır. Bunlar da sayıca azdır və şübhəsiz, Mövlananın yaxşı bildiyi türkcə ilə fantezi növündən sınaqlarıdır. İstəsəydi, çox sayda və gözəl türkcə şeirlər yaza biləcəyi əldəki bir neçə misranın dəyəri ilə də anlaşıla bilər. Lakin heyhat ki, o vaxt türkcə Anadoluda işlənməmiş vəziyyətdə idi, yüksək ziyalılar arasında çox xatalı bir baxışla "şeir dili" sayılmır və "kəndli lisanı" kimi görülürdü.

Mövlananın vəfat etdiyi ildə (1272) Kırşəhirdə doğulan Aşıq Paşanın:

"Türk dilinə kimsələr baxmaz idi

Türklərə hər giz könül axmaz idi

Türk dahi bilməz idi bu dilləri

İncə yolu, ol ulu mənzilləri"

kimi çox acı həqiqəti əks etdirən sözləri türkcəmiz baxımından Mövlananı və daha sonra kimləri-kimləri itirdiyimizi göstərir. Şükür ki, Yunus Əmrə türkmən oymağının göz bəbəyindən çıxmış, türkcənin Mövlanası olmuşdur ki, dilimiz yenidən qurtulmuş və xalq dili üzərində əlçatmaz şeir gücü qazanmışdır.

Mövlanada sırf türkcə gözəl bir qitə ilə farsca-türkcə qarışıq şeirlər vardır demişdik. Bu qəzəllərdən birində kəlmələrin sadəcə bir qismi ilə bütün qafiyələr (severmin-ölermin-sorarmin-tilermin-gezermin-yazarmin) türkcədir. Bir başqasında türkcə, farsca misralar ard-arda sıralanmışdır. Bura qitənin tamamını və qəzəldəki türkcə misraları daxil edirik:

**QİTƏ**

Kiçkinen oğlan sən bizdə kəlgil

Yol bulamazsan dağdan kəlgil

Ol çiçəyi kim yazıda buldun

Kimsəyə virmə, hasmına virgil

Bu ayrılıq oduna nicə cigərim yanə

Eşq odu nihan olmaz, yanar düşicək canə

Məcnun gibi vaveyli, oldum yinə divanə

Fitnəlü əla gözlər çün uyhıdan uyanə

Rəhməttən əgər nola bir qatrə bizə danə.

*(İzah: kiçkinen: kiçik. – kəlgil: gəl. – yazı: səhra, çöl. – vergil: ver. – od: atəş. – nihan: gizli. – rəhmət: Allahın lütfü.)*

Şeirində mövzular

Tanınmış Pakistanlı alimlərdən Qazı Tələmmüz Hüseyn "Mirat-i Məsnəvi" adlı kitabında "Məsnəvi"nin bir kitabını hazırlamış və bu əsərdə 1281 "mövzu" təsbit etmişdir. Misra sayı olduqca bol olan əsərlərində tema, mövzu, fikir, məcaz, məsəl, hadisə, hekayə, ayə və hədis bolluğu da oxuyanı heyrətə salacaq ölçüdədir. Sərhədsiz biliyə dayanan möhtəşəm bir yaddaş, assosiasiya və icad gücü, müşahidə qüdrəti; Konya və Anadolunun adət-ənənələri ilə birlikdə Bəlxdən gətirdikləri, monqollarda gördükləri, kitablardan öyrəndikləri, əşyaya, hadisələrə və insanlara baxışındakı fövqəladə nüfuz, klassik məcazların (mazmun) yanı sıra öz icadı olan saysız-hesabsız təşbeh və istiarələr Mövlananın şeirindəki zənginliyi təmin edir.

Kembric Universitetinin şərqşünaslıq professoru A. J. Arberrynin Ruminin şeirindəki xüsusiyyətləri anladan bir neçə sözünü bura əlavə edək:

"Meydana gətirdiyi əsərlərin çoxluğu baxımından Mövlanə Cəlaləddin dünya ədiblərinin öndə gələnlərindəndir. Farsca yazılmış əsərlərin nadir hallarda yetişə bildiyi bir texnik mükəmməllik və şairanəlik daşımaları da bunların böyük bir heyranlıq mövzusu olmasını tələb edir.

Hər əsərində kompozisiya üstünlüyü mübahisəsizdir; tapılması ən çətin olanlarda belə qafiyələri öz-özünə və zorlamadan axmaqdadır. Yazı üslubu ən üstün ritorika tərzindən tam saf xalq dilinə qədər müxtəliflik nümayiş etdirir. Lazım bildikdə bəlağət sənətini tam virtuozluqla istifadə etmək gücündədir. Ən geniş mənası ilə komediyadan ən ağladıcı və yaralayıcı tragediyaya qədər hər vəziyyəti və həyəcanı izah etmə qüdrəti daşıyır. Bu səbəblərlə Mövlanə bir sənətkar olaraq rəqibsizdir.

Lakin əsl üstünlüyü şeir dehasının orijinallığındandır. Rumi özündən əvvəl heç bir şair tərəfindən bilinməyən və istifadə olunmayan bir şairanə xəyallar repertuarı icad etmişdir."

Mövlananın özünün şeiri haqqında "Məsnəvi"sində açdığı nadir fəsillər vardır. Məsələn, "Məsnəvi"də (C: 5, S: 208) bunları söyləyir:

"Mənim beytim beyt deyil, bir ölkədir. Zarafatım zarafat deyil, bir şey öyrətməkdir."

"Məsnəvi"ni anlatdığı bir yerdə:

"Bu kitab nağıl deyənə nağıldır. Lakin öz halını bu kitabda görə bilənə ər (kamil insan) deyilir. "Məsnəvi" Nilin suyu kimidir: qibtiyə qan görünər, lakin Hz. Musanın ümmətinə qan deyil, həyat suyudur," deyir.

Ayrıca, "Məsnəvi"də çox tez-tez müraciət etdiyi "zarafat və lətifə" üzərində danışır: Zarafat və lətifə bir şeyi öyrənməyə yarayar... Onu ciddi kimi dinlə, zahirən lətifə olmasına qapılma. Hər ciddi şey məsxərəçiyə görə məsxərəlikdir, zarafatdır. Ağıllılara görə isə lətifələr də ciddidir.

Yenə "Məsnəvi"də (C. 2, S: 277) "qissə" (ibrətli hekayələr) haqqında bunları söyləyir:

"Peyğəmbər kənardan səsləndimi, ümmətin canı içəridən səcdə edər.

Vücud göz olunca, gözlər qapalı olsa belə sevgilinin üzü görülə bilər. Lakin sən başındakı gözlə də, can gözüylə də görmədiyini fərz et, nə çıxar? Ey düşkün, sən qissədən hissə almağa bax. Qissələri eşidib zahiri tərəfinə bağlanma, yoxsa:

Dilsiz Dimnə Kəliləyə necə söz anladar? Kəlilə onun məramını necə anlar? Tutaq ki, bunlar bir-birinə məramlarını anladırlar, lakin bu heyvanların nə demək istədiklərini insan necə anlaya bilər?

Bu Dimnə və Kəlilə hekayəsinin hamısı yalandır, yoxsa qarğa leyləklə necə savaşar? — demə.

Qardaş! Qissə bir ölçüyə bənzər, məna isə içindəki dənələrə. Ağıllı şəxs dənələri götürər, ölçü varmış-yoxmuş, ona baxmaz belə.

Aralarında sözdən əsər yoxdur, lakin bülbüllə gülün macərasına nə deyərsən..."

"Məsnəvi"nin başqa yerlərində də "qissəni Kəlilədən aldığını, lakin bunun bir qabıq olduğunu" bildirən sətirləri vardır. O, bəzi hekayələri götürərək özünə görə şərh edir, çox vaxt "vəhdəti-vücud"la, bəzən "eşq"lə və ya "sosyal görüşləri" ilə bağlı bir nəticəyə bağlayır.

Mövlanə göyün və yerin gözəlliklərinə, fəsillərə, insanlara, əşyalara bir dəfə deyil, dəfələrlə baxmaq, onlardakı mənanı duymaq üçün ətraf mühitə qarşı diqqətli olmaq lazım olduğunu söyləyir:

"Bu göyə dəfələrlə bax. Çünki Tanrı ona 'Bir kərə daha dön bax!' buyurdu. Bu nurani tavana bir kərə baxmaqla kifayətlənmə, dəfələrlə bax, bir çatlaq görə bilərsənmi? Tanrı sənə: 'Bu gözəl göyə eyib axtaran şəxs kimi dəfələrlə dön bax!' buyurdu.

Göy məsələsində belə olunca, ya bu qara yeri görmək, fərq edib anlayaraq bəyənmək üçün bilirsənmi nə qədər baxmaq gərək! Tortunu süzmək, safı meydana gətirmək üçün ağlımızın nə qədər çox zəhmət çəkməsi lazımdır.

Qış və payız imtahanı ilə yay istisi, can kimi olan bahar... Yelklər, buludlar, şimşəklər – hamısı hadisələrin zühur etməsidir.

O baharlar Kibriya (Allah) şahanəsinin (inzibat məmuru, polis) lütfüdür. Xəzan (payız) da Tanrının qorxutmasıdır. Qış isə: 'Ey gizli oğru! Meydana çıx!' deyən mənəvi bir çarmıxdır."

Mövlanədə məhz bu israrlı müşahidə və diqqət ilə saysız-hesabsız səhnələr, təsvirlər, tapıntı və məcazlar üzərinə şərhlər vardır.

Bu müşahidə, bu diqqət, hər şeyin ilahi sirrini axtarma qeyrəti və tapma sevinci altında fəsillərə, iqlimlərə, çiçəklərə, ağaclara, insanlara, vaqiələrə, əsgərlərə, savaşlara, bazarlara, uşaqlara, qarışqalara, balıqlara, dənizlərə, qadınlara, sultanlara, xalqa... və sayılmayacaq qədər çox şeylərə dair yüz minlərlə müşahidə ünsürü, on minlərlə adət, ənənə, rəftar, tərbiyə və gələnəyin təhlil və tənqidi əsərlərini doldurmaqdadır. Bunlara nümunələr verərək sözü uzatmaqdansa, müəllifin məqsədi bu kitab oxucularının şəxsən "Məsnəvi"yə, "Divan"a yönəlmələri və oradan bambaşqa zövqlərlə gözəlliklər dərmələridir.

Mövlananın şeir və sənəti mövzusunda sözlərimizi bitirərkən, oxucunun bu kitab mətnlərində və bütün Mövlanə əsərlərində (oxuyarkən) xüsusilə bu nöqtələrə diqqət etmələrini diləyirik:

Mövlananın şeirində birinci dərəcəli dəyər (şeir sənəti baxımından) məcazlarındakı yenilik, müxtəliflik və əlçatmazlıqdır. Türk divan ədəbiyyatının ən böyük məcaz şairi olan Şeyx Qalibdə gördüyümüz üstünlüyün böyük hissəsi "Əsrarımı Məsnəvidən aldım" dediyi Mövlanə ilə məcaz ünsiyyətindən gəlir.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0