Ömrün sözə çevrilən səsi..
Şair Polad İbrahimoğlunun "64 ildir ki.." adlı yeni kitabı işıq üzü görüb.
Yazici.az ədəbiyyat portalı tanınmış şair Ayaz Arabaçının kitaba yazdığı "Ömrün sözə çevrilən səsi" önsözünü təqdim edir.
İnsan ömrünün elə çağları var ki, ürəkdə yığılan sözləri adi danışıqla ifadə etmək çətinləşir. Sözlər yuvadan səmaya qanadlanan quşcuğazlar sayağı havalanır..Məhz belə bir zamanda insan qələmə sarılır,qələm dilin deyə bilmədiyini deyir, insanın gizlətmək istədiyi ağrını da, etiraf etməkdən çəkindiyi sevgini də üzə çıxardır.
Polad İbrahimoğlunun şeirlərini oxuyarkən ilk hiss etdiyim məhz budur, o şeirlərdə mən yalnız sözü yox, yaşanmış ömrün səsini də görürəm.
Bu səs bəzən sevgilinin yolunu gözləyir, bəzən dostdan vəfasızlıq görüb incik düşür, bəzən yaşın ahıllığına çatmış bir insanın hələ də ürəyində gənc bir sevdanın yaşadığını etiraf edir. Şairin poetik dünyasında sevgi yalnız gənclərin məhəbbəti deyil. Burada sevgi ömrün bütün çağlarından keçib gələn, insan yaşlandıqca yox, əksinə, bəzən daha da dərinləşən bir duyğudur.
Bu baxımdan Polad İbrahim oğlunun yaradıcılığında diqqətçəkən cəhətlərdən biri səmimiyyətdir.
O, könül duyğularını ifadə edərkən özünü başqa cür göstərməyə çalışmır. Şeirlərində nə süni qəhrəmanlıq, nə də özünü olduğundan böyük göstərmək cəhdi var. Əksinə, şair özünü olduğu kimi təqdim edir...
Sevən, gözləyən, inciyən, darıxan..
Poladın poetik ruhunu anlamaq üçün “Sarı” şeirinə diqqət yetirmək kifayətdir:
“Söz verib gələcəm, söyləyənim var,
Məxmər sinəsinə sanki yağıb qar.
Neçə gündü dünya mənə olub dar,
Gözlərim dikilib yollara sarı.”»
Burada “sarı” sadəcə istiqamət bildirən bir söz deyil. O, həm də gözləntinin, ümidin, intizarın poetik məkanıdır. Belə baxanda
“Gözlərim dikilib yollara sarı” misrası çox sadə görünür. Lakin həmin sadəliyin içində böyük bir psixoloji vəziyyət var. İnsan kimisə gözləyəndə dünya genişliyini itirir. Küçələr, yollar, saatlar, günlər hamısı bir nəfərin gələcəyi istiqamətə yönəlir. Şair üçün artıq dünyanın mərkəzi sevgilisinin gələcəyi yoldur.
Bu şeirdə sevgi böyük fəlsəfi mülahizələrlə deyil, gündəlik həyatın sadə detalları ilə ifadə olunur:
“Sənin görüşünə çiçək almışam,
Solmamış özün gəl güllərə sarı.”
Bu şeirdəki şairin çiçək sevgilisinin gələcəyinə qədər qorunan ümiddir. “Solmamış özün gəl” deməklə şair əslində gülə yox, vaxta müraciət edir. Sanki deyir: gecikmə, çünki gözləntinin də bir ömrü var.
Şeirin son bəndində isə məhəbbət daha cəsarətli, daha ehtiraslı bir məcraya keçir:
“Polad, qoy desinlər lap dəli bizə,
Nolar, tez gəl məni qollara sarı.”
Burada şair öz adını çəkməklə şeiri şəxsi etiraf səviyyəsinə gətirir. Bu, oxucu ilə şair arasında məsafəni azaldır. Şair artıq kənardan sevgi haqqında danışmır; özünü həmin sevginin içində göstərir.
Və bu sevginin qarşısında “dəli” adlandırılmaqdan da qorxmur.
Çünki həqiqi sevginin bir xüsusiyyəti də budur, insan bəzən başqalarının məntiqinə yox, ürəyinin həqiqətinə inanır.
Polad Ibrahimoğlunun poeziyasında buz bulaqların şirinliyi, şehli çəmənlərin ətri, çayların, şəlalələrin əsrarəngiz axışı duyulur. Bu da onun göz açıb,böyüdüyü torpağın, dilbər guşənin fitrətindəndir.
“Olaydı” şeirində isə tamam başqa bir Polad görürük. Burada romantik gözləntinin yerini həyatın sərt üzü tutur.
Şeir belə başlayır:
“Dilə-dişə düşmək çətin söhbətdi,
Kaş dərdini bilib, qanan olaydı.
Arxadan söz atıb gülməyə nə var,
Bir qayğına qalıb, yanan olaydı.”
Bu bənddə şairin insan münasibətlərinə baxışı ifadə olunur. O, insanların bir-birinin dərdinə şərik çıxmasını istəyir. Çünki onun üçün insanı insan edən yalnız danışmaq deyil, başqasının ağrısını duymaqdır.
“Arxadan söz atıb gülməyə nə var” misrası həyatın acı müşahidəsindən doğur. İnsan haqqında danışmaq asandır. Onun səhvini görmək, onu mühakimə etmək, arxasınca söz demək asandır. Çətin olan isə onun yanında olub dərdini bölməkdir.
Şairin aradığı məhz həmin insandır:
“Bir qayğına qalıb, yanan olaydı.”
Bu misra, məncə, kitabın mənəvi açarlarından biri sayıla bilər. Polad İbrahim oğlunun poeziyasında insan yalnız öz hissləri ilə yaşamır. Dostluq, sədaqət, etibar, vəfa kimi anlayışlar da onun poetik dünyasında mühüm yer tutur.
İkinci bənddəki:
“Hörümçək tələsi milçəyə torsa,
Nərin düşməsinə aman olaydı.”
misraları isə şairin obraz yaratmaq bacarığını göstərir. Təbiətin adi mənzərəsindən götürülmüş bu detal insan həyatına köçürülür. Hörümçək toru burada sadəcə bir tələ deyil, həyatın görünməyən tələlərinin rəmzidir.
Şair sanki deyir ki, güclü olmaq hələ təhlükədən uzaq olmaq demək deyil. Hər insanın bir anı var ki, onun da ayağı dolaşa bilər. Məhz həmin vaxt insanın yanında olanların kimliyi üzə çıxır.
Şeirin son bəndində isə müraciət özünə yönəlir:
“Ay Polad, dərdlərin başından aşdı,
O can dediklərim görübən qaçdı.
Gəl sən bir də düşün əməlli-başlı,
Nə yalan, nə düzü danan olaydı.”
Burada şair öz adı ilə özünə müraciət edir. Bu, poetik baxımdan maraqlı üsuldur. Sanki Polad İbrahimoğlu öz qarşısında dayanıb özü ilə söhbət edir.
Bu, həm də bir növ özünütənqiddir.
Kitabda yer alan "Gedirəm” şeiri Polad İbrahim oğlunun sevgi poetikasını daha dərindən açır.
İlk bənddə şair etiraf edir:
“Bir gözəlin eşqin salıb qəlbimə,
Gecəni gündüzə qatıb gedirəm.
Sevirəm deməyi dilim də tutmur,
Yaşım ahıllığa çatıb, gedirəm.”
Bu bənddə zahirən bir ziddiyyət var, yaş ahıllığa çatıb, amma ürək hələ də sevir.
Əslində isə burada heç bir ziddiyyət yoxdur.
Çünki insanın yaşı ilə ürəyinin yaşı həmişə eyni olmur.
Saç ağara bilər, addımlar yavaşlaya bilər, amma insanın içində elə bir yer var ki, vaxt zaman ora təsir edə bilmir. Sevgi həmin yerdə yaşayır.
“Sevirəm deməyi dilim də tutmur” misrası da bu baxımdan çox mənalıdır. Bu, sevgisizlik deyil. Əksinə, bəzən hissin böyüklüyündən sözün kiçik görünməsidir. İnsan “sevirəm” deməyə çəkinir, çünki bu söz ürəyindəki duyğunu tam ifadə etməyə kifayət etmir.
Sonra şair deyir:
“Sevginin atəşi dolanda cana,
Əlacsız qalırsan hey yana-yana.”
Bu, klassik məhəbbət poeziyasının atəş obrazını xatırlatsa da, şair onu öz həyat təcrübəsi ilə yenidən mənalandırır. Buradakı atəş gəncliyin coşqusu qədər, ömrün sonrakı çağlarının həsrətidir.
Şairin sevgisi onu həm yaşadır, həm də yandırır.
Üçüncü bənddə gözəlin təsviri verilir:
“O dağlar maralı, ahunun özü,
Bəyazdı sinəsi, qaradı gözü.”
Burada xalq poeziyasının nəfəsi duyulur. “Dağlar maralı”, “ahu”, “qaragöz” kimi obrazlar Azərbaycan sevgi lirikasının qədim yaddaşından gəlir. Lakin Polad İbrahim oğlu bu obrazları sadəcə təkrar etmir; onları öz duyğusunun içindən keçirir.
Ən təsirli məqam isə:
“Hər dəfə deyəndə mənə ‘can’ sözü,
Xəyallar qoynunda yatıb gedirəm.”
misralarıdır.
Polad İbrahim oğlunun şeirlərinin əsas xüsusiyyətlərindən biri onların danışıq dilinə yaxınlığıdır.
O, mürəkkəb sözlərlə oxucunu heyrətləndirməyə çalışmır. Şeirinin gücünü bəzən ən adi sözlərin üzərinə qoyur: yol, gül, qar, qəlb, göz, söz, can, dərd...
Amma şeirdə sözün böyüklüyünü onun özü yox, yerinə düşməsi müəyyən edir.
Bu baxımdan Poladın poetik dili xalq şeirinə yaxındır. Onun misralarında qoşma ruhu, bayatı yaddaşı, aşıq poeziyasının danışıq intonasiyası hiss olunur. Şair duyğunu oxucuya uzaqdan izah etmir; sanki qarşısında oturub onunla söhbət edir.
Bu xüsusiyyət şeirlərinə təbiilik gətirir.
Ona görə də Poladın şeirlərində “mən” yalnız müəllifin “mən”i deyil. Oxucu bəzən həmin “mən”in içində özünü də tapa bilir.
Çünki gözləmək hamının yaşadığı hissdir.
Darıxmaq hamının bildiyi ağrıdır.
İncimək hamının tanıdığı duyğudur.
Sevmək isə insan olmağın ən qədim sirridir.
O, gənclik sevgisini təqlid etmir. Öz yaşından qaçmır.
“Yaşım ahıllığa çatıb, gedirəm” deməsi bunun açıq etirafıdır.
Bu etirafda kədər olsa da, məğlubiyyət yoxdur.
Əksinə, şair sanki deyir: insanın yaşının artması onun duyğularının qocalması demək deyil.
Bəlkə də ahıllığın sevgisi gəncliyin sevgisindən daha ağırdır. Çünki gənclikdə qarşıda uzun illər var. Ahıllıqda isə insan zamanın necə sürətlə keçdiyini bilir. Buna görə də bir görüş daha qiymətli, bir söz daha əziz, bir baxış daha unudulmaz olur.
Bu kitabın sevgi şeirlərini oxuyarkən həmin duyğunu hiss etmək mümkündür.
Buradakı sevgi sadəcə “gözəlin gözəlliyinə” heyranlıq deyil. Burada sevgi vaxtla yarışan bir yaddaşdır.
“Gedərəm” sözünün sirri
Şeirin son bəndində şair yenidən özünə qayıdır:
“Bir sevda üzübdü canımı, neynim,
Polad, yaman dolubdu başım, beynim.
İnsaf eylə, gəl ki, mən az deyinim,
Sanki dəryalarda batıb gedirəm.”
Buradakı “gedirəm” sözü artıq sadəcə hərəkət bildirmir.
Şair haraya gedir?
Bəlkə sevgiyə.
Bəlkə xəyala.
Bəlkə keçmişə.
Bəlkə öz içindəki bir sirrin ardınca.
Bəlkə də ömrün sonrakı sahilinə.
“Sanki dəryalarda batıb gedirəm” misrası şeiri məhəbbət etirafından çıxarıb ekzistensial bir duyğuya gətirir. İnsan bəzən öz hisslərinin içində itib gedir. Nə qədər mübarizə aparsa da, ürəyin hökmündən qaça bilmir.
Və burada Poladın şairliyi üzə çıxır.
Çünki şairlik bir qədər də öz içində itə-itə sözə çevrilməkdir.
Bu kitab nədən danışır?
Bu kitab yalnız sevgidən danışmır.
Bu kitab insan haqqında danışır.
Sevib gözləyən insandan.
Dostluqdan incik düşən insandan.
Vəfasızlıqla üzləşən insandan.
Özünə sual verən insandan.
Yaşın keçdiyini bilə-bilə ürəyindəki sevdanı qoruyan insandan.
Keçmişi unuda bilməyən, amma keçmişlə yaşamağın da mümkün olmadığını anlayan insandan.
Bu mənada Polad İbrahim oğlunun şeirləri bir ömrün poetik gündəliyinə bənzəyir.
Bu gündəlikdə hər səhifə eyni ovqatda deyil. Bəzən günəş var, bəzən qar. Bəzən gül var, bəzən tikan. Bəzən görüş ümidi var, bəzən ayrılıq qorxusu. Bəzən insanlara inam var, bəzən həmin inamın sarsıldığı anlar.
Amma bütün bu müxtəlifliyin içində bir dəyişməz xətt keçir:
ürəyin səsini itirməmək.
Şair və zaman
İnsan müəyyən yaşa çatanda həyatına geriyə baxır. Qarşıda olan yoldan çox, keçilmiş yol görünür. Kimlərin gəlib getdiyi, kimlərin yanında qaldığı, kimlərin bir söz deyib yoxa çıxdığı, kimlərin isə heç nə demədən ömür boyu yaddaşda qaldığı daha aydın görünür.
Şair üçün keçmiş sadəcə xatirə deyil.
Keçmiş bəzən bu günün özüdür.
Polad İbrahim oğlunun poeziyasında da zaman düz xətt kimi getmir. Keçmiş bu günə qayıdır, bu gün keçmişi yenidən sorğuya çəkir. Bəzən bir söz, bir baxış, bir görüş, bir ad illərin arasından çıxıb insanın qarşısında dayanır.
Şair həmin anları qovmur.
Onları şeirə çevirir.
Polad Ibrahimoğlunun əsas missiyası budur, itib gedənləri sözlə qorumaq.
Çünki insanın əlindən zamanın özünü saxlamaq gəlmir.
Amma onun yaddaşını saxlamaq mümkündür.
Şeir də bunun ən qədim yollarından biridir.
Mənim şairə arzum nədir-
qoy şairin ürəyindən çıxan səs başqa ürəklərdə də əks-səda versin.
Və ən əsası, qoy o yol heç vaxt bitməsin...
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0