Qərib Mehdi - 90: Qərib, hey!.. - Vaqif Yusifli

İyn 21, 2026 - 18:12
İyn 21, 2026 - 18:17
 0  12
Qərib Mehdi - 90: Qərib, hey!.. - Vaqif Yusifli

Bir az da yaşasaydı, iyunun 21-də Qərib Mehdi çox az yazıçının gəlib çatdığı 90 zirvəsinə yetəcəkdi. Amma mən onun daimi oxucularından biri kimi Qərib Mehdiyə "vəfat etdi", "öldü" kəlmələrini işlətmək istəmirəm.

Qərib Mehdi 75 ildi ki, bu ədəbiyyatın içindəydi. Yazdıqları göz qabağındadır: lirik və satirik hekayələr, mənsur şeirlər, povestlər, publisistik məqalələr... Bəlkə yaza bilmədikləri yazdıqlarından artıqdı. Qəribin bu dünyada heç bir vəzifəsi olmayıb. Təhsili belədir ki, 19 yaşında Gəncədə fəhlə-gənclər axşam məktəbini, 35 yaşında Gəncə Dövlət Pedaqoji İnstitutunun ibtidai təhsil pedaqogikası və metodikası fakültəsini bitirib. Əmək fəaliyyətinə poçtalyonluqla başlayıb, sonralar teatrda aktyor, dəmir-beton məmulatı zavodunda bənna, suvaqçı, betonçu, armaturçu, qaynaqçı işləyib. İnstitutu bitirəndən sonra Qərib 5-6 il orta məktəbdə müəllim də işləyib. Və nəhayət, 1971-ci ildə Gəncə Pedaqoji İnstitutunda çoxtirajlı "Yüksəliş" qəzetinin redaktoru olub, bir xeyli müddət də Gəncə Alimlər evi nəzdində "İlham" ədəbi birliyinə rəhbərlik edib. Qərib müəllim böyük bir ailə sahibidi, oğul-uşaq sarıdan özünə əziyyət verməyib (hamısını da yerləşdirib, ata kimi hamı ona həsəd çəkə bilər) və Qərib müəllim o boyda ailəni maaşı və qonorarı ilə dolandırıb. Qırx dörd il əvvəl Qərib müəllimin Gəncədəki o kasıb evində qonaq olanda Çexovun bu sözlərini xatırlayırdım: "Ədəbiyyatçı olmaq - rahatlıq bilməmək, dadlı yeməklərdən məhrum olmaq, həmişə qonorar gözləmək və heç bir zaman cibdə bir quruş belə pul görməmək deməkdir. Həqiqətən də, çətin, əzablı, tikanlı bir yoldur". Qərib müəllim bu əzablı, tikanlı yolu şərəflə keçib və əsil ata, ailə başçısı vəzifəsini şərəflə yerinə yetirib, kasıblığın da daşını atıb. "Zəhmətkeş yazıçı" ifadəsindən xoşum gəlmir, amma Qərib müəllim ömrünün sonunacan yazı masasından ayrılmadı. 1967-ci ildə, "İşıq" adlı ilk kitabından üzü bu illərə otuza yaxın kitabı nəşr edilib.

Həmişə onu düşünəndə vaxtilə anasına həsr etdiyi "Qərib hey" hekayəsindəki o harayı xatırlayıram. "Bəzən bir könül sındırmaq istəyirəm, bəzən birisinə yuxarıdan baxmaq istəyirəm; bəzən birisinin vəzifəsində gözüm olur, ona quyu qazmaq istəyirəm, anamın səsi gəlir; "Qərib hey!. Bəzən paxıllıq hissi qəlbimi didir, dostlarımın, yoldaşlarımın, yüksəlişinə, şöhrətinə darılıram, bəzən haqqı nahaqqın pəncəsinə vermək istəyirəm, anamın səsi gəlir: "Qərib, hey!!"

Bu ana nəsihəti Qəribin bütün həyat yoluna işıq saçdı və Qərib o mənəvi təmizliyi əsərlərində də obrazlarının həyat tərzinə "köçürə" bildi. Burada bir haşiyə çıxmaq istəyirəm. Görkəmli yazıçı-ədəbiyyatşünas Mir Cəlal Paşayev Qərib Mehdiyevin "Qərib hey!.." hekayəsini oxumuş və o əsəri "kövrək hisslərin poetikası" adlandırmışdı. "Gənclik" nəşriyyatının direktoru Əzizə Əhmədovadan xahiş etmişdi ki, 10 çap vərəqi həcmində olan kitabından 2 çap vərəqini gələcəyinə ümid bəslədiyi Qərib Mehdiyevə versin.

Qərib Mehdi bütün ömrü boyu həqiqəti, həyatda gördüklərini qələmə alıb, yalan danışmayıb. Bu həqiqət hissi onun bədii təxəyyülünə də təsirsiz qalmayıb. Onlarla obrazları həyatdan, gerçəklikdən yaranan obrazlardır. Biz onları tanıyırıq. Amma Qərib bu obrazları elə ümumiləşdirib ki, burada ancaq yazıçı məharətinin şahidi olursan.

Qərib Mehdinin 70-ci illərdə yazdığı "Rast" povesti onu bir yazıçı kimi ədəbi ictimaiyyətə, oxuculara tanıtdı və "Rast"ın ayağı sayalı oldu. O povest Qəribin bütün sonrakı ədəbi uğurları üçün bir başlanğıc oldu.

Qərib Mehdinin istər lirik, istərsə də satirik-yumoristik planda yazdığı əsərlərində əsas mövzu mənəviyyat məsələləri idi. O, təsvir etdiyi hadisələrə, insan obrazlarına da bu aspektdən yanaşır, təmiz, mənən saf insanların düşdüyü sarsıntıları qələmə alır, onları çətinliklərdən keçirir, həyatda uğur qazanmağın yollarını göstərirdi. "Skripka üçün mi simi" povesti zənnimcə, Qərib Mehdinin "Rast" yoluna - mənəvi saflıq platformasına sadiq qaldığını sübut edir. Bu əsəri oxuyub qurtarandan sonra bir daha "Rast" povestini xatırlamalı oldum. Bu əsərlərin biri sovet dönəmində, biri isə müstəqillik illərində yazılıb. Amma ictimai quruluşlar, sistemlər dəyişilsə də, insanların xasiyyəti və xarakterində, əməl və hərəkətlərində oxşarlıqlar itməyib.

"Skripka üçün mi simi" povestində Qərib Mehdi yeni dövrün həqiqətlərini əks etdirir. Zaman dəyişib və bu dəyişilən Zaman insanların psixologiyasında, həyata münasibətində də təbəddülatlar yaradıb.

Qərib Mehdinin nəsr əsərlərini janrlara görə təsnif etsək, hekayə, povest və ara-sıra yazdığı esselərdən geniş söz açmaq istəmirəm. O, roman yazmamışdır, amma onun povest və hekayələri həm məzmun, həm də sənətkarlıq baxımından diqqətəlayiq nümunələrlə seçilir və bu əsərlər cəm halda böyük bir romanın ayrı-ayrı səhifələri kimi təsir bağışlayır. Məsələ burasındadır ki, Qərib Mehdi yaşadığı illərin (keçən əsrin 60-cı illərindən ta bu günə qədər) həyatda, cəmiyyətdə, insanlararası münasibətlərdə bizim mənəvi dünyada baş verən hadisə və olayları hekayə və povestlərində əks etdirmişdir.

Təbiət vurğunu Qərib Mehdinin hələ sovet dönəmində - səksəninci illərdə qələmə aldığı "Çinar günü" povestində təbiət - ekologiya problemi ilə qarşılaşırıq. Müəllif adi bir bağbanın - Bədirxan kişinin təbiət sevgisi ilə yaşıllaşdırma idarəsinin rəhbərləri arasında baş verən konflikti nəzərə çarpdırır. Qoca bağbanın dilində səslənən bu sözlər müəllifin mövqeyini ifadə edir: "Bəs biz bahar fəslinin sehrli nəfəsinin qüdrətini necə duymalıyıq? Yaşıl zoğların günəşə doğru necə boy atdığını görməliyik. Biz təbiətin paltarını necə geyindiyini görməliyik. Sarı, qırmızı yarpaqların açıldığı budaqlara vida yaylığı yelləyə-yelləyə torpağa doğru necə uçduğunu - təbiətin necə soyunduğunu görməliyik!"

Qərib Mehdi gözəl bir hekayəçidir, - desək, səhv etmərik. O, hekayə janrının tələblərini, forma-struktur müəyyənliyini və təbii ki, hər bir hekayədə yaddaqalan bir obraz yaratmaq qayğısını düzgün dərk edir, hekayə üçün elə həyat materialı seçir ki, günün reallığını əks etdirsin. Qərib Mehdinin "Qara zurna" hekayəsi sovet dövründə qələmə alınsa da, orada qoyulan məsələ bu gün üçün də müasir və aktualdır.

Qərib Mehdinin digər hekayələrində də ("Sən niyə yaşayırsan", "Bərəkət", "İşıq", "Tərbiyə üsulu" və s.) həyatın, gerçəkliyin mühüm məsələləri öz əksini tapır.

Qərib Mehdi dəyişilən dövranın havasını, mənəvi iqlimini bəsirət gözü ilə yaxşı müşahidə edir. "Humanist" povestində belə bir cümlə ilə rastlaşırıq: "Bir həyətdə dörd ailə yaşayırdı. Dolanışıqlarının maddi çəkisinə, nüfuzlarının əhatə dairəsinə görə bir-birindən fərqlənirdilər. Yəni, qapıları bir həyətə açılan bu dörd ailə dördmərtəbəli evə bənzəyirdi". Qərib Mehdi dövrün bu təzadlarını ustalıqla təsvir etməyə çalışır və əksərən buna nail olur. Lirik ruhlu Qərib Mehdini satiraya sövq edən də elə bu fərqli "mərtəbələrdir".

Qərib Mehdinin müşahidə "teleskopu" əsasən daha çox bələd olduğu jurnalistika və elm aləminin, evlər idarəsinin, bəzi redaksiyaların üzərinə tuşlanır və o, öz "marallar"ının qolundan tutub bircə-bircə bizə tanıdır. Məsələn, istedadsız bir insan - Çıraq müəllim - özünü hamıdan yuxarıda görmək arzusu ilə yaşayan bu insan "Mıx-mismar müəssisəsinin tarixi" haqqında əsər yazır. "Mən!.." kitabını özünə həsr edən Samir Salamat da Çıraq müəllimin başqa bir tayıdır. Amma bu iddialı "Mən"lərin öz tərifçiləri və havadarları var.

Lirik ruhlu Qərib Mehdini satiraya sövq edən nə idi? Gözəlliklərin - gözəl insanların qəsdinə duran mənfiliklərə o heç cür biganə qala bilməzdi.

Qərib Mehdi Gəncədən heç vaxt ayrılmadı. O, Gəncənin və gəncəlilərin fəxr etdiyi bir insan idi. Gəncə ədəbi mühitinin son altmış ildə inkişafında, bir çox istedadlı yazarların üzə çıxarılmasında rolu hədsiz idi. Bunu Aydın Murovdağlı, Qəşəm Nəcəfzadə, Sahib İbrahimli, Sərvaz Hüseynoğlu, Elçin İsgəndərzadə də, İradə Aytel də təsdiq edir.

Və ən başlıcası odur ki, Qərib Mehdi qədim Gəncənin - bu dahilər və çinarlar şəhərinin şöhrətini dünyaya yayanlardan biridir. Gəncədən çox-çox uzaqlarda tanınmış Qərib Mehdi ilə o göylərə baş alan çinarlar arasında bir bənzərlik görürəm. Üzümü o çinarlara tutub deyirəm: "Qərib, hey!"

"Ədəbiyyat qəzeti"

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0