Səni bən hey sevirəm - Salman Mümtazın şeirləri

Sen 6, 2026 - 11:52
 0  20
Səni bən hey sevirəm - Salman Mümtazın şeirləri

Bu gün görkəmli ədəbiyyatşünas, mətnşünas Salman Mümtazın anım günüdür.

Yazici.az ədəbiyyat portalı fədakar alimin şeirlərini oxuculara təqdim edir.

Bir tuluq

"O mələkzadəni mütləq sevirəm"
Xalidbəy Səbribəyzadə


Şeri-Cavidi görüb gülmüş idim,
Demə, biçarədə yoxdur təqsir.
Qəhqəhəylə uğunub ölmüş idim,
Səbribəyzadədən imiş təğyir,
Bən onu çox sevirəm, gop sevirəm.

Yeni şair, o müdiri-məğlub,
Görmüşə gülmüşü qılmışdı rədif,
Gərək, əlbəttə, dəyişsin üslub,
Qaba Qafqaz dilin etsin də zərif,
Bən onu gop sevirəm, çox sevirəm.

Gör nə xoş qafiyələr işlətmiş:
Diqqət et, ağlayaraq, sallayaraq,
Üdbayə dodağm dişletmiş,
İki dedim, iki dedin sayaraq,
Bən onu gop sevirəm, gop sevirəm.

Heyfsən, qəti-ümid etmə, gözüm,
Sən ki, varsan, səmər eylər Qafqaz,
Hər söz ilə dəlirib, bitmə, gözüm,
Dediyin, işlədiyindir dəmsaz,
Səni bən çox sevirəm, çox sevirəm.

Kədərim yox, sevərim bən səni çox,
Gözəlim, noəməlim, bibədəlim,
Şüəra çeşminə əşannı sox,
Sən xuram et, dalıdan bən də gəlim,
Səni bən hey sevirəm, gop sevirəm.

Bu da yahu keçər

Qonşuların elmə həvəskar ola,
Tibb oxuya, fənnə xəberdar ola,
Leyk müsürman gedə cindar ola
Dinmə, danışma, bu da yahu, keçər.

Rus minə ominibosu, seyr edə,
Nems minə derjabili teyr edə,
Molla Cəfər həmzadı təxsir edə,
Dinmə, danışma, bu da yahu, keçər.

Xivə xanı saxlaya altmış bala,
Sim bədən, zəhrəcəbin, göz ala,
Məsti-meyü şəhvət olub dal qala,
Dinmə, danışma, bu da yahu, keçər.

Əbdüləhəd xan sata milləti,
Badə verə namus ilə qeyrəti,
Puç eyləyə Rusiyyədə sərvəti,
Dinmə, danışma, bu da yahu, keçər.

Kərpic atan millətə salar ola,
Qatır satan ləşkərə sərdar ola,
Sırf avam şəxs süpəhdar ola
Dinmə, damşma, bu da yahu, keçər.

Layihə təqdim edə İngiltərə,
Hökm verə zabitə, həm əsgərə,
Daxil edə Ləngə ilə Bəndərə,
Dinmə, danışma, bu da yahu, keçər.

Hacı Məmiş ayda bir arvad ala,
Keyf eyleyə, işrət edə, dad ala,
Xansənəmi boşlaya, Pərzad ala,
Dinmə, danışma, bu da yahu, keçər.

Bəylərimiz qasdinara keyf edə,
Dəstə ilə fahişəni zeyf edə,
Verməyə pul millət üçün heyf edə,
Dinmə, danışma, bu da yahu, keçər.

İntelligentlər gezələr naz ilən,
Gülşənara dilbəri-tənnaz ilən,
Evdə qala Gülpəri Çimnaz ilən,
Dinmə, danışma, bu da yahu, keçər.

***

O gün millət ki əltafı[1] olub şövkətli sultanın,
Hilalın haləsi qılsın əhatə türk övtanın[2].

Təfaxür eylə, ey millət, muradın hasil olmuşdur,
Daha əflakə yüksəlməz əninü ahü əfğanın.

Ziyasız rus zülmündən o yüksək ruhun ölmüşdü,
Dökürdü şişəyə hər dəm şərabi-nab tək qanın.

Qızılgül tək açıl, gül, gör ki, türkün şanlı ordusu
Rivaqi-ərşə nəsb etmiş[3] böyük Osmanlı ünvanın.

Səmaya doğru toğrul tək sən, ey türk oğlu, uç, yüksəl
Ki, sənsən şanlı övladı şərəfli əski Turanın.

Bulud altında qalmışdı əgərçi kövkəbi-bəxtin[4],
Gör imdi nəcmi-zahir tək hilalın, nəcmi-tabanın[5].

Gərək taği-müqərnəsdən asılsın türkün tuğrası[6],
Mələklər zibi-duş etsin livasın Ali-Osmanın[7].

Bütün, Mümtaz, ellərdən olar türk milləri mümtaz[8],
Sürər bundan sora türklük çərəfli-çanlı dövranın.

1.Lütfləri.

2.Vətənlərini.

3.Göyün tavanına sancmış.

4.Bəxtinin ulduzu.

5.Ayını, parlaq ulduzunu (Osmanlı bayrağındakı ay-uldu nəzəedə tutulur).

6.Göy qübbəsinin tağından.

7.Mələklər Osmanlı bayrağını çiyin bəzəyi etsin.

8.Seçilmiş, üstün.

Tural Adışirinin təqdimatında..

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru