Şair Nurafizin yeni poetik toplusu işıq üzü gördü

İyn 29, 2026 - 20:36
 0  8
Şair Nurafizin yeni poetik toplusu işıq üzü gördü

Səksəninci illər ədəbi nəslinin istedadlı nümayəndəsi, tanınmış şair Nurafizin son illərdə qələmə aldığı poetik nümunələrdən ibarət “Sözlə səs arası” adlı yeni şeirlər toplusu “Qanun” nəşriyyatında nəfis şəkildə işıq üzü görüb.

YAZİCİ.AZ xəbər verir ki, toplunu tərtib edən və nəşrə hazırlayan Nəriman Əbdülrəhmanlı, redaktor Rafiq Hümmət, texniki redaktor Aydın Yaqubovdur.

Görkəmli ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlinin qeyd etdiyi kimi, onun poeziyasında həyatın müxtəlif çətinliklərindən doğan mənəvi iztirabların, kədərin, qəmin özünəməxsus təsvirləri mühüm yer tutur, həyat yaşantıları poetik vasitələrlə ifadə edilir. Nurafiz hər şeirində özüdür, özünü, yaşantılarını əks etdirir. Hər şeir ayrılıqda bir əsər olsa da, onun şeirləri sanki bir-birinin davamıdır; onlar üslub, mövzu, ritm baxımından iç-uçə, qol-qoladır. O, şeirlərində heç kimə bənzəmir, hissləri, duyğuları bulaq suyu kimi təmiz, göz yaşı kimi şəffafdır. Mən bunu onun özünün təbiətinə, şair məninin saflığına, duruluğuna bağlayıram; şeirləri ilə təbiəti, xarakteri bir-birini olduqca tamamlayır...

Son dərəcə orijinal şeirləri ilə cəmiyyətə səmimilik, təbiilik, doğruluq, nikbinlik və inam mesajları verən tanınmış şair Nurafizin yaradıcılığı oxuculara yaxşı məlumdur. O, “Hamı işıqdan keçir” (2008), “Sözün dörd havası” (2012) kitablarıyla Sözün və “şair məni”nin təsdiqinədək uğurlu yol keçib. Müəllifin gürcü dilində “Avtoqraf səs” (2019), rus dilində “Əllərimin göz yaşı” (2021) poetik topluları çapdan çıxıb, rusdilli poeziyadan tərcümələri “Bəyaz durnalar” (2021) adlı toplu şəklində nəşr olunub, haqqında “Nurafiz: İşıqdan keçən adam” (2015) toplusu işıq üzü görüb. 

Şübhə etmirik ki, müəllifin yubileyinə təsadüf edən yeni kitabı da ədəbi mühitdə maraqla qarşılanacaq.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0