Sayramlı gəzərgi - Asel Omar
Yazici.az ədəbiyyat portalının "Qazax ədəbiyyatı" rubrikasının bu həftəki qonağı nasir Asel Omardir.
ASEL OMAR
Asel Omar (Asel Talqatkızı Sıdıkova, 1973, 29 may) – nasir, esseçi, tənqidçi, fəlsəfə doktoru
A.Omar Almatı şəhərində anadan olub. Orta məktəbi qızıl medalla, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunu (1995), Ümumrusiya Xarici Ticarət Akademiyasının Moskva Beynəlxalq Biznes İnstitutunu (1996), Ali Ssenariçilər və Rejissorlar Məktəbini (2004), Rusiya Xalqlar Dostluğu Universitetinin aspiranturasını (2011) bitirib, həmin il də elmi iş müdafiə edib, pedaqoq kimi çalışıb, “Mirax Group” şirkətində, Moskva Memarlar İttifaqında işləyib. Kanada universitetlərində müəllim kimi çalışır.
A.Omar yaradıcılığa 90-cı illərin əvvəllərindən başlayıb, hekayə və esseləri, eyni zamanda, elmi məqalələri dövri nəşrlərdə, o cümlədən, xarici ölkələrdə çap olunub, “Kredo” (1998), “Məhəbbətlə birgə” (2005), “Erkən soyuqlar” (2007), “Mavi canavar” (2009), “Tenqri talismanı” (2012), “90-cı illərin əhvalatları” (2018), “Askarovun zamanı” (2021) nəsr topluları nəşr olunub. Bir sıra əsərlərin tərcüməçisi kimi də tanınır. Rejissor kimi qısametrajlı filmlər çəkib, teleserialların ssenarisini yazıb.
A.Omar bir sıra ədəbi müsabiqələrin qalibidir, Qızıl Yesenin medalı ilə təltif olunub, Rus Pen-Mərkəzinin mükafatına layiq görülüb.
SAYRAMLI GƏZƏRGİ
(hekayə)
1221-ci ildə Sayram (Çingiz xanın hücumunacan yerlə yeksan edilən İsficab şəhərinin digər adı – tərc.) şəhərində adamları ən ağır xəstəliklərdən sağaltmağı bacaran guşənişin şəxs yaşayırdı. Deyirdilər, o, bir vaxtlar gəzərgi oyunbaz oub, amma sirli şəkildə öz peşəsindən əl çəkmək, adamlardan da, ailəsindən də uzaqlaşmaq məcburiyyətində qalıb. Deyirdilər, bu məsələdə şər qüvvələr də öz rolunu oynayıb, çünki sayramlı sərgərdan günah işlə məşğul olurmuş, deməli, həm də şeytanın köməyilə müalicə eləyir. Başqaları belə şaiyələrə qarşı çıxırdılar ki, bəs, həmin adam günah dolu dünyamızdan aralanıb, bu səbəbdən də İlahi ona insan təbiətilə bağlı sonsuz bilik bəxş eləyib.
Sayram səkilərindəki qızmar daşlarının yaddaşına yazılmış həqiqətdənsə çox az adamın xəbəri vardı. Əhvalat bu cür olmuşdu.
Loğman olmazdan qabaq, Gəzərginin adı Xayrullaydı, Sayramda, şəhristanın yaxınlığında, bişmiş kərpic döşənmiş dar, əyri küçədə, hasar içindəki evdə yaşayırdı. Xayrulla yanar məşəlləri oynada, ağzından alov çıxara, eyni zamanda, dostu pers Cəlillə birgə quraşdırdığı kiçik gülməli səhnələr oynaya bilirmiş. Oyunbazlar öz ifalarını dütar və iri, girdə dəfdə ifa elədikləri havayla müşaiyət eləyirdilər. Maskalarını özləri söyüd budaqlarından düzəldir, boyayır, keçə saç-saqqal yapışdırır, həm də şüşə dükanlarında coxlu çeşiddə səbət-səbət, çəkiylə satılan şüşə oyuncaqlarla bəzəyirdilər. Məsələn, bir ovuc yaşıl zolaqlı qırmızı və göy şüşə kürəciklər cəmi-cümlətanı dörd dirhəmə, qırmızı ləkəli ağ kürəciklərsə ondan da ucuz idi.
Şüşə ustaları kiçik məmulatlarının oyunbazlara nəyə görə lazım olduğunu bilir, ona görə də əvvəlcədən xırdaca deşik açırdılar ki, o deşiklərdən dəri ip, yaxud mis zəncir keçirib üst-başlarından asa bilsinlər. Üstəlik də deşik aşmaq, həm də sarı şüşə kürəciklər üçün pul almırdılar.
Tamaşaya, adətən, şəhər meydanının bütün camaatı – tacirlər, müştərilər, qaraçılar, uşaqlar, şəhər ətrafının sənətkarları, avaralar - gəlirdilər. O səhnənin qəhrəmanları, adətən, Hiyləgər Əsnaf və Müştəri, Başıqapazlı Ər və İfritə Arvad, Usta və Şəyird, Avara və Quldur, Tacir və Acgözlük, Pul və Kasıb, Sənətkar və Tale, Kəndli və Təbib, Əyyaş və Şərab Şüşəsi idi. Dialoqları Xeyrulla toqquşdurur, bunları da ona həyat özü, dükanda, küçədə, qonşuda eşitdikləri verirdi. O, sözgüləşdirmələrə gülməli çalarlar əlavə eləyir, sənətkarların iş zamanı işlətdikləri kəlmələrdən qatır, tacirlərin gizli əməllərini lağa qoyurdu. Şərab Şüşəsi rolunda çıxış eləyən Cəlil üçün kostyuma daha çox şüşə kürəciklər sərf olunmuşdu, onun şüşə boğazına oxşar şiş papağı tamam örtülmüşdü. Xayrulla Əyyaş rolunu oynayanda burnuna qırmızı rəng sürtür, gözlərinin altında nar suyundan dairəciklər çəkirdi. Camaat da gördüyünə ürəkdən gülürdü.
Tamaşalardan yığılan məbləğin həcmi həmin günün bazar günü olub-olmamasından asılıydı. Cümə günləri ticarət aparılmır, şəhristanda, adda-budda adam gözə dəyirdi. Başqa, xüsusilə İsficaba Persiya, Hindistan, Xitaydan karvanların gəldiyi günlərdəsə əməlli-başlı qazanca ümid bəsləmək olardı.
Amma biçarə Xayrulla və Cəlil nə qədər çalışıb-çabalasalar da, oyun çıxarmaqdan əldə edilən pulla saray-filan ucalda bilməzdilər, qazancları birtəhər yaşamalarına güclə bəs eləyirdi. Cəlilin on iki uşağı vardı, həm də yarısının öz belindən gəldiyinə şübhəylə yanaşırdı. Çox vaxt da pers uşaqlardan birinin başını sığallayanda gözlərinin içinə diqqətlə baxır, sanki bunu ayırd eləməyə çalışırdı. Arvadı Züleyxa ərinin məqsədini sezib özündən çıxır, onu söyüb-yamanlamağa başlayırdı: “Bir bu vicdansız, qeyrətsizə bax, mən qan-tər içində çalışıram, bir dəstə uşağı yedirib-içirir, pal-paltarını yuyuram, yolsuz əriminsə beyninə səfeh-səfeh fikirlər gəlir!.. Yaxşı olardı ki, bu mələfələri çayın qırağına aparmağa kömək eləyəydin!..” Və sairə, və ilaxır.
Qonşular danışırdılar ki, tifillərin, ən azı, yarısı, həqiqətən, Cəlilin deyil. Deyəsən, biri dəmirçiyə, digəri ayna tacirinə, üçüncüsü də Cəlil bazar meydanında öz oyunlarını göstərdiyi müddətdə Züleyxanın mazaqlaşdığı qərib dərvişə oxşayırdı. Kim bilir, bəlkə, şər-böhtan atırdılar, bəlkə də həqiqət idi. Hər halda, Cəlil xeyirxahlığı üzündən evində bu sayda uşaq olmasını İlahinin verdiyi qismət kimi qəbul elədi. Onları küçəyə qovan deyildi ki? Bir də ki, birdən o qovduğu biçarə məhz öz balası çıxdı, onda neynəsin? Züleyxanı qovsa, uşaqların halı necə olacaq? Axırda hamısını saxlamaq, yedirib-geyindirmək qərarına gəldi.
O, boş vaxtlarında uşaqları mis dəfin üstündə atılıb-düşən taxta keçiylə, keçə kuklalarla əyləndirirdi. Keçi uşaqların daha çox xoşuna gəlirdi: dəfin altındakı iki dəstəyi sıxırdılar, fiqur latun dırnaqlı nazik qıçları üstündə atılıb-düşür, dəfin kənarlarındakı və keçinin buynuzları ucundakı kiçik zınqırovlar cingildəyirdi.
Cəlil həyata sadəlövhcəsinə münasibət bəsləyirdisə, Xayrulla, əksinə, layiqincə həyat bəxş eləyə bilmədiyinə görə, arvadına və üç qızına mərhəmətlə yanaşırdı. Həm də o qədər yanıb-yaxılırdı ki, hətta bir dəfə həyətindəki anbara girdi, kəndirin ilgəyini boynuna keçirdi, sonra içinə kuklalar yığdığı taxta yeşiyin üstünə çıxıb özünü aşağı buraxdı. Arvadı Şolpan onu görməyəndə şivən qaldırıb hər yeri ələk-vələk elədi. Səs-küyə qonşular, ilk növbədə də - axı qonşuydular - Cəlil özünü yetirdi.
Cəlil pers dilində nəsə donquldana-donquldana anbarın qapısını sındırdlı, nəfəsi kəsilmiş, sifəti qızarmış, amma hələ də sağ olan Xayrullanı ilgəkdən qurtardı. Şolpan ağlayır, tozlu döşəmədə oturmuş, qolunu sınıq kuklatək yöndəmsiz tərzdə tutmuş ərini qucaqlayırdı. Göz yaşları Xayrullanın tozlu yanaqları boyu axırdı. Şolpan elə hey təkrar eləyirdi ki, ərini olduğu kimi sevir, ona başqa bir, hətta saf qızıldan düzəldilmiş kişi lazım deyil, təki yol verdiyi əməli bir daha təkrarlamasın, çünki Allahın cəzasına tuş gələr. Persin həyətə tökülüşmüş uşaqlarısa böyüklərə fikir vermədən söyüd budaqlarından düzəldilmiş maskalarla oynayır, ürəkdən deyib-gülürdülər.
Cəlil dostunun qoluna girib evinə apardı, dedi ki, günah işlətdiyinə görə, tövbə eləsin. Qurtulmuş adam etirazla başını buladı:
“Orda (nazik, uzun barmağını yuxarı tuşladı) heç kəs yoxdu”.
Cəlil dedi:
“Onda əvəzində mən dua eləyəcəyəm”, - sonra çıxıb getdi.
Yazın əvvəllərində İsficab dərələrində zanbaqlar çiçək açır. Onların zərif, məxməri qönçələri göz işlədikcə uzanıb gedən bənzərsiz çölü bürüyür. Uzaqlarda masmavi dağlar görünür, Günəş zanbaq ümmanına hərarətli işıq saçır.
Bir dəfə oyunbazlar yerdə, zanbaqların arasında oturmuşdular. Xayrulla incə ləçəkləri sığallayır, o məqamda da ağlı başından çıxmış adamı xatırladırdı. Cəlil dostuna diksintili nəzərlərlə baxırdı. “Bilirsən, Cəlil, mən gedirəm, - Xayrulla qəfildən sözə başladı. – Şahimərdana gedəcəyəm, deyilənə görə, orda çoxlu gəzərgi oyunbaz var, Buxarada, Səmərqənddə, Ürgəncdə, Balasaqunda oyun göstırirlər. Şahimərdanda oyunçulara qızıl verirlər. Səni çağırmıram, bilirəm ki, getməyəcəksən”.
Zanbaqlar mehdən başlarını əydilər, sanki xeyir-dua verdilər, pers də narahatlıq dolu nəzərlərini dağlara zilləmişdi.
Xayrulla, həqiqətən, yola hazırlaşdı, xurcununa bir neçə maska qoydu. Çoxunu da dostuna verdi. Dil deyib ağlayan arvadına fikir vermədən evindən çıxıb xoşbəxtlik tapmaq ümidiylə payi-piyada oyunbazlar diyarı Şahimərdana yollandı.
O, Şahimərdana yetişib İsficabın qala divarlarından kənardakı adi kəndlərdən biri olduğunu gördü. Tozlu həyətlər, çəpərlərin dibində istidən başlarını ölgün halda sallamış günəbaxanlar, o günəbaxanları dimdikləyən sərçələrlə qarşılaşdı.
Piştaxtaları üstünə cürbəcür – ipək çətirlərdən mis qab-qacağacan – mallar düzülmüş kiçik dükanların sıralandığı alış-veriş küçəsiylə gedib balaca meydana çıxdı. Orda kəndirbazlar oyun göstərirdilər. Meydanın, yığışmış boş-bekar adamların başları üstündən kəndir çəkilmişdi. Yeddi yaşlarındakı gözəl, qaraşın bir oğlan əlindəki uzun ağacla müvazinətini saxlaya-saxlaya kəndirin üstüylə yeriyirdi. Yaraşıqlı qaməti olan oğlanın qara saçları tərdən və gərginlikdən gicgahlarına yapışmışdı. Camaat nəfəsini içinə çəkib ona tamaşa eləyirdi.
Xayrulla adamların həyatla ölüm arasındakı həddə yaxın olmaqdan xoşlandıqlarını, balaca oyunbaza göz qoya-qoya yıxılıb-yıxılmayacağını unamağa çalışdıqlarını başa düşüb özünü pis hiss elədi. “İnsanın təbiəti belədi”, - o, kədərlə beynindən keçirdi. Kanatın dayaqlarını yaşlı oyunbazlar saxlayırdılar. Uzaqda oyunbazların kasıb evlərində şıq, ala-bəzək yorğanları xatırladan arabalar görünürdü.
Bu, əsl məzhəkəydi. Tamaşaya əynində qızılı saplarla tikilmiş xalat olan yaşlı, tökməbədən bir şəxs rəhbərlik eləyirdi. Qurşaq bağlamadığından xalatının ətəkləri yellənir, qüvvətli və əzələli bədəninin cizgiləri nəzərə çarpırdı. İpək xalatlı şəxs kəndirin üstüylə artıq bir neçə dəfə irəli-geri getmiş, indi yerə atılmağa hazırlaşan oğlanı tutmaq üçün göstəriş verdi. Sonra çoban ovçarkası və həyət itinin qarışığı olan sarı, pırtlaşıq tüklü məzhəkə itini səslədi. İt ağzında qutu tamaşaçıların arasında dolaşmağa, pul yığmağa başladı. “Akbars, - ipək xalatlı şəxs ucadan deyirdi, - mütəvazi sənətimizi dəyərləndirməyə gəlmiş möhtərəm tamaşaçılarla bir qədər hörmətkar davran!” Akbars da öyrəşdiyi yolla camaatın arasında dolaşır, üzərinə parça çəkilmiş qutuya mis pullar səpələnirdi.
Xayrulla camaatın arasında dayanıb baş verənlərə diqqətlə göz qoyurdu. Oyunçuların çıxışı onu vəcdə gətirirdi - bütün hərəkətləri cilalanmışdı, trükləri mürəkkəb və təhlükəliydi.
Tamaşa bununla bitmədi. Oyunbazlar çinlilərə məxsus tərzdə çubuqlar üzərində nimçələr fırlatdılar, sınıq şüşələrin üstüylə yeridilər, nimçələr, kürələr, iplərlə nömrələr göstərdilər, tamaşanı akrobatik fəndlərlə tamamladılar. Yeniyetmə məzhəkəçilər sanki çəkisiz, az qala, şəffaf idilər, sanki bir-birinin çiyninə asanlıqla atılır, havada elə mayallaq vururdular ki, bəzən Xayrullanın nəfəsi tutulurdu. O, yenidən həyəcanlanmağa başladı, oyunbazların səhvə yol verib yıxılacaqlarından qorxurdu, amma xalatlı adamın həddən artıq sakit olduğunu sezdi. O, öz işini görür, gicgahlarında bir damcı tər gözə dəymirdi. Yalnız başı üstündə oğlan, onun çiyinlərində də qız duranda bədənini tər bürüdü.
Tamaşadan sonra Xayrulla cavan oyunçulardan biri yaxınlaşıb ipək xalatlı adamın kim olduğunu soruşdu.
“Əmirdi”, - oyunçu dilləndi, dərhal da dəm-dəsgahlarını yığışdıran yoldaşlarına köməyə qaçdı.
Xayrulla cəsarətini topladı, Əmirə yaxınlaşıb onu dəstəyə götürməsini xahiş elədi.
“Bacarığını göstər görək”, - Əmir dilləndi.
Xayrulla həyəcanlana-həyəcanlana əvvəlcə kuklalarının və dəf üstündəki keçinin oyununu göstərdi. Bunlar Əmirdə heç bir təəssürat oyatmadı. Xayrulla, az qala, ruhdan düşdü, amma var gücünü toplayıb məşəllər gətirməyi xahiş elədi. Dəstədə məşəl yox idi. Əmir göstəriş verdi ki, gedib dükandan məşəl alsınlar. Ona sözsüz-sovsuz itaət eləyən oyunçular buyruğunu yerinə yetirdilər, Xayrulla da əvvəlcə yanan məşəlləri oynatdı, sonra ağzından alov çıxardı. Əmir, deyəsən, bir qədər maraqlandı, qalın qaşlarından biri dartıldı. Kiçik uğurundan ilhama gəlmiş Xayrulla maskalarını çıxarıb xahiş elədi ki, kəndirbazlardan biri yardımçısı olsun. Amma bu, baş tutmadı, çünki kəndirbaz gəlmə oyunbazın ondan istədiyini heç cür qavraya bilmirdi.
Bunu görən Xayrulla hər şeyi göz altına alıb öz obrazlarını bir-bir ifa eləməyə başladı. Bəxtindən belə obrazları az deyildi. Nəticədə dəstədəkiləri gülməyə vadar elədi. Əmirsə ancaq ötəri gülümsündü.
“Əlbəttə ki, məşəllərlə o qədər də qazana bilməzsən, amma fasilələrdə, biz kanatı quranda camaatı maskalarınla əyləndirərsən. Səni dəstəyə qəbul eləyirəm. Adın nədi? – Xeyrulla adını söylədi. – Kəndli adı oyunçu üçün məqbul deyil, - Əmir qətiyyətlə diləndi. – Bundan sonra adın Sərdar olacaq. Oğullarımla birgə ağ çadırda yatacaqsan. Hamı kimi Allah verəndən yeyəcəksən”.
Özünü itirmiş Xayrula hörmət əlaməti olaraq, baş əyib, bağır basdı.
Az sonra gəzərgi məzhəkəçilər Buxaraya yollandılar. İndi bazar günü yeni Sərdar gəzərgilərin hamisi olan Xızır maskasıyla bazar meydanında lətifə söyləyir, dəfini guppuldadır, camaatı tamaşaya səsləyirdi. Tamaşaçılar kəndirbaz oğlanın meydan üzərində çəkilmiş kanatın üstüylə yeriməsinə baxa-baxa qorxu içində donub qalır, ona səxavətlə qızıl dirhəmlər yağrdırırdılar. Həmin oğlan Əmirin oğlu Dauren idi. Zəngin şəhərdə Akbarsın qutusu heç vaxt boş qalmırdı.
Amma Sərdarın da ürəyinə qorxu çökür, Dauren hər dəfə sanki həyatını addım-addım ölçə-ölçə kəndirin üstüylə yeriyəndə üzünü yana çevirirdi. Yalnız oğlan qollarını yana açıb ürəkdən gülümsəyə-gülümsəyə yerə enəndə rahat nəfəs alırdı. Ancaq Sərdar da bütün oyunçular kimi, Əmirin onu da, dincəlmək istəyən, yaxud çıxış eləməkdən boyun qaçıran digər beş oğlunu da döydüyünü bilirdi.
“Niyə onları döyürsən axı?” – bir dəfə Əmirdən soruşdu.
“Çünki yaxşı atayam”, - o, sakit tərzdə cavab verdi.
“Bəlkə, Dauren başqa bir məzhəkəçi peşəsi öyrənsin? Axı günlərin birində büdrəyib yıxıla bilər”.
“Deməli, öləcək”, - Əmir iri əzələlərini badam yağıyla ovuşdura-ovuşdura dilləndi. – Ondan başqa da çoxlu uşağım var. Get, işinlə məşğul ol”.
Beləcə dirhəm və dinar qazana-qazana bu şəhərdən o şəhərə gedirdilər.
Sərdar Əmirin on üç yaşlı qızı Təhminənin çıxışından böyük zövq alırdı. Qızılı qığılcımlar saçan qırmızı ipək donlu qızın cismində sanki sümük yox idi, ilantək qıvrılırdı. Təhminənin əlləri sehirli işarə və hiss naxışları salır, Sərdar onların sirrini açmağı sevir, tapanda da tapıntılarına sevinirdi. O, qızın hərəkətlərini kitabtək oxumağı öyrənmişdi. Təhminə gah dərviş Darxana vurulduğuna görə, xoşbəxt olduğunu xəbər verir, bənzərsiz əlləriylə o sevgi barədə nəğmə oxuyur, gah da qüssəli və tənha olduğundan şikayətlənirdi.
Bir dəfə də Sərdar qızın əsrarəngiz hərəkətlərindən dərk elədi ki, öz ailəsindən bu qədər aralı düşdüyünə görə, ona yazığı gəlir. Güman ki, ailəsi də ondan ötrü çox darıxır. Sərdar bu xəbərdarlığı oxuyub doğmalarına baş çəkmək fikrinə düşdü.
Əmir oyunçusunun getməsinə razılıq verdi. Sərdar qabaqca Cəlilin arvad-uşağına hədiyyə, sonra yükü ağır olduğuna görə, dəvə aldı. İsficab camaatını, xüsusilə də qonşularını heyrlətləndirmək məqsədiylə (bəs, qoy bilsinlər ki, qazaqnc dalınca uzaq diyarlara əbəs yerə getməyib!) özünə qıraqlarına ipək tikilmiş, kal ərik rəngində gözəl dəri xalat, məxməri araqçın aldı.
O, bu görkəmlə, dəvənin belindəki iri xurcunlarla şəhərin küçələrindən keçir, tacirlər dükanlarında əllərini göyə açıb vəcd dolu heyrətlə onu salamlayırdılar.
Dostunu bu cür – hind raclarıtək geyinmiş, gündən qaralmış, hədiyyələrlə, simasındakı məmnunluqla – görəndə Cəlil sevincindən yerə-göyə sığmadı. Biçarə pers aradan ötən müddət ərzində İlahiyə yalvarırdı ki, dostunu uzaq diyarlarda öz pənahında saxlasın, qada-baladan, yolunu azmaqdan hifz eləsin. İndi görürdü ki, Qadir Allah dualarını eşidib: Xayrulla sağ-salamatıydı, həm də elə yaraşıqlı olmuşdu ki, yerli qadınlar gözaltı onu süzmək üçün guya elə belə, piştaxtalardakı mallara baxmaq bəhanəsiylə ayaq saxlayırdılar.
Cəlil hələ İsficabda çıxış eləyir, düzdü, indi qədim mahnılar oxuyurdu, bu da çayxanalarda əlavə gəlir gətirirdi. Qədim mahnıların mətnlərini ona anası zümzümə eləyir, bəzilərini də çoxlu kitabların saxlandığı kitabxanada diqqətlə köçürür, cidd-cəhdlə əzbərləyirdi. Tamaşaçılara danışırdı ki, bu epik var-dövləti ona əsrlərin yaddaşı, bir də saysız-hesabsız əcdadları qoyub gedib. Qədim şeyləri sevən tacirlər hörmət və razılıq əlaməti olaraq, başlarını tərpədirdilər.
Dincəldiyi gözəl, aydın günlərin birində Xaurulla qarağacın kölgəsində oturub komuz (qazaxlarda və qırğızlarda simli qədim çalğı aləti – tərc.) çalmağa başladı. Qızı Aliyə onun gətirdiyi donlardan birini geyinib musiqinin ritminə uyğun tərzdə, yavaş-yavaş, sonra da atasının məmnun baxışları altında get-gedə vəcdə gəlib daha həvəslə rəqs eləməyə başladı. Onun artıq on yaşı vardı. Aliyə həm xoşagələn tərzdə gombul, eyni zamanda da Təhminə kimi çevik idi. Ata onun dümağ biləklərindək qolbaqların cingiltisinə, qulaqlarındakı sırğaların titrəyişinə, qıvrım saçlı başını musiqinin ritminə uyğun zərif-zərif tərpətməsinə tamaşa eləyirdi. Qızın qonur gözləri alışıb-yanırdı, duyduğu ehtizazdan qıpqırmızı dodaqları nəmlənmişdi. Xayrulla qəfildən kasıb daxmasında necə qiymətli mirvari yetişdiyini aydınca sezdi.
Elə həmin gün də arvadına dedi ki, gözlərini Aliyənin üstündən çəkməsin, qızı təkcə heç yerə buraxmasın. Cavabında arvadı dedi ki, artıq qıza müştəri düşənlərin sayı-hesabı yoxdu. Xayrula hətta əməli-başlı hiddətləndi, qızı hədd-büluğa çatanacan bu cür söhbətlərə son qoymağı tapşırdı.
Bir dəfə Cəlil və Xayrulla cayxanada doyunca söhbət eləyəndən sonra Xarəzmşahın əmriylə şəhərdə salınmış bağa getdilər. Xayrulla oleandr, sidr, hibiskus ağaclarının arasında dostuna Əmir və övladları barədə söz açdı. Cəlil gəzərgi məzhəkə başçısının qəddarlığı barədə hekayəti dinləyib başını buladı:
“Bəlkə, bu işlərdən əl çəkəsən? Bəlkə, özümüz oyunçuları yığaq, hamısına bacardıqlarımızı öyrədək”.
“Bir az da işləyim”, - Xayrulla cavab verdi, dostuna Təhminə, onun əsrarəngiz rəqsi barədə də danışdı.
“Bəlkə, Aliyəni özünlə aparasan, o da rəqs eləyə?” – Cəlil soruşdu.
“Nə danışırsan, qəti olmaz!” – Xayrulla qışqırdı, sonra susdu, başını aşağı salıb soruşdu. – De görüm, Cəlil, niyə belə gözəl dünyada yaramaz adamlar yaşayırlar?”
Pers onun kimi nəzərdə tutduğunu dərk eləməyə çalışdı, amma Xayrulla dinib-danışmadı. Cəlil dostunu yaxındakı çayxanada qəlyan çəkməyə dəvət elədi.
Onlar evə qayıdanda Bazakat məscidi yaxınlığında səs-küy eşitdilər. Bayır tərəfdəki dolama pilləkənlə qalxıb hasardan içəri boylandılar. Təxminən on iki atlı keçi cəmdəyini ələ keçirmək üçün yerin yaşıl örtüyünü atların dırnaqlarıyla şırım-şırım eləyirdilər. Atların dırnaqları altından əlçim-əlçim otlu torpaq havaya sıçrayır, atlıların bədənləri atla birgə bir-birinə dolaşır, sanki yaz havasında qarşısıalınmaz qüvvə və çoşqu toqquşub cingildəyirdi. Keçi cəmdəyini dartışdıranlara tamaşa eləyənlər vəcdə gəlib qışqırır, fit çalırdılar.
Xayrulla-Sərdarın köçəri həyatı yenidən baş alıb getdi. Şəhərlər bir-bir dəyişir, hər biri də ayrı heyrət doğururdu. O, hətta gündəlik aparmağa, ora bu və ya digər şəhərlə bağlı təəssüratlarını yazmağa başladı. Məsələn, Taraz şəhəri haqqında yazırdı: “Şəhər hamamında təkcə qara, yaxud yaşıl çay deyil, həm də jasmin qatılmış çay verirlər. Bizsə jasmini insanın istifadəsi üçün yararsız hesab eləyirik. Amma hamamçı müştərilərə verdiyi məhrəbanın arasına çökə çiçəkləri qoyur ki, qoxusu ətrafa yayılsın. Eyni zamanda, burda spirtdə həll olunmuş lavanda cövhəri satırlar, ondan da ətir kimi istifadə eləmək olur. Çox gözəl qoxusu var! Bir şüşə də mən aldım.
Sonra Əmirin Daurenlə məşqinə tamaşa elədim. Dauren kəndirin üstündə səndələyən məqamda atasının saçından yapışmağa macal tapdı. Əmir ağrıya tab gətirib sevinə-sevinə mənə qışqırdı: “Bax, beləsi bu həyatda itib-batmaz!”
Gəzərgi oyunçunun gündəliyində Otrarla bağlı belə bir qeyd var:
“Çıxış elədiyimiz meydanda zərbxana yerləşir. İlahi, dünyada nə qədər pul varmış! Bunu hasarın deşiyindən baxanda təsadüfən gördüm.
Bizsə müsafirxanaların ucuz otaqlarında yaşayırıq, su kəməri partlayanda da pox-püsür otağımıza dolmağa başladı. Dərhal olan-qalanımızı, geyimlərimizi, dəflərimizi xilas eləməyə başladıq. Təhminə dümağ ayaqlarını o iyrənc axıntının içində ata-ata kəndirbazlar üçün yelpiklər dolu bağlamanı başında aparırdı, çiynindəki ağacın ucundansa şüşə muncuqlarla bəzədilmiş şişburun tufliləri yırğalanırdı...”
Həmin gün Otrarda, gözqamaşdırıcı, cilalı firuzəylə bəzədilmiş mavi qübbənin altında çıxış eləyirdilər, tamaşaçılar şəhər meydanını doldurmuşdular. Dauren həmişəki kimi, əlində ağac kəndirin üstündə müvazinətini saxlaya-saxlaya irəliləyirdi, qəfildən camaatın arasından bir uşaq qışqırdı: “Ana, qorxuram!” Çökmüş sükutda o səs elə ucadan səsləndi ki, Dauren diksinib səndələdi. Hamı donub qaldı.
“Ehtiyatlı ol!” – Əmir qışqırdı.
Dauren müvazinətini düzəltməyə çalışdı, amma bacarmadı, daha şiddətlə yırğalanmağa başladı, sonra yerə düşdü. Camaat dəhşətdən quruyub qaldı, ölüm səhəsindən sarsılmış halda aralandı. Balaca Dauren şəhər meydanının sürtülüb, cilalanmış daşlarının üstünə üzüquylu düşmüşdü. Artıq nəfəsi gəlmirdi.
Əmir əl işarəsiylə Sərdara buyurdu ki, tamaşanı davam etdirsin, oyunçulara oğlanın meyitini götürüb öz çadırına aparmağı buyurdu. Sərdar əlləri əsə-əsə dəfi götürdü, sarsıntılı halda repertuarından ağlına gələnləri söyləməyə başladı. Bu müddət ərzində şalvar, naxışlı qolsuz köynək geyinmiş, başını yaylıqla bərk-bərk çəkmiş Əmir özü kəndirin üstünə qalxıb tamaşanı davam etdirdi. Oyunçular çadırlarına yalnız bütün nömrələr başa çatandan sonra dağılışdılar, Əmir də kiçik çadırına getdi. Sərdar ona baş çəkdi, amma məzhəkə sahibi əlinin sərt hərəkətiylə yaxınlaşmamağı buyurdu. Pəhləvan öz oğlunun nəşi üstünə əyilib bütün bədəni titrəyə-titrəyə ağlayırdı.
Daureni dəfn eləyən Əmir yeddi gün yas saxladı, sonra mərhumun qırxının çıxmasını gözləmədən şəhər-şəhər dolaşmağa başladı. Sərdar əvvəlkitək maskalarını dəyişə-dəyişə camaatı tamaşaya çağırır, onların qarşısında monoloqlar söyləyib əyləndirir, ölüm maskası da üzündə get-gedə daha çox peyda olurdu. Artıq ona elə gəlirdi ki, məzhəkə elə ölüm deməkdi. Sayramda gördüyü keçi cəmdəyi qapma səhnəsini tez-tez yada salmağa, özü özünə atlıların parça-parça elədikləri o cəmdəyi xatırlatmağa başlamışdı. O, qəlbən tükəlnmiş, əməlli-başlı qocalmışdı. Şarab şəhərində Əmir kiçik oğlu beş yaşlı Arslanı kəndirin üstünə çıxaranda həmin axşam tamaşadan sonra ona yaxınlaşıb dedi ki, məzhəkəni tərk eləyir.
-Özün bilərsən, - Əmir dilləndi, haqqını ödəyib xeyir-dua verdi.
Xayrulla İsficaba qayıtdı. Pulun bir hissəsini ailəsinə, bir hissəsini də pers dostuna verdi. Həmin məqamda da kəndirbazlarla birgə çıxış elədiyinə, ölümü tez-tez böyür-başında gördüyünə görə, qoxusunu, nəfəsini, təmasını da tez-tez duymağa başladı. Onda adamları müalicə eləmək qabiliyyəti üzə çıxdı. Xayrulla xəstələri otlar, təpitmə, cövhər, isti daş və qum, gənəgərçək yağıyla, həm də qızğın dualarla sağaldır, bəzən hətta ən ümidsiz adamları belə, ayağa qaldırırdı. Amu-Dərya çayı kənarındakı şəhərlərdən və kəndlərdən Sayrama axın başladı. Xayrulla bir neçə il gəzərgi oyunçularla dolaşdığına görə, camaat onu Sayramlı Gəzərgi adlandırırdı.
Yay günlərinin birində Xayrulla özünü pis hiss elədi, hər yerdə ölümün nəfəsini duymağa başladı Ona elə gəlirdi ki, ölüm evinə yaxınlaşır. Elə bu məqamda qapını döydülər. Kandarda Əmir dayanmışdı, qucağında Təhminə vardı, çapa-çapa gəldiyindən qan-tərə batmışdı. Qız rəqs zamanı taxta meydançadan yıxılıb onurğasını yaralamışdı.
-Ona yardım elə, Sərdar, - Əmir dilləndi. – Nə qədər desən, pul verərəm.
-Pulun-paran lazım deyil, əlimdən gələni eləyərəm, - Xayrulla cavab verib
onları içəri apardı.
Loğman Təhminəyə üç ay qulluq elədi. Bu müddət ərzində də Arstan-baba (XI əsrdə İsficabda yaşamış müqəddəs şəxs – tərc.) məqbərəsini ziyarətə getdi, Təhminənin sağalması, Əmirin kiçik oğlu, bütün övladları və oyunçularının salamatlığı üçün dua elədi.
Üç aydan sonra məzhəkə sahibinin özü də gəlib çıxdı.
-Qızımı sağaltdın? – o, soruşdu.
-Hələlik yaxşıdı, amma daha rəqs eləyə bilməz, - loğman dilləndi.
Atası Təhminənin əlindən yapışdı, onlar şəhərin Çimkənd darvazasından çıxıb Şahimərdana sarı getdilər.
Yaz gələndə, vadidə zanbaqlar yenidən gül açanda Cəlil və Xayrulla söhbətlə vaxt keçirirdilər.
-Yadındadı, xoşbəxt oyunçuların yaşadıqları Şahimərdan diyarı barədə danışmışdın? O diyar, həqiqətən, mövcuddu? Özündən uydurmamısan ki? – pers soruşdu.
-Yox, uydurmamışam. Ora, doğrudan da gözəl diyardı. Belə bir yerin olduğuna inanıram”, - Xayrula cavab verdi.
Bir dəfə Cəlil bir kasıb, amma gözəl qadının əlindən tutmuş halda Xayrullanın yanına gəldi. Qadın həşişdən hallanmışdı. Xayrulla onun Təhminə olduğunu çətinliklə ayırd elədi. Pers qızı yolsuzluq elədiyi Taraz yarmarkasında tapmışdı.
“Sərdar, - Təhminə dedi, - Arslan yıxılıb öldü. Sevdiyim Darxan atamla dalaşıb dəstəni tərk elədi, indi başqa bir dəstəylə dolaşır. Deyilənə görə, məni axtarıb, amma tapmayıb. Elə həmişəki kimi, gözü bağlı halda hədəfə bıçaq atır.
“Bəs, Əmir hardadı, necədi?”
“O, məni qovdu”, - Təhminə cavab verdi.
-Bu da sənin Şahimərdanın, Xayrulla! O ancaq bədbəxtlik gətirir, - bütün bunları eşidən Cəlil dilləndi. – Qızı evimə aparıb saxlayacağam, bir uşaq artıq olsun, ya əskik, nə fərqi var! – Sonra üzünü Təhminəyə tutdu. - Amma sənə həşiş verməyəcəyəm, bala, bunu heç ağlına da gətirmə...
Sonra Xayrulla dinib-danışmağa macal tapmamış Təhminəni apardı.
Bir neçə gündən sonra da qız yoxa çıxdı. Xayrulla onu axtarmağa başladı. Qırx gündən sonra arıqlamış, gündən qaralmış halda geri döndü. Cəlil dostunun qısa söhbətindən öyrəndi ki, Yassıdan qayıdanda Saray şəhərində, axır ki, Əmirin dəstəsini haqlayıb. “Salam, Sərdar, - Əmir onu görəndə dillənib. – Niyə gəlmisən?” “Təhminə hanı?” – Xayrulla soruşub. “Odu, ordadı, - Əmir işarəylə göstərib, Xayrula meydanın küncündə bir tacirin dalınca gedən Təhminəni görüb. – Hələ canısuludu, yaxşı pula gedir. Dəstəmizdə çalışır, yeməyinin də, yatmağının da xərcini artıqlamasıyla çıxarır, - Əmir sözünə davam eləyib. – Deyəsən, bura elə-belə gəlməmisən, hə?” “Əmir, sənin gözlərinin içinə baxmağa gəlmişəm”, - Xayrulla cavab verib. Məzhəkə sahibinin gözləri qurğuşuntək parıltı saçıb: “Mənə deməli sözün yoxdusa, rədd ol!” Xayrulla onu öldürməyə hazırmış. Amma həmin məqamda bıçaq atan dərvişin iti xəncəri onun niyyətini qabaqlayıb. Xəncər Düz əmirin boğazına sancılıb. Həmin dərviş Darxan imiş. “Onu nə vaxtdı ki, axtarırdım, axır ki, tapdım”, - oğlan deyib.
Xayrulla sonra baş verənləri Cəlilə göz yaşları tökə-tökə danışdı. Darxan tacirin yanındakı Təhminəyə sarı şığıyıb. Qızı tacirin ağuşundan qoparıb, bütün həyatını və qəlbini ona verməyə hazır olduğunu bildirib, amma qız sevgilisinin atasını öldürdüyündən xəbər tutanda özünü səkiyə atıb hönkürə-hönkürə ağlayıb. Deyib ki, uzun illər axtardığı Darxanı tapdığı məqamdaca itirib, çünki atasının qatiliylə yaşaya bilməz. Qız Darxanı qovub. Səhəri günsə şəhər qülləsinin dibindən meyitini tapıblar, dan yeri ağaranda özünü ordan atıbmış Darxan və Xayrulla balaca Arslanın məzarına baş çəkib, dua oxuyub, yəqin ki, həmişəlik ayrılıblar.
Xayrulla Sayrama qayıtdı. Baş vermiş hadisələr onu elə sarsıtmışdı ki, doğma şəhərinin yaxınlığındakı budda məbədinin boş zirzəmisində özünə sığınacaq tapdı. O, baş vermiş faciənin müəyyən qədər iştirakçısı olduğuna görə, əzab çəkirdi. Dua eləyir, tapdığını yeyirdi, murdarlanmış qidatək bütün əvvəlki ad-sanından imtina eləmişdi. Cəlil, öz arvad-uşağı onu evə dönmək üçün nə qədər dilə tutsalar da, yola gəlmədi. Bir müddətdən sonra Sayramlı Gəzərgi yenə adamları müalicə eləməyə başladı, xəstələr hətta ən uzaq şəhərlərdən belə, onun yanına axışmağa başladılar. Təbib haqq istəmirdi, xəstələr və onları müşayiət eləyənlər vidalaşanda öz istəklərincə onun daş hücrəsində pul, ya da ərzaq qoyurdular. Təbib elə ordaca Peyğəmbər yaşında dünyadan köçdü.
Gəzərgi sağ vaxtı Təhminə, Dauren, Arslanın xatirəsinə İsficab yaxınlığında kiçik sərdabə ucaltmışdı. Daim onların ruhuna dua oxuyurdu. Sərdabənin kərpiclərinin birinin üstünə “Şahimərdan” kəlməsini həkk eləmişdi. Bir dəfə ona yemək gətirən Aliyə Şahimərdanın nə olduğunu soruşmuşdu. “Gəzərgi oyunçuların kiçik cənnətidi. Axı onlar hardasa xoşbəxt olmalıdılar!” – atası cavab vermişdi.
Tərcümə: Nəriman Əbdülrəhmanlı
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0