Kiminsə həsrətiylə açılaydı səhərim - Qabilin şeirləri
4 may - Xalq şairi Qabilin anım günüdür.
Yazıçı Ədəbiyyat Portalı Qabilin seçmə şeirlərini təqdim edir.
SƏHV DÜŞƏNDƏ
YERİMİZ
Duman dağı dolanar,
Qiyamət olar.
Duman yola sallanar,
Müsibət olar.
Müsibət oluruq biz,
Səhv düşəndə yerimiz.
Ümman gəmisi çayda
Oturar, üzməz!
Çay gəmisi, dağ boyda
Dalğaya dözməz!
Dözümsüz oluruq biz,
Səhv düşəndə yerimiz.
Muğan həsrət yağışa,
Buludlar xəsis…
Yağış tökür talışa
Hey-hey gərəksiz…
Gərəksiz oluruq biz,
Səhv düşəndə yerimiz.
Küt bıçaq parıldayıb
Xırçıltı salıb.
Qılınc qında pas atıb
Qında korşalıb…
Heyf… korşalırıq biz,
Səhv düşəndə yerimiz.
Ağ biləklər gül əllər
Tarlada qabar.
Bir qeyrətsiz yekəpər
Qızıl gül satar.
Qeyrətsiz oluruq biz,
Səhv düşəndə yerimiz.
Tarın pərdələrini
Düzənə qurban!
Yerdəyiş et birini,
Xaric vurarsan.
Xaric səslənirik biz,
Səhv düşəndə yerimiz.
MƏHƏBBƏT DEYİL
Mən səni görməyə adət etmişəm,
Adət məhəbbət deyil!
Səni görməyəndə xiffət etmişəm,
Xiffət məhəbbət deyil!
Sənə min ehtiram, hörmət etmişəm,
Hörmət məhəbbət deyil!
Gözündə çağlayan mehribanlığa
Heyrət etmişəm,
Heyrət məhəbbət deyil!
Yalvarıram, sən,
Məhəbbət umma məndən.
Hanı iqtidarım,
Məhəbbət tufanına sinə gərən
Gəncliyimi
Sənə qurban vermək üçün
Geri qaytarım?!
Geri qaytarım…
GEDƏN YERİM OLAYDI
Yuxum ərşə çəkiləydi,
Dan yeri –qızarmış gözlərimdə,
Təki söküləydi.
Səhər başımda sevdalı fikirlər,
Harasa gedən yerim olaydı.
Çətin bir ünvan axtaraydım,
Gəlişimə inanmayan,
Gəlişimi gözləməyən,
İnsan axtaraydım.
Raketdən sürətli nə var dünyada,
Təki gedən yerim olaydı…
Gedəydim payi-piyada,
Külək,yağış,qar canımı üzəydi.
Büdrəyib yıxılanda,
Kötüklər,daşlar dizimi əzəydi.
Cəhənnəmə ki,
Təki gedən yerim olaydı…
Axşam düşəndə çataydım,
Sıldırımlı dağlara sığınmış bir kəndə
Döyəydim bir qapını
əllərim əsə-əsə,
İt zəncir gəmirəndə
Adam çıxaydı səsə,
Bir cüt pərişan gözlə göz-gözə,
Bir xoş mehriban üzlə üz-üzə,
Dayanaydım.
O,heyrət elədikcə
Mən alışıb yanaydım.
Qucaqlayıb boynunu
Sığallayıb telini
Qupquru dodağımla
Yandıraydım əlini.
Uşaq kimi ağlayaydım,
Bulaq kimi çağlayaydım.
Gedən yerim olaydı gedən yerim,
Kiminsə həsrətiylə açılaydı səhərim.
Qarışdırma
Kobudluqla cəsarəti qarışdırma.
Yaltaqlıqla nəzakəti qarışdırma.
Mütiliklə sədaqəti qarışdırma.
Lovğalıqla ləyaqəti qarışdırma.
Tərs damarla dəyanəti qarışdırma.
Dəlibaşla şücaəti qarışdırma.
Tülkülüklə fərasəti qarışdırma.
Düşmənliklə rəqabəti qarışdırma.
Qızğınlıqla hərarəti qarışdırma.
Kef-damaqla səadəti qarışdırma.
Uydurmayla rəvayəti qarışdırma.
Xəsisliklə qənaəti qarışdırma.
Xata ilə cinayəti qarışdırma.
İsraf ilə səxavəti qarışdırma.
Küsü ilə küdurəti qarışdırma.
Zorbalıqla əzəməti qarışdırma.
Girov ilə əmanəti qarışdırma.
Güzəşt ilə bəraəti qarışdırma.
Hikkə ilə qətiyyəti qarışdırma.
Əsarətlə himayəti qarışdırma.
Məzlumluqla nəcabəti qarışdırma.
Yaxınlıqla məhəbbəti qarışdırma.
Yuyunmaqla qüdsiyyəti qarışdırma.
Mərtəbəylə ülviyyəti qarışdırma.
Daha nəyi... daha nəylə qarışdırma.
Tükü-tükdən ayır səylə, qarışdırma.
Aman... aman!!! Qarışdırma!
Heç bir yerdə,
Heç bir zaman
Qarışdırma!
Tural Adışirinin təqdimatında..
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0