Sinəm arzuların görüş yeridir - Eldar Nəsibli Sibirelin şeirləri
Yazıçı Ədəbiyyat Portalı Eldar Nəsibli Sibirelin şeirlərini təqdim edir.
TORPAQ, ANAM AMANATI
Canım torpaq, gözüm torpaq,
Torpaq, anam amanatı.
Sənin ayağın altına
Olsun mənim üzüm torpaq
Torpaq, anam amanatı.
Atım-atım olub sinəm
At səyirdir gözümdə qəm.
Səndən başqa bir kimsəm yox
Sənə tapşırıb gedirəm
Torpaq, anam amanatı.
Ağrısını qovla, teylə,
Qaydına qal, qulluq eylə.
O dünyaya əlim çatmır,
Yerimə oğulluq eylə
Torpaq, anam amanatı.
Dünya ölüm-itim olub,
Yaşamaq çox çətin olub.
Dar gündə sənə sığınmaq
Hər vaxt son ümidim olub
Torpaq,anam amanatı.
Çölün ollam, düzün ollam,
Yolun ollam, izin ollam.
Gəlib qarışaram sənə
Dönüb sənin özün ollam
Torpaq,anam amanatı.
GƏL
Baxdım, ömrüm boyu yoluna baxdım,
Yaş olub özümün gözümdən axdım.
Bu sənli dünyada sənsiz darıxdım,
Gəl, qara günümü bəyaz eylə, gəl.
Gəl, ötən günlərim hay vermir mənə,
Gələnlər gün vermir, ay vermir mənə.
Həsrətin dəryası boy vermir mənə,
Gəl, qəm dəryasını dayaz eylə, gəl.
Gəl ağı qaradan seçməkdən ötrü,
Qəlbimə, gözümə köçməkdən ötrü.
Həsrəti zəmi tək biçməkdən ötrü,
Gəl, mənim qolumu dəryaz eylə, gəl.
Gəl, gətir bir azca ötən günümdən,
Pəncərən önündə bitən günümdən.
Əlim gülüşünə yetən günümdən,
Gəl, mənə də nəzir-niyaz eylə, gəl.
Gəl, sənsiz Sibirel qalıbdır yalqız,
Sevgi laylası çal mənə bir ağız.
Önümü qış kəsib, arxamı payız,
Gəl, mənim ömrümü, gəl, yaz eylə, gəl.
OLDUM
Endi bu sevginin bəxti zirvədən
Qalıb quzeyində pərişan oldum.
Hər gün yelpikləyib xatirələri,
Közərən oduna alışan oldum.
Bilmirəm bu yolda günaham, suçam,
Daha bu düyünü tapılmaz açan,
Hər payız gələndə bahara uçan
Qərib durnalara qarışan oldum.
Dolan buludundan qəlbim nəm çəkir,
Dərdi olan bilər çəkən nə çəkir.
Sənli günlərimi bir nağıl təki,
Sənsiz günlərimə danışan oldum.
Çətin o günlərə biz qanad açaq,
İnanma təzədən yana o ocaq.
Döyüş meydanıdır bu həyat, ancaq
Mənsə öz-özümlə vuruşan oldum.
Adlayıb keçməkçün bu keşməkeşdən,
İşıq çəkəmmədim o nur gülüşdən,
Sənin işığını gündüz günəşdən,
Gecə ulduzlardan soruşan oldum.
Daha bu tərəfə əsməz yellərin
Dərin dərələri aşmaz sellərin,
Saçımda ağ cığır açan illərin
Axırda hökmüylə barışan oldum.
QAYIDA BİLMİRƏM
Alışar könlümün bahar həsrəti,
Baş aça bilmərəm bu necə sirdir?
Hardasan, ay mənim ilk məhəbbətim,
Sinəm arzuların görüş yeridir.
Kirpiyim saxlamır yuxularımı,
Gözümün içindən duman, çən keçir.
Gülüm, sənsiz keçən duyğularımı
Gəl ələ, təzədən ələkdən keçir.
Yollar ayrıcında qalıb xəyalım,
Dəli köhlənini səyirdə bilmir.
Payız yarpağına dönüb vüsalın,
Neçə bahar gəlir, göyərdə bilmir.
Günəşdən ayrılmış alov kimiyəm,
Yanğımı qar-yağış çətin keçirə.
Mən dəniz dibinə çökən gəmiyəm,
Yosunlar göyərib göyərtəm içrə.
Daha gözlərin də yolundan sapıb-
Bir odlu baxışla məni oxumur.
Bu günün üzümə bağlanan qapı,
Ürək dünənindən təsəlli umur.
İllərin yönünü geri döndərib,
Qayıda bilmirəm o çağıma mən.
Qədrini gec bilib sənli günlərin
Təzədən düşmüşəm sorağına mən.
YAŞAYIR GÖZÜMDƏ SƏNİN HƏSRƏTİN
Yaşayır gözümdə sənin həsrətin,
İlk eşqin ağrısı, acısı kimi.
Sənin şübhələrin bu məhəbbətin
Qalıb xatirəmdə qayğısı kimi.
Gözlərdən yayınıb, gəlib durardım,
Pəncərən önündə qərib kimi mən.
Gedib xəyalınla ovundurardım,
Körpətək ağlayan ürəyimi mən.
Mənim gəlişimlə qanadlanardı,
Zirvəyə qalxardı qürurun o gün.
Bir anda qəlbində ümid yanardı,
Daşardı həm səsin, həm nurun o gün.
O ala gözlərin nurundan içən
Ürəyim heç kəsə qızmazdı onda.
Gülüm, bu dünyada mən sənsiz keçən
Günləri ömrümə yazmazdım onda.
Deyərdim:-sən getsən gözümdən mənim
Qarışar rəngləri səmanın, yerin,
Bir anın içində üzümdən mənim
Çəkilər gülüşü şəlalələrin.
Tale öz sirrini açmaz heç kimə,
Araya uçurumlu bir dərə düşdü.
Bu eşqin ağrısı mənim bəxtimə
Yazdığım nəğməsi dillərə düşdü.
Yaşayır gözümdə sənin həsrətin,
Ömrün həm qarası, həm ağı kimi
Ağrısı, acısı ilk məhəbbətin
Dünyaya görk olur göz dağı kimi.
VAXTIDIR
Saralıb bənizi daşın, torpağın
Dağların xəyala dalan vaxtıdır,
Qızı gəlin köçən analar kimi,
Göylərin gözünün dolan vaxtıdır.
Dərələr yerini çəkir sellərin,
Qışın havasına uçan yellərin,
Bir ilıq nəfəsə möhtaç güllərin
Ləçək tellərini yolan vaxtıdır.
Yarpaqlar günəşin alıb rəngini,
Yağır torpaq üstə qızıl dən kimi,
Şimşəklər bir fəslin axır zəngini
Odlana-odlana çalan vaxtıdır.
Qaya sinələrə sığınıb mamır.
Sanki buludlardan kövrəklik damır.
Şehli xatirələr çəkir adamı,
Heyif, xatirəmin talan vaxtıdır.
Bu yerlər ömrümü isidən ocaq.
Səyyah xəyalıma son sığınacaq,
Burda dağa dönən qəlbimin, ancaq
Dağlartək marala qalan vaxtıdır.
Tural Adışirinin təqdimatında..
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0