Sinəsini tufanlara gərənləri min yaşasın - Rasim Kərimlinin şeirləri

May 6, 2026 - 15:21
 0  16
Sinəsini tufanlara gərənləri min yaşasın - Rasim Kərimlinin şeirləri

Yazıçı Ədəbiyyat Portalı Rasim Kərimlinin şeirlərini təqdim edir.

Səndən savayı

Məftunu olmayıb könlüm heç kəsin,
Ay xumar baxışlım səndən savayı.
Sığındım eşqinə bir pay görmədim,
Dumandan savayı, çəndən savayı.

Qaytar eşq havası çalan günləri,
Ağlımı başımdan alan günləri.
Ömürdən saymıram qalan günləri
Oduna yandığım gündən savayı.

Hanı sədasına uçduğum o səs,
Dərdə düşməyənlər dərdimi bilməz.
Tərk etdin Rasimi, demədinmi bəs
Yoxdur bir kimsəsi məndən savayı.

Əlindən

Hər incə mətləbi anlamaz naşı,
Tez düşər, tez düşər kaman əlindən.
Könlüm zirvələrlə görüşmək istər,
Yol tapa bilmirəm duman əlindən.

Ziyarət etdirən bağı bar imiş,
Ən uca dağların başı qar imiş.
Nə yaxşı, dünyada yaxşı var imiş,
Yoxsa tərk olardıq yaman əlindən.

Rasim, bu dünyanın nurudur insan,
Kim bilməz qədrini yaratsan, yansan.
Sən elin, Vətənin haqqını dansan,
Yıxılsan tutarmı zaman əlindən?

Verilmədi

Yetirin dərdimi naşı təbibə,
Deyin ki, dərmanım düz verilmədi.
Sərraflar əlindən düşməyən zərə
Misgər bazarında üz verilmədi.

İstəsən qəlbinə nur ələsin dağ.
Zirvəyə qartalın gözləriylə bax.
Günəşin nurunu sevməz yapalax.
Əzəldən bayquşa göz verilmədi.

Rasim, tək olanda hünər də laldı,
Yalqızın talehi gümana qaldı.
Qarğa qarıldadı, mükafat aldı.
Biçarə bülbülə söz verilmədi

Olmur

Çağlamaq eşqiylə coşur ürəyim,
Hər yanı bənd alıb çağlamaq olmur.
Qeyrətsiz deyirlər ağlayan kəsə,
Dərd deşir sinəmi ağlamaq olmur.

Alçaqlar ucalıb, ucalar enib,
Məhəbbət məhv olub, sədaqət sönüb.
Hamı ac aslana, ac qurda dönüb,
Heç kimə etibar bağlamaq olmur.

Qanqaldan qiymətsiz olub qızılgül,
Sərçənin əlinə su tökür bülbül.
Bu dərddən od tutub alışır könül,
Haqsızı haqq ilə dağlamaq olmur.

Köpəklər qurdlarla aşnalıq qatıb,
Sürünü dəyərə-dəyməzə satıb.
Tülkülər, çaqqallar o qədər artıb,
Bir toyuq, bir cücə saxlamaq olmur.

Rasim öz piltəsi əridər şamı,
Saxlasa qabığı saxlar badamı.
Qammazlar bir kökə salır adamı,
Əllicə yaşı da haqlamaq olmur

Nə fayda

Elinə, gününə yanmayan bir kəs
Tutaq ki, sultandı, xandı nə fayda?
Gənclikdə özünü xar eyləyənlər
Çallaşan vaxtında qandı, nə fayda?

Yeri ayrıcadır dünya üzündə,
Qəlbi xainin də, könlü düzün də.
Hamının əksi var elin gözündə,
Alçaqlar adını dandı, nə fayda?

Rasiməm dar gündə insana dayaq,
İnamın yoxdursa imtahan et, bax.
Zülmət gecələrdə yanmayan çıraq
Günəşli günlərdə yandı nə fayda?

Bildirəcəkdir

Məsəl var:"Dost olmaz qurddan qoyuna",
Yadlar yadlığını bildirəcəkdir.
Xəbisin əlinə fürsət keçəndə
Adını hər yerdən sildirəcəkdir.

Vəfadar eşqiylə coşub çağlasan,
Gözünün yaşının silər ağlasan.
Vəfasız gözələ könül bağlasan,
Aləmi üstünə güldürəcəkdir.

Vaxt ola, yol tapam, zirvədə duram,
Alçağa, satqına bir divan quram.
Düşməndən qorxmuram, "dost"dan qorxuram,
Məni yaxın dərdi öldürəcəkdir.

Sarsılmaz dost dostdan aralanmasa,
Aslanlar oyanmır yaralanmasa...
Özü bölünməsə, paralanmasa,
Rasim, kim ürəyi böldürəcəkdir.

Min yaşasın

Dünya mərdlər dünyasıdır,
Ərənləri min yaşasın.
Sinəsini tufanlara
Gərənləri min yaşasın.

Nə gözəldir dağ qüruru,
Bulaq kimi gözlər duru.
İnsanlara həyat nuru
Verənləri min yaşasın.

Öz adı var el yanında,
Yaxşının da, yamanın da.
Hər bir kəsi öz donunda
Görənləri min yaşasın.

El tanınar çörəyiylə,
Torpaq gülü, çiçəyiylə.
Nəbzi xalqın ürəyiylə
Vuranları min yaşasın.

Könül gülər beşiyində,
Öz evində, eşiyində.
Həqiqətin keşiyində
Duranları min yaşasın.

Qurban olum

Vətən sənin torpağının,
Qüdrətinə qurban olum.
Koroğlunun, Babəkinin,
Qeyrətinə qurban olum.

Nurlu yolu, haqqın yolu,
Bir sahilsiz çayın qolu,
Dünya dolu, tarix dolu,
Şöhrətinə qurban olum.

Dəfinə var dənizində,
Hər dağında, hər düzündə,
Nəyin yoxdur yer üzündə,
Sərvətinə qurban olum.

Aşıb-daşan illərinin,
Nəğmə qoşan dillərinin,
Nur çeşməli göllərinin,
Hikmətinə qurban olum.

Yaz arzulu, yaz diləkli,
Duz-çörəkli, düz çörəkli,
Rasim deyər, dağ ürəkli,
Millətinə qurban olum.

Tural Adışirinin təqdimatında

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0